Bu gün müasir dünya geosiyasi gərginliklərin, qlobal qeyri-sabitliyin və mürəkkəb ideoloji təhdidlərin sınağından keçir. Belə bir həssas tarixi dönəmdə oktyabrın 27-də Bakıda öz işinə başlayan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıyan mühüm qlobal platformaya çevrildi. Tədbirdə dövlət başçımız cənab İlham Əliyevin səsləndirdiyi dərin məzmunlu fikirlər sadəcə bir forumun açılış nitqi deyil, müasir beynəlxalq münasibətlər sisteminin bəyannaməsi, ədalət və sülh çağırışıdır.
Azərbaycanın mövqeyi hər zaman əməli addımlara, milli maraqlara və sarsılmaz həmrəyliyə əsaslanıb. Ölkəmiz əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu, qarşılıqlı etimad mühitinin hökm sürdüyü məkan olub. Bu gün cəmiyyətimizdəki daxili ahəngdarlıq, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın özünü bu böyük ailənin bərabərhüquqlu üzvü hiss etməsi bizim ən böyük mənəvi sərvətimizdir. Xüsusilə Vətən müharibəsi və tarixi Zəfərimiz zamanı "Dəmir yumruq" ətrafında nümayiş etdirilən misilsiz milli birlik bir daha sübut etdi ki, xalqımızın təməlində dayanan həmrəylik heç bir qüvvə tərəfindən sarsdıla bilməz.
Tarixi ədalətin bərpası məsələsində Azərbaycan dövlətinin iradəsi bütün dünyaya nümunədir. Otuz il ərzində BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin icra mexanizminin olmaması, beynəlxalq hüququn gözardı edilməsi və ikili standartlar siyasəti xalqımızın iradəsini sındıra bilmədi. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququmuza əsaslanaraq, 2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatında işğala son qoyduq. Azərbaycan təkbaşına beynəlxalq hüququ bərpa etdi, lakin bu qələbədən sonra belə sülh əlini uzadaraq regionda tamamilə yeni, konstruktiv reallıq yaratdı. Ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə əldə olunan irəliləyişlər ölkəmizin qlobal sülh prosesindəki aparıcı və etibarlı tərəfdaş rolunu bir daha təsdiq etdi.
Bu gün Azərbaycanın xarici siyasəti, iqtisadi müstəqilliyi və qlobal təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu zirvələrə qaldırıb. ÜDM-in cəmi 5 faizindən bir az artıq olan xarici borcumuz, qlobal enerji təhlükəsizliyindəki strateji rolumuz və nəqliyyat-logistika dəhlizlərinin mərkəzində dayanmağımız ölkəmizi regionun dəyişməz sabitlik dayaq nöqtəsinə çevirib. İki supergüc – Çinlə strateji tərəfdaşlıq, ABŞ ilə imzalanmış Strateji Xartiya, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə dərinləşən əlaqələr müstəqil siyasətimizin məntiqi nəticəsidir. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə sədrlik edəcək, 2028-ci ildə isə 50-dən çox ölkəni birləşdirən Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcək Bakı şəhəri bu gün qlobal siyasi dialoqun mərkəzinə çevrilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu müdrik, uzaqgörən və qətiyyətli siyasət hər bir azərbaycanlıda dərin qürur hissi doğurur. Biz əminik ki, ideoloji sayıqlığımızı qorumaqla, milli maraqlarımızı hər şeydən uca tutaraq dövlətimizi daha parlaq sabahlara aparacağıq. Azərbaycan bundan sonra da sülhün, tərəqqinin və ədalətin təminatçısı kimi qlobal miqyasda öz sözünü deməyə davam edəcək.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri