Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Dili yuxudan oyatmaq

Dili yuxudan oyatmaq

06.04.2022 [10:16]

Bu, həm də mürgülü dəyərləri qəflətdən ayılda bilər

F.Uğurlu

Atamın anası Rəhimə nənəm rəsmi adı çərşənbə axşamı olan ikinci günə tək günü, şənbəyə cumertəsi (cuma ertəsi) deyərdi. Bir işə başlayacaqdıqsa siftəni bu iki günün birində eləməliydik, yoxsa nənəm göyü başımıza uçurardı. Yayın ortalarında, həmin o düşərli günlərin birində məni kənd uşaqlarının səfindən qəfil ayırıb deyərdi: “Kərəntini götür get biçənəyi yarala”. Ola bilsin, əsas işə bir-iki gün sonra başlanacaqdı, ancaq siftə ya tək günü, ya da cumertəsi olunmalıydı.

Dil məsələsində çətinə düşəndə həmişə nənələrimi gözümün önünə gətirirəm: nənəm bunu necə sapa düzərdi? Məsələn, Səriyyə nənəm bir qadının, qızın qonşudan nəsə oğurladığını eşidəndə çox heyrətlənər, çox da əsəbiləşərdi, “arvada pozğunluq (belə də yox, bu əməli öz adıyla çağırardı) gəlib, amma oğurluq gəlməyib” deyərdi. Məncə, bu sözlər oğurluğun qadın üçün nə qədər böyük qəbahət olduğunu sərrast ifadə eləyir.

Bir dəfə köçkün qohumlarımın yaşadığı bölgəyə yasa getmişdim. Qonşu comalaqdan (bu sözü lüğətlərdə axtardım, tapmadım - bir-birinə sığınmış, qapısı bir səmtə, bir mətəyə (bu dəyərli sözün də fərli-başlı izahına sözlüklərdə rast gəlmədim) açılan bir neçə alaçıqdan, ya evdən ibarət yurda deyilir) başsağlığı verməyə bir kişi gəlmişdi, o da kəndimizə yaxın kəndlərin birindən qaçqın düşənlərdəniydi. Söhbət əsnasında bəlli oldu ki, kişinin gəlini ağır xəstədir, başında yaman şiş tapılıb. Ondan bir ümid yeri olub-olmadığını soruşanlara kişi əlini sinəsinə aparıb belə cavab verdi: “Yox ey, həkim deyir şiş uçuqlayıb enib burasına”. Yəni metastaz verib.

Həkimin palatadakı xəstələrə baş çəkməsini xəbər vermək üçün söz tapmırıq, həkim “obxod elədi” deyirik. Halbuki bəzi bölgələrdə varlığını indiyəcən qoruyub saxlamış “bulğanmaq” kimi unikal sözümüz var, şəklindən, şəkilçisindən də görünür ki, tərtəmiz türk sözüdür, “bulmaq” feilindən törəyib. Xəstəxanada yatan köhnə dostumu yoluxmağa getmişdim, həyətdən zəng vuranda dostum aran Qarabağın şirin ləhcəsiylə “Qoy həkim bulğansın getsin, sonra gələrsən” dedi. O gün-bu gün o sözün dadı damağımdan getməyib.

Evi köçürəndə maşına vurduğumuz yükə “veş-vüş” deyirik, ancaq el o cür danışmır, dil yaddaşını toz basmamış el adamı belə deyir: “Evin ağırlığını yüklədik bir maşına”. “Ağırlıq” deyəndə o, mebeldən tutmuş iynə-sapa qədər evdəki bütün əşyaları nəzərdə tutur.

Bir sürtük adamın xarakterini ifadə eləmək üçün deyirlər ki, bunun üzü “podoşlaşıb”. Halbuki Azərbaycan dilində Süleyman Rəhimov, Sabir Əhmədli, Əli Əmirli kimi yazıçıların əsərlərində nəfəs verilən “silinsimək” (yəni sürtülmək, bərkimək, daşlaşmaq) feili var. Belə sözlərə dialekt, arxaizm damğası vurub ədəbi dildən qovmaq əsla yolverilməzdir.

Dilimizdə bir “töyəcimək” feili də var, ayrı bölgələri deyə bilmərəm, Qarabağda, Qərbi Azərbaycanda işlənən sözdür. “Səndirləmək” feiliylə bu feilin arasındakı məna fərqi təxminən “axsamaq”la “taytımaq”arasındakı fərq qədər olar. Yazıçı Mövlud Süleymanlı ötən əsrin doxsanıncı illərində belə unudulmuş sözlərdən əl boyda bir lüğət tərtib eləmişdi, yadıma gəlir ki, həmin lüğətdə bu sözün də izahını vermişdi.

“Salxım” sözünün mənasını hamı bilir, ancaq əminəm ki, Bakı küçələrini eninə-boyuna əliçıraqlı gəzsək, “bandaq” sözünün nə anlam verdiyini bilən on nəfər tapılmaz, bilənlər də yaşlı nəslə mənsub adamlar olar. Halbuki bir zaman ədəbi əsərlərimizdə, məsələn, Mir Cəlalın nəsrində işlənmiş sözdür, özü də bir neçə salxımın asıldığı budağa deyilir.

Çağdaş ədəbiyyatımızın, jurnalistikamızın dili təməlindən, qaynağından çox uzaqlaşıb. El yaddaşında, dialektlərdə, bədii əsərlərdə mürgüləyən, dustaq saxlanan, ədəbi dilə gəlişinə qeyri-rəsmi yasaq qoyulmuş sözləri, ifadələri diriltmək, dəbərtmək, dirçəltmək, ilk növbədə, ədəbiyyatın vəzifəsidir; ancaq müasir ədəbiyyatımız bu işin öhdəsindən gəlməyə, çox güman, qadir deyil, çünki onun dilimizi formalaşdıran mənbələrlə (istər yazılı olsun, istər şifahi) əlaqəsi ya itib, ya da çox zəifləyib. Hətta ədəbi dil gülüstanına yol tapa bilməyən qələmçilər ağzı ətə çatmayan pişiyin açdığı cığırla çox uzaqlara gedib, bədii əsər yazmaq üçün dilə ehtiyac olmadığı barədə mülahizələr yürütməyə də özlərində cəsarət tapırlar. Necə deyərlər, dəli zorlu, nadan cürətli olar.

Fəqət uşağa da bəllidir ki, ədəbiyyat hər şeydən əvvəl dil hadisəsidir. Təcrübəmə əsasən əminliklə deyə bilərəm: irili-xırdalı qələm adamları arasında sorğu keçirsək, mütləq əksəriyyəti “ölət” sözünün mənasını bilməz, halbuki “epidemiya” sözünün ana dilimizdə qarşılığı olan bu söz klassik ədiblərimizin yaradıcılığında dönə-dönə işlənib. Məsələn, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının məşhuri-cahan baş qəhrəmanı müştəri qıtlığından gileylənəndə piştaxta üstündə qalmış mallara işarəylə belə bir cümlə işlədir: “Deyəsən ölətdən qırılanların sovxasıdır”. Bu kəlmənin eynən rus dilindəki “çuma” sözü kimi söyüş çaları da var: Qubadlının işğalı günü itkin düşmüş sinif yoldaşım, unudulmaz qardaşım Ələddin mənə acıqlananda şirin-şirin “Ölətsən ey, ölət!” deyərdi (yeri gəlmişkən, məndən olsaydı, Alber Kamyunun məşhur romanını dilimizə bu adla çevirərdim, çünki “Taun” sözünün Azərbaycan dilində söyüş, qəzəb çaları yoxdur). Bəzi mərhum tənqidçilərin haqlı olaraq dilin okeanı saydıqları Süleyman Rəhimovun da buna örnək cümləsi var: “Bəs niyə öldürmədin o öləti?..” Ədəbi dilin qapıları bu kimi sözlərin üzünə yenidən açılmalıdır.

Dil millətin ruhunda cövlan eləyən həyat selinin (Anri Berqson), kollektiv təhtəlşüurun (Karl Yunq) tərcümanıdır, biz dil vasitəsilə o kanala qoşulandan sonra beynimizə ruhani aləmdən klassik Şərq şairlərini sərxoş hala salan ilahi informasiya dalğaları - intuisiya axır. Bundan sonra müəllif o nəhəng gücün əlində sadə bir yazı alətinə, Paskalın sözüylə desək, düşünən əsaya dönür. Dahi şair Boris Pasternakın dünya şöhrətli “Doktor Jivaqo” romanında deyildiyi kimi, belə məqamda yazıçının qarşısındakı əsəri dil özü yazır. Əxlaq da, mənəviyyat da, milli, bəşəri ruh da, vəhy də, ilham da - hamısı oradan gəlir. O kanala qoşulan gənc tərbiyəli olar, ləyaqətli olar, millətini sevən olar. Mən çox xoşbəxtəm ki, uşaqlığım söz-sənət, folklor dəryasında üzməklə keçib; başqa nümunələr bir yana, təkcə “Koroğlu” dastanını dördüncü sinfə qədər dörd dəfə oxumuşdum, dastandan bir çox məqamı, neçə-neçə şeiri indi də əzbər bilirəm. Demişəm, yenə deyəcəm: bəli, zövqlə əxlaq arasında birbaşa bağlılıq var, zövqü mükəmməl olanın əxlaqı da kamil olar. On bayatı, beş təcnis, bir dastan oxumuş gənc gecə saat dörddə bardan sərxoş qafası qucağında çıxıb başsız ayağıyla maşına qaz verməz, ağır iş günündən sonra dərin yuxuya dalmış zəhmət adamlarının dincliyinə haram qatmaz, ayaqlarından başqa minməyə bir şeyi olmayan sadə insanların yanından yelli ötməz. Ana dilimizin şəhdi-şəkərindən, milli yaddaşımızın köklərindən bixəbər olan belə dibçək məhsullarının pak dilimizi küçə jarqonuna çevirməsi üzündən camaatımız neçə-neçə ağır yüklü feilimizi dilə gətirməkdən utanır (gördüyünüz kimi, mən də o başıbəlalı sözləri sadalamaqdan çəkinirəm, çünki bu bədnam prosesin ta uşaqlığımdan şahidiyəm).

Bayatı-dastan demişkən, dilin arealına soxulmuş casus sözlər, ifadələr, gəlmə intonasiya, yad sintaksis folklor müstəvisinə çəkiləndə dərhal özünü ələ verir. Çünki folklor millətin ruhunun ən saf, ən bakirə yeridir, o səbəbdən haram, zina götürməz. Məsələn, mənə belə bir dastan cümləsi versələr, qəbul eləmərəm: “Koroğlu gördü ki, rəqib çox hiyləgərdir”. Üzdən baxanda bu cümlənin nöqsanı yoxdur, kökü, budağı, yarpağı - hamısı yerindədir. Ancaq bu, oxucunu coşduran, həyəcanlandıran, qəmləndirən, havalandıran, bir sözlə, haldan-hala salan “Koroğlu” dastanına layiq cümlə deyil. Gəlin o cümləyə yüngülcə əl gəzdirək: “Koroğlu gördü, yox, hərif yaman fəndgirdi”. Bir balaca düzəlişlə fars sintaksisi dönüb oldu türk sintaksisi.

Yaxud da məşhur bayatımıza nəzər yetirək. Onu adətən bu cür yazıb oxuyurlar:

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

İndi gəlin bunu da “milliləşdirək”:

Bu qala bizim qala,

Durduqca (qaldıqca) bizim qala,

Tikmədim özüm qalam,

Tikmişəm izim qala.

Məncə, izaha ehtiyac yoxdur, fərq göz qabağındadır. Bircə bunu qeyd eləmək istərdim: folklor dilində “və”, yaxud da “ki” bağlayıcısı işlənibsə, demək, o dil quramadır, eldən gələn dil deyil.

Ana dilimizin potensialını oyatsaq, o dilin arxasında mürgüləyən dəyərləri də yuxudan ayıltmış olarıq. Bu gün buna ehtiyacımız çoxdur, şair demiş, bilməsək dil, əlacımız yoxdur...

P.S. Avtobuslarında səsləndirilən elanlara qulaq asmaq gerçəkdən işgəncədir: “İctimai nəqliyyatdan istifadə edərkən tibbi maskadan istifadə edin...”; “Qəza zamanı sürücü əyləci qəfil basdığı zaman...”; “Avtobusla səyahət edərkən...” Hamımızın mülkiyyəti olan ana dilimizi bu kökə salmağa kim bunlara ixtiyar verib? Görəsən, o boyda şirkətin əllicə manatı olmayıbmı ki, bir dilbilənə verib bu əcaib mətnlərə əl gəzdirtsin? Əl gəzdirməklə də iş bitmir, bu elanlar Azərbaycan dilinə tərcümə olunmalıdır...

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30