Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Bəzəkli, yoxsa anlaşılan?

Bəzəkli, yoxsa anlaşılan?

21.04.2022 [10:40]

Dil qaydalarında problem çözülməlidir

Əvvəli ötən sayımızda

Fəxri Uğurlu: Türkiyədə, bir çox başqa ölkələrdə dil qurumları fəaliyyət göstərir, bütün bu məsələləri nəzarətdə saxlayır. Bizdə də bu praktikadan yararlanmaq olmazmı?

Nadir Məmmədli: Sabir Rüstəmxanlı belə bir qurum yaratmışdı, yanılmıramsa.

Şahlar Göytürk: O, qeyri-hökumət təşkilatı idi.

Fəxri Uğurlu: Bəs dövlət səviyyəsində belə bir qurumun yaradılmasına ehtiyac varmı, sizcə?

Şahlar Göytürk: Bu işi Dilçilik İnstitutu da, Monitorinq Mərkəzi də həyata keçirə bilər. Yeri gəlmişkən deyim ki, Monitorinq Mərkəzi Azərbaycan Respublikasında dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin eləyən hüquqi şəxsdir. Ona dil polisi də deyirlər. Biz sözləri pasportlaşdırmalıyıq. Bütün sahələr üzrə dilə saysız-hesabsız terminlər, sözlər gəlir. Əgər dükanlara yaxınlaşıb onların əmtəə məhsullarının adlarına baxsaq, dəhşətə gələrik. Orada Azərbaycan dilindən əsər-əlamət yoxdur.

Nadir Məmmədli: Bunlar bir atımlıq barıtdır, gəlir, gedir. Burada ekzotikanın da böyük rolu var. Əfqanıstan müharibəsini xatırlayaq. Rus dilində “vraq”, “protivnik” kəlmələri olsa da, onlar əfqan mücahidlərini “duşman”, “mocaxed” adlandırırdılar.

Şahlar Göytürk: Varvarizmlərdir, ekzotik sözlərdir, bunlar dilçilikdə ayrıca sahələrdir. Bunları biz alınmalardan fərqləndiririk.

Nadir Məmmədli: Şahlar müəllim, başqası desə də, siz bunu deməyin - alınma söz dilə lazım olan sözdür. O dediyiniz əcnəbi sözlərdir.

Fəxri Uğurlu: Min ildir ərəb sözləri lüğətimizi zəbt eləyib. Bəs bununla necə mübarizə aparaq?

Nadir Məmmədli: Biz onların alınma olduğunu artıq çoxdan hiss eləmirik, o sözləri biz özümüzünküləşdirmişik.

Fəxri Uğurlu: Olmazmı “təyyarə” sözüylə paralel, məsələn, “uçaq” da işlədək?

Nadir Məmmədli: Dünənə qədər “vertolyot” deyirdik, indi “helikopter” deyirik.

Fəxri Uğurlu: Vaxtilə Anar “dikuçar” variantını təklif eləmişdi.

Nadir Məmmədli: Turnir cədvəlinin lap aşağısında yer alan komandaya “autsayder” deyirik. Yaxud Milli Məclisin sədrinə “spiker” deyilir. Bunlar beynəlxalq aləmdə tanınan sözlərdir, onların gəlişi bizə ziyan vurmur, əksinə, dillərin inteqrasiya olunduğunu göstərir.

Qulu Məhərrəmli: İstərdim söz yaradıcılığı məsələsinə qayıdaq. İndi alınma, əcnəbi dediyimiz sözlərin alternativini yaratmaq gülünc görünə bilər. Çünki filan əşyanı, ya predmeti ifadə eləyən o sözlər artıq şüurumuzda oturuşub, iz qoyub.

Fəxri Uğurlu: Dərd burasındadır ki, “təyyarə” yazsaq da, dildə “samolyot” deyirik. Amma “uçaq” deməyə razılaşmırıq.

Qulu Məhərrəmli: Bunları bir sıra hallarda paralel işlədirik, məsələn, “vəziyyət”lə yanaşı “durum” da deyirik. Dil özünəməxsus şəkildə nehrə kimi çalxanıb bu sözləri öz yerinə oturdur. “Siyasi durum” deyə bilmirik, çünki “vəziyyət” daha yaxşıdır, ancaq “hava durumu” deyəndə gör söz necə rahat oturur yerinə. Burada təbii ki, ahəng qanununun da rolu var.

Fəxri Uğurlu: Yeri gəlmişkən, “siyasi elmlər doktoru” ifadəsi düzgündür?

Şahlar Göytürk: Yanlışdır. Mənə elə gəlir rus dilindən kalkadır.

Qulu Məhərrəmli: Mən indi siyasi terminlər lüğəti hazırlayıram. Siyasi elmlər, siyasi həyat deyəndə bura nəyi aid eləyirik? Politologiya, diplomatiya, müəyyən mənada hüquq, fəlsəfə - bunlar hamısı siyasətin içərisindədir.

Fəxri Uğurlu: Siyasətşünaslıq elmləri doktoru desək olmaz?

Qulu Məhərrəmli: Olmaz, çünki siyasətşünaslıq konkretdir, birbaşa politologiyadır, siyasət haqqında elm deməkdir. Amma siyasi elmlər deyəndə bura çox sahələr girə bilir. Qayıdaq bayaqkı söhbətə: alınma sözlərin qarşılığını yaratmaq çox ciddi yaradıcı prosesdir, bir institutun, bir mərkəzin öhdəsindən gələ biləcəyi iş deyil, bu məsələdə ölkənin bütün intellektual potensialından istifadə olunmalıdır.

Nadir Məmmədli: Publisistika bu məsələdə başqa sahələri üstələyib. Ola bilər sən yaradıcılıq prosesində elə bir maraqlı söz taparsan, yayılar, yaddaşlarda qalar. Ancaq bilərəkdən oturub söz quraşdıranda bu alınmır.

Fəxri Uğurlu: Gəlin Türkiyə nümunəsini xatırlayaq. Osmanlı imperiyası tarixə qovuşandan, cümhuriyyət qurulandan sonra bütün sahələrdə, o cümlədən dil, dilçilik sahəsində islahatlara başlandı. Biz də bir imperiyanın şinelindən çıxmışıq, otuz ildir müstəqilik, ancaq bu tarixi proses dilimizdə öz əksini, demək olar, tapmayıb...

Şahlar Göytürk: Əvvəla, mən bayaqkı sualınıza qayıdıb demək istəyirəm ki, bir çox ifadələr dilimizə sovet dövründə kalka yoluyla gəlib. Siyasi elm olmaz, siyasət elmi olar, iqtisadi elm olmaz, iqtisadiyyat elmi olar, elmi şura olmaz, alimlər şurası olar, Milli Məclis olmaz, Millət Məclisi olar. Bu gün Türkiyə universitetlərində osmanlı dili ayrıca tədris olunur. Anadolu türkcəsi Türkiyə türkləri üçün də, bizim üçün də ortaq dildir. Bizim ədəbi dilimiz şərqi Anadoluda formalaşıb, “Dastani-Əhməd Hərami”, “Vərqa və Gülşa”, “Mehr və Müştəri” kimi bir çox klassik əsərimiz həmin bölgədə yaranıb. Türkiyə türkcəsindən gələn, ancaq özümüzdə kökü olan öztürkcə kəlmələr alınma sayılmır, hərçənd bu gün bizdə ona qarşı da bir qıcıq var. Məsələn, “dartışmaq” sözünü götürək, izahlı lüğətdə bunun hərfi mənada izahı verilib, ancaq eyni zamanda, bu sözün məcazi mənası da var ki, türk dilində geniş işlənir. Bəzən sosial şəbəkədə belə məsələləri qəsdən müzakirəyə çıxarıram, baxıram ki, müzakirəyə qoşulanların doxsan doqquz faizi bu sözü elə “mübahisə etmək” anlamında başa düşür, artıq o semantika oturub dilə.

Nadir Məmmədli: Siz axı alınma söz işlətməkdən niyə qorxursunuz? Burada iki məsələ var: birincisi odur ki, bizim cəmiyyətimizdə nə o əşya var, nə o anlayış var, nəsə bizim təfəkkürümüzə, dilimizə yeni gəlir, bunu biz götürməyə məcburuq. Məsələn, ötən əsrin doxsanıncı illərində “brek” rəqsi gənclər arasında çox populyar idi. Xaricdən gəlmiş bu rəqs növünə biz nə ad verə bilərdik? Bir də var ki, alınma sözün dildə qarşılığı ola-ola onu dövriyyəyə buraxasan. Məsələn, klassik ədəbiyyatımızda, o cümlədən Üzeyir bəyin “O olmasın, bu olsun” komediyasında işlənən “dəllal” sözünün yerinə indi broker işlədilir.

Qulu Məhərrəmli: Bəziləri belə düşünür ki, dəllal sözünün mənfi çaları çoxdur, broker mədəni səslənir.

Şahlar Göytürk: Nadir müəllim, mən alınma sözlərin işlənməsinə mühafizəkar yanaşmıram. Zərdabinin məşhur sözüdür ki, dil terminlərin hesabına inkişaf edir, yəni dünyayla ayaqlaşmaq istəyiriksə, alınma sözlər dilə gəlməlidir. Amma baxıram televiziyaya, aparıcı təməl biliklərə “meynstrim”, ana dili əvəzinə “neytiv lənqvic”, təsəvvür etmək yerinə “iməcin” deyir...

Qulu Məhərrəmli: Səviyyə əvəzinə bəziləri “level” işlədir.

Nadir Məmmədli: Onlar dildə qalmayacaq.

Şahlar Göytürk: Sovet dövründə bəzi alimlər, ziyalılar savadlı görünmək üçün terminlərdən necə istifadə eləyirdilərsə, indiki nəsil də ingilis sözlərindən eyni məqsədlə yararlanır. Daha qızardılmış ət parçasına langet yox, “steyk”, qızardılmış kartofa “fri kartof” deyirlər.

Qulu Məhərrəmli: Bu gün dildə ən ciddi problemlərdən biri orfoqrafik xaosun yaranmasıdır. Dil daşıyıcısıyla sözün arasında çox böyük uçurum yaranıb. Mən yaşda adam yazanda hər ehtimala qarşı yenə lüğətə baxıram, çünki gəlmə sözlərə o qədər hücumlar olub, o qədər mənasız təkliflər olub ki, onu dəyişək, bunu dəyişək, filan sözü mənbə dildəki kimi yazaq... Dildə bu qədər eksperiment aparmaq olmaz. Təklif verəndə düşünməlisən ki, bu, xalqın yüz illərdən bəri işlətdiyi sözdür, bu qaydaları bizdən əvvəl qoyublar, onları gülünc, qondarma qaydalarla əvəzləmək olmaz. Bəli, dil mühafizəkarlıq sevir. İngilis, ya fransız orfoqrafiyası əsrlər boyunca nə qədər dəyişdirilib? Bizdə gündə bir təklif verilir, gündə bir qayda qoyulur. O təklifi kimsə özü üçün səsləndirə bilər, amma akademik elmi-tədqiqat müəssisəsi buna çox ciddi yanaşmalıdır. İndi də orfoepiya ilə bağlı təkliflər irəli sürülüb. Mən Monitorinq Mərkəzinin açdığı müzakirədə də dedim, o qayda ki, artıq insanların beyninə hopub, təfəkküründə oturuşub, biz onu dəyişdirməli deyilik. Yeni gələn sözlərə, bəli, təzə qaydalar tətbiq eləyə bilərik, çünki artıq bu sözləri rus dili vasitəsilə deyil, birbaşa alırıq. Amma bu yeni qaydaların geriyə tətbiqi, dildə çoxdan özünə yer eləmiş sözlərə təsiri olmamalıdır.

Fəxri Uğurlu: Yeri gəlmişkən, həmin oturuşmuş sözlərdən biri - dilimizdə çoxdan işlənən “acınacaqlı” sözü var, özü də tərtəmiz türk sözüdür. Ancaq bu söz nədənsə mənə qondarma görünür. “Ağlamalı” varsa, “gülməli” varsa, acımalı niyə olmasın?

Şahlar Göytürk: Biz o şəkildə yanaşsaq məsələyə...

Qulu Məhərrəmli: ...Onda gərək çox sözü dəyişdirək.

Nadir Məmmədli: Narahat sözündən “narahatçılıq” kimi süni söz düzəldiblər. Halbuki “-çı” şəkilçisi peşə, sənət bildirən şəkilçidir, onu hər sözə calamaq olmaz.

Fəxri Uğurlu: Tikinti obyektlərini əhatələyən hasarların üstünə də belə yazırlar: “Müvəqqəti narahatçılığa görə üzr istəyirik”.

Şahlar Göytürk: Mən də bu deyilənlərlə razıyam, ancaq Mirzə Cəlildən üzübəri ədəbi-publisistik əsərlərdə bu cür sözlər işlənib, məsələn, ədibin “Nigarançılıq” hekayəsini yada sala bilərik. Görünür peşə-sənətlə bağlı olan “çılıq” şəkilçisinin bir məcazi mənası da var.

Qulu Məhərrəmli: Muxtar Hüseynzadə bunun həm də keyfiyyət bildirən şəkilçi olduğunu deyir.

Nadir Məmmədli: “-çı” şəkilçisini çıxaranda məzmun dəyişir?

Qulu Məhərrəmli: Dəyişmir.

Nadir Məmmədli: Demək, onu çıxarmaq lazımdır. Baxın, biz əczaxana deyə bilərik, ancaq nə deyirik - aptek. Latın dilində sözün kökü nədir - apteka. Bizdə də Əliheydər müəllimin vaxtından belə bir morfoloji qayda var: alınma sözün sonundakı hərfi, ya şəkilçini atanda məna dəyişmirsə, demək, həmin hissəcik atılmalıdır.

Şahlar Göytürk: “İqtidaryönlü” sözüylə “iqtidaryönümlü” arasında hansı məna fərqi var? Təbii ki, ikinci söz qondarmadır.

Nadir Məmmədli: Variantlar dilin normasına təsir göstərmir.

Fəxri Uğurlu: “Saxlanıldı”, “yoxlanıldı”, “bağlanıldı” kimi sözlərə mətbuatda hər gün rast gəlirik. Bu cür sözlərdə ikiqat məchulluğa nə ehtiyac var? “Filankəs polis tərəfindən saxlandı” deyəndə məna dəyişirmi?

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

Prezident bu gün

16 May 10:15

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Ədəbiyyat

Analitik

MEDİA

İqtisadiyyat

101-dən 58...

14 May 10:50

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

14 May 10:00

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31