Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Tanrının qoşduğu Yusif dastanı

Tanrının qoşduğu Yusif dastanı

29.08.2024 [10:40]

Tomas Mannın “İosiflə qardaşları” roman-tetralogiyası haqqında

Əvvəli ötən sayımızda...

Rahil də bu vədələr ağırayaq olur. Körpəsini səfər üstə dünyaya gətirən qadın onun üzünü görər-görməz dünyadan köçür. Atası kiçik oğluna Veniamin adı verir. Rahili yol qırağında basdırıb yola davam eləyirlər. İakovun Liyadan olan böyük oğlu Ruvim atasının kənizi Valla ilə zina eləyir. İosif bunu atasına xəbər verəndə İakov gözünün ilkini lənətləyir. Bundan sonra böyük qardaşı İosifə düşmən kəsilir.

On yeddi yaşına qədər İosif qardaşlarıyla mal-qoyun otarır, bununla yanaşı İakovun köləsi Yeliezerdən dərs alır, elm, bilik öyrənir. O, böyük qardaşlarından həm gözəl, yaraşıqlı, həm də ağıllı, savadlı olur, bu səbəbdən atası da ona xüsusi rəğbət bəsləyir. İosif yalnız özündən kiçik tək qardaşıyla, yəni doğma qardaşı Veniaminlə dostluq eləyir, onun qayğısına qalır, ögey qardaşlarınınsa səmimi nifrətini qazanır. İakov anasının toy fatasını ona bağışlayanda qardaşları bir az da qıcıqlanırlar. İosif tez-tez qəribə yuxular görür, yuxusuna girir ki, göydə günəş, ay, ulduzlar, yerdə də qardaşları, bütün nəsli ona sitayiş eləyir. Yuxularını danışdıqca qardaşlarının ona nifrəti kükrəyib daşır, onun hər sözü-hərəkəti on böyük qardaşında qıcıq doğurur. Yuxulardan biri qardaşları necə hiddətləndirirsə, İakov yuxunun “müəllifini” cəzalandırmağa məcbur qalır, bununla belə heysiyyəti zədələnmiş qardaşlar sürülərini çəkib Şekem vadisinə qədər uzaqlaşırlar.

***

Az sonra İakovun hirsi soyuyur, İosifi qardaşlarından xəbər tutmağa göndərir. İosif atasından xəbərsiz anasının fatasını da götürür ki, onunla qardaşlarına acıq-qıcıq versin. Onu alışıb-yanan fatada görəndə qardaşların səbri gerçəkdən tükənir, paxıllıq mərəzi onların başına vurur, İosifi didib parçalamaqdan özlərini güclə saxlayırlar. İş o yerə gəlib çatır ki, qardaşları əl-qolunu sarıyıb onu qurumuş su quyusuna atırlar, özləri də tez o yerdən uzaqlaşırlar ki, İosifin sümüyə işləyən fəryadını eşitməsinlər.

Üç gün sonra oradan keçən tacirlər İosifi quyudan çıxarırlar. Onlar yolda İosifin qardaşlarıyla rastlaşırlar. Qardaşlar İosifi özlərinin köləsi kimi qələmə verib deyirlər ki, onu ləyaqətsiz davrandığına görə cəzalandırıblar. Sonra İosifi sərfəli qiymətə tacirlərə satırlar. Ardınca da İosifin anasından qalma fatasını qoyun qanına bulayıb atalarına göndərirlər ki, bəs, atacan, sənin sevimli oğlunu səhrada vəhşilər yedi, onun üzünü bir daha görməyəcəksən. İakov elə bir dərdə düşür ki, ona toxtaqlıq verməyə gələn on oğlundan heç birinin üzünə baxa bilmir, hərçənd onların əməlindən hələ xəbəri yoxdur. İosifsə bu zaman taleyinin yedəyində yeni həyata doğru gedə-gedə onu satın almış sahibini kamalıyla necə heyrətləndirirsə, ağası onu Misirdə varlı-hallı bir əyanın evində qulluğa düzəldəcəyinə söz verir.

Tacir sözünün üstündə durur, Misirin paytaxtına çatanda İosifi Petepra adlı saraya yaxın dövlətli bir əyana satır. Nökər-naibin qısqanclığına baxmayaraq İosif Petepranın evində tezliklə hörmət qazanır, ağlı, savadı sayəsində işlər müdirinin yardımçısı vəzifəsinə, yaşlı müdir öləndən sonra isə onun yerinə təyin olunur. Burada o, tam yeddi il vicdanla, namusla xidmət göstərir - ta zənən məkrinə ilişənə, qadın felinə düşənə qədər yeddi il. Evin xanımı Mutem-enetin ağasına sədaqətli İosifi yatağına çəkmək planı baş tutmayanda qadın həm Şərqdə, həm də Qərbdə kişi gözəlliyinin rəmzi sayılan gənci şərləyir, İosifi özünə sataşmaqda, ona təcavüz eləməyə cəhd göstərməkdə suçlayır, ərini, ev əhlini, divan-dərəni inandırmaqdan ötrü yalançı sübutlar qondarır. Fəqət İosif ağasının qarşısında özünə bəraət qazandırmağa çalışmır da, qədərinə boyun əyib dinməzcə zindana getməyi üstün tutur.

***

Bir gün həmin zindana fironun çörəkçisiylə saqisi də salınır, onlar padşaha sui-qəsd hazırlamaqda ittiham olunurlar. Hökmün icrasına üç gün qalmış çörəkçi də, saqi də yuxu görür, hər ikisi İosifdən yuxusunu yozmağı iltimas eləyir. İosif onları dinləyəndən sonra deyir ki, çörəkçi edam olunacaq, amma saqi bağışlanacaq. Dediyi kimi də olur, saqi türmədən buraxılanda İosif ondan fironun yanında adını anmasını rica eləyir. Saqi söz versə də, azadlığa çıxandan sonra verdiyi vədi unudur. Tezliklə qoca padşah ölür, taxta onun oğlu Exnaton çıxır. Bir gün gənc firon yuxusunda yeddi kök, yeddi də arıq inək görür, saray əhli nə qədər baş sındırsa da, padşahın yuxusunu yoza bilmir. Yalnız bu vaxt İosif saqinin yadına düşür. Onu zindandan çıxarıb fironun hüzuruna gətirirlər. İosif deyir ki, qarşıda ölkəni yeddi bərəkətli il gözləyir, ancaq ondan sonrakı yeddi ildə quraqlıq, aclıq olacaq, ona görə də çətin keçəsi illərə bəri başdan hazırlıq görülməli, taxıl ehtiyatı toplanmalıdır. İosifin ağlı-kamalı, nitqi fironun xoşuna gəlir, padşah onu özünə vəzir götürür.

İosif yeni vəzifəsində etimadı tam doğruldur, torpaq islahatı aparır, əkinçiliyin inkişafını görünməmiş səviyyəyə qaldırır. Başqa sözlə, mal-davar içində böyümüş çoban oğlu təsərrüfatın daha təkmil mərhələsinə, tarixi inkişafın növbəti stadiyasına qədəm qoyur. Burada onun həyatı, varlığı tamam yeni məzmun qazanır. Dar qəbilə çərçivəsini aşan İosif misirli qızla evlənir (halbuki bacıları yad tayfanın oğluna ərə getdiyinə görə qardaşları nə hoqqalar çıxarmışdılar), ondan iki oğlu olur. Misirin əzizi, fironun sevimli vəziri çoxlu nökər-naibi olan abad evdə yaşayır. Xalq onun başına and içir. Aclıq illərində Misir dövləti qonşu ölkələrə, qövmlərə də çörək verir, bu hesaba dövlətin həm xəzinəsi dolur, həm də dost-düşmən yanında nüfuzu, etibarı artır.

Misirə azuqə dalınca gələn hər kəsi İosifin göstərişiylə qeydiyyata alırlar. O bilir ki, bir gün qardaşlarının da yolu buradan düşəcək. Quraqlığın ikinci ilində İakov gerçəkdən oğlanlarını zəhləsi gedən dövlətin ayağına göndərməyə məcbur olur. Həmin vaxta qədər o, övladlarının hamısını artıq evləndirmişdi, İsrail oğulları törəyib artıb yetmiş nəfərə çatmışdı, bu qədər adamı yedirib doyurmaq asan məsələ deyildi. Qoca İakov yalnız kiçik oğlu Veniamini yanında saxlayır, çünki İosifin də iyini ondan alır.

On qardaşı hüzuruna ayaq basanda İosif özünü ələ vermir, onları yerli-yataqlı sorğu-suala çəkir, bu yolla da ata yurdundakı vəziyyətdən xəbər tutur. Sonra onlardan birini girov saxlayıb qalanlarını əlidolu yola salır, tapşırır ki, növbəti səfərlərində kiçik qardaşlarını da gətirsinlər. Üstəlik, onların taxıl üçün ödədiyi pulu da gizlincə kisələrinə qoydurur.

***

Sonrakı gəlişlərində Veniamin də onlara yoldaşlıq eləyir. İosif qardaşlarını evində qonaqlayır, onları yaxşıca yedirib içirir, kiçik qardaşını dizinin dibində oturdub onu xısın-xısın söhbətə tutur, yalnız ikisinə bəlli olan məsələlərdən söz salır. Onda Veniamində şübhə yaranır ki, bu adam onun itkin qardaşı İosif ola bilər.

Nəhayət, İosif özünü qardaşlarına nişan verir, onları bir-bir bağrına basır, bununla da onu ölümcül döyüb quyuya sallayan, sonra da qul adına satan qardaşlarını bağışladığını göstərir. İosif İsrail oğullarını Misirin ucqar əyalətlərindən birinə köçürməyi qərara alır, elə bir yerə ki, onların sürüləri bərəkətli otlaqlarda yaxşıca bəslənə bilsin. Firon da dostunun bu qərarını alqışlayır, uzun illərin ayrılığından sonra doğmalarına qovuşmuş İosifin sevincinə ürəkdən şərik olur. Geri qayıdan qardaşlar bu xəbəri atalarına necə çatdırmalı olduqlarını düşünürlər. Evə çatana yaxın nəvələrindən birini öyrədib İakovun yanına göndərirlər ki, kişini xoş xəbərə hazırlasın.

Qoca İakov ölməmişdən əziz oğlunu görsün deyə Misirə doğru üz qoyur. Sərhədi adlayandan sonra düşərgə salıb oğlu İudanı İosifin dalınca göndərir. Çox keçməmiş həsrətlilər qovuşurlar. Firon İosifin qardaşlarını sürülərinə çoban təyin eləyir. Beləcə, İsrail oğulları, min bir zillətlə nəsil becərmiş İakovun törəməsi Misir torpağında məskən salır. İndən belə onların xoşbəxt günləri başlanır.

İakovun ölümündən sonra ögey qardaşları Veniamini İosifə minnətçi salıb, bir zaman törətdikləri alçaq əmələ görə bağışlanmalarını diləyirlər. Veniamin onların adından İosifə ağız açıb yalvarır ki, zalım qardaşlarına kin saxlamasın. İosif sevimli qardaşının diləyini təbəssümlə qarşılayır. Onlar atalarını dədə-babalarının gömüldüyü mağarada torpağa tapşırandan sonra Misirə qayıdırlar. Romanın son cümləsi belədir: “Bununla da Tanrının İosiflə qardaşları haqqında qoşduğu misilsiz dastan sona çatır”.

***

Tomas Mannın “İosiflə qardaşları” roman-tetralogiyası başdan-ayağa Tanrının sirli kombinasiyaları, insan-Allah münasibətləri haqqındadır. Müəllif Allahın planını ən incə detallarına qədər xırdalamaqla elə bil onun sirrinə vaqif olmağa, bu sirri açmağa çalışır. Yazıçının məntiqincə, insana Tanrı lazım olduğu kimi Tanrıya da insan lazımdır, çünki Tanrı yer üzündə öz planlarını insan vasitəsilə həyata keçirir. Allahla əlaqəyə girən, daha doğrusu, Allahın seçdiyi insan bu dünyada onun xəlifəsidir. Öz xəlifəsinin gözüylə özünə baxan Tanrıdan ötrü insan zəkası özünüdərk alətidir, Allah bu alətin köməyilə fasiləsiz təkamülə uğrayır. Yaradan insanı özünə bənzər, özünün surəti kimi yaradıb, öz növbəsində insan da Yaradanı öz ruhunun obrazı kimi qavrayır.

Burada yenə Hegellə Feyerbaxın başlıca konsepsiyaları arasında apardığımız müqayisə yada düşür: Hegel deyirdi ki, insan özgəsiləşmiş, özünə yadlaşmış Allahdır; Feyerbax isə deyirdi, əksinə, Allah özgəsiləşmiş, özünə yad olmuş insandır. Məncə, hər ikisi haqlıdır - əvvəl proses Hegelin dediyi istiqamətdə, yəni Allahın insanlaşması yönündə gedib, indisə Feyerbaxın göstərdiyi istiqamətdə, yəni insanın tanrılaşması yönündə gedir.

İosif Tanrının alətinə, Paskalın təbirincə desək, düşünən əsaya çevrilmək üçün çox da böyük hazırlıq, ya məktəb keçməyib. Allah onu bu dünyaya hazır gətirib, onlar ata-bala kimi iç-içə, bir-birindən ayrılmazdır. Tanrı ata övladının əlindən tutub onu diyar-diyar gəzdirir, onun timsalında öz qüdrətini, hikmətini sınaqdan keçirir. Bu yerdə sufilərin tez-tez istinad elədiyi bir hədis yadıma düşür: “Mən gizli bir xəzinəydim, özümü təsdiqlə(t)mək üçün aləmləri yaratdım”.

Əslində, yer üzündə həyatın təkamülü Yaradanın özünütəsdiq prosesidir, İosif kamilləşdikcə onun allahı da, Ramiz Rövşən demiş, bir boy ucalır (ucaldıqca yedəyindəki bəndəsini də ucaldır), bu isə o deməkdir ki, Tanrının özünün də təkmilləşməyə, saflaşmağa, materiyanın buxovlarından qurtulmağa ehtiyacı var; yəni kamilləşmə, Anri Berqsonun təbirincə desək, yaradıcı təkamül sonsuz prosesdir. Başqa sözlə, həyatın fasiləsiz yaranışı prosesində Tanrı mütləq qaranlıqdan mütləq işığa, xaosdan kosmosa, demonizmdən ilahiliyə doğru nəhəng bir inkişaf yolu keçir. Bu inkişaf mütləq şəkildə materiyanın ruha yenilməsiylə başa çatmalıdır.

***

Tomas Mannın yozumunda şəxsiyyətin strukturu modernistlər arasında dəbdə olan, bu cərəyanın yaranmasına həlledici təsir göstərmiş psixoanaliz təliminin atası Ziqmund Freydin sxemindən köklü şəkildə fərqlənir. Məncə, Mannın insan, varlıq konsepsiyasını Freydin yox, Karl Yunqun təliminə bir köynək yaxın saymaq olar. Bu ontoloji konsepsiyaya görə, varlıq üç komponentdən ibarətdir: materiya, can, bir də ruh. Can da materiya kimi varlığın təməlidir, onda həyat var, ancaq bilik yoxdur.

Hələ Allahın nəzdində, dinclik xoşbəxtlik səltənətində olanda can formasız materiyaya qovuşmaq üçün ona doğru dartınıb, torpaqdan özünə qab düzəldib onu bəlli bir şəkilə salmaq, bədəni vasitəsilə cismani zövq almaq istəyib. Tanrı dərgahından enəndən sonra canın zövqü-səfası yox, əzabı, cəfası çoxalıb, çünki tərs materiya əzəli təbiətindən əl çəkib ona tabe olmaq, onun arzuladığı formanı almaq istəməyib, inadla cana müqavimət göstərib. Onda Tanrı işə qarışıb, yolunu azmış canın köməyinə gəlib. Tanrı dünyanı yaradıb, materiyanı saysız-hesabsız şəkillərə salıb, torpağa canın işinə yarayası, zövqünü oxşayası, onun artıb törəməsinə səbəb olası formalar verib.

Bundan sonra Tanrı öz varlığından, öz ilahi substansiyasından insana ruh göndərib ki, həmin ruh insanın mürgülü canını yuxudan oyatsın, canı qandırsın ki, bu dünya onun yeri deyil, canın həzzə can atmağı ən böyük günah olub, gördüyümüz bu dünya da həmin günahın nəticəsində yaranıb. Ruh materiyada dustaqlıq çəkən canı gecə-gündüz qəflətdən ayıltmağa çalışır, onu inandırmaq istəyir ki, əgər canın materiyaya əbləhcəsinə vurğunluğu olmasaydı, bu dünyanın yaranmağına da ehtiyac qalmazdı. Can bədəndən çıxan kimi formalar aləmi də dağılıb gedəcək. Ruhun əsas vəzifəsi canı ehtirasların əsirliyindən qurtarmaq, onu yenidən dinclik, xoşbəxtlik səltənətinə, Füzulinin diliylə desək, əzəli vətəninə, bəqa bəzminə qayıtmağa razı salmaqdır. Bu böyük qayıdış baş verəndən sonra fani dünyanın izi-tozu da qalmayacaq, materiya əvvəlki formasız halına dönəcək ki, onun da xoşbəxtliyi, məsudluğu bundadır.

Ruh bir növ Allahın elçisidir, onun təcəllasını biz peyğəmbərlərin, o cümlədən İosifin timsalında görürük. Yunqun təbiriylə desək, can insanın fərdi təhtəlşüurunun, ruh kollektiv şüursuzluğun obrazıdır. Ruhun missiyası yolunu azmış canları öz evlərinə - Tanrının dərgahına qaytarmaqdır. Canın materiya ilə nikahının pozulması təkcə onun özünün yox, materiyanın da azadlığa çıxması, ölümün də aradan qalxması deməkdir. Tomas Mannın baş qəhrəmanı məhz ruhun - Tanrı elçisinin, kollektiv təhtəlşüurun ifadəçisidir. “İosiflə qardaşları” romanı da ruhun ikili dünyadakı uğurlu missiyasına çəkilmiş parlaq, möhtəşəm bir illüstrasiyadır.

F.Uğurlu

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30