Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Yaradanı yaradanlar

Yaradanı yaradanlar

14.05.2022 [13:15]

Ədəbiyyatda dini-mistik duyğunun ifadəsi haqqında

Əvvəli ötən sayımızda…

***

Ədəbiyyat xiridarları “Hərb və sülh”ün müəllifindən danışanda “ruhun dialektikası” ifadəsini işlədirlər. Bu deyim altında insanın mənəvi təkamülü, qapalı ruhun öz qabını çatladıb dünyaya açılması, sufi terminiylə desək, vəhdəti-vücud məqamına yetişib kainatın ruhuna qovuşması nəzərdə tutulur. Tolstoyun şah əsərində bu dirilmə prosesi knyaz Andrey Bolkonskinin timsalında mükəmməl ardıcıllıqla təsvir olunub. Şöhrət əsiri olan məncil knyaz ölümün astanasından dönəndən sonra həyatdan daha bir zərbə alır - uşaq üstə can verən arvadını itirir. Qəlbinin qapılarını həyatın üzünə çırpan knyaz Andrey bədbin, qəzəbli vücudunu çiynində duz yükütək daşıyır. Məsum qızın sevgisi onun ölü canını dirildəndən sonra Andreyin mənəvi yüksəlişi başlanır, müharibədə ölümcül yaralanması onu can atdığı mistik aləmə bir az da yaxınlaşdırır. Yuxuda o dünyanın qapıları knyazın üzünə açılır, bu zaman yuxudan ayılan Andrey öz-özünə belə deyir: “Bəli, ölüm oyanmaq deməkdir”. Bu, elə bir məqamdır ki, oradan geri yol yoxdur. Tolstoy qəhrəmanının bu dünyadan qopmağını misilsiz bir ustalıqla anbaan təsvir eləyib.

Əsərin, belə demək olarsa, ikinci baş qəhrəmanı, knyaz Andreyin könül dostu pyer Bezuxov da mənəvi həyat axtarışındadır. Bu axtarış, nəhayət, onun neçə qat cəhənnəmdən keçmiş ömrünü dostunun qırılmış ömrünə calayır, Pyer Andreyin başıbəlalı nişanlısı Nataşayla evlənir. Onların evində knyaz Andreyin ruhu mistik bir varlıq kimi daim dolaşır - kabus kimi yox, qoruyucu mələk kimi. Pyer faktiki öz ömrünü tərk eləyib Andreyin yarımçıq ömrünün davamını yaşayır, onun yetim qalmış oğluna ata şəfqəti göstərir. Knyaz Andreylə Pyer Bezuxovun bu ruhani izdivacı mənə Sokratla Platonun, Şəmslə Mövlananın ilahi təmasını xatırladır.

Tolstoyun təsvir elədiyi savaş da gerçək müharibədən çox ilahi qüdrətin sağ əliylə sol əli, xeyirlə şər arasında baş verən mistik savaş, kosmik qarşıdurmadır. Onun Kutuzovu tarixi Kutuzovdan xeyli fərqlənən, xalq ruhuna, ilahi iradəyə, zərurət qanunlarına sözsüz təslim olan mömin bir qocadır.

***

“İdiot” romanının qaralamalarında Dostoyevski öz qəhrəmanını “knyaz Xristos” adlandırırdı. İsa Məsihin ruhunu iki min il əvvəldən öz dövrünə çağırmaqla yazıçı eksperiment aparır, xristianlıq ideyalarını yaşadığı mühitdə sınaqdan keçirir. Uzaq İsveçrə dağlarındakı müalicəxanadan, ilahi harmoniyanın, əbədi bayramın, yəni cənnətin içindən sıyrılıb gəlib Peterburqda knyaz Lev Nikolayeviç (bu da, məncə, təsadüf sayılmamalıdır) Mışkin adıyla zühur eləyən peyğəmbər cılız cüssəsi, həlim canıyla düşdüyü mühitdə qüvvələr nisbətini kəskin dəyişir. Onun haləsində insanlar özlərini başqa cür aparmağa başlayırlar. Gənc yaşından məsumluğu pozulmuş, əxlaqsız qadın kimi ad çıxarmış Nastasya Filippovna evlənməyə yararsız Mışkinə aşiq olur - onun da prototipi İncilin Maqdalı Məryəmidir. Bu eşq meydanında iblisi təmsil eləyən Roqojin cəhənnəmdən keçmiş qadına dərin ehtirasla bağlanıb. Qanya İvolginsə Nastasya Filippovna ilə karyera xatirinə, himayədarının sifarişiylə evlənmək istəyir.

Beləliklə, Dostoyevski əzabkeş, isterik qadının ətrafında üçbucaq yaradır: bir bucaqdan ona xristian məhəbbətiylə, ikincidən şeytani istəklə, üçüncü küncdən məişət adamının gözüylə baxır. Qəribədir ki, tacir Roqojinin evinə xədimlər gəlib-gedir, orada gizli təriqətə bənzər bir icma toplaşır (iblis həmişə xürafata meyilli olur). Ehtiras mücəssəməsi olan birinin başına belə adamların yığılması təəccüb doğurur, romanın ən sirli məqamı da elə budur: məntiqlə bu gizli icma “xədim” Mışkinin ətrafında dolanmalıydı. Görünür, Dostoyevski öz peyğəmbərinin cismani susqunluğunu fiziki-mənəvi qüsurdan ayırmaq üçün bu üsula əl atıb.

Sonda Tanrıyla Şeytan cənnətlə cəhənnəm arasında vurnuxan qadını bölüşə bilmir. Şeytan vasil olur cəhənnəminə, Tanrı dönür dağlardakı cənnətinə. Orada ağıldan, şüurdan əsər-əlamət yoxdur, çünki ağıla, şüura ehtiyac yoxdur. Qohumu, himayədarı xanım Yepançina onu dindirib-söylətməyə çalışsa da, knyaz buna heç bir reaksiya vermir, heç qadını tanımır da. Məlum olur ki, Mışkini bu dünyaya bağlayan bir sap da qalmayıb daha, knyaz Xristos öz əbədi, şüursuz, zamansız aləminə çəkilib. “İdiot” diaqnozu da ali ruhun bu aləmdəki halının təsviridir.

***

Tomas Mannın “Sehirli dağ” romanı da bizi İsveçrə dağlarına aparır, buradakı vərəm sanatoriyası, əsərin adından göründüyü kimi, mistik məkana tay tutulur. Sanatoriyaya qohumunu yoluxmağa gələn mühəndis Hans Kastorpun üç həftəlik səfəri yeddi ilə qədər uzanır. Ölümün astanası, əbədiyyətin qapısı olan müalicəxanada heç kim heç yerə tələsmir, hamı bilir ki, buradan qurtuluş, geriyə dönüş yoxdur.

Bura Avropanın kiçicik modelidir, burada antik dövrdən üzübəri qoca qitənin sinəsində şırımlar açan baxışlar, dünyagörüşlər üz-üzə, kəllə-kəlləyə gəlir; sanatoriya Platonun akademiyası kimi fikir dəyirmanına bənzəyir, ağlı-qaralı ideyalar üyüdür. Elə bil insanlar bu ölümlü məkana ondan ötrü yığılıblar ki, cürbəcür fikirləri, ideyaları güləşdirib sonradan qeyb aləminə çəkilsinlər. Elə bil ölümcül yaşamaq xəstəliyinə tutulmuş insanların dünyası hansısa fövqəlbəşəri, mistik bir varlığın laboratoriyası, sınaq meydançasıdır.

***

Pasternakın dünya şöhrətli romanında İsa peyğəmbər Doktor Jivaqonun, Maqdalı Məryəm Laranın timsalında yenidən səhnəyə çıxır. Baş qəhrəmanın həkimliyi də xilaskar İsa Məsihin xəstələrə şəfa verməsinə, ölü canları diriltməsinə işarədir. Onun adı qədim slavyan dilindəki dini mətnlərdən götürülüb: “Boq jivaqo, satana mertvaqo”, yəni “Tanrı diri, şeytan ölüdür”.

Pasternak yeganə romanını Dikkens, Dostoyevski ənənəsi üstündə yazdığını deyirdi. Bəllidir ki, Dostoyevski Avropa ədəbiyyatında ideoloji romanın banisi sayılır (hərçənd mən bu təsbitə şübhəylə yanaşıram; məgər psixoloji romanın təməlini qoymuş Stendalın “Qırmızı və qara”sı ideoloji roman deyilmi?). Nə deməkdir bu? İdeyaları obrazlara yükləyib onları qarşı-qarşıya gətirirsən, bəyənmədiyin ideyanı bəyəndiyin əqidəyə uduzdurub bu yolla oxucuya mesajını ötürürsən. Dikkensin romanlarında da bu metoddan gen-bol istifadə olunub; o, bir mömin qələm adamı kimi əsərlərində haqqı nahaqqın ayağına vermir, xeyirlə şərin mübarizəsindən xristianlığın ehkamlarına söykənən tərəfi həmişə qalib çıxarır.

Doğrudur, Pasternakın romanı üzdən baxanda haqq elçisinin qələbəsiylə başa çatmır (ona qalsa İncil də Tanrı oğlunun çarmıxa çəkilməsiylə bitir), ancaq gerçək qələbə həmişə sonra gəlir (mənə görə, İmam Hüseyn Kərbəla döyüşünün, Şah İsmayıl Çaldıran savaşının qalibidir). Doktor Jivaqonun adından qələmə alıb romana əlavə elədiyi şeirlər Pasternak poeziyasının zirvəsidir (hərçənd bir çox ədəbiyyat xiridarı o personajın bu şeirləri yaza biləcəyinə şübhəylə yanaşır), təkcə elə “Milad ulduzu” nəyə desən dəyər. İçinə sığındığı romanla birgə bu şeirlər də İncil ayələri kimi dünyanın yaddaşına qızıl hərflərlə həkk olunub. Mistik əsərlərdə xeyir bütün hallarda qalib gəlir.

***

“Master və Marqarita” Hötenin “Faust” əsərindəki bir mükalimədən doğub. Faust ona əyan olan Mefistofeldən soruşur: “Sən kimsən?” İblis ona belə cavab verir: “Mən daim şəri istəyən, fəqət daim xeyir törədən bir qüdrətin parçasıyam”. Bulqakov da sələfi kimi Şeytanı Tanrının həm şərikinə, həm icraçısına, həm də yardımçısına çevirir, üstəlik Roma cəlladı Ponti Pilatı da Məryəm oğlunun ortağı, işdaşı kimi qələmə verir. Belə olanda ortaya sual çıxır: bəs Şeytana qulluq eləyənlər necə, onlardamı Tanrı xidmətçiləridir?

Məşhur bir rus ədəbiyyatçısı bu romanın Stalinə bəraət üçün yazıldığı iddiasındadır. Əlbəttə, bu, insafsız yanaşmadır. Ona qalsa, bənzər ittihamla Hötenin də yaxasından yapışmaq olar. Burada daha dərin mətləblər var ki, onları sonrakı yazılarda çözməyə çalışarıq. İndi yalnız bir incə məsələnin üstündə durmaq istərdim. Bulqakov özü dərin dini-mistik ab-havayla nəfəs alsa da, avtobioqrafik qəhrəmanını İsa aşiqlərinin qərar tutduğu ən yüksək məqama layiq bilmir. Həvari Matvey Volanda Tanrı oğlunun Masterin əsərini bəyəndiyini, onu dinclik, sükunət aləminə yerləşdirməyi tapşırdığını deyəndə İblis soruşur: “Niyə onu özünüzlə işıqlı qata aparmırsınız?” Matvey cavabında deyir ki, o, ən yüksək məqamı qazanmayıb, o, dincliyə layiqdir.

Bulqakov burada faktiki olaraq zahidliklə dərvişliyin, Budda ilə İsanın fərqini göstərib: dinclik dediyi Buddanın, işıq dediyi İsanın məqamıdır. Öz avtobioqrafik qəhrəmanını, yəni əslində özünü o məqama layiq bilməsə də, inanıram ki, Bulqakov da, onun Məsih haqqında roman yazan Masteri də İsa peyğəmbərin haləsində öz yerini çoxdan tutub.

***

Zahirən sosializm quruculuğundan, yeni quruluşun qayğılarından bəhs eləsə də, Andrey Platonovun başlıca əsərlərinin dərin qatlarında dini-mistik cərəyanlar, gizli axınlar oynaşır. Kim də olmasa, ruhani seminariyasını bitirmiş Stalin bunu görməmiş deyildi, ona görə də işi-gücü yeni dünyanın təməllərini qazan zəhmətkeşlərin dərdlərindən, qayğılarından yazmaq olan Platonovu tamam nəzərdən salmışdı.

Yazıçının bir çox əsəri, xüsusən də “Can” povesti mistik nəsrin misilsiz örnəklərindəndir. Nazar Çaqatayevin can verən tayfasıyla türkmən səhrasını dolaşması Musa peyğəmbərin yəhudiləri qırx il səhrada gəzdirməsinə çox bənzəyir. Əsər Platonov qələminə xas çox sadə, çox da dərin cümləylə bitir: “Çaqatayev indi əmin oldu ki, köməyinə yalnız başqası gələcək”.

Bu məqamda ekzistensial tənhalığın radikal keşikçisi Sartrın kəlamı yadıma düşür: “Cəhənnəm - başqalarıdır”. Tərsinə də demək olar: “Başqaları - cəhənnəmdir”. Fəqət dini-mistik düşüncə qatına varmış insan heç vaxt belə düşünməz, o belə deyər: “Cənnət - başqalarıdır”. Yaxud da belə: “Başqaları - cənnətdir”.

***

Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” povestini yada salaq. Üç nəslə mənsub üç kişi yaşlıdan cavana doğru növbəylə bir uşağın xatirinə, onun su payına şərik olmamaq üçün özünü dəryaya atır. İnsan ən şirin nemət olan canından niyə keçsin, ölüb torpağa qarışıb çürüyəcəyini bilə-bilə gələcək nəsildən ötrü ölümə niyə getsin? Burada da, şübhəsiz, gizli hikmət, mistik bir dərinlik var. Bəlkə insan bu dünyaya bir də gələcəyini bilir deyə gələcəyinin üstündə əsir? Bəlkə insan yüzüncü nəvəsinin onu həyata bir də gətirəcəyini bildiyinə görə nəsil qayğısına qalır? Bəlkə insan özünüqoruma instinkti dediyimiz təbii cismani duyğunun təhrikiylə yox, ruhunun hökmüylə özünə yer üzündə ətdən-sümükdən saraylar, qalalar, məbədlər tikir?..

Yeri gəlmişkən, mənə görə, Aytmatovun əsəri “Qoca və dəniz”dən bir baş yüksəkdə durur. Heminqueyin povestində insan təbiətə məğlub olur; “Dəniz kənarıyla qaçan Alabaş”da isə insan anamız təbiətə də, öz təbiətinə də qalib gəlir.

***

Sona yaxın bir məsələni də vurğulamaq istərdim. Mistik ədəbiyyat, əlbəttə, dini ədəbiyyatdır, ancaq din deyəndə mən hansısa konfessiyanı, kahinlik institutunu nəzərdə tutmuram. İctimai institut kimi din, məbəd öz ömrünü çoxdan başa vurub, dini-mistik duyğunun gerçək təntənəsi isə bizi yüz illərin o tayında gözləyir; başqa sözlə, fərdi istisnaları qırağa qoysaq, topa halda biz Axundovun, Zərdabinin, Sabirin ictimai-maarifçi ideallarına qismən də olsa çatmışıq, Nizaminin, Nəsiminin, Füzulinin dini-mistik ucalığına isə çatmağımıza hələ çox var. O dini duyğuyla yaşamaq üçün insanın dindar olması əsla vacib deyil; yəni adam ateist olub da dini-mistik ab-havanın içində yaşaya bilər. Məsələn, klassik alman idealizminin sonbeşiyi Lüdviq Feyerbax ateist idi, xristianlığı tənqid eləyirdi, ancaq antik dövrdən üzübəri yol gələn “insan insanın canavarıdır” məntiqinin qarşısına XIX əsrdə “insan insanın tanrısıdır” şüarıyla çıxmışdı.

Demokratik ölkənin sekulyar vətəndaşı olan Orxan Pamukun (hər halda mən indiyəcən onun hansısa dinin tanrısına tapındığını eşitməmişəm) əsərləri də dini-mistik duyğularla zəngindir. “Qara kitab”ın son cümlələrindən biri belədir: “Özün olmağın tək yolu - başqası olmaq, başqasının həyat yolunda dolaşmaqdır”. Cəlalın qəlbinə, ömürlüyünə nüfuz eləyən Qalibin sonda onun yerinə, hətta köşə yazıları yazması Platonun dialoqlarında öz fikirlərini ustadı, ruh əkizi Sokratın adından söyləməsinə, Mövlananın “Divani-kəbir”də (başqa bir adı “Divani-Şəms”dir) toplanmış qəzəllərinin məqtə beytini könül həmdəmi Şəmsin imzasıyla möhürləməsinə bənzəyir. Bu kitab zatən sufizmin insan fəlsəfəsi, Əttarın, Mövlananın, Nəsiminin poetikası üstündə köklənib.

İnsanın insana tapınmasının sufi ədəbiyyatında saysız-hesabsız örnəyi var. Milli nəsrimizdə idealist düşüncənin bu ən yüksək məqamı İsa Hüseynovun hürufi dünyagörüşündən bəhrələnmiş “Məhşər” romanında ifadəsini tapıb. İnsanı allah sayan mistik düşüncəni insanı həşərat sayan ortodoksal düşüncəyə qarşı qoyan yazıçının bu əsərində idealı da, cənnəti də yer üzündə kamil insanların bir araya gəlib bir-birinə səcdə eləyəcəyi ruhani cəmiyyətdir. Bütün mistiklərin ali arzusu, son diləyi budur.

***

Hegel deyirdi ki, insan özgəsiləşmiş Tanrıdır. Feyerbax isə bunun tərsini deyirdi: yox, Tanrı özgəsiləşmiş insandır. Məncə, ikisi də haqlıdır: əvvəl Tanrı insanı yaradıb, indi də insan Tanrını yaradır. Hələlik bu yaradıcılıq prosesində mistiklərdən uzağa gedən olmayıb...  

F.Uğurlu

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31