Şimalda buzlar yox, maraqlar toqquşacaq...
24.09.2026 [08:52]
Qütb uğrunda qütbləşmə güclənir: soyuq Arktikada isti mübarizə
Dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi, güc mərkəzləri arasında rəqabətin yeni coğrafiyalara yayıldığı bir vaxtda diqqətlər tədricən planetin ən ucqar bölgələrindən birinə - Arktikaya yönəlir. Vaxtilə əsasən elmi araşdırmaların, ekoloji problemlərin və beynəlxalq əməkdaşlığın məkanı kimi qəbul edilən bu region indi təhlükəsizlik, enerji, nəqliyyat və strateji üstünlük məsələlərinin kəsişdiyi əraziyə çevrilir. Avropada Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra “Şimaldan aşağı gərginlik” yanaşmasının əvvəlki əhəmiyyətini itirdiyi, regionda hərbiləşmənin və təhlükəsizlik rəqabətinin artdığı müşahidə olunur.
Kim şimala sahib olsa...
Qeyd edək ki, Arktikanın əhəmiyyətini artıran əsas amillərdən biri iqlim dəyişiklikləri nəticəsində buz örtüyünün azalmasıdır. Bu proses yeni dəniz marşrutlarının istifadəsini asanlaşdırmaqla yanaşı, əvvəllər əlçatmaz olan enerji ehtiyatlarına və kritik mineral resurslara çıxış imkanlarını da artırır. Beləliklə, Arktika artıq yalnız coğrafi məkan deyil, gələcək qlobal iqtisadiyyat və logistika üzərində təsir imkanları baxımından strateji üstünlük zonası kimi nəzərdən keçirilir. Qərb regionun Şimali Atlantika ilə Avropa arasındakı mühüm nəqliyyat və kommunikasiya bağlantılarının üzərində yerləşdiyini nəzərə alaraq şimal qütbündə nüfuz dairəsini genişləndirməyə çalışır. Siyasi mütəxəssislərin fikrincə, bu reallıq böyük güclərin Şimala marağını sürətləndirir. Rusiya Arktikadakı hərbi infrastrukturunu genişləndirir, NATO isə Finlandiya və İsveçin alyansa qoşulmasından sonra regiondakı müdafiə imkanlarını gücləndirir. Xüsusilə, ABŞ üçün Qrenlandiyanın strateji mövqeyi və Arktikaya çıxış xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, Arktika XXI əsrin geosiyasi rəqabətinin yeni istiqamətlərindən birinə çevrilir. Sual artıq yalnız “Şimalda kim daha çox resursa malikdir?” deyil, kim bu resurslara, marşrutlara və strateji məkanlara daha geniş çıxış əldə edəcək məsələsidir. Məhz buna görə Arktikada başlayan proseslər gələcəkdə qlobal güc balansına ciddi təsir göstərə bilər.
Mənzərə qatılaşır - Qərb Qərbə qarşı...
Diqqət çəkən məqamlardan biri isə, şimal qütbü uğrunda başlanan savaşın da bircinsli olmamasıdır - yəni, mübarizə heç də gözənildiyi kimi Rusiya-NATO və ya Rusiya - Qərb statusunda aparılmır. Burada daha çox elə Qərb kontingentinin ayrı-ayrılıqda koalisiya şəklində qarşılıqlı mübarizəsi nəzərə çarpır. Yeri gəlmişkən, ABŞ, Yaponiya və Koreya Respublikası da dəniz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Arktika regionunda üçtərəfli tərəfdaşlıq barədə razılığa gəlib. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində bildirib. “Bu gün ABŞ, Yaponiya və Koreya Respublikası dənizdə əməkdaşlığı inkişaf etdirmək, həmçinin energetika və infrastruktur da daxil olmaqla, iqtisadi layihələri həyata keçirmək üçün Arktika regionunda üçtərəfli tərəfdaşlıq qurdu”, - o yazıb.
Rubio qeyd edib ki, bu tərəfdaşlığın gələcək inkişafı üçün Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilə sıx qarşılıqlı fəaliyyət göstərəcəyinə ümid edir.
Aİ hərəkətə keçir: köhnə qitə yeni arzularla yaşayır...
Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqı ölkələri Arktikada strateji maraqlarının qorunması və regionda təhlükəsizliyin gücləndirilməsi məqsədilə qurum çərçivəsində fəaliyyətlərini artırmaq barədə razılığa gəlmişdilər. Bu barədə Finlandiyanın Rovaniemi şəhərində keçirilən Avropa Arktika Sammitinin yekunlarına dair birgə bəyanatda bildirilmişdi. Aİ-nin 12 üzvünün yüksəksəviyyəli nümayəndələrinin qatıldığı görüşdə qurumun Arktikanın Avropa hissəsində daha strateji və fəal siyasət yürütməsinin vacibliyi vurğulanırdı. Tərəflər monitorinq və informasiya mübadiləsinin gücləndirilməsi, vahid vəziyyət mənzərəsinin yaradılması, nəqliyyat və rəqəmsal infrastruktura, hərbi mobilliyə, eləcə də kritik obyektlərin qorunmasına investisiyaların artırılmasını dəstəkləmişdilər. Bundan başqa, Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətlərinin artması region üçün əsas təhdidlərdən biri kimi göstərilmişdi. Çinin artan marağı, Ukraynadakı müharibənin nəticələri və iqlim dəyişiklikləri də Arktikada geosiyasi vəziyyəti dəyişdirən amillər kimi qeyd olunmuşdu. Aİ Şurasının Prezidenti Antonio Koşta Sammitdən sonra açıqlamasında bildirmişdi ki, Arktikanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir. Onun sözlərinə görə, yeni geosiyasi reallıq Aİ-nin gələcək uzunmüddətli büdcəsində təhlükəsizliyə və müdafiəyə, o cümlədən Arktika regionuna yatırımların artırılmasında əksini tapacaq. Sammitin iştirakçıları Arktikada təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı, kritik xammal ehtiyatları, gəmiçilik, kosmik sənaye və rəqəmsal bağlantı sahələrində iqtisadi imkanların daha səmərəli istifadəsini də nəzərdə tuturdular.
Qərbin Arktika siyasətində yeni koalisiyalar: rəqabət dərinləşir
Arktikanın geosiyasi əhəmiyyətinin sürətlə artması Qərb dövlətlərini bu regionda ayrıca əməkdaşlıq formatları yaratmağa sövq edir. Qərb siyasi mütəxəssisləri 12 Avropa İttifaqı ölkəsinin Arktikada daha strateji və fəal siyasət yürütməyə çağırışını təsadüfi təşəbbüs hesab etmir. Avropa Parlamentinin Araşdırma Xidməti də Arktikada təhlükəsizlik vəziyyətinin dəyişdiyini, hərbiləşmənin və geosiyasi rəqabətin artdığını bildirir. Yəni, bu çağırış əslində ümumavropa maraqlarından qaynaqlanır. Başqa sözlə, burada köhnə qitənin ön plana çıxmaq istəyi açıq əşkildə müşahidə olunur.
Digər tərəfdən, ABŞ, Yaponiya və Cənubi Koreya da Arktikaya maraqlarını ayrıca üçtərəfli əməkdaşlıq müstəvisinə çıxarması da mənafelərin toqquşmasının göstəricisidir. Xatırladaq ki, hələ iyulda Vaşinqton, Tokio və Seul Arktika məsələləri üzrə müzakirələri genişləndirmək barədə razılığa gəlmişdilər. Cənubi Koreya XİN-i isə məlumat yaymışdı ki, tərəflər artıq 2026-cı ilin fevralında Arktika əməkdaşlığının mümkün istiqamətlərini müzakirə ediblər. Yəni, Arktika müzakirələrində “separat danışıqlar”ın tarixi bir neçə ay əvvələ dayanır.
Bütün bunlar Qərbin vahid siyasi-müdafiə xəttindən daha çox, Arktikada paralel və bir-birini tamamlayan təhlükəsizlik şəbəkələri yaratmağa başladığını göstərir. Fridtjof Nansen İnstitutunun tədqiqatçıları Andreas Raspotnik və Andreas Osthagen hesab edirlər ki, Aİ-nin Arktikadakı mövqeyinin gücləndirilməsi üçün Norveç, İslandiya və Böyük Britaniya kimi üzv olmayan tərəfdaşlarla daha formal mexanizmlər qurulmalıdır. CSIS ekspertləri isə Avropa Arktikasının artıq böyük güclər arasında geosiyasi rəqabətin mühüm teatrına çevrildiyini vurğulayırlar.
Göründüyü kimi, siyasi təhlilçilər müzakirə predmetlərini yalnız resurslarla məhdudlaşdırmır. Dəniz yollarına nəzarət, enerji və kritik minerallar, peyk və rabitə infrastrukturu, sualtı kommunikasiyalar, hərbi müşahidə imkanları və Şimali Atlantika ilə Sakit okean arasındakı strateji bağlantılar da rəqabətin predmetinə çevrilir. Nəticədə Arktikada müxtəlif Qərb formatlarının çoxalması regionu əməkdaşlıq məkanından bloklararası rəqabətin yeni cəbhəsinə çevirmək riskini artırır.
Rusiya-Çin tandemi Arktikada yeni qüvvə mərkəzi yaradacaq?
Qərb dövlətlərinin Arktikada mövqelərini möhkəmləndirməsi Moskva və Pekinin də regiondakı əməkdaşlığını daha strateji xarakterə gətirə bilər. Çin Arktikada əraziyə malik dövlət deyil, lakin özünü “Arktikaya yaxın dövlət” kimi təqdim edir. Onun əsas üstünlüyü iqtisadi və texnoloji imkanlarıdır. Rusiyanın üstünlüyü isə coğrafiyadır: Arktika sahillərinin yarıdan çoxu Rusiyanın payına düşür və Şimal Dəniz Yolu əsasən Rusiya nəzarətində olan sulardan keçir. Bu səbəbdən Çin üçün Moskva Arktikaya iqtisadi və logistika çıxışının ən mühüm vasitələrindən biridir.
Sinqapurun S. Rajaratnam Beynəlxalq Araşdırmalar Məktəbinin tədqiqatçısı Daniel Balazsın fikrincə, Çin və Rusiyanın Arktikadakı əməkdaşlığı artıq yalnız enerji və ticarətlə məhdudlaşmır; təhlükəsizlik, elmi tədqiqat, dəniz və hava fəaliyyətləri də bu əməkdaşlığın tərkibinə daxil olur. O, Moskvanın Çinin iqtisadi imkanlarına, Pekinin isə Rusiyanın coğrafi üstünlüklərinə ehtiyac duyduğunu qeyd edir. 2026-cı ildə Rusiya və Çinin Arktikada birgə dəniz və hava patrullarının keçirilməsi də bu tendensiyanın təhlükəsizlik ölçüsünü gücləndirib.
NATO da Rusiya-Çin əməkdaşlığının Arktikadakı strateji nəticələrinə diqqət çəkir. Alyansın rəsmi qiymətləndirməsində Çinin enerji, kritik minerallar və dəniz kommunikasiyalarına çıxış imkanlarını genişləndirməyə çalışdığı, Rusiya ilə əməkdaşlığının isə NATO üçün ayrıca strateji və əməliyyat nəticələri doğurduğu bildirilir.
Lakin siyasi mütəxəssislər mövzunu dərhal “Rusiya-Çin hərbi ittifaqı” kimi təqdim etməyin də düzgün olmadığı qənaətindədirlər. Pekinin Moskva ilə əməkdaşlığında iqtisadi maraqlar, enerji təminatı və Şimal Dəniz Yolundan istifadə xüsusi yer tutur. Bununla belə, Qərbin Arktikada hərbi-siyasi fəallığının artması bu əməkdaşlığın təhlükəsizlik komponentini gücləndirə bilər. Belə bir proses baş verərsə, Arktikada şərti olaraq Rusiya-Çin və ABŞ - Şərq bloku, eləcə də Aİ mərkəzləri arasında qarşılıqlı çəkindirmə və rəqabət sistemi formalaşa bilər. Bu isə regionu təkcə Şimalın deyil, qlobal güc balansının əsas istiqamətlərindən birinə çevirər.
Şimal uğrunda rəqabət nüvə qarşıdurması riskini artıra bilərmi?
Qərb politoloqları Arktika uğrunda rəqabətin ən təhlükəli tərəfini regionun Rusiyanın nüvə çəkindirmə sistemində xüsusi yer tutması ilə əlaqələndirirlər. Çünki Rusiyanın dəniz əsaslı strateji nüvə qüvvələrinin mühüm hissəsi Arktikadakı Kola yarımadasında yerləşir. 2026-cı il üzrə açıq mənbəli nüvə qiymətləndirmələrinə görə, Rusiyanın dəniz əsaslı nüvə qüvvələrinin təxminən üçdə ikisi Kola yarımadası ilə əlaqəlidir. Burada Şimal Donanmasının bazaları və ballistik raket daşıyan nüvə sualtı qayıqları yerləşir. Məhz buna görə Arktikada hərbi müşahidənin, sualtı qayıq axtarışının və hərbi patrulların artması Moskva tərəfindən sadəcə adi regional rəqabət kimi qəbul edilməyə bilər. “Foreign Policy Research Institute”nin əməkdaşı Karl Parkin qeyd edir ki, Rusiyanın nüvə sualtı qayıqları Kola yarımadasında yerləşən strateji “bastion” sistemi ilə qorunur və Arktikanın dəyişən şəraiti gələcəkdə bu qüvvələrin aşkarlanması imkanlarına təsir göstərə bilər. O, belə proseslərin Rusiyada “istifadə et, ya da itir” məntiqini gücləndirə biləcəyinə dair riskə diqqət çəkir.
“Bulletin of the Atomic Scientists”də Nikita Qryazin və İren Marinova isə Arktikada iqlim dəyişikliyi, hərbi rəqabət və nüvə təhlükəsinin artıq bir-birindən ayrı proseslər kimi nəzərdən keçirilə bilməyəcəyini yazırlar. Onların fikrincə, buz örtüyünün azalması sualtı qayıqların aşkarlanması imkanlarını dəyişdirir, hərbi gəmilərin qarşılaşma ehtimalını artırır və yanlış hesablamalar üçün yeni risklər yaradır. Eyni zamanda Finlandiya və İsveçin NATO-ya daxil olması Arktikanın təhlükəsizlik arxitekturasını da dəyişib.
Bu səbəbdən Arktikada mümkün “yeni soyuq müharibə”nin ən təhlükəli xüsusiyyəti onun klassik Şərq-Qərb qarşıdurmasından fərqli olaraq nüvə çəkindirmə sistemlərinin birbaşa təmas zonasına yaxınlaşmasıdır. Lakin bu, avtomatik olaraq nüvə müharibəsinin baş verəcəyi anlamına da gəlmir. Əksinə, tərəflərin əsas məqsədi nüvə silahından istifadə etmədən qarşı tərəfin strateji imkanlarını məhdudlaşdırmaq və çəkindirmə yaratmaq ola bilər. Təhlükə daha çox yanlış hesablama, insident və eskalasiyanın nəzarətdən çıxması ssenarisində yaranır. Buna görə Arktikada hərbi fəaliyyətin artması ilə paralel olaraq böhran kommunikasiyası və risklərin azaldılması mexanizmlərinin saxlanılması xüsusi əhəmiyyət qazanır.
Şimalda yeni güc balansının konturları
Arktikada baş verən proseslər göstərir ki, dünya siyasətində strateji rəqabətin coğrafiyası artıq ənənəvi regionlarla məhdudlaşmır. Buzlaqların geri çəkilməsi yeni dəniz yollarını, enerji mənbələrini və mineral ehtiyatları daha əlçatan etdikcə Şimalın iqtisadi əhəmiyyəti artır; eyni zamanda regionun hərbi-strateji çəkisi də yüksəlir. Avropa İttifaqının daha fəal Arktika siyasətinə keçməsi, ABŞ-Yaponiya-Cənubi Koreya formatında Arktika məsələlərinin gündəmə gəlməsi, NATO-nun “Arctic Sentry” fəaliyyətini başlaması və Rusiya-Çin əməkdaşlığının genişlənməsi bu dəyişimin ayrı-ayrı təzahürləridir.
Siyasi texnoloqlarıın düşüncəsinə görə, burada ən mühüm məsələ Arktikanın hansı dövlətin “mülkiyyəti”nə çevrilməsi deyil. Beynəlxalq hüquq baxımından regionda ərazi və dəniz hüquqları ayrıca rejimlərlə tənzimlənir. Xatırladaq ki, Arktika coğrafi baxımdan səkkiz dövlətin - Rusiya, ABŞ, Kanada, Danimarka, Norveç, İsveç, Finlandiya və İslandiyanın nüfuz dairəsindədir. Lakin bu ölkələrin regiondakı imkanları eyni deyil. Arktika ərazilərinin təxminən yarısına malik olan Rusiya həm coğrafi miqyas, həm də hərbi infrastruktur baxımından açıq üstünlüyə sahibdir. Rusiya 2000-ci illərin ortalarından etibarən Sovet dövründən qalmış hərbi obyektlərini yenidən qurub, hava hücumundan müdafiə, radar, aviasiya və dəniz qüvvələrinin imkanlarını artırıb. Əsas məsələ gələcəkdə kimlərin qaydaları müəyyənləşdirəcəyi, dəniz yollarından kimlərin hansı şərtlərlə istifadə edəcəyi, resurslara çıxışın necə bölüşdürüləcəyi və təhlükəsizlik mexanizmlərinin hansı prinsiplər əsasında qurulacağıdır.
Qərb siyasətçiləri bildirirlər ki, Arktika uğrunda rəqabət iki istiqamətdə inkişaf edə bilər:
- Birinci istiqamət rəqabətin idarə olunması, beynəlxalq hüquq, dəniz təhlükəsizliyi, elmi əməkdaşlıq və risklərin azaldılması mexanizmlərinin qorunmasıdır.
- İkinci istiqamət isə regionun tədricən hərbiləşməsi, qarşılıqlı bloklaşmanın dərinləşməsi və nüvə çəkindirmə sistemlərinin bir-birinə daha yaxın məsafədə yerləşməsi ola bilər. Sonuncu ssenari yalnız Arktika ölkələri üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi nəticələr yarada bilər.
Ona görə də qarşıdakı illərdə Şimaldakı proseslərə yalnız iqlim və resurs məsələsi kimi baxmaq kifayət etməyəcək. Arktika enerji, logistika, hərbi təhlükəsizlik, nüvə çəkindirməsi və böyük güclər arasında strateji rəqabətin kəsişdiyi məkan kimi daha çox diqqət çəkəcək. Bu rəqabətin hansı istiqamətə yönəlməsi isə böyük ölçüdə dövlətlərin qarşılıqlı çəkindirmə ilə yanaşı dialoq və risklərin idarə olunması mexanizmlərini nə dərəcədə qoruyub saxlamasından asılı olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

