Tikanı özünə batan gül
14.11.2025 [09:15]
Uilyam Folknerin “Emili üçün qızılgül” hekayəsi haqqında
əvvəli ötən sayımızda
Ərgənlik yaşına çatanda atasının qorxusundan heç kim qıza müştəri çıxmır, Emilinin ətrafında bir erkək milçək belə dolana bilmir. Ata həqarətlə baxdığı rəiyyət balalarından kiməsə qız verməyi ağlına belə gətirmir: “Adamların miss Emiliyə acıması da elə o vaxtlardan başlanmışdı; dost-doğmaca bibisi Uayet qarının ömrünün sonlarına yaxın necə xəriflədiyini, axırda da əməlli-başlı havalandığını yada salıb belə nəticə çıxarmışdılar ki, deyəsən özlərini hədsiz tox tutmaq Qrirsonların köhnə mərəzidir; hər halda qohumlarının nəzərində bizim şəhərin cavanları miss Emiliyə nəinki tay deyildi, heç onun əlinə su tökməyə də yaramazdılar. İndiki kimi gözümüzün önündədir: atası əlində qamçı ayaqlarını gen qoyub şəstlə artırmada dayanardı, bir az arxada, açıq qapının arasında isə ağ geyimli zərif Emili. Elə ona görə yaşı otuzu haxlayan qızın hələ də evin bir küncündə qarıdığını görəndə ürəyindən tikan çıxan şəhər əhli nəinki buna sevinir, həm də özünü qisası alınmış sayırdı: bizim fikrimizcə, indi münasib bir adam rast düşsəydi, Emili daha heç kəsi vecinə almaz, hətta havalı bibisindən də çəkinməyib əlüstü razılıq verərdi”.
Atası öləndə məlum olur ki, kişi qızına yaşadığı evdən savayı heç nə qoymayıb. Bu vəziyyət camaatın ürəyindən xəbər verir, onlar Emilinin dərdinə qalıb halına acımaqdan zövq alırlar, düşünürlər ki, qız, nəhayət, ehtiyacın, təkliyin dadını duyub xudpəsəndlikdən əl çəkəcək, daha özünü başqalarından üstün tutmayacaq, yalqız qalmağın qorxusundan camaata qaynayıb-qarışıb, can evinə uzanan əlləri dalayan tikanlı çəpəri aradan götürəcək: “Atası ölən günün sabahısı el adətincə həm başsağlığı, həm də əl-ayaq vermək məqsədilə təşrif buyuran şəhər xanımlarını o, qapı ağzında, həmişəki geyimində qarşılamışdı - üz-gözündə hüzndən zərrəcə əsər-əlamət olmayan, bir gilə də göz yaşı sezilməyən miss Emili atasının ölmədiyini təkidlə elan edərək, nə keşişlərin, nə də həkimlərin heç bir cəhdinə məhəl qoymadan düz üç gün öz dediyinin üstündə durub cənazənin evdən çıxarılmasına icazə verməmişdi; yalnız qanun üzrə müəyyən ölçü götürmək məqamı çatanda inadından qəfil əl çəkib təslim olmuşdu və meyiti dərhal aparıb basdırmışdılar... O zaman bunun dəlilik əlaməti olması heç kəsin ağlına gəlməmişdi, axı miss Emilini anlamaq çətin deyildi: atası evdən o qədər cavanın ayağını kəsmişdi ki, eyni aqibətlə üzləşən adamlar kimi indi bu büsbütün yalqızlaşmış qadının da yapışmağa özgə heç nəyi qalmamışdı”.
***
Atasının ölümündən sarsılıb xeyli müddət xəstə yatan Emili sağalandan sonra bir az fərqli cilddə meydana çıxır: “Biz onu təzədən görəndə saçlarını qısa kəsdirmişdi, buna görə yeniyetmə qızlara bənzəyirdi; bir müddət də keçəndən sonra o öz ciddi və qəmgin görkəmiylə eynən kilsə vitrajındakı zərif mələk təsvirlərini xatırlatmağa başladı. Bu həmin əyyamlardı ki, hökumət küçələri səkilətmək qərarı vermişdi; müqavilələr imzalanmış və yayda (onda miss Emilinin atası dünyasını dəyişmişdi) iş əməllicə qızışmışdı; şəhərdə inşaat briqadası - Homer Berronun başçılığı altında zənci və qatırlardan ibarət işçi qüvvəsi peyda olmuşdu... Sifəti gündən qapqara yanmış boylu-buxunlu, çılğın təbiətli Berron xalis yanki idi: tünd qara saçları, açıq rəngli gözləri, çox gur səsi vardı. Arxalarınca dəstə-dəstə qaçışan oğlan uşaqları onun zəncilərə necə təpinməsinə, o yazıqların da başları üzərinə qaldırıb-endirdikləri ağır külünglərin ritminə uyğun tərzdə necə oxumalarına heyranlıqla tamaşa edərdilər. Tez bir zamanda bu yanki az qala bütün şəhərlə curlaşdı: hansı küçədə qəhqəhə, hansı tində hay-küy səsləri ucalırdısa, demək, Berron orada - yığnağın başındaydı. Az keçmiş camaat onu miss Emili ilə birgə görməyə başladı: icarəyə götürdükləri üstüaçıq, sarı təkərli ikiadamlıq faytonda onlar hər bazar günü gəzintiyə çıxırdılar”.
Camaat əvvəl-əvvəl Emilinin dirçəlib açılışmasına, qızın canında həyat toxumlarının cücərməsinə sevinsə də, şəhər xanımları əminliklə deyirlər ki, Qrirsonlar şimallını, üstəlik də günəmuzd işləyən birisini dünyasında özlərinə yaraşdırmazlar. Keçmiş zamanların əxlaqi dəyərlərini unutmamış yaşlı qadınlarsa bu fikirdədirlər ki, əsl ledi bədbəxtliyə düçar olanda belə öz şərəf-ləyaqətini hər şeydən uca tutmalıdır. Emili isə rəiyyətin dedi-qodusuna məhəl qoymur, davranışıyla cəmiyyətə meydan oxuyur: “Hamı onun sındığını iddia eləsə də, miss Emili yenə əvvəlki qaydada başını dik tutub şax gəzir, özünü qabaqkından da təşəxxüslü aparmaqla sanki Qrirsonlar nəslinin son nümayəndəsinin ləyaqətini nəyin bahasına olur olsun isbatlamağa çalışırdı; camaatın məzəmmət dolu mənasız dedi-qoduları isə deyəsən onun öz müstəsnalığına, haqlı olduğuna inamını daha da gücləndirmişdi...”
***
Şəhərdə Emilinin gəlmə yankiyə ərə gedəcəyi danışıldığı vaxt klubda avaralanmağa alışmış Homer Berron cavanları başına yığıb subaylığın sultanlığından dəm vurur. Buna baxmayaraq onlar hər bazar günü faytonla gəzintiyə çıxırlar, günün altında parıldayan faytonda miss Emili həmişəkitək başını dik tutur, şlyapasını yan qoyan Homer isə damağında siqar əlindəki qamçını şəstlə oynadır (bu qamçı mərhum atanın acıqlı qırmancına çox bənzəyir). Təbii ki, bütün bunlar mühafizəkar əhalinin heysiyyətinə toxunur: “İşi belə görən qadınlar giley-güzara başlamışdılar ki, bəs guya onların bu hərəkətləri həm cavanlara pis təsir göstərir, həm də şəhərin ad-sanına ləkə yaxır. Kişilər qaşınmayan yerdən qan çıxarmamağı məsləhət görsələr də, arvadlar dil boğaza qoymamış, baptist keşişini dilə tutub miss Emilinin yanına göndərə bilmişdilər (bütün qohumları kimi miss Emili də yepiskop kilsəsinə mənsub idi). Keşiş bu görüşün necə keçməsi barədə heç kəsə bir kəlmə danışmasa da, miss Emili ilə təkrar görüşdən qətiyyətlə boyun qaçırmışdı. Növbəti bazar günü camaat yenə onları faytonla küçələri dolaşan görmüş, sabahısı isə keşişin arvadı Alabamadakı qohumlara məktub göndərmişdi”. Söhbət Emilinin Alabamada yaşayan, hələ atasının sağlığından küsülü olduqları əmisi qızlarından gedir.
Şəhərin küçələrində iş başa çatandan bir müddət sonra Homer Berronun yoxa çıxması camaat arasında yeni şayiələrin yayılmasına səbəb olur. Emilinin aptekdən siçan dərmanı alması adamlarda belə bir qənaət yaradır ki, qız özünü öldürəcək: “Nikah barədə heç nə bildirilməməsi şəhər əhlini bir qədər məyus eləsə də, belə düşünürdük ki, yəqin Homer miss Emilini öz evinə köçürməklə bağlı hazırlıq görməyə gedib, ya da imkan yaradıb ki, miss Emili öz qohumlarından canını biryolluq qurtarsın (onlara qarşı əməlli-başlı qəsd hazırlanmışdı, bu işdə biz hamımız miss Emilinin tərəfindəydik). Həqiqətən də, bircə həftənin tamamında qızlar Alabamaya qayıtmışdılar, üç gündən sonra isə, hamının güman elədiyi kimi, Homer Berron şəhərdə yenidən peyda olmuşdu: miss Emilinin qonşusu axşamın alatoranında zənci xidmətçinin onu dal qapıdan içəri buraxdığını öz gözləriylə görmüşdü”.
***
Bundan sonra Homer Berronu gördüm deyən tapılmır. Bir müddət miss Emili özü də gözə dəymir, düz yarım il evdən eşiyə çıxmır. Camaat Emilinin düşdüyü halları atasının ruhuna bağlayır, belə yozurlar ki, kişinin ruhu evdən çəkilib getmək istəmir, qızının yeni həyat qurmasına, könlü istədiyi kimi yaşamasına imkan vermir: “Biz onu təzədən görəndə miss Emili hədsiz kökəlmişdi; dən düşmüş saçlarının ağı isə ildən-ilə çoxalıb axırda istiotla duz qarışığı rənginə çaldı; adətən tükənməz enerjili işgüzar kişilərdə müşahidə olunan saçın bu cür rəngi miss Emilidə yetmiş dörd illik ömrünün sonunacan dəyişib eləmədi. Çini qablara naxışsalmadan dərs dediyi altı-yeddi il saya alınmasa (onda yaşı qırxa yaxın idi), bütün bu müddət ərzində evin giriş qapısı bağlı qaldı. Alt mərtəbədəki otaqlardan birini miss Emili vaxtilə emalatxanaya çevirmişdi, polkovnik Sartorisin yaşıdlarının qızları, qız nəvələri bazar günləri əllərinə iyirmi beş sent nəzir pulu verilib göndərildikləri kilsəyə hansı həvəslə yollanırdılarsa, eyni həvəslə də bu otağa dərs almaqçün gəlirdilər. Vergidən də miss Emili məhz o vaxtlar azad olunmuşdu”.
davamı növbəti sayımızda...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

