ABŞ təkid edir, Ukrayna razılaşır...
05.03.2025 [08:45]
Fevralın 28-də Ağ Evdə Oval kabinetdə Volodimir Zelenski ilə Donald Tramp arasında qalmaqallı görüş dünya gündəminin mərkəzində qalmaqda davam edir. Görüşdə yaşanan insidentin nəticəsi olaraq Zelenski ABŞ səfərini yarımçıq qoyub və beləliklə də, Ukraynadakı nadir torpaq metallarının işlənməsinə dair müqavilə imzalanmayıb.
Burada söhbət yalnız iki dövlət arasında hansısa bir sənədin imzalanıb-imzalanmamasından getmir. Bəhs olunan müqavilə Ukrayna üçün adi bir sənəd deyil, müharibədə böyük itkilərə məruz qalan ölkənin gələcək taleyi baxımından müstəsna önəmə malikdir. Bəs Oval kabinetdə yaşananlardan sonra ABŞ-Ukrayna münasibətləri hansı istiqamətdə inkişaf edəcək? Ukrayna ABŞ-ın dəstəyi olmadan müharibəni davam etdirə biləcəkmi?
Zelenski Oval kabinetə qayıda biləcəkmi?
Ağ Evdə müqavilənin imzalanmaması ikitərəfli əlaqələrdə ciddi çatlar yaradıb. Ağ Evin yeni administrasiyasının rəsmilərindən gələn açıqlamalarda görüşdə Zelenskinin Trampla ixtilafa girməsi sərt şəkildə qınanılır. “Zelenski sülh sazişinin detallarını müzakirə etmədiyi müddətcə Oval kabinetə qayıda bilməyəcək”. Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News”a müsahibəsində deyib. “Siz sülh sazişinin detallarını müzakirə etməkdən imtina edərək Oval kabinetə və ya başqa bir yerə qayıda bilməzsiniz”, - deyə Vens vurğulayıb.
O, daha əvvəl bildirib ki, Zelenski Ağ Evdə Donald Tramp ilə görüşmək istəyib, lakin bu təklif rədd edilib. Vitse-prezidentin fikrincə, Tramp yalnız o zaman Zelenski ilə yenidən danışmağa hazır olacaq ki, o, Rusiya ilə münaqişənin həlli üçün real istək nümayiş etdirsin. Vens, həmçinin vurğulayıb ki, Ukraynanın müharibəni davam etdirmək üçün kifayət qədər insan resursu yoxdur, ABŞ-ın isə bu proses üçün nə yetərincə silahı, nə də maliyyə vəsaiti mövcuddur.
Eyni zamanda, ABŞ mətbuatında da Oval kabinetdə yaşananlarla bağlı kəskin ruhlu məqalələr dərc olunur, Zelenski açıq-aşkar ABŞ-ın yardımlarını unutmaqda günahlandırılır. “Zelenski Trampla mübahisə etdiyinə görə üzr istəməli və ya öz postundan istefa verməlidir”. Bu barədə “Washington Post” qəzetində dərc olunan məqalədə deyilir. “Volodimir Zelenski üzr istəsə, Donald Tramp nadir metallarla bağlı saziş imzalamaq üçün onu Ağ Evə dəvət edəcək və hər şey bağışlanacaq”, - deyə məqalədə bildirilir.
Hərbi yardımların dayandırılması gündəmdə
Ağ Evdə baş verənlər Ukraynaya ABŞ-ın hərbi yardımlarının dayandırılması məsələsini gündəmə gətirib. Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ Evdən bununla bağlı yayılan məlumatda bildirilir: “Prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”, - deyə Ağ Ev rəsmisi bildirib.
Müharibənin əvvəlindən ABŞ-ın Ukraynaya dəstəyinin həcmi kifayət qədər böyük olub. Pentaqondan bildirilib ki, Baydenin prezidentliyi dövründə ABŞ başqa avadanlıqlarla yanaşı, “Patriot” hava hücumundan müdafiə sisteminin üç batareyasını və 12 NASAMS hava hücumundan müdafiə sistemini Kiyevə verib. Bundan əlavə, Ukraynaya 40-dan çox HIMARS MLRS, 200-dən çox 155 mm-lik haubitsa və 3 milyondan çox 155 mm-lik artilleriya mərmisi, 7 mindən çox yüksək dəqiqliyə malik 155 mm-lik mərmi göndərilib. Pentaqonun tərtib etdiyi siyahıya həmçinin 300-dən çox “Bradley” piyada döyüş maşını, 31 “Abrams” tankı və 1,7 minə yaxın müxtəlif zirehli transportyor daxildir.
ABŞ-ın hərbi yardımı kəsməsindən sonra Ukraynanın cəbhədə mövqelərinin əhəmiyyətli dərəcədə zəifləyəcəyi, müqavimət gücünün azalacağı heç kəsdə şübhə doğurmur. “ABŞ-ın hərbi yardımı kəsildikdən sonra Ukrayna hazırkı döyüş tempini bir neçə həftə və ya uzağı yayın əvvəlinədək saxlaya biləcək”. CNN telekanalı bu barədə adının açıqlanmasını istəməyən avropalı məmura istinadla məlumat yayıb.
Ümidlər sonda ölür
Ümidlər sonda ölür, deyirlər. Sözügedən müqavilənin imzalanmasına bəslənən ümidlər də hələ tamamilə aradan qalxmayıb. “Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı razılaşma mümkün olaraq qalır”. Bunu Prezident Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. “Bizə nadir torpaq metalları lazımdır”, - deyə o əlavə edib. Tramp saziş barədə Senat və Nümayəndələr Palatasının birgə iclasında danışacağını da bildirib.
Zelenskinin müqavilə ilə bağlı danışıqları yenidən başlamaq üçün nə etməli olduğu barədə sualı isə Amerika lideri belə cavablandırıb: “Məncə, o, daha çox minnətdar olmalıdır. Çünki ABŞ hər vəziyyətdə onu dəstəkləyib. Biz Avropadan daha çox yardım etdik. Avropa isə bizdən daha çox yardım etməli idi”.
Rəsmi Kiyevdən “ən qısa zamanda imzalayacağıq” açıqlaması
“Ukrayna və Amerika Birləşmiş Ştatları arasında mineral ehtiyatlar sazişi ən qısa zamanda imzalanacaq. Bununla bağlı artıq hər iki ölkə arasında qarşılıqlı anlaşma var”. Bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, o, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü respublikaçı Brayan Fitspatriklə söhbət edib. “Biz ədalətli sülhə doğru irəliləyiş məsələlərini və ABŞ-la mineral ehtiyatlar sazişini müzakirə etdik. Qarşılıqlı anlaşma var, biz dövlətlərimizin liderlərinin qəbul etməli olduğu qərara doğru gedirik”, - deyə Yermak əlavə edib.
Həmçinin, Zelenski də yeni mövqedən çıxış edib. O,“X” sosial şəbəkəsində yazıb ki, Ukrayna bütün tərəfdaşları ilə əməkdaşlığı davam etdirir və sülhün əldə olunmasında ABŞ-ın dəstəyinə çox ümid bəsləyir. “Biz Amerika və avropalı tərəfdaşlarımızla birlikdə işləyirik və ABŞ-ın sülh yolunda dəstəyinə çox ümid edirik. Sülh mümkün qədər tez lazımdır”, - deyə Zelenski martın 3-də axşam saatlarında yazıb.
Prezidentin sözlərinə görə, Ukrayna artıq tərəfdaşları ilə danışıqlar aparıb və yaxın gələcəkdə digər addımları da planlaşdırır. Zelenski, həmçinin qeyd edib ki, hazırda Ukrayna diplomatiyasını bu müharibəni mümkün qədər tez bitirmək üçün həqiqətən də substantivləşdirməyə çalışmaq çox vacibdir. “Bizə əsl sülh lazımdır və ukraynalılar bunu hər şeydən çox istəyirlər, çünki müharibə şəhərlərimizi və qəsəbələrimizi məhv edir. Biz insanlarımızı itiririk. Müharibəni dayandırmalı və təhlükəsizliyi təmin etməliyik”, - deyə Prezident əlavə edib.
Ali Radanın müraciəti
Bu arada Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampa, Konqresə və ABŞ xalqına müraciət edib. Ali Radanın saytında dərc olunan müraciətdə qeyd olunur ki, Ukrayna xalqı sülhü hamıdan çox istəyir və Trampın rolunun, onun sülhməramlı səylərinin hərbi əməliyyatların tezliklə dayandırılması üçün həlledici olacağına inanır.
Rada Trampın danışıqlar prosesinə başlamaq və sülhə nail olmaq yollarını tapmaq təşəbbüslərini alqışlayır. ABŞ ilə xüsusilə faydalı qazıntıların işlənməsi sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanır. “Ukrayna böyük Amerika xalqının Birləşmiş Ştatların qlobal liderliyinin hərtərəfli bərpası istiqamətindəki istəklərinə dərin hörmətlə yanaşır. Eyni zamanda, biz qəti şəkildə inanırıq ki, ABŞ-ın beynəlxalq aləmdə rəhbərliyi azadlıq və demokratiya ideallarının müdafiəsi, beynəlxalq müqavilələrə sadiqlik, müttəfiqlər və dostlarla münasibətlərdə etibarlılıq ilə ayrılmaz şəkildə bağlıdır”, - deyə müraciətdə qeyd edilir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Gündəm
27 Mart 12:37

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

Gündəm
27 Mart 10:35

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45

İdman
24 Mart 13:15
