YAP-ın VIII Qurultayı: Ağdaşda yeni strateji hədəflər müzakirə olunub

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının nəticələri və müəyyənləşdirilmiş prioritetlər barədə Ağdaş rayonunda təşkil olunan tədbirlər davam edir. Bu çərçivədə növbəti görüş YAP Ağdaş rayon təşkilatının Ağdaş şəhər ərazi partiya təşkilatında baş tutub.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Görüşü giriş sözü ilə açan Ağdaş şəhər ərazi partiya təşkilatının sədri, qurultay nümayəndəsi Şəhala Hacıbalayeva YAP-ın VIII Qurultayının ölkə və partiya həyatındakı əhəmiyyətindən danışıb. O, qurultayın Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoyduğunu, eyni zamanda, partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək partiyanın sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və müəyyənləşdirdiyi strateji hədəflər barədə ətraflı məlumat verib. O, dövlət başçısının proqram xarakterli çıxışında yer alan əsas məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Əlişah Rəcəbov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğulanan məsələlərdən biri də müasir dövrün tələblərinə cavab verən, köhnəlmiş yanaşmalardan uzaq ideoloji fəaliyyətin qurulmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə partiyanın hər bir üzvünün, xüsusilə də yerli təşkilatların üzərinə mühüm məsuliyyət düşür. Bildirilib ki, qələbə qazanmış və suverenliyini tam bərpa etmiş Azərbaycanın davamlı inkişafı şəraitində sağlam ideoloji mühitin formalaşdırılması, milli birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır.

Müzakirələr zamanı çıxış edən partiya fəalları Ülkər Məmmədova, Vəfa Abdullayeva və Şahin Məmmədov qurultayın nəticələri ilə bağlı fikirlərini bölüşüblər. Onlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttini dəstəklədiklərini bildirərək, YAP-ın müasir ideoloji prinsiplərinin rayonda həyata keçirilməsi, milli-mənəvi və dövlətçilik dəyərlərinin geniş təbliği istiqamətində səylərini davam etdirəcəklərini qeyd ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.