Heydər Əliyev

Политика

Политика

План «Б»…

20 Май 10:37

Внешняя политика

yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Milli yolun axtarışı

Milli yolun axtarışı

12.05.2022 [11:12]

“Yolumuz hayanadır” romanına bu gündən baxış

Ceyhun Mirzəli

Mir Cəlalın “Yolumuz hayanadır” romanı Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığına həsr olunub. Bununla belə, əsəri XX əsrin əvvəllərində Azərbaycan ədəbi-ictimai mühiti barədə tədqiqat da adlandırmaq olar. Yazıçı bu romanı 1952-57-ci illər arasında yazıb. Bu illər tarixə poststalin dövrü kimi düşüb. Siyasi ab-havanın mülayimləşməsinin müsbət nəticələri keçmiş ittifaq ölkələriylə yanaşı, Azərbaycanda da özünü göstərib. Təsadüfi deyil ki, bu illərdə ulu öndər Heydər Əliyevin sayəsində xalqımız qəhrəman kəşfiyyatçı Mehdi Hüseynzadəyə sahib çıxdı.

Azərbaycandakı millətləşmə dönəmi barədə “Yolumuz hayanadır” sualıyla ortaya qoyulan roman məhz belə bir zamanda meydana çıxdı. Romanın əsas cəhətlərindən biri də ölkənin, xalqın taleyi üçün mühüm bir dönəmdə ziyalı mövqeyi məsələsini qaldırmasıdır. Şamaxıda Məşədi Ələkbər adıyla tanınan şairi öz mühitində qəbul etmirlər. Fəqət onu babi, dinsiz adlandıranlarla yanaşı xeyirxahları da var. Mirzə Abbasqulu, Məsmə kimi şəxslər ona həm maddi, həm də mənəvi baxımdan dayaq olurlar. Müəllif təxəyyülünün məhsulu olan bu personajların Sabirin mühitini anlamaq baxımından xüsusi rolu var.

Məşhəddə, Xorasanda səfərdə olmuş şairin dini bilgiləri yetərincədir. Həyat yoldaşıyla söhbəti zamanı biz bunu aydın görürük. Qurban bayramında Məşədi Ələkbər ət payını axunda yox, ehtiyacı olan dul Məsməyə verir və bu hərəkətini dini əsaslara bağlayır. Bununla müftəxor ruhanilərin dinin təməllərindən nə qədər uzaqlaşdığı da nəzərə çatdırılır.

Mirzə Ələkbər Sabirin çəkdiyi əzablar romanda real boyalarla təsvir olunur. Xəstəliyinin ağırlaşdığı vaxtda şairin “Xəmsə”ni satmaqdan boyun qaçırması epizodu xüsusilə təsirlidir.

Müəllimlik arzusunun ardınca Bakıya gələn Sabirin xarakteri şəhər mühitində daha yaxşı açılır. Bu zaman biz romanda “türkləşmək, islamlaşmaq, müasirləşmək” düst?runun müəllifi Əli bəy Hüseynzadə ilə rastlaşırıq. Onun obrazı Azərbaycan ədəbiyyatında ilk dəfə bu romanda yaradılıb. Əsərdə göstərildiyi kimi, Sabir Əli bəylə qiyabi tanış olub. Şair ictimai məzmunlu ilk əsərlərindən olan “Beynəlmiləl” şeirini məhz Əli bəyin tövsiyəsi ilə qələmə alıb. Çarizmin milli nifaq siyasətinə qarşı müsəlmanları və erməniləri ittihada çağıran bu əsər sülhün bərqərar olunması naminə bir çağırış idi. Əli bəy sonralar bu müraciətə qarşı tərəfin cavab vermədiyini vurğulayırdı.

Bu məsələ romanda Sabirin 1908-ci ildə şəriət müəllimi kimi imtahan verməsi səhnəsində əksini tapıb. Ondan imtahan götürən din alimləri şairin “Füyuzat”da dərc olunan mənzuməsindən, insanları əmin-amanlığa çağırmasından bəhs edib onu alqışlayırlar. Romanda dövrün din alimlərinin “Füyuzat” jurnalıyla əlaqəsinin əks olunması, yazıldığı zamanı nəzərə alsaq, çox cəsarətli addımdır.

Əsərdə Əli bəyin İstanbulu dövrünün Kəbəsi adlandırması diqqəti çəkir. Sabir isə Bakını belə müqəddəs məkan kimi görür. Bu məsələdə mollanəsrəddinçilərlə füyuzatçıların yolu ayrılır. Ə.Hüseynzadənin obrazı “İki müsafir” fəslində daha aydın göstərilir. Onun yola salınma mərasiminə oplaşanların Əli bəyə münasibəti bu cür ifadə olunur: “Onlar Əli bəyi İstanbulda Qafqaz müsəlmanlarının bir konsulu kimi təsəvvür edir, ona çox arzular, ümidlər bəsləyirdilər”. Romanda böyük turançının “Siyasəti-fürusət”, “Nicat məhəbbətdədir” kimi o zaman yasaq siyahıda olan əsərlərinin də adı çəkilir.

Maraqlı məqamlardan biri də Əli bəyin Sabirə münasibətiylə bağlıdır. Romanda bu iki şəxs üz-üzə gəlmir. Sabir Ə.Hüseynzadəylə bağlı tənqidlərini dilə gətirir, lakin qarşılığında Əli bəyin ona qarşı nə sözü, nə də hərəkəti var.

Sabirin bir qələm adamı kimi ətrafında baş verən ədalətsizliklərə qarşı çıxması onun obrazını daha da kamilləşdirir. Mənfi tip olan Hacı Rəsul dul Məsmənin qızı Əntiqəni al dillə Bakıya aparır. Məqsədi Əntiqəni savadlandırmaq deyil, qızın məlahətli səsindən yararlanmaqdır - o, Əntiqəni öz restoranında işlədib qızın hesabına pul qazanmaq istəyir. Əntiqənin qardaşı Bəndalı bundan xəbər tutanda Bakıya gəlir, bacısını buradan uzaqlaşdırsa da, özü həbsə düşür, Hacı Rəsul onu şərlədir. Ailənin dostu Sabir Bəndalının məhkəməsində şahid qismində iştirak etməklə ona yardım göstərməyə çalışır. Həbsdən qaçan Bəndalıya yenə də Sabir dayaq durur, yasovullarla atışmada onun həyatını xilas edir. Şair həm məhkəmədə, həm də döyüş meydanında mərdanəliyini, haqqa sədaqətini sübuta yetirir.

Romanda “Füyuzat” məktəbiylə əməkdaşlıq edən istanbullu Əhməd Kamalın da obrazı yaradılıb. O, Balaxanıda yerləşən “Nəşri-maarif” cəmiyyətinin məktəbinin direktoru olmuşdu. Mirzə Ələkbər Sabirlə, Abdulla Şaiqlə, Abdulla Divanbəyoğluyla yanaşı, mətbuatda əsərləri dərc olunurdu. Ə.Kamalın fəaliyyəti əsasən məktəbdə fəhlə hərəkatına qarşı mübarizə aparması kontekstində təsvir edilib. O, tədris ocağındakı rəsm müəllimi Kostinə, Nəriman Nərimanova qarşı duran dünyagörüşü təmsil edir. Bununla belə, bu real tarixi obraz romanda Əli bəy Hüseynzadə şəxsiyyətinin bir az da açılması baxımından mühüm rol oynayır. Məktəbə çar müfəttişi gələndə Əhməd Kamal Əli bəyin “Hali-Vətən” şeirindən məşhur bəndi oxuyur:

Ucundadır dilimin

Həqiqətin böyüyü,

Nə qoydular deyəlim,

Nə kəsdilər dilimi!

Müfəttiş bundan narahatlıq keçirir, Əli bəyin kimdən şikayətlənməsiylə maraqlanır. Əhməd Kamal vəziyyətdən çıxmaq üçün şeirin cahil şəxslərə ünvanlandığını deyir. Ə.Hüseynzadənin Bakıdan nə üçün getdiyinin gerçək səbəbləri bu mükalimədə ortaya çıxır.

Göründüyü kimi, Mir Cəlalın “Yolumuz hayanadır” romanı sovet dövründə yazılsa da, bu gün də aktuallığını itirməyib. Əsər XX yüzilliyin əvvəllərində Azərbaycanın ziyalı və ictimai mühitində gedən proseslər haqqında dolğun məlumat verir.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31