Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dayanıqlı inkişaf statistikası sahəsində əldə olunmuş nailiyyətlər

Dayanıqlı inkişaf statistikası sahəsində əldə olunmuş nailiyyətlər

31.10.2025 [11:52]

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən 2010-cu ildən başlayaraq hər 5 ildən bir oktyabr ayının 20-si Ümumdünya Statistika Günü kimi qeyd olunur. BMT-nin Statistika Komissiyasının 56-cı sessiyasında cari ilin 20 oktyabr tarixində sayca 4-cü olan bu əlamətdar günün “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilməsi qərara alınmışdır. Statistiklər gününün dünya səviyyəsində qeyd edilməsində əsas məqsəd müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir.

Azərbaycanın rəsmi statistikası 100 ildən artıq tarixə malikdir və bu illər ərzində böyük inkişaf yolu qət etmişdir. Bu inkişafda Ümummilli Lider Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan statistikası zirvələrə yüksəlmiş, qəbul olunmuş Fərman və Sərəncamlar və onların icrası nəticəsində dünyadakı qabaqcıl rəsmi statistika ənənələri, elmi nailiyyətlər və yeniliklər mənimsənilərəkmilli statistika sisteminə tətbiq olunmuş, Azərbaycan statistikası dünya arenasında digər ölkələr üçün örnək sayılacaq səviyyəyə çatmışdır.

Məlum olduğu kimi, BMT-nin Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli A/RES/70/1 nömrəli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” (bundan sonra - “Gündəlik-2030”) təsdiq edilmişdir. “Gündəlik-2030”un icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi üçün BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə 244 göstəricidən ibarət qlobal göstəricilər sistemi müəyyən edilmiş və BMT Baş Assambleyasının 90-cı plenar sessiyasının 6 iyul 2017-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Sonrakı illərdə göstəricilər sisteminə bir neçə dəfə dəyişikliklər edilmiş və nəticədə DİM göstəricilərinin sayı 251-ə çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanına uyğun olaraq “Gündəlik-2030”dan irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavinin sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (bundan sonra - Şura) yaradılmış, aidiyyəti qurumların, o cümlədən Dövlət Statistika Komitəsinin öhdəlikləri müəyyən edilmişdir. Fərmanın 4-cü bəndinə əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər, Şuranın müraciəti əsasında ildə bir dəfə, DİM-ə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların Dövlət Statistika Komitəsinə təqdim edilməsini, 5-ci bəndinə əsasən Dövlət Statistika Komitəsi DİM-ə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların işlənilməsini və onların ildə bir dəfə Şuraya təqdim olunmasını təmin edir.

Fərmanın icrası olaraq, 2019-cu ilin fevralında Şura tərəfindən 17 DİM, 88 hədəf və 119 göstərici milli prioritet kimi müəyyənləşdirilmişdir. 2024-cü ildə isə prioritet hədəf və göstəricilərin siyahısına 8 hədəf və 10 göstərici əlavə olunmuş, bununla da prioritet hədəflərin sayı 96-ya, prioritet göstəricilərin sayı isə 129-a çatdırılmışdır (https://sdg.azstat.gov.az/az/reportingtargets).

DİM statistikasının təşkili, DİM-lə bağlı statistik potensialın gücləndirilməsi, o cümlədən DİM göstəriciləri üzrə yüksək keyfiyyətli, əlçatan, etibarlı, vaxtlı-vaxtında verilən və müxtəlif əlamətlərə görə dezaqreqasiya olunan statistik məlumatların toplanması, emalı, yayımlanması, müvafiq statistik məlumat bazasının hazırlanması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

DİM üzrə qlobal göstəricilər sistemində əks etdirilmişgöstəricilərin Azərbaycanın rəsmi statistikasında mövcudluq vəziyyəti təhlil edilmiş, onların məlumat mənbəyi və hazır olma müddəti müəyyənləşdirilmiş, müxtəlif mövzularda müayinələr keçirilmiş, statistika müşahidəsi formalarında DİM-ə dair məlumatların əlyetərliliyinin təmin edilməsi məqsədilə dəyişikliklər aparılmış, rəsmi statistikada mövcud olmayan göstəricilər üzrə məlumatların aidiyyəti dövlət orqanları ilə birgə əldə edilməsi üçün işlər görülmüş, beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr icra olunmuş, dayanıqlı inkişaf statistikasının təşkili ilə bağlı digər tədbirlər həyata keçirilmişdir. Ölkə daxilində qəbul olunan bütün dövlət proqramları, strategiyalar, fəaliyyət planları DİM-lərləuzlaşdırılmış, ölkə başçısının 2018-ci il 14 fevral tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, proqrama DİM-lərlə bağlı bir sıra tədbirlər, o cümlədən DİM üzrə Portalın yaradılması, Çoxgöstəricili Klaster Sorğusu (MICS)və digər sorğuların keçirilməsinə dair tədbirlər daxil edilmişdir.

DİM göstəriciləri üzrə məlumat istehsalına 2018-ci ildən başlanılmış və hazırlanmış məlumatlar “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı illik məcmuədə dərc olunmuşdur. Sözügedən məcmuəhər il Azərbaycan və ingilis dillərində nəşr olunur. Nəşrdə “Gündəlik-2030”da müəyyən olunmuş qlobal məqsəd və hədəflərin mahiyyəti izah edilir, onlara dair qlobal çağırışlar istifadəçilərin diqqətinə çatdırılır, milli kontekstdə dayanıqlı inkişafla bağlı tendensiyalar statistik göstəricilərlə təhlil edilərək müxtəlif qrafik və cədvəllərlə təsvir edilir (https://stat.gov.az/menu/6/statistical_yearbooks).

2019-cu ildə BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı (https://sdg.azstat.gov.az/az/home)yaradılmışdır. DİM üzrə məlumatların mətn, ayrı-ayrı qrafik təsvir və cədvəl vasitəsilə yayımının həyata keçirildiyi portalda həmçinin qlobal məqsəd, hədəf və göstəricilər, DİM üzrə milli prioritetlər, mövcud hüquqi çərçivə, sosial, iqtisadi və ekoloji sahələrdə həyata keçirilən dövlət proqramları, strategiyalar, hesabatlar və nəşrlərlə mütəmadi tanış olmaq imkanı təmin olunmuşdur.

Qeyd olunanlarla yanaşı, DİM göstəricilərinə dair qlobal metaməlumatlar Azərbaycan dilinə tərcümə edilmiş, göstəricilər üzrə beynəlxalq Avro-SDMX Metaməlumatlar strukturuna uyğun formatda metaməlumatlar hazırlanmış və DİM üzrə Milli Məlumatlandırma Portalında yerləşdirilmiş, DİM statistikası sahəsində məlumatların hazırlanması və çətinliklərin aradan qaldırılması məqsədilə işçi qruplar, o cümlədən məlumat istehsalını həyata keçirən dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Monitorinq və qiymətləndirmə üzrə İşçi Qrupu, Dövlət Statistika Komitəsinin və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin nümayəndələrinin təmsil olunduğu “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu” yaradılmış və onların fəaliyyəti təmin edilmişdirki, bunlar, DİM sahəsində statistik potensialın artırılmasına mühüm töhvə vermişdir.

DİM göstəriciləri üzrə məlumatların toplanılması məqsədilə müxtəlif sorğular keçirilmişdir. Bu tədbirlər arasında BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə 2023-cü ildə keçirilmiş Çoxgöstəricili Klaster Sorğusu (MICS) xüsusi əhəmiyyət kəsb edir. MICS sorğusu “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə keçirilmişdir. 2024-cü ildə sorğunun nəticələrilə bağlı hesabat hazırlanmış və bu hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli, 526s nömrəli Sərəncamı əsasında yaradılmış, Baş nazirin müavininin rəhbərlik etdiyi, 18 dövlət qurumunun və UNICEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbər vəzifəli şəxslərinin daxil olduğu İstiqamətləndirici Komitə tərəfindən təsdiq olunmuşdur. Hesabat Azərbaycan və ingilis dillərində nəşr olunmuş, onun elektron variantı pdf formatında Dövlət Statistika Komitəsinin (https://www.azstat.gov.az/MICS/result) və UNICEF-in (https://mics.unicef.org/surveys) rəsmi internet səhifələrində yerləşdirilmişdir.

MICS nəticəsində 18 DİM göstəricisi üzrə məlumat əldə edilmişdir.MICS əsasında həmçinin ana və uşaqların sağlamlığı, uşaqların qidalanması, funksional qabiliyyətləri, təməl öyrənmə bacarıqları, uşaq əməyi, məişət zorakılığı, viktimizasiya, su təchizatı və sanitariya, suyun, duzun keyfiyyəti və s. ilə bağlı çeşidli məlumatlar əldə edilmiş və bununla da, ölkəmizdə uşaqlara və qadınlara, eləcə də ev təsərrüfatlarına dair məlumatlar dəstinin daha da genişləndirilməsinə nail olunmuşdur.

Müxtəlif vaxtlarda keçirilmiş əhalinin ayrı-ayrı təbəqələrinin ərzağa əlyetərliyi vəziyyətinin və ona təsir edən amillərin öyrənilməsi, əhalinin fasiləsiz təhsildə iştirakı, işçi qüvvəsinə dair və s. seçmə statistik müayinələr əsasında da bir çox DİM göstəriciləri üzrə məlumatların toplanılması təmin edilmişdir.

Mövcud statistika müşahidələri formalarının DİM-lə uzlaşdırılması istiqamətində də işlər aparılmışdır. Müxtəlif vaxtlarda ayrı-ayrı müayinə formalarına yeni modullar və suallar daxil olunmuş, bununla da bir neçə DİM göstəricisi üzrə (“3.a.1  15 və yuxarı yaşda olan şəxslər arasında tütündən istifadənin yayılma səviyyəsi” və s.) məlumat istehsalı təmin olunmuş, eyni zamanda bir çox DİM göstəriciləri üzrə dezaqreqasiya kateqoriyalarının artırılmasına nail olunmuşdur.

İcrası başa çatdırılmış mühüm layihələrdən biri də “Azərbaycanda müqayisəli şəhər məlumatlarının əldə edilməsi üçün DEGURBA (urbanizasiya səviyyəsi) yanaşmasının tətbiqi” layihəsidir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Avropa Komissiyası ilə birlikdə həyata keçirilən layihə çərçivəsində 11-ci Dayanıqlı İnkişaf Məqsədinin (“Dayanıqlı şəhərlər və icmalar”) “11.2.1 İctimai nəqliyyata rahat çıxışı olan əhalinin xüsusi çəkisi” göstəricisi üzrə 8 şəhərlə bağlı statistik məlumatlar hazırlanmışdır.

İctimai nəqliyyata rahat çıxışı olan əhalinin xüsusi çəkisi (2022-ci ilin məlumatlarına əsasən), faizlə

Digər dövlət qurumlarının da DİM göstəriciləri üzrə məlumatların istehsalında fəaliyyətinin əlaqələndirilməsi istiqamətində addımlar atılmışdır. Hazırda inzibati məlumat istehsalçıları olan digər dövlət qurumları tərəfindən (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və s.) 39 DİM göstəricisi üzrə məlumatlar hazırlanaraq Dövlət Statistika Komitəsinə təqdim edilir. 1 göstərici üzrə hesablamalar 7 qurumun əməkdaşlarından ibarət İşçi Qrup tərəfindən aparılmışdır, 1 göstərici üzrə məlumatlar İqtisadiyyat Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən birlikdə hesablanmışdır.

DİM göstəriciləri üzrə məlumat istehsalında əsasən ənənəvi məlumat mənbələrindən (hesabatlar, seçmə müayinələr, siyahıyaalmalar) istifadə olunsa da, hazırda beynəlxalq aləmdə məlumatların alternativ mənbələr əsasında toplanılması praktikası getdikcə genişlənir və inkişaf etmiş bir çox ölkələrdə DİM-in monitorinqində peyk məlumatlarından istifadə olunur. Ölkəmizdə də belə təcrübə tətbiq olunmuşdur. 2021-ci ildə “Azərkosmos”la aparılmış işlər nəticəsində “15.4.2 a) Dağların bitki örtüyü indeksi” göstəricisi üzrə məlumatların məhz bu üsulla əldə olunması təmin edilmişdir. 2022-ci ildə isə sözügedən göstərici üzrə məlumatların dağ yüksəklikləri siniflərinə görə dezaqreqasiyasının aparılmasına da nail olunmuşdur.

Peyk müşahidəsi məlumatları əsasında DİM göstəricilərinin hazırlanması sahəsindəki fəaliyyət davam etdiriləcəkdir. Rəsmi statistikanın inkişafına dair növbəti Dövlət Proqramının (2026-2030-cu illər üzrə) layihəsinə “Rəsmi statistik məlumatların hazırlanmasında peyk müşahidəsi məhsullarından istifadənin genişləndirilməsi” tədbiri daxil olunmuşdur və bu tədbirin icrası nəticəsində yeni DİM göstəriciləri üzrə məlumatların hazırlanması təmin olunacaqdır.

Görülmüş bütün işlərin nəticəsində, 2024-cü ilin yekunları üzrə, qlobal göstəricilər sistemində nəzərdə tutulmuş 251 göstəricidən 153-ü (61,0%), o cümlədən milli prioritet kimi müəyyənləşdirilmiş 129 göstəricidən 112-si(86,8%) üzrə məlumatların toplanılmasına nail olunmuşdur.

DİM göstəriciləri üzrə statistik məlumatların istehsalı (2024-cü ilin yekunlarına əsasən) 

2023-cü ilin mart ayında “Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü”ndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev DİM-ə minatəmizləmə fəaliyyəti ilə bağlı 18-ci məqsədin əlavə edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Şuranın 2023-cü ilin 18 aprel tarixli iclasında “Milli 18-ci DİM (“Mina təhlükəsi ilə bağlı mübarizəyə dair fəaliyyətlər)” layihəsi təsdiq olunmuşdur. Milli 18-ci DİM 5 hədəfi əhatə edir və onların monitorinqi üçün 15 göstərici müəyyən edilmişdir. Dövlət Statistika Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə 2023-cü ildə milli 18-ci DİM göstəricilərinə dair metodologiya hazırlanmış, 2024-cü ildən etibarən isə həmin göstəricilər üzrə məlumatlar toplanılmış və yayımlanmışdır.

Milli 18-ci DİM üzrə hədəf və göstəricilər

Dövlət Statistika Komitəsi ölkəmizin DİM üzrə Könüllü Milli Hesabatlarının (KMH) hazırlanmasında da əhəmiyyətli rol oynamışdır. 2024-cü ilin iyulunda BMT-nin Nyu-Yorkdakı Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda (YSSF) Azərbaycan DİM üzrə 4-cü KMH-ni təqdim etmiş və həmin tarixə dünyada 4-cü KMH-ı təqdim edən 5 ölkədən biri, regionda və MDB məkanında ilk ölkə olmuşdur. Əvvəlki KMH-lər YSSF-ə 2017-ci, 2019-cu, 2021-ci illərdə təqdim olunub. Hər 4 KMH Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış keyfiyyətli, etibarlı, əlçatan və cins, yaş, gəlir səviyyəsi, yaşayış yeri (şəhər/kənd), əlillik, miqrasiya statusu və milli kontekstdə əhəmiyyət kəsb edən digər əlamətlərə görə dezaqreqasiya olunan statistik məlumatlar əsasında tərtib olunmuş, bu məlumatlar əsasında təhlillər aparılmışdır.

Sonda qeyd olunmalıdır ki, ölkəmizdə statistikanın ən “gənc” sahələrindən olan DİM statistikasının formalaşdırılmasına nail olunmuşdur və bütün çətinliklərə baxmayaraq bu sahədə işlər davam etdirilərək yeni-yeni nailiyyətlərə imza atılacaqdır.

Sevinc Qaragözova,

Dövlət Statistika Komitəsi Dayanıqlı inkişaf statistikası şöbəsinin

Statistik məlumatların kompleks təhlili sektorunun aparıcı məsləhətçisi

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30