Materiyanın çürük zənciri
27.11.2025 [09:57]
Saday Budaqlının “Fevral” povesti haqqında
əvvəli ötən saylarımızda
Həqiqətən, eqosundan yarımış, narsis xəstəliyinə tutulmuş zavallılar adamdan dilənçi payını da minnətlə alarlar - guya aldıqları sədəqəni özlərinin nəfi üçün yox, sədəqə verənin xeyri üçün, onun mərtəbəsini Allah yanında ucaltmaq, onun verdiyi qəpiyi ilahi administrasiyada sığorta pulu kimi qeydiyyatdan keçirmək üçün götürürlər. Onlar başqasına dəyən zərərin müqabilində ondan ziyana düşdüyünə (yəni günah özündə olduğuna) görə haqq istəyərlər, halallığını başına qaxmaq üçün düzlərin aldanışına sevinərlər, dürüst insanı əfəl, mağmın sayarlar. Onlar təmənnasız yaxşılığın düşmənidirlər, insanın heç bir nəf güdmədən yaxşılıq eləyə biləcəyinə dünyasında inanmazlar, ona görə də ya axtarıb o yaxşılığın arxasında duran gizli niyyəti “taparlar”, ya da onu özlərindən uydurarlar. Onlar başqasına olunan yaxşılığı özlərinə vurulan zərbə kimi, ziyan kimi qavrayarlar, özgənin qazancını özlərinin iflası, başqasının ucalmasını özlərinin tənəzzülü sanarlar. Onlar insan əzabıyla qidalanarlar, bütün yaxşılara, yaxşılıqlara çirkab yaxmaqdan həzz alarlar.
Bir sözlə, onlar qarşılarına qoyulan dolu qabı boş qaba çevirəndən sonra o boşqabı içinə tüpürməmiş yiyəsinə qaytarmazlar. Bütün bunlarla bərabər özlərini hamıdan təmiz, hamıdan məğrur, hamıdan haqlı tutmağa çalışarlar. Qəhrəmanımızın kiçik qardaşı da belə tiplərdəndir - öz aləmində guya cənnətə gedir, fəqət getdiyi cənnəti ailəsi uğrunda oduna yaxıldığı cəhənnəm kimi qələmə verir.
***
Ancaq əsərin qəhrəmanı özü də xudbin emosiyalardan məhrum deyil, sadəcə, onun eqoizmi, necə deyərlər, xoşməramlı, xoşxassəlidir. O da başqalarının ondan asılı qalmağını, başqaları üzərində hökm sürməyi arzulayır, çünki sevgini yalnız bu yolla qazanmağın mümkünlüyünə inanır. Başqasının bədbəxtliyi onu da xoşbəxt eləyir, intəhası o, bədbəxtin başından basmaqla yox, bədbəxtə əl uzatmaqla, onu öz mərhəmətinə möhtac qoymaqla təskinlik, təsəlli tapır: “Demə, bütün ömrü boyu bunuca - kimlərinsə səndən asılı olduğunu, necəsə sənə ehtiyacı olduğunu hiss eləməkcə adama rahatlıq gətirirmiş. Çünki onda səni sevdiklərinə sözsüz-söhbətsiz inanırsanmış. Yəqin bu rahatlığa görə uşağı balaca vaxtı çox istəyirsən; bilirsən ki, döysən də, söysən də, səndən üzü dönməz, ətəyini buraxmaz, bir az sonra yenə üstünə qaçacaq, sənin qucağında kiriyəcək”.
Bacısı itkin qardaşlarının oğlunun toyuna gedib qayıdandan sonra qəhrəmanımız intizarla gözləyir ki, bacı toyda onun yerinin göründüyündən yana-yana danışacaq, getmədiyinə görə onu ərkyana qınayıb kövrəldəcək. Onun təsəvvüründə Lüdmila da, oğlu da çətinliklə yaşayırdılar, mütləq əmi himayəsinə ehtiyacları vardı. Di gəl: “Bacısı getdi, qayıtdı, toydan, Lüdmilanın yaxşı güzəranından, toyda qardaşıyla görüşdüyündən ağızdolusu, sevinclə danışdı, xəbəri də yoxdu ki, o, içini yeyir, öz axmaqlığına gülür. Çünki əvvəllər Lüdmilanın, qardaşının həyatını asanca təsəvvürünə gətirirdi, təsəvvürünə gətirib hallarına acıyırdı, elə bilirdi onlar üçün dünyada hər şey itirilib, oturub-durub keçmiş günləricə xatırlayırlar, onları yaşadan, çəkib aparan da həmin günlərin sevincidi. Demə, belə fikirləşməklə, hallarına acımaqla təsəlli tapırmış, öz dərd-sərilə təkbətək qalmamaq üçün başını qatırmış. Qardaşının qayıdacağından əlini üzdüyündən gündən-günə hələ lap xeyirxah olurdu, qardaşına lap yazığı gəlirdi, hətta qayıtmağını arzulayırdı, qayıtmayacağına inandığına görə arzulayırdı; atasının dəfninə də gəlməyən adam sonra nə üzlə qayıdacaqdı ki?!”
Göründüyü kimi, əsərin qəhrəmanı yaxşılığa, mərhəmətə, fədakarlığa eqosunun yemitək ehtiyac duyur, onun xudbinliyi heç də qardaşının eqoizmindən geri qalmır. Fərq burasındadır ki, qardaşının eqosu xudbin emosiyaların mənfi qütbündə, onun eqosu isə - müsbət qütbündə qərar tutub. Bu qardaş qütblər gecəylə gündüz, qarayla ağ kimi bir-birini tarazlayır, bir-birini tamamlayır, bir-birini yenidən yaradır. Doğrudan da, bu dünyanın xeyri-şəri birini içəridən, o birini kənardan seyrə daldığımız, adlarını belə bilmədiyimiz bu iki qardaş qədər bir-birinə qardaşdır.
***
Əsər boyu qəhrəmanımız öz ömrünü gözdən keçirir, bir növ özünə hesabat verir, xatirələrini arıtlayır, olmuşlarla ola biləcəkləri tərəziyə qoyur: “Daha onu da bilirdi ki, eləyib-eləmədiklərinə görə özünü üzməyə dəyməz, çünki necə yaşasan da, vaxt özüylə peşmançılıq gətirir, anlayammırsan nə yaxşıdı - yanından ötüb keçdiyin, yoxsa çatdığın. Bu gün inandığına da sabah şübhə eləyirsən, əlin hər yerdən üzüləndə heç nədən yenə özünə bir ümid yaradırsan, indi də onun arxasına düşürsən. Bütün ömrü beləcə ümidlə şübhə arasında keçdi... Gərək bunları vaxtında başa düşəydi, yaddaşın unutqanlığına inanaydı, başa düşəydi ki, yalanla həqiqət eyni şeydi - hər şey olan anda həqiqətdi, bir an sonra yalan. Yalan olduğuna görə də olub keçəni öz ömrü kimi xatırlayammır, elə bil ayrı-ayrı illəri, günləri ayrı-ayrı adamlar yaşayıb...”
Əgər yalanla həqiqət eyni şeydirsə, bütün olanlar bir an sonra yalana çevrilirsə, demək, həqiqət yoxdur, hər şey elə yalandır - yalan dünya, yalan həyat, yalan sevgilər... Bircə ölüm yalan deyil, gerçək olan tək ölümdür, fəqət o da yoxluq deməkdir - gerçək saydığımız şey əslində yoxdur. Onda belə çıxmırmı ki, həyatın iki üzündən biri kimi ölüm özü də yalandır? Axı yox bildiyin şeyi nə deyə var sayasan?..
Fəlsəfədən çox da xoşlanmayan müəllifin qayığı bu məqamda qədim yunan zahidlərinin toplaşdığı Stoya limanına yan alır. Stoiklər deyirdilər ki, insan doğulduğu gündən ölməklə məşğul olur, ötüb keçmiş illərimiz, yaşanmış ömrümüz artıq bizimki deyil, uşaqlığımız, gəncliyimiz də biz deyilik, çoxdan ölüb getmiş bir başqasıdır. Antik Roma filosofu, stoisizmin ən uca zirvəsi Seneka opponenti Lutsiliyə məktubunda yazırdı: “Bizim bədbəxtliyimiz ondadır ki, ölümü yalnız irəlidə görürük, amma ölümümüzün çoxu artıq geridə qalıb - axı ömrün ötüb keçmiş illəri ölümə məxsusdur”.
Mövlana Cəlaləddin Rumi bu gerçəyi bir başqa cür ifadə eləyirdi: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Yəni bu nəfəsdə artıq bundan bir nəfəs əvvəlki adam deyilik, hər nəfəs alıb-verəndən sonra ölüb, aldığımız hər yeni nəfəsdə dünyaya yenidən gəlirik. Bu minvalla canlıların həyatı bir an ara vermədən özünü öldürməkdən, zamanın gözəgörünməz anlarını dəyirman kimi üyüdüb, şüursuz bir istəklə gələcəyə - ölümə can atmaqdan ibarətdir.
Ramiz Rövşən isə “Süd dişinin ağrısı” poemasında belə yazır:
Ayağımız yer tutandan eləcə
Adladıqca ildən-ilə ölürük.
Bu dünyada birdəfəlik ölüncə
Allah bilir neçə kərə ölürük.
Bir nazlı xanıma çevrilən kimi
bir gözəl qız ölür, mənim balam.
Bığ yeri tərləyən kimi
bir dəcəl uşaq ölür.
Bu dünyada az yaşayan
az ölür, mənim balam,
Bu dünyada çox yaşayan çox ölür.
Görən olmur ölənlərin qanını,
Biz ki sağıq, sağ adama kim ağlar?
Kim nə bilir,
əl-ayağı tir-tir əsən bu qarı
bir nazlı xanımın alıb canını,
Bu yazıq qocanın donqar belində
ucaboylu bir cavanın qəbri var...
***
“Fevral”ın məchul qəhrəmanı da həyatının mərhələlərini ayrı-ayrı adamların ömür kitabından fəsillər kimi xatırlayır:
“...Ayrı bir adam haçansa uşaq olmuşdu, səhər-səhər yerindən durub yuxulu-yuxulu ata-anasının yanına qaçmağı xoşlayırdı, aralarında uzanıb nazlanırdı, xətrinə dəyəndə, nədənsə inciyəndə acıq eləyib küsürdü, bilirdi ki, gəlib könlünü alacaqlar, qılığına girəcəklər, əvvəlkindən daha çox əzizləyəcəklər...
...Bir dəfə evdə adam çox olduğundan Vəliylə onu yatızdırmağa qonşuya apardılar. Onların da tək qalmaq ürəklərindəniydi; yerlərinin içində oynayırdılar, gülürdülər, yastıqları bir-birinə tullayırdılar. Qəfil ataları otağa girdi, acıqlı-acıqlı üstlərinə qışqırdı ki, sakit olsunlar, gülməsinlər! İkisi də elə bil bir himə bəndiydilər, səs-səsə verib ağladılar. Onda ataları da durub-durub birdəncə ağladı, onları qucaqlayıb, ağlayın, dedi, siz də ağlayın, ananız ölüb...
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17

