Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərzurumun xilaskarı

Ərzurumun xilaskarı

22.05.2024 [11:05]

Nənə xatun xatirəsinə...

Mübarizəsi, cəsarəti, kişilərdən heç də geri qalmayan igidliyi, dirənişi ilə bütün dövrlərə nümunədir türk qadını. Ortaq türk tarixini vərəqləyərkən əsrlərdən üzü bəri başı qovğalardan ayılmayan, gözü döyüşlərdən açılmayan xalqın kişiləri kimi qadınlarının da insan qəlbini təlatümə gətirən neçə-neçə qəhrəmanlıq hekayələri ilə qarşılaşırsan. O hekayələr ki, orada vətən təəssübü, ər namusu, övlad məhəbbəti, qadınlıq isməti ucadan uca tutulur.

Qəhrəmanlıq nümunəsi, igidlik simvoludur türk qadını. Qəlbində sevgisi, mərhəməti ilə yanaşı, zalıma nifrəti də sonsuzdur.

22 may türkün həmin qəhrəman qadınlarından birinin- Nənə xaturunun anım günüdür. Əruzurumun Əziziyə qarnizonunun xilaskarlarından olan Nənə xatun özünün qürur dolu hekayəsi ilə bu günə qədər yaşamaqdadır.

Əziziyə hərbi qarnizonu Osmanlı padşahı Sultan Əbdüləziz tərəfindən dövrün Ərzurum valisi Fosfor Mustafa Paşa zamanında inşa etdirilib. Bu, 1877-1878-ci il Osmanlı-Rus müharibəsində ən önəmli döyüşlərə səhnə olmuş qarnizondur.

Əziziyə qarnizonu deyiləndə, ağıla Nənə xatun gəlir. O, 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci il noyabrın

8-dən 9-na keçən gecə, bölgə xalqından olan, Osmanlı vətəndaşı xain erməni quldurları Əziziyə qarnizonundakı türk əsgərlərini yuxuda ikən qılıncdan keçirib qarnizona girməyi bacarırlar. Arxadan gələn rus əsgərləri heç bir müqavimət görmədən qarnizonu ələ keçirirlər. Ancaq basqından yaralı olaraq qurtulan bir əsgər bu dəhşətli xəbəri şəhər mərkəzinə çatdırır. Səhər azanından sonra minarələrdən əhaliyə elan edilir. Bundan sonra silahı olan silahla, olmayan bel, yaba, kürək, taxta və daşla silahlanaraq qarnizona doğru gedir. Bəli, Ərzurum xalqı ölümə getdiyini, silahlı rus əsgərlərinə gücü yetməyəcəyini bildiyi halda, qarnizonu xilas etmək üçün gedirdi. İlk hücumda rus əsgərlərinin atəşiylə ilk sıradakı ərzurumlular öldürülsə də, xalq geri çəkilmir, dəmir qapını sındırır və əsgərlərlə əlbəyaxa savaşa girirlər. Mükəmməl silahlanmış rus əsgərləri baltalı-yabalı vətənpərvər xalq qarşısında ancaq yarım saat tab gətirə bilir. 2300-ə yaxın itki verən rus və ermənilər qarnizondan qaçır. Beləliklə, Əziziyə qarnizonu xilas edilir. Burda türklər 1000 şəhid verirlər.

Rus əsrgərlərinə divan tutan ərzurumlular arasında Nənə xatun adlı gənc qadın da vardı. Hadisədən bir gün qabaq Nənə xaturunun qardaşı Həsən cəbhədən yaralı gəlmişdi və həmin gecə evdə dünyasını dəyişmişdi. Qadının əri də cəbhədə idi. Minarələrdən yüksələn “Moskva Əziziyəyə girdi” səsləri, səfərbər olmuş xalqın uğultularına qarışmışdı. Bu qara xəbərdən sarsılan Nənə xatun üç aylıq körpəsini əmizdirib beşiyinə qoyur və həyəcanlı bir səslə “Səni mənə Allah verdi, mən də səni Allaha əmanət edirəm”-deyir.

Sonra şəhid qardaşının cansız bədəni üzərindəki örtüyü qaldırıb alnından öpərək pıçıldayır: “Mən də səni öldürəni öldürəcəyəm”.

Bir anda masanın üzərindəki baltanı götürüb evdən çıxır və Əziziyə qarnizonuna doğru axışan kütləyə qarışır. Ərzurumlular Nənə xatunun həmin döyüşdə göstərdiyi qəhrəmanlığı illər boyunca unutmadılar. O gün orada yaralananlar arasında bu gənc qadın da var idi.

Xalq arasından çıxmış Nənə xatunun mübarizəsi bütün düşmən Ərzurumdan qovulana qədər davam edir. O, silah daşıyır, tibb bacılığı edir, yemək bişirir, su paylayır, əlindən gələn bütün xidmətləri göstərərək qəhrəmanlığı və vətən sevgisiylə dastana çevrilir, onun şücaəti əfsanələşib dildən-dilə dolaşır. Artıq o, “Üçüncü ordunun anası” kimi tanınmağa başlayır.

1955-ci ildə “İlin anası seçilən Nənə xatun 98 il ömür sürdü. Ölümündən bir il əvvəl Nənə xatun, ziyarətinə gələn NATO-da vəzifəli amerikalı bir əsgərin sualına belə cavab verdi “Mən o zaman lazım olanı etdim. Bu gün də lazım olsa, heç düşünmədən eyni hərəkəti edərdim”. 22 may 1955-ci ildə vəfat edən Nənə xatun qurtuluş mücadiləsi verdiyi Əziziyə qarnizonunda dəfn edilib.

Qazi Əhməd Muxtar Paşanın zəfərində Nənə xatun və onun vətən eşqini paylaşan Ərzurum xalqının da önəmli payı var.

Ərzurumlular bu qəhrəman qadını və bütün şəhidlərini öz poeziyalarında, sənətlərində yaşatmağa davam edirlər. Şair Mustafa Nihat Malkoç bir şeirində deyir:

Dadaşlar gecə-gün dağlara baxar,

Əziziyə deyəndə gözdən yaş axar.

Ana quzusuna ağılar deyər,

Uğrunda ölərəm, öl de, Ərzurum!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30