Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni investisiya dalğası iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir

Yeni investisiya dalğası iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir

29.09.2026 [11:33]

Elşən Alıyev

YAP Daşkəsən rayon təşkilatının sədr müavini

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadi inkişafında logistika, nəqliyyat və bağlantıların artan rolunu önə çıxardı. Müasir geosiyasi reallıqlar fonunda təchizat zəncirlərində yaranan dəyişikliklər, alternativ marşrutlara tələbin artması və yeni ticarət istiqamətlərinin formalaşması Azərbaycanın tranzit imkanlarını genişləndirir. Müasir infrastrukturun yaradılması, daşımaların səmərəli təşkili, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və qonşu dövlətlərlə koordinasiyanın gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan nəqliyyat infrastrukturu artıq yalnız yükdaşıma funksiyası deyil, həm də iqtisadi əlaqələrin genişlənməsini təmin edən strateji platforma kimi çıxış edir.

Son illərdə dəmir yollarına, dəniz limanlarına, avtomobil yollarına və hava yükdaşıma imkanlarına böyük həcmdə investisiyaların yatırılması bu istiqamətdə mühüm baza yaradıb. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi nəqliyyat sisteminin texniki imkanlarının artırılması ilə yanaşı, daşımaların səmərəliliyinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir. Qonşu ölkələrlə formalaşmış nəqliyyat əlaqələri və multimodal daşımalar üçün yaradılan imkanlar müxtəlif nəqliyyat vasitələrinin vahid logistika zəncirində əlaqələndirilməsinə şərait yaradır. Bu isə yük axınlarının daha çevik idarə olunmasına, daşınma müddətlərinin optimallaşdırılmasına və tranzit marşrutlarının rəqabət qabiliyyətinin artırılmasına imkan verir. Nəticədə nəqliyyat infrastrukturu həm daxili iqtisadi fəallığın, həm də beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə xidmət edən əsas istiqamətlərdən birinə çevrilir.

Ölkənin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bu imkanları daha da genişləndirir. Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında yük axınlarının istiqamətləndirilməsi baxımından əlverişli şərait yaradır və mövcud infrastruktur bu üstünlüyün daha səmərəli istifadəsinə imkan verir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı gözlənilir. 2030-cu ilədək bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması hədəfi qarşıya qoyulub. Beləliklə, tranzit daşımalarının artması nəqliyyat sektorundan kənarda da xidmət, logistika, ticarət və digər sahələrdə əlavə iqtisadi fəallıq yarada bilər.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi də bu prosesə yeni məzmun qazandırır. Ölkənin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında tamhüquqlu üzv kimi iştirakı nəqliyyat, iqtisadi və siyasi əlaqələrin yeni səviyyəsini nümayiş etdirir. Bu əməkdaşlıq yalnız yükdaşıma marşrutlarının genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda ticarət dövriyyəsinin artırılması, enerji əməkdaşlığının genişləndirilməsi, investisiya əlaqələrinin inkişafı və yeni iqtisadi layihələrin təşviqi üçün imkanlar yaradır. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ilə artan bağlantıları onu daha geniş regional iqtisadi məkanın mühüm aktorlarından birinə çevirir. Xüsusilə Transxəzər istiqamətində nəqliyyat əlaqələrinin inkişafı bu əməkdaşlığın iqtisadi məzmununu daha da genişləndirə və Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ötən ilin noyabrından etibarən Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür: “Əslində bu, misli görünməmiş bir hadisədir. Çünki coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi - bütün bunlar investorlar üçün aydın və başa düşüləndir. Azərbaycandakı qaydalar və tənzimləmələr, bütün bunlar bizim potensialımızı daha da gücləndirəcək”.

İnvestorlar üçün digər mühüm məsələ qaydaların aydınlığı və biznes mühitinin proqnozlaşdırıla bilməsidir. İnvestisiya qərarlarının qəbulunda yalnız bazarın həcmi və coğrafi imkanlar deyil, həm də fəaliyyət qaydalarının şəffaflığı, inzibati prosedurların səmərəliliyi və uzunmüddətli əməkdaşlıq üçün institusional təminatlar mühüm rol oynayır. Nəqliyyatın idarə olunması, rəqəmsallaşma və gömrük prosedurlarının təkmilləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal gömrük həlləri və məlumat mübadiləsinin sürətləndirilməsi yükdaşımaların vaxt və xərc baxımından daha səmərəli təşkilinə şərait yarada bilər. Uzunmüddətli müqavilə münasibətlərinə sadiqlik isə ölkənin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən amillərdən biri kimi təqdim olunur. Bu yanaşma investorların daha uzunmüddətli perspektivlə qərar qəbul etməsinə və yeni layihələrin planlaşdırılmasına əlverişli şərait yaradır.

Yeni investisiya imkanları yalnız logistika ilə məhdudlaşmır. Artan elektrik enerjisi potensialının süni intellekt və data mərkəzlərinin inkişafına yönəldilməsi, ötürücü şəbəkələrin genişləndirilməsi və mədənçilik sahəsində yeni dövlət proqramının icrası iqtisadiyyatın qarşıdakı dövr üçün əsas istiqamətlərindəndir. Xüsusilə rəqəmsal iqtisadiyyatın sürətli genişlənməsi enerji təminatı ilə texnoloji infrastruktur arasında daha sıx əlaqənin formalaşmasını tələb edir. Data mərkəzləri və süni intellekt əsaslı texnologiyalar üçün dayanıqlı və etibarlı enerji təchizatı mühüm şərtlərdən biridir. Digər tərəfdən, mədənçilik sahəsində yeni layihələrin reallaşdırılması xammal resurslarından daha səmərəli istifadə etməklə yanaşı, emal, xidmət və əlaqəli sənaye sahələrində yeni iqtisadi imkanlar yarada bilər. İnsan kapitalına və texnologiyalara investisiyaların artırılması isə bütün bu istiqamətlərin uzunmüddətli nəticələr verməsi üçün əsas şərtlərdən biri olaraq qalır.

Beləliklə, Azərbaycanın tranzit imkanlarının genişlənməsi, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşməsi, rəqəmsal və enerji infrastrukturunun inkişafı ölkənin investisiya gündəliyində bir-birini tamamlayan istiqamətlərdir. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi yeni yük axınlarının cəlb edilməsinə, regional bağlantıların gücləndirilməsi ticarət və investisiya əlaqələrinin artmasına, rəqəmsal texnologiyalara yönələn sərmayələr isə iqtisadiyyatın yeni sahələrinin formalaşmasına şərait yaradacaqdır. Qarşıdakı mərhələdə əsas məsələ mövcud infrastruktur və coğrafi üstünlüklərin daha yüksək əlavə dəyər yaradan layihələrlə tamamlanması, insan kapitalının gücləndirilməsi və müxtəlif iqtisadi istiqamətlər arasında qarşılıqlı əlaqənin dərinləşdirilməsidir. Bu baxımdan nəqliyyat, enerji, rəqəmsallaşma, mədənçilik və insan kapitalı vahid iqtisadi gündəliyin bir-birini tamamlayan komponentləri kimi çıxış edir.

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30