Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanın ticarət dövriyyəsi araşdırılmalıdır

Ermənistanın ticarət dövriyyəsi araşdırılmalıdır

18.09.2024 [11:17]

Azərbaycan QHT-ləri ABŞ və Aİ-dən İrəvanın cəzalandırılmasını tələb edib

ABŞ və  Avropa İttifaqı Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Məqsəd Rusiyanı zəiflətmək və müharibədə Ukraynanın üstünlüyünü təmin etməkdir.  Bu məsələdə müxtəlif ölkələr və onların şirkətləri  sanksiyalardan yayınmaq üçün Moskvaya yardımçı olurlar. Belə hallara görə Qərb Rusiyanın sanksiyalardan yayınmasına dəstək verərək digər ölkələrə də qarşı sanksiyalar tətbiq edir. Amma nədənsə ABŞ və Avropa İttifaqı bu məsələdə daha “fəal” olan Ermənistanı və onun şirkətlərini cəzalandırmır. 

Rusiya ilə ticarət dövriyyəsi 2,6 milyard dollardan 16 milyard dollara necə çatır?

Məlumdur ki, iqtisadi cəhətdən çox zəif olan Ermənistanın son iki ildə Rusiya ilə ticarət dövriyyəsini bir neçə dəfə artırmasında qaranlıq məqamlar mövcuddur. Artıq Ermənistan da faktları gizlədə bilmir. Digər dövlətlər də çox yaxşı anlayırlar ki, məhdud resursları olan, iqtisadi potensialı olmayan bir ölkənin birdən-birə “yüksək iqtisadi nəticə” əldə etməsi mümkünsüzdür. Bu baxımdan Ermənistanın Rusiyaya tətbiq olunan sanksiyalardan yayınaraq gəlir əldə etməsi hamı üçün bəllidir.

Bütün bunların fonunda Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələri hədələyən ABŞ və Avropa İttifaqı Ermənistana münasibətdə səssiz qalırlar. Məsələ ilə bağlı Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb. Belə ki, ABŞ-ın Xarici Aktivlərə Nəzarət Ofisinin tabe olduğu Xəzinədarlıq Katibliyinin rəhbəri Canet L.Yellen, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri Alan F.Esteves, ABŞ-ın ədliyyə departamentinin rəhbəri Merrik B.Qarlend, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrel və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə  ünvanlanan məktubda deyilir ki, Ermənistan hakimiyyəti ikiüzlü siyasət yürüdərək beynəlxalq hüququn tələblərini pozur və Rusiyaya sanksiyalardan yayınmağa dəstək verməklə, Ukraynadakı humanitar böhranı dərinləşdirir.

Qeyd edək ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlanıb. Avropa İttifaqı və ABŞ tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi mötəbər beynəlxalq hesabatlarda xüsusi vurğulanmaqdadır.

QHT-lərin müraciətində vurğulandığı kimi, 2021-2023-cü illər ərzində Ermənistanın xarici ticarətində mal və coğrafi strukturunun kəskin dəyişməsi Qərb ölkələri tərəfindən Rusiyaya tətbiq edilən sanksiyalardan yayınması ilə əlaqədardır. 2021-ci ildə Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 24,2 faiz artaraq 2,6 milyard dollar, 2022-ci ildə 2021-ci illə müqayisədə 93,4 faiz artaraq 5 milyard dollar, 2023-cü ildə isə 2022-ci illə müqayisədə 45,7 faiz artaraq 7,3 milyard ABŞ dolları səviyyəsinə çatıb. Rusiyanın baş nazirinin birinci müavini Aleksey Overçuk Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında hər iki ölkə arasında 2024-cü ildə xarici ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dollarına çatacağını bildirib. Bütövlükdə verilən proqnozun reallaşacağı təqdirdə, 2024-cü ildə Ermənistan ilə Rusiya Federasiyası arasında xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 8 dəfəyə qədər artacaq.

Bu “inkişafın” səbəbi nədir?

Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Rusiyaya 2022-ci ildə mal ixracı 2021-ci illə müqayisədə 3 dəfə artaraq 2,4 milyard ABŞ dolları, 2023-cü ildə 2022-ci illə müqayisədə 43,1 faiz artaraq 3,4 milyard ABŞ dolları ilə tarixi rekord səviyyəyə çatıb. 2010-2020-ci illər ərzində Ermənistandan Rusiyaya ixracın artım sürəti orta hesabla 18,6 faiz olması qarşılığında, 2020-2023-cü illər ərzində bu göstərici 64 faizə çatıb.

2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27 faiz həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində Rusiyanın payı 40-44 faiz həddinə yüksəlib. Buna səbəb Ermənistanın sanksiyalardan yayınaraq bir sıra Avropa İttifaqı ölkələri, Ərəb Körfəzi və Asiya qitəsinin aparıcı dövlətlərindən Rusiya bazarlarına ixrac məqsədi ilə mal və məhsulları idxal etməsidir. Belə ki, 2023-cü il ərzində Ermənistandan Rusiyaya ixrac edilən malların 14,7 faizini (499 mln. dollar) telefon aparatları, mobil və başqa simsiz rabitə üçün telefon aparatları, 11,1 faizini (378 milyon dollar) minik avtomobilləri, 7,39 faizini (250 milyon dollar) monitor və proyektorlar, 2,54 faizini (86 milyon dollar) hesablayıcı maşınlar, onların blokları, maqnit və optik hesablayıcı qurğular, 1 faizini (31 milyon ABŞ dolları) tozsoran avadanlıqları təşkil edir. Bütövlükdə, Ermənistanın ixracında yer alan elektromexanika və maşın avadanlıqlarının 91 faizi Rusiya bazarlarına göndərilir. Bundan əlavə, 2022-ci illə müqayisədə 2023-cü ildə Ermənistandan Rusiya bazarlarına nüvə reaktorları, avadanlıq və mexaniki qurğuların ixracı 10 dəfə, ixrac edilən optik, fotoqrafiya, kinematoqrafiya və tibbi cərrahiyyə alətləri 5 dəfə, təyyarə, kosmik gəmi və onun hissələrinin ixracı 2 dəfə, gəmilər, qayıqlar və üzən konstruksiyaların ixracı 18 dəfə, musiqi alətlərinin ixracı 38 dəfə, bütün növ saatların ixracı 28 dəfə, incəsənət əşyaları və kolleksiya əşyaları 19 dəfə artıb. Qeyd olunan malların heç biri Ermənistan ərazisində istehsal edilməməsi ilə birgə bu məhsulların əksəriyyətinin 2022-ci ilə qədər Rusiyaya ixracı mövcud olmayıb.

“Ermənistan bu müharibədə “nəfəslik” verir”

QHT-lərin məktubunda bəzi Avropa ölkələrinin də Ermənistan vasitəsilə Rusiya ilə xarici ticarət əməliyyatlarını davam etdirdiyi diqqətə çatdırılır. Belə ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanla Aİ arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur. Bir sıra Avrozona ölkələri ilə münasibətdə isə nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir. 2023-cü ildə 2021-ci illə müqayisədə Ermənistanın Yunanıstana ixracı 39 dəfə və Kiprə ixracı 24 dəfə artıb. “Necə ola bilər ki, bir tərəfdən Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma digər tərəfdən elə həmin sanksiyaların tətbiqinə cavabdeh olan ölkələr Ermənistanın Rusiya ilə qanunsuz ticarətində iştirak edir? Axı dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə, həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir”,-deyə məktubda vurğulanır.

QHT-lərin müraciətində ABŞ və Avropa İttifaqına Ermənistana qarşı müvafiq  addımların atılmasına dair çağırışlar edilib. Bildirilib ki, Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılmalı, idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılması, bu sahədə şəffaflığın təmin edilməsi, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısı alınmalıdır. Eyni zamanda,  sanksiyalardan yayınmağa kömək edən hər hansı bir dövlətə, o cümlədən Ermənistana məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə çağırış olunub. Bundan əlavə, ABŞ və Avropa İttifaqına beynəlxalq hüquq qarşısında öhdəliklərinə və sülh şəraitində birgəyaşayış prinsiplərinə əməl etməsi üçün Ermənistana diplomatik təzyiq göstərmək tövsiyə edilib.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

Siyasət

Davam edən mina terroru...

16 Oktyabr 09:52  

İqtisadiyyat

Dünya

“Berlin prosesi”...

16 Oktyabr 08:36

Siyasət

Sosial

Maraqlı

Aclığa son...

16 Oktyabr 07:17

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31