Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycanı uğurlu gələcəyə aparan partiya

Azərbaycanı uğurlu gələcəyə aparan partiya

08.11.2012 [01:10]

Hər bir dövrün öz çağırışları, tələbləri vardır. Ölkə üçün o tələblərin yerinə yetirilməsi sözsüz ki, iqtidarın fəaliyyətindən, siyasətindən asılıdır. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin xalqımız bu sevinci yaşamaq imkanından məhrum oldu. Bu baxımdan ki, həmin dövrün iqtidarının siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən üstün tutması Azərbaycanı dövlət müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Hansı ki, müstəqillik yollarında ilk addımlarını atan bir dövlətin qarşısında hansı vəzifələrin dayandığı iqtidarı ciddi düşündürməli və həlli yollarını müəyyənləşdirməli idi. Ölkədə ictimai-siyasi durumun gərginliyi, xaos və anarxiyanın baş alıb getməsi, iqtisadi böhran, ən əsası silahlı qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət etməsi nəticəsində rayonlarımızın bir-birinin ardınca düşmən Ermənistan tərəfindən işğal olunması xalqın səbir kasasını doldururdu. Sabaha ümidini itirən xalq vəziyyətdən çıxış yolu axtarmaq məcburiyyətində qalmışdı. Belə bir ağır vəziyyətdə 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə xalqın istəyinin ifadəsi olan müraciəti əsasında bu gün ölkənin ictimai-siyasi həyatından aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ideyası gündəmə gəldi. Bu, zamanın tələbi, xalqın istəyi idi. Ulu öndər Heydər Əliyev müraciətə cavabında da YAP-ın yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Ulu öndərin “Dünənin, bu günün və gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısında xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini gündən-günə daha da möhkəmləndirərək, xalqın bu partiyanın siyasi-ideoloji xəttinə dəstəyini gücləndirdi. 
Dahi şəxsiyyət Heydər Əliyevin partiyanın II qurultayındakı nitqində söylədiyi “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətlə bağlı bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır” fikri hər bir dövr üçün aktual və dəyərlidir. Milyonların dəstəklədiyi və arxasınca inamla addımladığı Yeni Azərbaycan Partiyası illərin sınağından cəsarətlə çıxaraq, mətinləşərək və qüdrəti ilə fərqlənərək qarşıya qoyulan məqsəd və amal uğrunda inamla mübarizə aparır. 1992-ci ildə, o dövrdəki səbatsız hakimiyyətin təsir və təzyiqlərinə baxmayaraq yaranan və xalqı ətrafına toplayaraq ümumxalq partiyasına çevrilən YAP, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədi. Qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu. Hər hansı bir çətinlikdən çəkinməyərək xalqı öz ətrafında sıx birləşdirən partiyanın lideri kimi bütün üzvləri də milli məfkurənin, təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərdi. Sağlam düşüncəli insanların bu partiya ətrafında sıx birləşmələri ölkəni ağır vəziyyətə salan AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətinə tutarlı cavab oldu. Qüdrətli təşkilat kimi ictimai rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında da aparıcı siyasi qüvvə kimi liderliyini əməli fəaliyyəti ilə doğruldur. Müstəqilliyin ilk illərində - 1991-1993-cü illərdə Azərbaycanı məhvə aparan, mənfi istiqamətlərdə cərəyan edən proseslər ölkənin parçalanmasına yönəlmişdi. Xalqın mənafeyinə, dövlətçiliyin möhkəmlənməsinə, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətində xalqın bu inamını əsas götürdü: Azərbaycanda güclü dövlət yaratmalı, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, inkişaf davamlı prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməli. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu öndərin ideyasını davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətini dəstəkləməklə bildirdi.
Hazırda Azərbaycan dünya birliyini maraqlandıran ən qlobal layihələrin təşəbbüskarı, iştirakçısı, müəllifidir. 2008-ci ilin avqustunda keçirilən Yeni Azərbaycan Partiyasının IV qurultayında təşkilatın keçdiyi yola nəzər salan partiyanın Sədri Prezident İlham Əliyevin vurğuladığı kimi, biz dünya birliyinin önəmli üzvünə çevrilmişik və Azərbaycanın iştirakı olmadan bölgədə heç bir proses mümkün deyil: “Bu gün iqtisadi inkişaf baxımından Azərbaycanın göstəriciləri bütün dünyanı heyran edir... Yeni Azərbaycan Partiyası xalq partiyası kimi yaranmışdır və xalq partiyası kimi fəaliyyətini davam etdirir... Bizim düşünülmüş proqramımız var, bütün sahələr üzrə düşünülmüş iş cədvəli var və iqtisadi inkişafın genişlənməsi, o cümlədən, qeyri-neft sektorunun, özəl sektorun inkişafı üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir”.
Son illərdə Azərbaycanda ÜDM-nin 3 dəfə artması bu inkişafın, tərəqqinin məntiqi nəticəsidir. Doqquz ildə dövlət büdcəsinin 20 dəfə artaraq 23 milyard, strateji valyuta ehtiyatlarının 45 milyard dollara çatdırılması, yoxsulluğun 49 faizdən 7 faizə, işsizlik səviyyəsinin 5,3 faizə endirilməsi də düşünülmüş siyasətin, aparılan islahatların, xalqla iqtidar birliyinin təntənəsidir. Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüsçüsünə çevrilən və onları gerçəkləşdirən, çoxşaxəli iqtisadiyyatı ilə bölgədə liderlik edən Azərbaycanın BTC və BTƏ neft-qaz kəmərlərindən, BTQ dəmiryolundan sonra Türkiyə ilə birgə təşəbbüsü olan TANAP kimi layihələri reallaşdırmaq əzmi davamlı inkişafın göstəricisidir. Respublikada yeni tikilmiş 11 elektrik stansiyasının istifadəyə verilməsi ilə əhalinin enerjiyə tələbatı tam ödənilmiş, respublika ərazisinin 85 faizi qazlaşdırılmışdır.
Bu uğurlar əhalinin sosial və etibarlı müdafiəsinin təminatı üçün başlıca amildir. Son illərin statistik rəqəmlərindən də aydın olur ki, sosial islahatların tətbiqi ilə əhalinin minimum əməkhaqqı, pensiyası və təqaüdləri dəfələrlə artırılmış, beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Hazırda respublikamızda orta pensiyanın məbləği 190, orta əməkhaqqının həcmi isə 500 dollardır. 900 minə yaxın pensiyaçının təqaüdü orta hesabla 40 faiz, əhalinin pul gəlirləri cari ilin doqquz ayında 12 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi ilə bölgələrdə yeni emal müəssisələri yaradılmış, paytaxt və bölgələrin siması dəyişilmiş, insanların məşğulluq səviyyəsi yüksəlmişdir. Bu inkişafın uğurlu nəticələri “Eurovision-2012” mahnı müsabiqəsində də, XXX London Yay Olimpiadasında da təsdiqləndi.
Azərbaycanın ötən il 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, daxili və xarici siyasətinin ən nüfuzlu beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən dəstəklənməsi də ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi idarəçilik məktəbinin uğurudur.
Tolerant, sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycana marağın artması ölkəmizin dəstəklənən beynəlxalq mövqelərini möhkəmləndirir. “Biz bölgədə gedən bütün proseslərin fəal iştirakçısıyıq və siyasətimizi əməkdaşlıq əsasında qururuq” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, qarşılıqlı münasibətlərə əsaslanan əməkdaşlıq dövlət siyasətinin əsasını təşkil etdiyi kimi iqtidar partiyasının da başlıca prinsipləri kimi daim diqqət göstərilən sahələrdəndir: “Çünki biz bilirik nə istəyirik, biz bilirik hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın mövqelərini möhkəmləndirməkdir”.
Qloballaşan dünyada sivilizasiyalar, siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsi, dialoqun inkişaf etdirilməsini beynəlxalq əməkdaşlığın əsas amili kimi daim diqqətdə saxlayan YAP-ın bu istiqamətdə apardığı siyasət və əməkdaşlıq uğurla nəticələnir. 2007-ci ildə YAP-ın təşəbbüsü ilə Bakıda keçirilən və dünyanın 30 ölkəsinin təmsil olunduğu “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” adlı beynəlxalq konfransda çıxış edərkən tədbirin əhəmiyyətini açıqlayan YAP-ın Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, məqsədimiz siyasi partiyaların diqqətini sivilizasiyalar arasında qarşıdurmalara, onların törətdiyi fəsadlara yönəltmək, yaranmış gərgin vəziyyətdən çıxış yollarını araşdırmaqdır. Həmin konfransda qəbul olunmuş Bakı Bəyannaməsində qeyd olunduğu kimi, sivilizasiyalar arasında dialoq siyasi partiyaların münasibətlərində ünsiyyətin yeni formalarını, həm də çox mühüm etibarlı modelini yarada bilər.
Azərbaycanın ötən ay dünyanın 100-ə yaxın ölkəsinin siyasi, mədəni və elmi ictimaiyyətinin görkəmli nümayəndələrinin, tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, aparıcı KİV təmsilçilərinin qatıldığı II Beynəlxalq Humanitar Foruma ev sahibliyi etməsi də ölkəmizin bu sahədə böyük təcrübəyə malik olmasından irəli gəlir. Forum multikulturalizmin, qarşılıqlı münasibətlərin, svilizasiyalararası dialoqun aktual məsələlərinin müzakirəsinə həsr olunmuşdur. “XXI əsr: ümidlər və çağırışlar” devizi altında keçirilən tədbirdə bir daha inam ifadə edilmişdir ki, İqtisadi Forumların əbədilik mərkəzi hesab olunan Davos kimi Azərbaycan da Humanitar Forumların daimi məskəni adını qazanacaq.
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər qazanılan uğurların ümumiləşdirilmiş ifadələridir. Bu baxımdan ki, həmin tədbirlərin mövzuları ayrı-ayrı sahələri əhatə edərək, Azərbaycanın əldə etdiyi təcrübə önə çəkilir, öyrənilməsi vacib amil kimi diqqətə çatdırılır. Ötən il Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən, 30 ölkədən 60-a yaxın nümayəndənin qatıldığı “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” adlı beynəlxalq konfransda da günümüzün aktual, beynəlxalq ictimaiyyəti düşündürən məsələlər ətrafındakı müzakirələrdə Azərbaycanın qazandığı uğurlar qonaqları heyrətləndirdi. Dövlət başçısının tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunda da bildirilmişdir ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan artıq ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsi təqdirəlayiq hadisədir. Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malik oldular. Müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsas mənasını, inkişafa aparan yolun baş xəttini təşkil edir. Bu mənada Azərbaycan “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda müzakirələrin aparılması üçün uğurlu məkan kimi seçilərək, iqtisadi inkişaf modeli ətrafında geniş fikir mübaliəsi aparılmış, təcrübə mübadiləsinin uğurlu nəticələri geniş şərh olunmuşdur. Dövlət başçısının tədbir iştirakçılarına məktubda bu inam da ifadə olunmuşdur ki, müxtəlif milli təcrübələr barəsində təqdimatlar müasir cəmiyyəti düşündürən problemlərin həllinə yönəlmiş səylərə əhəmiyyətli dəstək ola bilər.
Beynəlxalq əhəmiyyətli tədbirlər davamlılığı ilə diqqət çəkir. Partiyanın 20 illik yubileyi ərəfəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı adlı qurumun VII Baş Assambleyasının ölkəmizdə keçirilməsi də əhəmiyyətli hadisələrdəndir. Ötən il partiyanın təşkilatçılığı ilə keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində redaksiyamızın qonağı olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi və həmsədri Xose de Venesia Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq əlaqalərindən geniş bəhs edərək bildirmişdir ki, YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 18 nəfərdən ibarət İdarə Heyətinin üzvlərindən biridir. Son illərdə YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının bütün tədbirlərində fəal iştirak edib. Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı yüksək qiymətləndirdiklərini bildirən qonaq onu da vurğulamışdır ki, Yeni Azərbaycan Partiyasının ən böyük nailiyyəti uğurlu bir yol seçməsidir. Bu yol ölkənizi inkişafa aparır. YAP, həmçinin, birləşdirici funksiyasını yerinə yetirir. YAP-ın fəaliyyəti digər partiyalar üçün nümunə ola bilər. Partiya öz fəaliyyətində inkişafa necə nail olmağın yollarını müəyyənləşdirib və bu istiqamətdə uğurlu addımlar atır. Baş Assambleyanın Bakıda keçirilməsi qərarını şərtləndirən amilə gəldikdə isə Xose de Venesia vurğulamışdır ki, Azərbaycan sürətlə inkişaf edir. Azərbaycanın bu inkişafı bizi belə bir tarixi qərarı qəbul etməyə stimul verdi. Məqsəd 52 ölkədən olan 330 partiyanın nümayəndələrinə Azərbaycanın böyük uğurlarını nümayiş etdirməkdir. Ölkəniz inkişaf yolunda sürətlə irəliləyir. Azərbaycanda demokratik prinsiplərin inkişafına xüsusi diqqət göstərilir. Azərbaycanda dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən belə tədbirlərin keçirilməsi bir daha göstərir ki, ölkəmizdə demokratik dəyərlərin qorunub, inkişaf etdirilməsinə, sosial-iqtisadi problemlərin həllinə böyük önəm verilir.
Demokratiyanın inkişafını fəaliyyətinin əsas prinsipləri kimi daim diqqətdə saxlayan, “İqtisadi islahatlar siyasi, demokratik islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq” söyləyən dövlət başçısı İlham Əliyev vurğulayır ki, insana azad, sərbəst düşünmək, hüquqlarını qazandıran dəyərlər mövcud olmadan iqtisadi və sosial inkişafdan danışmaq qeyri-mümkündür. İllərin təcrübəsi göstərir ki, Azərbaycanın demokratikləşmə strategiyası ölkəmizdə bu sahədə həyata keçirilən islahatların miqyasını genişləndirir, vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf, dini və milli azlıqların təmin edilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.
Respublikamızda artıq formalaşan qanunvericilik bazasının təkmilləşməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Ölkəmizdə milli və dini azadlıqlar tam təmin olunmuş, Azərbaycanın tolerantlıq təcrübəsi başaqa ölkələrə nümunə göstərilir. Bakıda keçirilən “Dinlərarası dialoq: Qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda qeyd olunduğu kimi, dünyanın heç bir ölkəsində müxtəlif xalqların və millətlərin nümayəndələrinə Azərbaycanda olduğu qədər azad, sərbəst yaşamaq imkanları yaradılmamışdır.
Ölkəmizdə demokratik cəmiyyəti şərtləndirən bütün amillər mövcuddur. “Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək olmaz” söyləyən dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. Azərbaycanda ölkə əhalisinin 60 faizdən çoxunun azad internetdən istifadə etməsi də söz, mətbuat, insan hüquq və azadlıqlarının təminatına nümunədir. Ən əsası odur ki, demokratiyanın ilkin şərtlərindən olan seçki institutları formalaşdırılır. Ölkəmizdə demokratik seçkilərin keçirilməsində maraqlı olan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Seçki praktikasının təkmilləşdirilməsi”, “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamlarının tətbiqi ilə ölkədə mövcud olan sağlam, demokratik seçki mühiti dünya standartlarına uyğunlaşdırıldı. 2003-cü ilin mayında Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyası arasında əməkdaşlığın nəticəsində Seçki Məcəlləsi qəbul olundu. Ümumi rəy bundan ibarət olmuşdur ki, bu sənəd ölkədə prezident, parlament, bələdiyyə seçkilərinin və ümumxalq səsverməsinin demokratik keçirilməsinə geniş imkanlar yaradır. Qeyd edək ki, qəbul olunan qanunları, sənədləri dəyişməz hesab etməyən dövlətimiz Seçki Məcəlləsinə də mütəmadi əlavə və dəyişikliklərin edilməsinə, yeniliklərin bu sənəddə öz əksini tapmasına səy göstərir. 2005-ci ildə keçirilən parlament və 2008-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində Seçki Məcəlləsinə yuxarıda adları çəkilən beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq sayəsində əlavə və dəyişikliklər edilmişdir.
Seçki sisteminin təkmilləşdirilməsi də əsas diqqət göstərilən məsələlərdəndir. Bütün seçkilərdə namizədlər üçün eyni şəraitin yaradılmasına, təbliğat-təşviqat kampaniysının aparılmasında bərabərlik prinsiplərinin qorunmasına demokratiyanın əsas tələbi kimi diqqət yetirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tövsiyələri göstərir ki, ən qabaqcıl təcrübə və metodların tətbiqinə məsuliyyətlə yanaşan Azərbaycan bu sahədə də birinciliyini qoruyur. Seçkilərdə yeni təcrübələr olan “exit-poll”un keçirilməsi, barmağın rəngsiz mürəkkəbə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması da deyilənlərin təsdiqidir. 1995-ci ildən, yəni, milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində yüksək fəallıq nümayiş etdirərək, qələbəsini təmin edən Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi, sevgisi inkaredilməzdir. Bu inam, etimad partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmlənməsində də özünü təsdiqləyir. Təsis konfransını Azərbaycanın müxtəlif regionlarından olan 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 minlik üzv birləşir. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bu gününə və gələcəyinə inamın göstəricisidir. Partiyanın üzvlərinin 40 faizini gənclər təşkil etməsi də mühüm hadisədir. Azərbaycan gəncliyi YAP-ın sıralarında təmsil olunmaqla öz potensiallarını ortaya qoymaq üçün geniş meydan görürlər. Müstəqil Azərbaycanın uğurlu gələcəyinə böyük inam nümayiş etdirən Azərbaycan xalqı bunu dövlətin siyasətini dəstəkləməklə, ölkədə keçirilən seçki proseslərində fəal iştirak edib, layiqli namizdə səs verməklə təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın 20 ildə qazandığı uğurların fonunda imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamı da uğurlarımızın davamlılığının təmin edilməsinə yönəlib. Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bütün çıxışlarında “Bizim gələcək planlarımız da çox açıqdır, aydındır” söyləyən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan bütün məqsədlərə nail olmaq üçün imkanların mövcudluğunu diqqətə çatdırır. Bu inamı şərtləndirən əsas amil xalq-iqtidar birliyinin möhkəmliyidir. Bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının hər bir üzvü Azərbaycanın daha da qürətli, zəngin, müasir dövlətə çevrilməsinə öz töhfəsini vermək üçün ciddi səylər göstərir.
20 illik yubileyini biri-birindən əhəmiyyətli uğurları ilə yüksək səviyyədə qeyd edən Yeni Azərbaycan Partiyasını qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir. Təbii ki, 20 ilin uğurlarını bir yazıda qeyd etmək qeyri-mümkündür. Reallıq, eyni zamanda keçilən yolun ümumi ifadəsi budur ki, YAP Azərbaycanı uğurlu gələcəyə aparan partiyadır. Partiya 2013-cü il prezident seçkilərinə də aydın proqram və böyük inamla gedir. Bu seçkilər YAP-ın alternativsizliyini bir daha sübut edəcək.

Paylaş:
Baxılıb: 1550 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30