Deputatlar “Aqrar sahə haqqında” və “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihələrini də müzakirə ediblər
Oktyabrın 23-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova 18-20 oktyabr tarixlərində Qırğızıstana səfəri, səfər çərçivəsində TÜRKPA-nın 15-ci plenar iclasında iştirakı və keçirdiyi görüşlər barədə məlumat verib. O, səfərin uğurlu keçdiyini bildirib.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Fazil Mustafa, Kamal Cəfərov, Zahid Oruc, Rizvan Nəbiyev, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Tural Gəncəliyev, Razi Nurullayev və Ceyhun Məmmədov bir sıra mövzularda fikirlərini səsləndiriblər.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Deputatlar əvvəlcə Hafiz Mahir oğlu İsmayılbəylinin yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması barədə qərar qəbul ediblər.
Sonra “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında qanun qəbul olunub.
“Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliklər isə üçüncü oxunuşda qəbul edilib. Sənədə əsasən, dövlət orqanlarının idarəetməsində olan dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum və həmin qurumun idarəetməsinə verilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və iştirakçısı olduğu hüquqi şəxslər tərəfindən Azərbaycanın dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlərə “Dövlət satınalmaları haqqında” Qanun şamil edilməyəcək. Yuxarıda nəzərdə tutulan hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq ediləcək.
İclasda “Aqrar sahə haqqında” yeni qanun layihəsi də birinci oxunuşda qəbul olunub. Qanun layihəsi aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafı, sahənin iqlim dəyişikliklərinə adaptasiyası və torpaqlardan səmərəli istifadə üçün dövlət tənzimləməsi və dəstəyinin hüquqi əsaslarını müəyyən edir. Sənəddə 47 anlayış ilk dəfə qanun səviyyəsində vahid sistem şəklində müəyyən edilir. Aqrar məhsulun ilkin və sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla aydınlaşdırılır. Bu, dəstək və güzəştlərin hansı fəaliyyətə şamil olunduğunu dəqiq müəyyən etməyə imkan verir. İstehsal üsulları və müqaviləəsaslı istehsal da hüquqi anlayış kimi təsbit olunur.
“Aqrar məhsul istehsalçısı” anlayışı daxilində iki kateqoriya ayrılır: sahibkarlıq məqsədli “fermer” və ailə-kəndli təsərrüfatını əhatə edən “digər istehsalçı”. Dövlət dəstəyinin 12 aləti ilk dəfə qanunda göstərilir: subsidiya, güzəştli kredit və lizinq, qrant, investisiya, vergi-gömrük güzəştləri, sığorta, dövlət zəmanəti, dövlət-özəl tərəfdaşlığı və s. Dəstək Sistemin məlumatları və istehsalçıların reytinq sistemi əsasında göstərilir. Reytinq sistemi iqtisadi səmərəliliyi və vəsaitdən təyinatı üzrə istifadəni qiymətləndirir, bu da dəstəyin ünvanlı və nəticəyönümlü olmasını təmin edir. Aqrar Subsidiya Şurası qanun səviyyəsində təsbit olunur.
Qanun layihəsində dövlətin 32 istiqamət üzrə vəzifələri müəyyən edilir. Bunların sırasına vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun qarşısının alınması, qadın və gənclərin iştirakının dəstəklənməsi, bazar intervensiyası daxildir. Dövlət nəzarətinin 13 istiqaməti də müəyyən edilir və nəzarətin sahibkarlıq sahəsində yoxlamalara dair qanunun tələbləri nəzərə alınmaqla aparılması təsbit olunur. Aqrar elm və təhsilin prioritet istiqamətləri də müəyyən edilir.
Eyni zamanda, torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi elan olunur. Xırdalanmanın vahid əkin, konsolidasiya və kooperativləşmə yolu ilə azaldılması nəzərdə tutulur. İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısı alınır, aqrokimyəvi xəritələr iqlim dəyişiklikləri nəzərə alınmaqla yenilənir. Su itkilərini azaldan suvarma sistemləri, bitki növləri üzrə suvarma normaları və sututarların yaradılması tənzimlənir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir. Bu tədbirlərə yaşıl texnologiyalar, inteqrir bitki mühafizəsi, aşağı emissiyalı texnika, davamlı sort və cinslər, erkən xəbərdarlıq sistemləri daxildir.
Ərazinin bitki növləri və heyvan cinsləri üzrə rayonlaşdırılması və bunun dövlət dəstəyi zamanı nəzərə alınması müəyyən edilir. Növbəli və vahid əkin, aqrotexniki tələblər, yem payı və minimal kəsim çəkisi kimi mexanizmlər də nəzərdə tutulur. “Fitosanitar nəzarəti haqqında” Qanunun müddəaları uyğunlaşdırılaraq özəl bitki sağlamlığı xidmətlərinin hüquqi çərçivəsi yaradılır. Heyvan saxlayanların vəzifələri heyvanların rifahına dair beynəlxalq yanaşmalar nəzərə alınmaqla müəyyən olunur.
Torpaq konsolidasiyası, kooperasiya, müqavilə əsaslı istehsal, aqroparklar və aqroklasterlər, logistika infrastrukturu və aqroturizm kompleks yanaşma əsasında tənzimlənir. Satış yerlərinin növləri müəyyən edilir: bazar, yarmarka, fermer mağazası, səyyar satış yerləri, elektron platformalar. Aqrar kooperativlərə satış yerləri təşkil etmək və bazarlarda ticarət yerləri əldə etmək hüququ verilir. Müvafiq qurum tərəfindən göstərilən 30-dan artıq aqrar xidmət ilk dəfə qanunda vahid siyahı şəklində təsbit olunur.
Qanunun qəbulu ilə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv edilir. Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və “baza qanun xüsusi qanunlar” modeli çərçivəsində yeni qanunla əlaqələndirilir.
İclasda daha bir yeni sənəd - “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi də birinci oxunuşda qəbul olunub. Qanun layihəsi aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb. Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.
Qanun layihəsinin qəbulu kənd təsərrüfatının maliyyələşdirilməsi, istehsalçıların dəstəklənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də qəbul edilib. Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının oktyabrın 27-də keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI