Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vüqar Rəhimzadə: Partiyasında qanunazidd idarəçilik üsuluna sahib olan Əli Əliyevin yeri tarixin arxividir

Vüqar Rəhimzadə: Partiyasında qanunazidd idarəçilik üsuluna sahib olan Əli Əliyevin yeri tarixin arxividir

18.11.2021 [12:26]

“Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar mövcuddur. Siyasi partiyaların qeydiyyatı və normal fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanun o dövrün tələblərinə cavab versə də illər keçdikcə təkmilləşməyə, yeniləşməyə ehtiyacı olduğu üçün yeni qanun qəbul olundu. Bu qanunda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşmələri kimi əsas məsələ ön planda dayandı. Bu, partiyaların fəaliyyətində, maliyyələşməsində qaranlıq məqamların açıqlanmasına, ən əsası bu kimi hallara son qoyulmasına xidmət edirdi. Bu məqam da hər zaman önə çəkilir ki, hər bir siyasi partiya vaxtaşırı maliyyə hesabatı verməlidir. Elə əsl mərəkə də bu məsələlər gündəmə gətiriləndə baş verir.

Maliyyələşməsində qaranlıq məqamlar olan bəzi siyasi partiyalarda nəinki dövlət maraqları arxa planda saxlanılır, hətta belə qurumların özlərinin daxilində səmimi münasibətdən, hadisələrə real yanaşmadan, ən əsası normal idarəçilikdən əsər-əlamət olmur. Radikallığı fəaliyyətlərinin əsas prinsipi kimi qəbul edən bəzi partiyalarda belə hallar zaman-zaman müşahidə edilir. Ən qəribəsi isə odur ki, özlərini nüfuzlu siyasi qurum hesab edən həmin partiyalar cəmiyyət daxilində nüfuzlarını itirdiklərinə görə başqalarını günahlandırmağa cəhd edir, necə deyərlər, antimilli davranışlarını müxtəlif iyrənc üsullarla “malalamağa” çalışırlar. Təəccüb doğuran digər məsələ isə ondan ibarətdir ki, rəhbərlik etdikləri partiyalarda normal ab-hava yarada bilməyən dağıdıcı ünsürlər diqqəti özlərinin yarıtmaz fəaliyyətlərindən yayındırmaq üçün yeri gəldi, gəlmədi hakimiyyətin ünvanına əsassız ittihamlar səsləndirir, ölkəmizin bütün uğurlarına qara eynəkdən baxır, hətta 44 günlük Vətən müharibəsində dünyaya səs salan Zəfərimizi belə gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, bu xəyanətkar əməlləri ilə ictimai fikri çaşdırmaq yolunu tuturlar.

Bu baxımdan son vaxtlar daha çox müəmmalı məqamlarla gündəmdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin antimilli davranışları cəmiyyətdə daha çox qəzəb və ikrah hissi doğurur. Hesab edirəm ki, Əli Əliyevin kimliyini geniş təhlil etməyə ehtiyac yoxdur. Vaxtilə AMİP-in rəhbərliyində təmsil olunan, hətta bir ara həmin siyasi qurumun sədri kürsüsünü ələ keçirən bu antimilli ünsürün hansı səbəblərə görə partiyadan qovulmasının səbəbi elə o vaxtdan hər kəsə bəllidir. İntriqa yaratmaqda, başqalarına şər-böhtan atmaqda usta olan Əli Əliyev eyni vəziyyəti bu gün rəhbərlik etdiyi Vətəndaş və İnkişaf Partiyasında da yaradıb.”

 Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 V.Rəhimzadə qeyd edib ki, Əli Əliyev rəhbərlik etdiyi partiyada idarəçilik diktatorluq üzərində qurulub: “Əgər o, ölkəmizdə partiyaların fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının mövcudluğundan xəbərdar olsaydı, rəhbərlik etdiyi VİP-i siyasi biznes ofisinə çevirməz, Azərbaycanın əleyhinə fəaliyyət göstərən, uğurlarımızı həzm edə bilmədikləri üçün “qara piar” kampaniyalarına bir an belə ara verməyən xarici anti-Azərbaycan dairələrlə iş birliyində olub, onlardan gizli yollarla maliyyə vəsaiti əldə etmək üçün ən çirkin üsullara əl atmazdı.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti bir neçə gün öncə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Əliyar Şirməmmədovun bu qurumun siyasi şurasından və partiya üzvlüyündən istefa verməsinin səbəblərinə yönəldib: “Keçmiş sədr müavini Ə.Şirməmmədov istefasının səbəbini partiya rəhbəri Əli Əliyevlə siyasi baxışlarının düzgün gəlməməsi ilə əlaqələndirib. O, eyni zamanda bildirib ki, hələ üç ay bundan əvvəl istefa ilə bağlı VİP sədrinə şifahi müraciət edib. Amma bu müddətdə onun müraciətinə baxılmayıb. Şübhəsiz, Əli Əliyev kimi üzdəniraq partiya sədrləri üçün bu, adi bir məsələ kimi görünsə də, reallıq onu sübut edir ki, bu addım VİP-də kütləvi istefalara rəvac verəcək. Özünü dağıdıcı müxalifət düşərgəsinin “başbiləni” kimi təqdim edən Əli Əliyev rəhbərlik etdiyi siyasi qurumda yaranmış gərgin vəziyyəti yoluna qoymaq üçün konstruktiv addımlar atmaq əvəzinə sosial şəbəkələrdə hakimiyyətin ünvanına əsassız şər-böhtan yağdırmaqla məşğuldur.”

Vüqar Rəhimzadə bildirib ki, Ə.Əliyevin rəhbərlik etdiyi partiyada yaratdığı diktatura rejimi onun ümumiyyətlə idarəçilik sistemindən xəbərsiz olduğunu, siyasi savadsızlığını aşkara çıxarır: “Bir qayda olaraq açıqlamalarında cəmiyyətdə ikrah doğuran fikirləri ilə siyasi gündəmi zəbt etməyə çalışan Əli Əliyevin pafoslu çıxışları ilə özünü hakimiyət kürsüsündə hiss etməsi də maraq doğurmaya bilməz. Bu adam hələ də başa düşmək istəmir ki, indi ötən əsrin 90-cı illəri deyil. Dövr dəyişir. Zamanın tələblərinə uyğun olaraq Azərbaycanda yeni idarəçilik sistemi formalaşır. Bütün sahələrdə, o cümlədən siyasi sistemdə təkmilləşmə, yeniləşmə həyata keçirilir. Görəsən, bu yeniliklərdən, təkmilləşmələrdən, müasir düşüncələrdən uzaq olan Əli Əliyev VİP üzvlərini zor gücünə, təhdid yolu ilə partiyada saxlamağa cəhd göstərməklə nəyə nail olmağa çalışır? Belə getsə Əli Əliyev bir də gözünü açıb görəcək ki, VİP sıralarında özündən başqa heç kim qalmayıb. Ona görə də VİP sədrinə məsləhətimiz odur ki, nə qədər ki, gec deyil özündə cəsarət tapıb yerini konstruktiv müxalifətə versin. O müxalifətə ki, qaranlıq maliyyə ilə məşğul deyil, fəaliyyətini dövlət maraqlarının qorunmasına yönəldib. Çağdaş Azərbaycanda diktator idarəçiliyi ilə partiya idarə etmək mümkünsüzdür. Xalq Əli Əliyev kimilərə hər zaman öz yerlərini göstərib. Onların yeri tarixin arxividir.”

Paylaş
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30