Ölkəmizin artan beynəlxalq nüfuzu regional sülhə və tərəfdaşlığa xidmət edir

Ölkəmizin artan beynəlxalq nüfuzu regional sülhə və tərəfdaşlığa xidmət edir

 

Prezident İlham Əliyevin Bakıda təşkil olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın müstəqil xarici siyasətini, zəngin multikulturalizm dəyərlərini, beynəlxalq aləmdəki nüfuzunu və regionda bərqərar olan sülh mövqeyini növbəti dəfə nümayiş etdirdi. Dövlət başçısı nitqində mədəniyyətlərarası dialoqun vacibliyinə, milli həmrəyliyə, ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına, beynəlxalq hüquq normalarına və Azərbaycanın qlobal tərəfdaşlıqdakı mühüm roluna xüsusi diqqət yetirdi.İlk dəfə 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həlli üçün mühüm platformadır. 100-dən çox ölkədən 500-dən artıq iştirakçının forumda yer alması onun beynəlxalq nüfuzunu və əhəmiyyətini aydın şəkildə göstərir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa ilə Asiya arasında tarixi mədəniyyət körpüsü olan Azərbaycanın cəmiyyət həmrəyliyi əsrlər boyu qorunub saxlanılan dini-etnik dözümlülük və dinc birgəyaşayış ənənələrinə söykənir. Ölkəmizdəki müxtəlif etnik və dini icmaların Konstitusiyada əksini tapmış hüquq bərabərliyi şəraitində azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi milli multikulturalizm modelimizin əsasını təşkil edir. Bu sarsılmaz birliyin gücü Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan mübarizədə, xüsusən də İkinci Qarabağ müharibəsi dövründə bütün etnik və dini qrupların ərazi bütövlüyümüzün bərpası naminə çiyin-çiyinə vuruşması ilə bir daha sübut olundu. Qazanılan bu təcrübə göstərir ki, milli həmrəylik dövlətimizin dayanıqlı inkişafında və strateji hədəflərə çatmasında həlledici rola malikdir.

Dövlət başçısı çıxışında Azərbaycanın müstəqillik yolundakı əsas tarixi mərhələləri xüsusi vurğuladı. Müxtəlif siyasi rejim və sistemlərin təsirinə baxmayaraq, milli kimliyini, dilini və dəyərlərini yaşatmağı bacaran ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünəməxsus inkişaf modeli ilə dövlətçilik ənənələrini daha da gücləndirmişdir.Bu strateji xəttin ən böyük töhfəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsidir. Dövlət başçısı İlham Əliyev illərlə sürən samitlərin nəticə vermədiyini və BMT Təhlükəsizlik Şurasının 1993-cü ilə ait müvafiq qətnamələrinin kənarda qalmasını beynəlxalq ədalətin təminindəki çatışmazlıqlar kimi qiymətləndirdi. Nəhayət, 2020-ci il Vətən müharibəsindəki Zəfər və 2023-cü ilin lokal antiterror əməliyyatları nəticəsində tarixi ədalət bərpa olundu. Regionda davamlı sülhün tərəfdarı kimi çıxış edən Azərbaycan Ermənistanla sülh sazişi prosesinin də əsas təşəbbüskarına çevrildi. 2025-ci ilin avqustunda Vaşinqtonda sənədin paraflanması və üçtərəfli Bəyannamənin qəbul edilməsi Cənubi Qafqaz regionunda tamamilə yeni geopolitik reallıqların təməlini qoydu.

Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə ikili standartlara son qoyulmasının və təşkilat qərarlarının icra mexanizmlərinin yaradılmasının vacibliyini bildirib. Dövlət suverenliyinə hörmət, daxili işlərə müdaxilə olunmaması və beynəlxalq hüququn hər kəsə bərabər tətbiqi qlobal sabitliyin təməlidir. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq qərarlar yalnız real icra olunduqda nəticə verir.Müstəqil xarici siyasət, iqtisadi tərəqqi və çoxşaxəli əlaqələr ölkəmizin beynəlxalq nüfuzunu davamlı artırır. Çinlə strateji tərəfdaşlıq, 2025-ci ilin avqustunda ABŞ ilə imzalanan Strateji Xartiya və Avropa İttifaqının 10 ölkəsi ilə mövcud sənədlər Azərbaycanın qlobal əməkdaşlıq imkanlarını daha da genişləndirir.

Azərbaycanın beynəlxalq təşkilatlardakı rolunun artması ölkəmizə olan qlobal etimadın bariz göstəricisidir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərətə (AQEM) sədrlik müddətinin daha iki il uzadılması və ölkəmizin Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasına tamhüquqlu üzv kimi dəvət alması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, Bakının 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşlərinə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev ölkəmizin multikultural ənənələrə sadiqliyini, qlobal əməkdaşlığın genişləndirilməsindəki fəal rolunu və dövlətlərin suverenliyinə əsaslanan beynəlxalq nizamı dəstəklədiyini növbəti dəfə təsdiqlədi. Bu möhtəşəm tədbirin təqdim etdiyi müzakirə imkanları mədəniyyətlər və dinlər arasında dialoqu stimullaşdırmaqla yanaşı, qlobal problemlərin birgə həllinə və qarşılıqlı etimadın artırılmasına xidmət edir.

Rahim Muradov

YAP Naftalan şəhər təşkilatının əməkdaşı