Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəngəzur dəhlizinin inkişafında yeni mərhələ...

Zəngəzur dəhlizinin inkişafında yeni mərhələ...

03.06.2026 [10:19]

Naxçıvanla maneəsiz keçid təmin olunacaq

Zamanında qalib Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizinin (TRIPP marşrutu) reallaşması istiqamətində daha bir mühüm addım atılıb. Söhbət Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Marko Rubionun bu günlərdə Ermənistana baş tutan səfəri çərçivəsində Ermənistanla ABŞ arasında müvafiq çərçivə sazişinin paraflanmasından gedir. Bununla da sözügedən bağlantı ilə bağlı yeni bir mərhələnin başladığı fikrini ifadə etmək mümkündür. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, ölkəsi ilə ABŞ arasında TRIPP layihəsi üzrə  paraflanmış strateji əməkdaşlıq haqqında çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq. Sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb, lakin hər iki ölkədə başa çatdırılmalı olan texniki prosedurlar qalmaqdadır. “Bu prosedurlar bir neçə həftə ərzində başa çatdırılacaq və biz yekun sənədi imzalayacağıq”, - deyə  nazir əlavə edib.

A.Mirzoyan qeyd edib ki, hazırlıq çərçivəsində daha bir sıra sənədlərin, xüsusən də TRIPP şirkətinin nizamnaməsinin imzalanması zəruridir. Onun  sözlərinə görə, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir. Fikirlərinə davam edən nazir bildirib: “Bir sıra ölkələr müxtəlif istiqamətlərdə, xüsusən də materialların, relslərin tədarükü, tikinti və proqram təminatı üzrə layihəyə maraq göstərir. Biz artıq bir sıra tərəfdaşlarla ilkin müzakirələr və fikir mübadiləsi aparmışıq, lakin mən hələlik hər hansı nəticə çıxarmaq və ya adlar çəkmək istəməzdim”.

Vaşinqtonda əldə olunan mühüm razılaşma

ABŞ dövlət katibi M. Rubio Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, “Tramp marşrutu” layihəsi Cənubi Qafqaz regionunda sülh və firavanlığın təmin edilməsinə yönəlib. Ekspertlər Ağ Evin TRIPP marşrutu (Zəngəzur dəhlizi) ilə bağlı fəallığını hazırkı geosiyasi və geoiqtisadi reallıqlar fonunda ABŞ-ın Cənubi Qafqaz regionunda, o cümlədən də Orta Dəhlizdə (Transxəzər marşrutu) artan marağı ilə əlaqədar olduğunu bilkirirlər. Hazırda Şərqi Avropada Rusiya ilə Ukrayna arasında uzanan müharibə, Yaxın Şərqdəki gərginlik qlobal miqyasda təhlükəsiz bağlantıların önəmini heç vaxt olmadığı qədər artırıb. Xüsusilə də Hörmüz boğazında vəziyyətin qeyri-müəyyən qalması, burada su yolu ilə daşımaların məhdudlaşdırılması qlobal iqtisadiyyatda təchizat zəncirini pozub, bazarlarda neft və qaz qiymətləri artıb, aqrar sektorda kəskin karbamid qıtliğı yaşanır.  Müşahidə edilən bu və ya digər proseslər dünya dövlətlərini alternativlər axtarışına sövq edir. TRIPP marşrutu (Zəngəzur dəhlizi) Orta Dəhlizin yeni bir seqmentini təşkil edəcək. Azərbaycanın da fəal üzvlərdən biri olduğu Transxəzər marşrutu hazırda dünyanın ikinci böyük iqtisadiyyatı sayılan Çinlə Avropa arasında etibarlı bağlantını təmin edir. Lakin təhdid riskləri ilə üz-üzə qalan bir sıra ənənəvi marşrutların funksionallığının azalması fonunda Orta Dəhlizin yüklənməsinin getdikcə artması müşahidə edilir. Belə olan halda şaxələnmənin zəruriliyi ön plana keçir. Zəngəzur dəhlizi (TRIPP marşrutu) məhz bu şaxələnməni təmin edəcək. Belə ki, Mərkəzi Asiyadan Azərbaycana ötürülən yüklər Gürcüstan istiqaməti ilə paralel şəkildə, Ermənistan və Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq. Bu marşrutda moderatorluğun təmin edilməsi ABŞ-a böyük iqtisadi və siyasi dividentlər vəd edir. Qeyd edək ki, ABŞ Ermənistanla birlikdə təsis olunacaq “TRIPP Development Company” (Tramp marşrutunun operatoru) şirkətində nəzarət paketini əldə edəcək.  Verilən məlumata görə, Ermənistan “TRIPP Development Company”yə 49 illik müddətə layihənin inkişafı hüququnu verməyi nəzərdə tutur. Şirkətin səhmlərinin 74 faizinin ABŞ-ın, 26 faizinin isə Ermənistanın payına düşəcəyi nəzərdə tutulur. Razılaşmanın daha 50 il uzadılmasından sonra Ermənistanın payı 49 faizə qədər artacaq. Həmçinin bidirilib ki, səhmdarların strukturunda və ya son benefisiarlarda hər hansı dəyişiklik üçün ABŞ və Ermənistan hökumətlərinin əvvəlcədən razılığı tələb olunur.

TRIPP-in (Zəngəzur Dəhlizinin) inkişafı üzrə şirkət multimodal infrastrukturun planlaşdırılması, tikintisi, istismarı və xidməti, xüsusi layihə şirkətlərinin yaradılması, podratçılar və operatorlarla müqavilələrin bağlanması, gəlirlərin toplanması və generasiyası, eləcə də TRIPP marşrutunun (Zəngəzur Dəhlizinin) idarə edilməsi üçün müstəsna hüquq əldə edir.

Sənədə əsasən, Birləşmiş Ştatların layihənin həyata keçirilməsindən əldə edəcəyi faydalar bunladır:

- ABŞ investisiyaları, biznesi və malları üçün yeni bazarların açılması;

- Xmmal, kritik minerallar və nadir torpaq metallarının ABŞ bazarlarına tədarükü üçün ticarət əlaqələrinin təmin edilməsi;

- ABŞ, Avropa və Asiya arasında ticarət marşrutlarının sayının artırılması, geosiyasi dəyişikliklərdən asılı olmayaraq, insanların və malların hərəkətinin təmin edilməsi və s.

Xatırladaq ki, TRIPP marşrutunun yaradılması ilə bağlı razılaşma ötən ilin avqustunda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Ağ Evdə baş tutan görüşdə əldə olunub. Vaşinqtonda aparılan müzakirələrin ən mühüm nəticələrindən biri məhz regionda kommunikasiyaların blokdan çıxarılmasının razılaşdırılmasıdır. Bununla bağlı liderlərin imzaladığı Birgə Bəyanatda konkret müddəalar yer alıb.

Yeni marşrutun region dövlətləri üçün önəmi - Azərbaycanın maraqları təmin olunacaq

Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək. O cümlədən Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisində  Şimal - Cənub marşrutu ilə Orta Dəhlizin bağlantısı təmin edilib. Beləliklə də İran və Rusiya da yeni marşrutdan faydalana biləcəklər. Qardaş Türkiyə üçün daha böyük həcmlərdə yük tranzitini həyata keçirmək imkanları yaranacaq.

Zəngəzur dəhlizinin (TRIPP marşrutunun ) yaradılması Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Bu ölkə 30 il ərzində işğalçılıq siyasətinin girovluğunda qalıb və əslində dalan vəziyyətdə düşüb. Hazırda Ermənistanın geniş dünyaya çıxış yalnız dar Lars keçid məntəqəsi və İran üzərindəndir. Lars keçid məntəqəsi daşımalar üçün optimal marşrut sayıla bilməz. Çünki qış aylarında buradakı dağ silsilələrindən keçmək mümkünsüz hala gəlir və keçid bağlanır. Həmçinin yenə də geosiyasi amillərə və infrastruktur məhdudluğuna görə İran üzərindən keçən yollar da əlverişli deyil. Zəngəzur dəhlizinin (TRIPP marşrutunun) yaradılması ilə Ermənistanla Türkiyə arasında məlum səbəblərdən bağlı olan sərhədlər açılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq.

Eyni zamanda, TRIPP marşrutunda (Zəngəzur dəhlizində) Azərbaycanın maraqları təmin ediləcək. Burada söhbət ilk növbədə Vaşinqtonda imzalanan sənəddə də vurğulandığı kimi, Azərbaycan Respublikasının əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsindən gedir. Bu müddəa Azərbaycan üçün prinsipial önəm daşıyır. Respublikamız bəhs olunan məsələdə təkid etməkdə tam haqlıdır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Bu bölgə Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı başladığı işğalçılıq siyasətinə görə blokada şəraitinə düşdü. Artıq 30 ildən çoxdur ki, Naxçıvan əhalisi çətin vəziyyətdə qalıb.

Eyni zamanda, Zəngəzur dəhlizi (TRIPP marşrutu) fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi (TRIPP marşrutu ) bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək.

Azərbaycan bu amilləri nəzərə almaqla TRIPP marşrutunun (Zəngəzur dəhlizinin) mümkün qədər tez açılmasının tərəfdarıdır və buna güclü siyasi iradə sərgiləyir. Paralel şəkildə, ölkəmizin ərazisində Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı infrastrukturun yaradılması istiqamətində qızğın iş gedir. Belə ki, nəzərdə tutulan avtomobil yolunun və dəmiryolunun tikintisi üzrə böyük iş həcmi yerinə yetirilib və layihələrin icrası hazırda son mərhələdədir. Onu da vurğulayaq ki, ölkəmiz Ermənistanla ABŞ arasında yeni marşrut üzrə çərçivə sazişinin razılaşdırılmasını alqışlayıb. “Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq”. Bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il - red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.

Zəngəzur dəhlizi enerji və rəqəmsal infrastruktur layihəsi kimidə strateji əhəmiyyət daşıyır

TRIPP marşrutunun (Zəngəzur dəhlizinin) özəlliyi ondadır ki, o, çoxfunksiyalı bağlantı kimi nəzərdə tutulur. Prezident İlham Əliyevin bildirdiyi kimi, TRIPP (Zəngəzur dəhlizi) təkcə nəqliyyat arteriyası kimi deyil, həm də enerji və rəqəmsal infrastruktur layihəsi kimi strateji əhəmiyyət daşıyır. Marşrutun enerji ölçüsü, ilk növbədə, bərpaolunan resursların ixracını hədəfləyir. Azərbaycan artıq günəş və külək enerjisi üzrə irimiqyaslı layihələr həyata keçirir, Xəzər dənizində külək potensialı Avropanın “yaşıl keçid” strategiyaları ilə uyğun gələn dəyərlər yaradır. TRIPP marşrutu (Zəngəzur dəhlizi) bu enerjinin regional bazarlarla yanaşı, Avropa istiqamətinə daşınması üçün yeni texniki imkanlar aça bilər. Yeri gəlmişkən, cari ilin əvvəlində Azərbaycan və ABŞ arasında bəhs olunan marşrut üzərindən elektrik enerjisinin nəqli və bu layihələr çərçivəsində ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivləri dəyərləndirilib. Müzakirələr ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi biznes missiyası çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilən dəyirmi masada aparılıb. Dəyirma masada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təmsilçiləri iştirak ediblər.

Müzakirələrdə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin icrası dəyərləndirilib. ABŞ tərəfindən nümayəndə heyətinə “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Motorola Solutions”, “Fuji Engineering”, “Global Data Risk”, “Hill International”, “Lummus Technology”, “Straife” və digər şirkətlərin rəhbər şəxsləri qatılıblar.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30