Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda dünyanın 100-dən artıq ölkəsindən gəlmiş 500-dən çox qonaq, ümumilikdə isə 2000 nəfərdən artıq nümayəndə iştirak edib. Bu mötəbər tədbirdə yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. İştirakçıların sayı ötən 15 il ərzində keçirilən forumun mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrildiyinin göstəricisidir.
“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev geniş məzmunlu çıxış edib. Cənab Prezident qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Cənab Prezident qeyd edib ki, bu foruma gəldikdə, biz burada qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bildirilib ki, mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”, - deyə dövlətimizin başçısı qeyd edib.
Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın dialoq modelinin beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəni bir daha önə çıxarır. Qlobal qütbləşmənin dərinləşdiyi və beynəlxalq təsisatların effektivliyinin müzakirə olunduğu bir dövrdə Bakı platforması qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Bununla belə, dialoq milli maraqların və dövlət suverenliyinin güzəştə gedilməsi demək deyil. Azərbaycan əməkdaşlığa açıq olsa da, daxili işlərinə müdaxiləni və milli seçimlərinə kənardan təsir göstərilməsi cəhdlərini qəbul etmir.
Vüqar Musayev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi