Nikahlar azalır, boşanmalar çoxalır...

Ailə münasibətlərində nələr baş verir?

Boşanmaya səbəb olan amillər və çıxış yolları

Bir zamanlar ailə qurmaq həyatın ən vacib mərhələlərindən biri, boşanmaq isə son çıxış yolu hesab olunurdu. İndi isə cəmiyyətdə ailəyə münasibət təəssüf ki, dəyişib. Nikaha daxil olanların sayı azalır, boşanma statistikası isə ailə münasibətlərinin nə qədər həssas hala gəldiyini göstərir. Ailə münasibətlərində baş verən dəyişikliklər statistik rəqəmlərdə də özünü göstərir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin ilk səkkiz ayında ölkədə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 26 min 485 nikah və 13 min 278 boşanma halı qeydə alınıb. Ötən ilin eyni dövründə isə nikahların sayı 31 min 403, boşanmaların sayı 13 min 869 olub.

Rəqəmlərə əsasən, bu ilin ilk səkkiz ayında hər 100 qeydə alınmış nikaha təxminən 50 boşanma halı düşüb. Ötən ilin eyni dövründə bu göstərici təxminən 44 olub. Başqa sözlə, boşanmaların nikahların sayına nisbəti bir il ərzində nəzərəçarpacaq dərəcədə yüksəlib.

Bəs, Azərbaycan ailəsini sarsıdan nədir? Maddi çətinliklər, dəyişən düşüncə tərzi, yoxsa bir-birini anlamaq bacarığının itməsi?

Ailələri dağıdan əsas səbəb nədir?

Boşanmaların səbəblərini yalnız bir amillə izah etmək mümkün deyil. Hər ailənin öz hekayəsi, münasibətlərin pozulmasına gətirib çıxaran fərqli səbəbləri var. Bununla belə, bugünkü ailələrdə bir sıra problemlər daha çox diqqət çəkir.

Maddi sıxıntılar və gündəlik həyatın yükü

Ailədə sevgi və qarşılıqlı hörmət nə qədər vacibdirsə, maddi sabitlik də bir o qədər əhəmiyyətlidir. Kirayə haqqı, ərzaq və kommunal xərclər, kredit ödənişləri, uşaqların təhsili və digər gündəlik xərclər ailə büdcəsinə ciddi təsir göstərir.

Gəlirin xərcləri qarşılamağa kifayət etməməsi tərəflər arasında narazılıq yarada bilər. Xüsusilə, ailənin bütün maddi məsuliyyətinin bir nəfərin üzərinə düşməsi və gələcəklə bağlı qeyri-müəyyənlik münasibətlərdə gərginliyi artırır.

Lakin maddi çətinlikləri boşanmaların yeganə səbəbi hesab etmək də düzgün olmazdı. Eyni iqtisadi şəraitdə yaşayan bəzi ailələr problemlərin öhdəsindən birlikdə gəlir, digərləri isə münaqişələr qarşısında münasibətlərini qoruya bilmir. Burada ünsiyyət, məsuliyyət bölgüsü və qarşılıqlı dəstək mühüm rol oynayır.

Sosial şəbəkələrin boşanmalara təsiri

Müasir dövrdə insanlar yalnız öz ətraflarındakı ailələrlə deyil, sosial şəbəkələrdə gördükləri həyat tərzi ilə də müqayisə aparırlar. Bahalı hədiyyələr, dəbdəbəli istirahət, romantik jestlər və zahirən problemsiz görünən münasibətlər bəzən real həyat üçün əlçatmaz gözləntilər formalaşdırır. Nəticədə, bəzi insanlar öz ailəsindəki gündəlik çətinlikləri başqalarının nümayiş etdirdiyi “ideal” mənzərə ilə müqayisə edərək narazılıq göstərirlər. Halbuki sosial şəbəkələrdə görünən həyatın arxasında hansı problemlərin olduğunu bilmək mümkün deyil.

Digər tərəfdən, rəqəmsal ünsiyyət qısqanclıq, etimadsızlıq və şəxsi sərhədlərin pozulması kimi problemləri də gündəmə gətirə bilər. Telefonun yoxlanılması, yazışmalara nəzarət və sosial mediada yaranan mübahisələr münasibətlərdə inamsızlığı dərinləşdirə bilər.

Zorakılıq və etimadın itirilməsi

Bəzi ailələrdə mübahisələr sadəcə fikir ayrılığı ilə məhdudlaşmır. Təhqir, alçaltma, psixoloji təzyiq, fiziki zorakılıq və davamlı nəzarət münasibətləri ciddi şəkildə zədələyə bilər. Etimad bir dəfə sarsıldıqda onu bərpa etmək çətinləşir. Tərəflərdən biri problemləri müzakirə etməkdən imtina edir, digəri isə özünü davamlı olaraq dəyərsiz və təhlükədə hiss edirsə, münasibətlərin davam etdirilməsi getdikcə çətinləşir.

Münasibəti nə xilas edə bilər?

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən ailə psixoloqu Aliyə Mərdanova bildirib ki, boşanma qərarı çox vaxt bir mübahisənin deyil, uzun müddət həll edilməyən problemlərin nəticəsidir: “Davamlı inciklik, dinlənilməmək hissi, məsuliyyətin ədalətsiz bölüşdürülməsi və emosional uzaqlaşma zamanla tərəfləri bir-birindən ayıra bilər. Sağlam münasibət üçün ilk növbədə açıq ünsiyyət vacibdir. Tərəflər bir-birini ittiham etmək əvəzinə öz hisslərini və ehtiyaclarını ifadə etməyi bacarmalıdırlar. Problemlərin üstünü örtmək əvəzinə onları vaxtında müzakirə etmək, ailə büdcəsini birlikdə planlaşdırmaq, ev və uşaq qayğılarını bölüşmək, şəxsi sərhədlərə hörmət etmək münasibətlərin möhkəmlənməsinə kömək edə bilər.

Ailə qurmağa hazırlaşan cütlüklərin gələcək gözləntilərini əvvəlcədən müzakirə etməsi də əhəmiyyətlidir. Övlad sahibi olmaq, karyera, yaşayış yeri, maliyyə və qohumlarla münasibətlər kimi mövzular nikahdan sonra yaranan bir çox anlaşılmazlığın qarşısını ala bilər”.

Kənar müdaxilələr...

Psixoloq qeyd edib ki, Azərbaycan cəmiyyətində ailə münasibətlərinə geniş qohum çevrəsinin təsiri hələ də hiss olunur: “Bəzi ailələrdə valideynlərin övladlarının şəxsi həyatına həddindən artıq müdaxiləsi cütlüklər arasında narazılıq yaradır. Gənc ailənin harada yaşayacağı, pulunu necə xərcləyəcəyi, uşağını necə böyüdəcəyi və gündəlik qərarları necə verəcəyi barədə kənardan təzyiq göstərilməsi tərəflərin müstəqilliyini məhdudlaşdıra bilər.

Əlbəttə, valideynlərin dəstəyi hər zaman mənfi deyil. Problem dəstəyin məcburiyyətə, məsləhətin isə müdaxiləyə çevrildiyi yerdə başlayır. Sağlam ailə münasibətləri üçün həm valideynlərə hörmət etmək, həm də ər-arvadın öz sərhədlərini müəyyənləşdirməsi vacibdir”.

Möhkəm ailənin sirri uzunömürlü nikah deyil

A.Mərdanovanın sözlərinə görə, nikahların azalması və boşanmaların nikahlara nisbətinin yüksəlməsi Azərbaycan ailəsində baş verən dəyişikliklər barədə ciddi düşünməyə əsas verir: “Lakin rəqəmlərin arxasında yalnız statistik göstəricilər deyil, maddi çətinliklərlə üzləşən, anlaşılmaq istəyən, münasibətlərini qorumağa çalışan və bəzən də ayrılmaq məcburiyyətində qalan insanlar dayanır.

Ailəni qorumaq yalnız gənclərə evlənməyi tövsiyə etməklə mümkün deyil. Bunun üçün iqtisadi sabitlik, sağlam münasibət mədəniyyəti, qarşılıqlı hörmət, psixoloji dəstək və zorakılığa qarşı aydın mövqe lazımdır. Çünki möhkəm ailənin göstəricisi sadəcə nikahın uzun?mürlü olması deyil. Əsas məsələ həmin ailədə insanların özlərini dəyərli, təhlükəsiz və xoşbəxt hiss edə bilməsidir”.

Yeganə BAYRAMOVA