Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Sülh üçün...

Sülh üçün...

27.05.2025 [10:22]

Ermənistan Konstitusiyası dəyişməli, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır

Cənubi Qafqazda sabitliyin və əbədi sülhün formalaşması üçün davam etdirilən sülh danışıqları 2022-ci ildən etibarən mühüm bir yol qət edib. Əvvəlki dövrlərdə vasitəçilərin iştirakı ilə aparılan, amma heç bir nəticə verməyən proses 2023-cü ilin sonundan etibarən ikitərəfli təmas halında davam etdirilir. Bir ildən artıq müddətdə qarşılıqlı müzakirələr nəticəsində artıq sülh sənədinin 17 maddəsinin hər biri razılaşdırılıb - sülhün imzalanmasına isə cəmisi bir addım qalıb. Ermənistanın bu “bir addım”ı atması bölgədə daimi və əbədi sülhün yaranmasına yol açacaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirilən birgə mətbuat konfrasında bu mövzuya diqqət çəkərək vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında danışıqlar davam etdirilir. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtləri bəllidir: “Bunun üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməli, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir”.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişini Konstitusiya Məhkəməsi təsdiqləməsə, ölkənin əsas qanununa dəyişiklik edilməsinə şəxsən təşəbbüs göstərəcək. Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumu çərçivəsində deyib: “Saziş Konstitusiya Məhkəməsinə göndərilməlidir. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi qərara gəlsə ki, saziş Ermənistanın qanunlarına uyğun deyil, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edəcəyəm. Çünki hesab edirəm ki, sülh imkanı əldən verilməməlidir”.

Sabit inkişaf üçün...

Vurğulandığı kimi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Sülh prosesi yeni iqtisadi-siyasi nizamın mühüm ştrixlərindən birinə çevrilə bilər - məhz imzalanacaq sülh bölgənin həyatında inkişafa yol açacaq, ümumən bölgənin qlobal layihələrdəki iştirakını rəsmiləşdirəcək. Bir sözlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu sülh layihəsinin prioritet istiqamətləri həm də Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir.

Nəticə isə uzaqda deyil - artıq 3 aydır ki, tərəflər sənədin detalları ilə bağlı tam razılıq əldə ediblər. Hətta bir müddət fikir ayrılığı yaşanan maddələr də öz həllini tapıb. İllərdir özünün qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan tərəfi də artıq sülh anonsları səsləndirir. Bu, rəsmi İrəvanın artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul etməsi kimi dəyərləndirilsə də, bu ölkənin manipulyativ mahiyyəti kənara qoyula bilməz. Düzdür, ilk baxışdan görünən budur ki, İrəvan yaranan siyasi-iqtisadi reallıqların sülhü və əməkdaşlığı aktuallışdırdığını anlayır - belə bir iqtisadi platforma isə indiki zamanda Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır. Bunun üçün isə sülhün həm əbədi, həm də dayanıqlı olması üçün son addımlar atılmalıdır.

 Konstitusiya dəyişməlidir...

Nəticə etibarı ilə, sülh zəmini üçün tələb edilən iki addım atılmalıdır - Ceyhun Bayramovun vurğuladığı kimi, Ermənistan tərəfi həm konstitusiyasında müvafiq dəyişikliyi etməli, həm də ATƏT-in Minsk Qrupundan birmənalı şəkildə imtina etməlidir. Konstitusiya məsələsi artıq bir neçə ildir ki, müzakirə predmetidir. Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur.

Azərbaycanın məsələyə münasibəti birmənalıdır. Dayanıqlı sülh yalnız və yalnız Ermənistanın əsas sənədində dəyişiklik edildikdən sonra imzalanacaq. Artıq bir müddətdir ki, Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı məsələ müzakirə olunur. Qeyd edək ki, Ermənistanın ayrı-ayrı şəxsləri bu dəyişikliyin həm zəruri, həm də vacib olduğunu dəfələrlə dilə gətirib - baş nazir Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan öz müsahibələrində etiraf ediblər ki, bu məsələ öz həllini tapmalıdır.

Məsələnin isə bir həlli var - konstitusiyada yer alan bu əsassız iddiaların aradan qaldırılması. Bunun üçün isə Ermənistanda müvafiq addımlar atılmalıdır. Prezident İlham Əliyev də son çıxışlarında bildirib ki, Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır: “Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

ATƏT-in Minsk qrupu ləğv edilməlidir...

Ermənistan eyni mövqeni ATƏT-in Minsk qrupu ilə bağlı da nümayiş etdirməlidir - Azərbaycan haqlı olaraq bildirir ki, Qarabağ münaqişəsinin bitməsi Minsk qrupunun da fəaliyyətini yekunlaşdırır. ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində vasitəçi mexanizm kimi formalaşdırılmışdı. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəli kontekstdə həll olunan bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.

Ermənistan isə bu məsələdə də ləng davranır. Halbuki, bunu yerinə yetirmək daha asandır. Bu və ya digər şəkildə dövlətin müvafiq strukturları bununla bağlı qərar verib elan edə bilərlər. Ermənistan isə başqa bir yol tutur.

Mirzoyanın yeni yalanları...

Sülh üçün bu qədər qısa bir yol qaldığı halda, rəsmi İrəvan özünün qeyri-adekvat açıqlamalarından da əl götürmür - məsələn,  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən regionda gərginliyi artıracaq açıqlama ilə çıxış edib. O, İrəvanda keçirilən “Yerevan Dialoqu-2025” adlı beynəlxalq forumda “etnik təmizləmə” ritorikasını gündəmə gətirib və bildirib: “Etnik təmizləmələr bizdən o qədər də uzaqda deyil, onların şahidiyik. Biz bu faciələrlə sərhədlərimizdə rastlaşmışıq. Ukrayna və Qəzza əzabları tək hal deyil, sistemin uğursuzluqlarının nəticəsidir”.

Sülhün astanasında dayanıldığı bir zamanda Ermənistanın siyasi rəhbərliyinin yenidən yalan, böhtan və qərəz əsasında çıxışlar etməsi anlaşılan deyil - Mirzoyan ən yaxın keçmişi təhrif edir. 1990-cı illərin əvvəlində erməni işğalı zamanı baş verənlər deyəsən “unudulub”. Həmin dövrdə yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınmışdı. Ondan qabaq isə 1980-ci illərin sonunda təxminən 300 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan qovulmuşdu - onlar etnik təmizləməyə məruz qalmışdılar. Mirzoyanın yalanları isə əsassızdır - 2023-cü ilin payızında Qarabağı tərk edən ermənilər könüllü şəkildə bu addımı atmışdılar. Onların təhlükəsizliyi tam təmin olunmuşdu. Mirzoyanın böhtana əsaslanan fikirləri isə nəticə etibarı ilə sülhə zərbədən başqa bir anlam daşımır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30