"Türkiyənin Ermənistanla sərhədləri açmaq niyyəti səhv addımdır"

“Dağlıq Qarabağ münaqişəsi həll olunmayana, ermənilər qondarma soyqırımı iddialarından əl çəkməyənə qədər Türkiyənin bu ölkə ilə sərhədlərini açması səhv addımdır”. Bu açıqlamanı APA-ya “Turan Haznedaroğlu” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zəfər özkök verib.
Onun sözlərinə görə, bu gün sərhədlərin açılmasına dair Türkiyədə referendum keçirilərsə, əhalinin 99%-i bunun əleyhinə çıxar: “Bu gün Türkiyə əhalisi hökumətin bu addımını yaxşı qarşılamır. Türkiyənin bir dostu var, o da Azərbaycandır”.
Siyasətçilərin səhv addım atdığını deyən Z. özkökün fikrincə, Türkiyə hökuməti Kiprlə bağlı analoji uğursuz addımından nəticə çıxarmalıdır: “Sərhədlər açılandan sonra nə Ermənistan işğal olunmuş əraziləri qaytaracaq, nə qondarma “soyqırımı” iddialarından əl çəkəcək, nə də Türkiyəni Avropa Birliyinə qəbul edəcəklər. Ermənilər əksinə Türkiyədən Qarsı istəyəcəklər”.