Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Transatlantik həmrəylik sınaq qarşısında...

Transatlantik həmrəylik sınaq qarşısında...

13.01.2026 [09:59]

Vaşinqton ilə Brüssel arasında strateji fikir ayrılıqları var

Ötən il Qərb koalisiyası daxilində uzun müddət pərdəarxasında qalan fikir ayrılıqları artıq açıq müstəviyə çıxmağa başlayıb. Transatlantik həmrəyliyin monolit görüntüsü getdikcə zəifləyir və ABŞ ilə Avropa İttifaqı arasında bir sıra strateji məsələlərdə mövqelərin üst-üstə düşmədiyi aydın görünür. Xüsusilə Ukrayna münaqişəsi ətrafında formalaşan yanaşmalar bu ziddiyyətləri daha qabarıq şəkildə üzə çıxardı. Vaşinqtonun münaqişədə vasitəçi qismində sülhyaratma təşəbbüsləri Avropa paytaxtlarında birmənalı qarşılanmadı, bəzi Aİ ölkələri ABŞ-ın prosesə yanaşmasını öz təhlükəsizlik maraqları ilə ziddiyyətli hesab etdi. Nəticə etibarilə, sülh razılaşması ilə bağlı formal razılaşma əldə olunsa da, Avropa daxilində mövcud narazılıqlar tam aradan qalxmadı və bu məsələdə vahid mövqe formalaşmadı.

Hazırkı mərhələdə isə Qərb koalisiyası üçün yeni sınaq nöqtəsi Qrenlandiya məsələsi ətrafında yaranan fikir ayrılıqlarıdır. ABŞ-ın bu strateji əraziyə marağı ilə Aİ-nin suverenlik və beynəlxalq hüquq prinsiplərinə əsaslanan yanaşması arasında açıq ziddiyyətlər müşahidə olunur. Bu proses transatlantik münasibətlərdə etimad böhranını dərinləşdirir və Qərb daxilində koordinasiyanın zəiflədiyini göstərir. Mövcud tendensiyalar onu deməyə əsas verir ki, yaxın dövrdə ABŞ-Aİ xəttində fikir ayrılıqları daha sistemli xarakter ala və Qərb koalisiyasının qlobal siyasətdəki vahid təsir gücünə ciddi mənfi təsir göstərə bilər.

Tramp seçim edəcək...

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirməklə NATO-nu qorumaq arasında seçim etməli ola biləcəyini etiraf edib. “The New York Times” qəzetinə verdiyi müsahibədə Prezident onun üçün nəyin daha vacib olduğu sualına birbaşa cavab verməyib. Eyni zamanda, o, “seçim yarana biləcəyini” etiraf edərək, NATO-nun ABŞ-ın iştirakı olmadan mahiyyətcə faydasız olduğu mövqeyini vurğulayıb.

Aİ-nin aparıcı dövlətlərindən sayılan Fransa isə ABŞ-ın addımlarını düzgün saymır. Belə ki, Fransa prezidenti Emmanuel Makron yanvarın 8-də Parisdə keçirilən illik səfirlər konfransında deyib ki, ABŞ bəzi ənənəvi müttəfiqlərdən tədricən uzaqlaşır və əvvəl təbliğ etdiyi beynəlxalq qaydalardan kənara çıxır. Makron bildirib ki, çoxistiqamətli beynəlxalq institutlar getdikcə daha az effektiv işləyir və böyük güclər arasında dünyanı öz aralarında bölmək cəhdləri yaranır. Makron ABŞ-ın Venesueladakı hərbi əməliyyatlar və Qrenlandiya ilə bağlı bəyanatları fonunda Vaşinqtonun davranışlarının beynəlxalq qaydaların pozulması kimi dəyərləndirildiyini bildirib.

Aİ narahatdır

Artıq ABŞ üçün prioritetə çevrilən qrenlandiya məsələsi Aİ daxilində narahatlıqla qarşılanır. Köhnə qitə ABŞ-ın Qrenlandiyanı əldə etmək təhdidinin reallaşacağı qarşısında mümkün fəaliyyətlərini müzakirə edirlər. “Reuters” agentliyinin məlumatına görə, bunu Avropa İttifqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib. “Qrenlandiya ilə bağlı eşitdiyimiz siqnallar son dərəcə narahatedicidir,” - deynə Kallas Aİ-nin müzakirə nəticəsində əldə etdiyi nəticələri ətraflı açıqlamayıb.

Aİ Qrenlandiyaya pul ayırır...

Beynəlxalq ekspertlərin fikrincə, vəziyyət ciddi hal almaqla inkişaf edir. Belə ki, Tramp Qrenlandiyanın ABŞ-ın təhlükəsizliyi üçün vacib olduğunu bildirir və rəqiblərinin Arktikada artan hərbi fəaliyyətinə qarşı Danimarkanı kifayət qədər iş görməməkdə günahlandırır. “Politico” xəbər verir ki, bu böhrandan ən sürətli çıxış yolu Danimarka ilə Qrenlandiya üzərindən edilmiş bir razılaşma olardı. NATO müttəfiqləri isə Qrenlandiyanın təhlükəsizliyini gücləndirə biləcək yeni təklifləri də nəzərdən keçirirlər. Qəzetin yazdığına görə, üç NATO diplomatının fikrincə, ittifaq Arktikada müdafiə xərclərini artırmağı, bölgədə daha çox hərbi təlim keçirməyi və Qrenlandiyanı qorumaq üçün qoşun yerləşdirməyi nəzərdən keçirməlidir. “Politico” bildirir ki, ittifaq regiona “Şərq Keşikçisi” və “Baltik Keşikçisi”nə bənzər “Arktika Keşikçisi” adlı hərbi yerləşdirmə missiyasına başlamağa açıq olmalıdır. Qəzetin məlumatına görə, Trampın mesajı budur ki, əgər Qrenlandiya ABŞ ilə müqavilə imzalasa, o, “sözün əsl mənasında Amerika pulu ilə dolacaq”. Aİ və Danimarka isə qrenlandiyalıları onlara daha əlverişli şərtlər təklif edə biləcəklərinə inandırmağa çalışırlar. Məsələn, ABŞ-ın  Qrenlandiyaya iddiasının ardından Avropa Komissiyası 2028-ci ildən başlayaraq Qrenlandiyaya xərcləri ikiqatdan çox (yeddi il ərzində 530 milyon avroya qədər) artırmaq planı təklif edib. Bu vəsaitlər Danimarkanın özünüidarəetmə ərazisi ilə bağladığı müqavilə çərçivəsində Qrenlandiyaya verdiyi vəsaitlərə əlavə ediləcək. Hazırda Danimarka və Avropa dəstəyi əsasən sosial təminat, səhiyyə, təhsil və “yaşıl keçid”ə yönəldib. Qrenlandiya parlamentinin müstəqillik tərəfdarı olan müxalifət üzvü Kuno Fenker isə bildirib ki, “Bizdə çoxlu sayda insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, Qrenlandiyanın infrastrukturu geridə qalıb və sərvətlərimiz əsasən Qrenlandiyanın özü üçün heç bir əhəmiyyətli mənfəət olmadan çıxarılır - mənfəət əsasən Danimarka şirkətlərinə gedir”. “Politico”nun qənaətinə görə, Danimarka və Avropa Birliyindən cəlbedici təklif Qrenlandiyanın ABŞ-ın nəzarəti altına keçməsinin qarşısını almaq üçün kifayət edə bilər.

Hərbi müdaxilə qarşılığında...

Nəşr yazır ki, ABŞ Qrenlandiyanı hərbi güclə ələ keçirmək qərarına gələrsə, avropalılar bunun qarşısını almaq üçün çox az iş görə biləcəklər. Aİ-dən olan hərbi ekspertlərin fikrincə, avropalılar “amerikalılar Qrenlandiyaya iddia etməzdən əvvəl onları qabaqcadan zərbə altına almağı” planlaşdırmırlar, lakin ABŞ-ın ilkin addımına cavab şəraitdən asılı olacaq. Hətta hücum kiçik bir qrup tərəfindən həyata keçirilərsə, onlar həbs oluna bilər. Hərtərəfli hücum şəraitində isə vəziyyət dəyişəcək. Danimarka qanuni olaraq işğala hərbi güclə cavab vermək məcburiyyətində qala bilər. 1952-ci ildən qüvvədə olan daimi qaydaya əsasən, Danimarka ərazisinə hücum halında qoşunlar “gözləmədən və ya əmr istəmədən dərhal müdaxilə etməlidirlər”.

Aİ-dən olan diplomatlar bildirilər ki, digər Avropa ölkələri Danimarkanın tələbi ilə ABŞ-a qarşı hərbi əməliyyatın potensial xərclərini artırmaq üçün Qrenlandiyada qoşun yerləşdirməyi nəzərdən keçirməlidirlər. “Politico” yazır ki, bu qüvvələr ABŞ-ın işğalına qarşı çıxa bilməyəcək, lakin onlar çəkindirici rol oynayacaqlar. Belə bir vəziyyətdə Amerika ordusunun “ya güc tətbiq etməyə, ya da geri çəkilməyə” məcbur olacağı bir vəziyyət yarana bilər. Amma bu strategiya insan itkisi də daxil olmaqla “yüksək xərc” ilə müşayiət olunur.

Qeyd edək ki, Aİ artıq uzun müddətdir ki, NATO-dan kənar təhlükəsizlik arxitekturası formalaşdırmaq niyyətindədir. Belə ki, Aİ üzvü olan dövlətlər yaranan NATO müəmması ilə bağlı öz müstəqil müdafiə qabiliyyətlərini gücləndirmək məqsədilə bir sıra təşəbbüslər irəli sürür. Bu, isə bəzi siyasi şərhçilər tərəfindən “Avropanın müstəqil müdafiə sistemi” yaratmaq istiqamətində atılan addımlar kimi dəyərləndirilir. Daha çox ortaq müdafiə planlaması, silahların birgə alınması (PESCO, Avropa Müdafiə Fondu), öz müdafiə sənayesinin gücləndirilməsi (məsələn, Ukraynaya dəstək üçün Avropa Sülh Aləti), və NATO ilə əməkdaşlığı gücləndirmək kimi tədbirlər Avropanın özünü daha effektiv qoruya bilməsini təmin etməyə yönəlmiş addımlar sayılır. Bu addımlar Avropanın öz təhlükəsizlik məsələlərində daha az ABŞ-dan asılı olması, öz qərarını özünün verməsinə hədəflənir. Təsadüfi deyil ki, Aİ qarşıdakı 10 il ərzində hərbi ehtiyaclara 6,8 trilyon avro xərcləmək niyyətindədir.

Yeri gəlmişkən, Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius da bildirib ki, Avropa İttifaqı qitədə dislokasiya olunmuş ABŞ qoşunlarını əvəzləyəcək ümumi orduya malik olmalıdır. Litvanın keçmiş Baş naziri hesab edir ki, qitəni daha yaxşı qorumaq üçün azı 100 min nəfərlik daimi Avropa silahlı qüvvələrinə ehtiyac var. Kubilius, həmçinin qitənin böyük ölkələrinin iştirakı ilə müdafiə şurasının da yaradılmasını təklif edib.

Qeyd edək ki, əvvəllər də bildirilirdi ki, əgər Avropa İttifaqı ölkələri NATO-nun tələbi ilə 2035-ci ilədək müdafiə xərclərini ümumdaxili məhsullarının 3,5 faizinədək artırsalar (NATO-nun hərbi xərclərin ümumdaxili məhsulun 5 faizinə çatdırmaq tələbi hərbi ehtiyaclar üçün 3,5 faizi, ikili təyinatlı infrastruktur layihələri üçün isə 1,5 faizi ehtiva edir), növbəti 10 il ərzində hərbi sahəyə 6,8 trilyon avro xərcləmiş olacaqlar. Müqayisə üçün deyək ki, Avropa İttifaqının növbəti yeddiillik büdcə planında (2026-2034) hərbi xərclər 60 milyard avro həcmində müəyyən edilib.

SADİQ

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31