Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Viran vücuddan qaçış

Viran vücuddan qaçış

23.04.2025 [08:47]

Akutaqava Rünoskenin həyatıyla sənətinin qovuşağında

Müəllif şərdən şər törədiyini, pisliyin də xəstəlik, mikrob kimi yayıldığını bizə sadə bir dillə anladır. Zen-buddizmin qızıl qanununa görə, yaxşı fikir yaxşı sözə, yaxşı söz də yaxşı əmələ çevrilir. Hər faydalı əməl xoş niyyətdən, xeyirli fikirdən qaynaqlanır, bu dünyadakı yaxşılıqların başqa mənbəyi yoxdur. Xoş niyyətin yerini bəd niyyət alırsa, insan özünü karma qanunlarının sərəncamına vermiş olur, sansara zəncirini boynuna dolamış olur, öz acı aqibətini bəri başdan bəlləmiş olur. Arını, vicdanını o dünyanın astanasında adam ətinə dadanmış quduz yırtıcıların quyruğuna bağlayıb fikrini kirlədəndən, xəyalını çirkləndirəndən sonra gedər-gəlməzə yollanan həmin o nökər kimi.

Ancaq “Rasömon darvazası” novellasını təkcə ibrətamiz rəvayət kimi yozmaq doğru olmaz. Əsərdən çıxan bir nəticə də budur ki, insanları öz ətrafında birləşdirən vahid həqiqət yoxdur, hərənin öz həqiqəti, həyatdan qopara biləcəyi mənfəəti var, heç kimi də öz həqiqətini rəhbər tutub yaşamaq istədiyinə görə qınamaq olmaz. Yeddi il sonra yazacağı dünya şöhrətli “Cəngəllikdə” novellasında müəllif bu mövzuya daha dərindən baş vuracaq, insanın sadəcə məhdud baxışlı bir məxluq, təbiətin konveyerindən çıxmış dar düşüncəli canlılardan biri olduğunu şahidlərin iştirakıyla bizə əyani şəkildə göstərməyə çalışacaq...

Bəs həqiqət, xeyir, gözəllik? Hamının ola biləsi həqiqət heçmi yoxdur? Akutaqavanın əsərlərindən yola çıxsaq, həqiqəti xalq arasında, kütləvi düşüncədə axtarmaq əbəsdir. Həqiqət elə gözəlliyin, mükəmməlliyin özüdür. Həqiqət - çılpaq gözəllik, acı, sərt estetika, kamil incəsənətdir, o da yalnız təbiətin seçdiyi ayrı-ayrı fərdlərə, dahilərə qismət olan ali nemətdir. Qalan heç nəyin dünyada dəyəri yoxdur. “İnsan ömrü Bodlerin bir misrasına dəyməz”.

Xeyirlə şər də onun nəzərində varlığın mayasından, eyni mənbədən gələn, bir-birini istisna eləməyən, əksinə, bir-biriylə aramsız qarşılıqlı əlaqədə olan, bir-birini törədən, tamamlayan fenomenlərdir. Bir məktubunda Akutaqava belə yazırdı: “Mənə elə gəlir yalnız xeyiri sevə-sevə şərə vurulmaq mümkündür. Bodlerin şeirlərini oxuyanda məni ən çox onun şəri vəsf eləməsi yox, onun xeyirə təşnəliyi heyran qoyurdu. Düzünü desəm, mən xeyirlə şərə eynicinsli anlayışlar kimi baxıram”. Yalnız zehni sakitlik, ruhi dinclik məqamına çatmış kamil fərd xeyir-şər dilemmasından sıyrılıb bu təzadın fövqündə qərar tuta bilər.

***

“Burun” (1916) novellası Qoqolun eyni adlı povestinin təsiriylə yaranıb. Hekayənin qəhrəmanı rahib Dzentinin çənəsinin üstünə sallanan uzun burnu var. Zavallı rahib bu qüsuruna görə həmişə xəcalət çəkir, lağlağı hədəfi olur. Bununla belə özünü elə aparır, guya burnunun uzunluğu onu narahat eləmir, halbuki kənar şəxsin yardımı olmasa, yemək də yeyə bilmir. İllər boyu təskinlik üçün özünə bənzər birini axtarsa da, heç yerdə tapa bilmir. Burnunu qısaltmaq üçün yüz yola əl atır, ancaq bir nəticəsi olmur.

Günün birində paytaxtdan qayıdan şagirdi həkim dostundan onun dərdinin çarəsini öyrəndiyini bildirir: rahibin burnunu qaynar suda pörşələyib sonra da yaxşıca tapdalamaq lazımdır, ucundakı piy vəzləri çıxandan sonra burun gödəlib qaydasına düşəcək. Şagirdin yardımıyla onlar həkimin buyurduğu əməliyyatı yerinə yetirirlər. Əməliyyat müsbət nəticə verir, Dzentinin burnu qısalıb normal şəkilə düşür, başqalarının burnundan seçilmir. Ancaq rahibin canı dedi-qodudan qurtarmır, tam tərsinə, istehzalı gülüşlər, kinayəli baxışlar, lağlağılar daha da artır: “Bir cüt təzadlı duyğu insan qəlbində daim baş-başa yaşayır. Elə bir adam tapılmaz ki, yaxından tanıdığı birinin bədbəxtliyinə acımasın. Amma elə ki tanışı bədbəxtliyinin səbəbini aradan qaldırır, ətrafdakı adamlar nəsə çatmırmış kimi özlərini narahat hiss eləməyə başlayırlar. Bir balaca üstünə qoyub belə də deyə bilərik ki, adamların içində o zavallını yenidən əvvəlkitək bədbəxt görmək arzusu oyanır, ona qarşı passiv də olsa gizli bir düşmənçilik baş qaldırır...”

Dzenti özünə münasibətin kəskin dəyişdiyini görsə də, bu dəyişikliyin səbəbini anlamır. İş o yerə çatır ki, rahib əvvəlki burnunun xiffətini çəkməyə başlayır. Onun ovqatı, xasiyyəti yaxşılığa doğru dəyişməliykən bunun tam tərsi baş verir. Günlərin bir günü Dzentinin burnu şişməyə, böyüyə-böyüyə əvvəlki formasını almağa başlayır. Bundan sonra rahib rahatlıq tapır, sevinir ki, daha onu lağa qoyan olmayacaq.

Bu yerdə mənim yadıma Alber Kamünün bu novelladan təqribən iyirmi beş il sonra qələmə aldığı “Yabançı” romanında qurulmuş məhkəmənin sonluğu düşür: cəmiyyətin tapındığı normalara laqeyd, biganə Mersonu törətmədiyi ağır cinayətlərdə suçlayan qəddar kütlə hakim ona edam hökmü kəsəndən sonra sustalıb müttəhimə mərhəmətlə, az qala nəvazişlə baxır...

***

“Batat sıyığı” (1916) novellası da bundan əvvəl haqqında danışdığımız hekayə kimi qədim kitablardan götürülmə bir lətifə əsasında yaranıb. Fəqət bu əsərə Qoqolun “Şinel” povestinin təsiri də danılmazdır, mütəxəssislər bunu dönə-dönə vurğulayıblar. Göründüyü kimi, Akutaqava milli zəmində boy atmış fidanları dünya ədəbiyyatı adlı nəhəng ormanın qollu-budaqlı qocaman ağaclarına calamağın ustasıdır. Bu fikri Çexovun “Albalı bağı” pyesinin təsiri altında yazılmış “Bağ” novellası haqqında da söyləmək olar. Həm də Akutaqavanın rus ədəbiyyatıyla dialoqu bunlarla bitmir; məsələn, onun “Meşə cüllütü” hekayəsi Tolstoyla ona qonaq gəlmiş Turgenevin birgə ova çıxmağından bəhs eləyir...

Əgər “Şinel” povesti sosioloji mahiyyət daşıyırsa, “Batat sıyığı” novellası psixoloji hekayədir. Hekayəni şərti olaraq iki hissəyə bölmək olar: birinci hissəni bütövlükdə “Şinel”dən iqtibas da saya bilərik, burada biz əsərin qəhrəmanı, onun xarakteri, arzuları, mühitiylə tanış oluruq. Eynən “Şinel”in qəhrəmanı Başmaçkin kimi günü keçmiş qoi (aşağı rütbəli hərbi qulluqçu) də “kiçik adam” seriyasından hamının hörmətsiz yanaşıb məzələndiyi, lağlağı obyektinə çevirdiyi qorxaq, miskin, fərasətsiz, yazıq bir samuraydır. Onun ən böyük arzusu ömründə bircə dəfə doyunca batat sıyığı yeməkdir. Belə dadlı yeməyi imperator məclislərində verirlər, sıravi adamlarasa onu dadmaq hələ-hələ qismət olmur.

Ağaların qurduğu bir məclisdən sonra sıravi qulluqçular masada qalan artıqları yeməyə girişəndə baş samurayın cangüdəni qoinin arzusundan xəbər tutur. Novellanın ikinci hissəsi onların səfərinə həsr olunub - cangüdən Tosihito qoini düşərgədən öz evinə qonaq aparır. Nökərlər, qulluqçular axşamdan xeyli batat yığıb hazırlayırlar, səhər ertəyə qazan-qazan sıyıq ocaqlar üstündə buğlanır. Ağzınacan dolu bir gümüş qazanı gətirib qoinin qarşısına qoyurlar. Sonra süfrəyə başqa dolu qazanlar da düzülür. Ancaq zavallı samuray bir qazanı güclə boşalda bilir. Onun yeganə arzusu elə o süfrənin arxasındaca ölüb gedir, qoi illər boyu ürəyinin başında bəslədiyi arzunun arxasınca baxa-baxa qalır, qarşısındakı sıyığın həsrətiylə yaşadığı günləri təəssüf dolu həsrətlə xatırlayır. Artıq qoinin arzusundan əsər-əlamət qalmır, o, Martin İdenin dediyi kimi, heç nə arzulamamaq mərəzinə mübtəla olur. Ona həmin arzunun yalnızca külü qalır. Qoi başa düşür ki, bir də heç vaxt batat sıyığı deyilən təamı dilinə vura bilməyəcək.

Arzuya çatmaq - arzunu öldürmək deməkdir. İnsan özü də bilmədən şüursuz bir istəklə ölümünə can atır. Budda məhz buna görə şagirdlərinə arzularının dalınca qaçmamağı, ehtiraslarını cilovlamağı, ömürlərini sağa-sola xərcləməkdən çəkinməyi tapşırırdı, çünki doymuş arzunun arxasında boşluq, yorğunluq, peşmanlıq, ölüm durur. Yeganə arzusunu dəfn eləyəndən sonra qoi hansı diləkdən güc alıb həyatdan yapışacaq? Yəqin Martin İden kimi, elə özcə müəllifi kimi onun da əcəli çox uzaqda deyil...

***

“Hörümçək toru” (1918) novellasında deyilir ki, bir dəfə Budda səhər-səhər cənnət gölünün sahilində tək-tənha gəzişəndə dayanıb lotos güllərinin iri yarpaqları arasından bərq vuran gölün dibində - cəhənnəmin dərinliyində nələr baş verdiyinə diqqət yetirir: “Cəhənnəmin dərinliklərində saysız-hesabsız günahkar qaynaşırdı. İş elə gətirdi ki, Buddanın nəzərini Kandata adlı bir günahkar cəlb elədi. Kandata qaniçən bir quldur idi. Çoxlu cinayət törətmişdi: öldürmüşdü, soymuşdu, yandırmışdı... Ancaq onun da ayağına yazılmış bir xeyirxah iş tapıldı”.

Kandata bir dəfə sıx meşədə cığırın kənarıyla qaçan bapbalaca hörümçəyi tapdalayıb əzməkdəykən ayağını yerə basmayıb günahsız həşəratı xilas eləyir. Budda cəhənnəmin seyrinə dalanda ürəyindən keçirir ki, hörümçək də əvəzində bu qulduru cəhənnəmdən qurtarsın. Bir cənnət hörümçəyi gümüşü lifini lotosun yaşıl yarpağından asır, Budda lifi ehtiyatla götürüb ağ güllərin arasından suya sallayır. Hörümçək lifi cəhənnəmin dibinə çatana qədər dümdüz aşağı enir. Əzab çəkməkdən heydən düşmüş Kandata başını qaldıranda içində çabaladığı qan gölünün üstünü tutmuş qaranlığı yara-yara düz üstünə enən gümüşü hörümçək lifini gözü alır. Ona yalnız bu sapdan yapışıb yuxarı dartınmaq qalır. Kandata hörümçək lifindən iki əliylə yapışıb var gücüylə yuxarı dırmanmağa başlayır.

Qurtulmaq üzrə olanda Kandata görür ki, cəhənnəmdə əzab çəkən bir xeyli başqa günahkar da lifdən yapışıb onun ardınca yuxarı dırmaşır. Qorxur ki, lif bu qədər adama tab gətirməyib qırıla, bunca əziyyət çəkəndən sonra yenidən kəlləmayallaq cəhənnəmə vasil ola. Bu adamları necəsə geri qaytarmaq lazımdır. Bunları fikirləşib ardınca yuxarı dırmananlara təpindiyi vaxt sap Kandatanın tutduğu yerdən qırılır, zavallı ah çəkməyə belə macal tapmadan yenidən zülmətin dibinə baş vurur.

“Lotos gölünün sahilində dayanmış Budda əvvəldən axıra qədər hər şeyi görmüşdü. Kandata ağır daş kimi Qanlı gölün dibinə batanda Budda kədərli-kədərli yenidən gəzişməyə başladı.

Kandatanın ürəyi mərhəmətdən, rəhmdən uzağıdı, nə yolla olur olsun, yalnız özünü cəhənnəmdən qurtarmağı düşünürdü, buna görə də haqlı cəzasını almışdı: yenidən cəhənnəmin girdabına atılmışdı. Buddanın nəzərində bu, olduqca rüsvayçı, miskin bir tamaşaydı!..”

Göründüyü kimi, karma qanunu bu kiçik süjetdə də sözünü deyir. Doğrudan da, kim nə eləyirsə, özünə eləyir - istər yaxşılıq olsun, istərsə pislik. Bioloji qanunlardan fərqli olaraq ilahi qanunları işə salan cihazlar bizdən kənarda deyil, o mexanizm bizim içimizdə, ruhumuzda, ürəyimizin başındadır, o qanunlar özümüzdən xəbərsiz gecə-gündüz bizi idarə eləyir. Kandatanın xırdaca yaxşılığı özünə qayıtmaqdaydı, ancaq o bu qurtuluşu başqalarına qıymadı, ona görə özü də qurtula bilmədi. Qalan cəhənnəm sakinləri də əzablardan xilas ola bilmədilər, çünki onlar bu qurtuluşa layiq iş görməmişdilər. O nazik lif məhz Kandatanın ümid sapıydı. Onları qurtarsa, yenə Kandatanın mərhəməti qurtarardı, ancaq Kandata bu səfər mərhəmətini başqalarından, demək, həm də özündən əsirgədi.

F.Uğurlu

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Analitik

Dünya

İkinci tura qaldı...

20 May 08:41  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31