Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ştirnerdən Bazarova anarxizm

Ştirnerdən Bazarova anarxizm

31.03.2023 [10:43]

İvan Sergeyeviç Turgenevin “Atalar və oğullar” romanı haqqında

Əvvəli ötən sayımızda...

Bazarov tibb təhsili alıb, qurbağaları kəsib doğrayıb mikroskop altında fizioloji axtarışlar aparır, ədəbiyyata, incəsənətə yuxarıdan-aşağı baxır, bir savadlı kimyaçının iyirmi şairdən üstün olduğunu deyir, “təbiət məbəd yox, emalatxanadır” kimi maraqlı pozitivist aforizm işlədir. Bununla belə o, alim tipi deyil. Bazarovun təfəkkürü elmi-praqmatik təfəkkür deyil. Dostu Arkadi Kirsanovun Yevgeninin atasıyla söhbətində də buna işarə vurulur. Ata Bazarov Arkadidən onun oğlu haqqında nə fikirləşdiyini soruşanda Arkadi dostunun çox böyük gələcəyi olduğuna əminliyini dilə gətirir. Bu zaman özü də həkim olan atayla oğlunun dostu arasında belə bir dialoq yaranır:

“- Necə bilirsiniz, sizin ona istinad elədiyiniz şöhrəti o yəqin tibb sahəsində qazanmayacaq, eləmi?

- Əlbəttə, tibb sahəsində yox, ancaq elə bu sahədə də tanınmış alimlərdən biri olacaq.

- Arkadi Nikolaiç, bəs hansı sahədə?

- Bunu indidən demək çətindir, ancaq o, çox məşhur adam olacaq.”

Göründüyü kimi, müəllif personajların diliylə baş qəhrəmanı gözləyən perspektivə aydınlıq gətirir: Bazarovun böyük gələcəyi elmə bağlı deyil, onu başqalarından seçdirən təbabətin sirlərinə hamıdan yaxşı vaqif olması, elm dəryasının dərinliklərinə baş vurması deyil.

Sovet ədəbiyyatşünaslığı ondan inqilab bahadırı düzəltməyə çox can atdı, di gəl, Bazarov inqilabçı, savaşçı da deyil. Onu duelə çağıran Pavel Petroviç - Arkadinin əmisi Bazarovdan tapançası olub-olmadığını soruşanda baş qəhrəman bu həqiqəti açıq mətnlə dilə gətirir: “Mənim tapançam nə gəzir, mən axı döyüşçü deyiləm...”

Yaxşı, bəs Bazarovun düşüncə tipini necə xarakterizə eləmək olar? Cəngavər deyil, alim deyil, bəs nədir? Məncə, bu, Turgenevin oxuculara, tənqidçilərə qurduğu bir tələdir. Qəhrəmanın poeziyaya, musiqiyə istehzayla baxdığını göstərməklə yazıçı əsl mətləbi gizləməyə çalışıb. Arkadinin bəlağətli, poetik nitqinin Yevgenidə qəzəb doğurduğu səhnəni qələmə almaqla müəllif bu mətləbi bir az da ört-basdır eləyib. Əslində, Bazarovun təfəkkürü poetik-panteistik təfəkkür tipidir. Quru otun üstünə səvərib Arkadiylə söhbətləşəndə Yevgeni ona aralıdakı kalafanın qırağında bitmiş ağcaqovaq ağacını göstərib, uşaqlığında bu ağacın nəsə bir tilsimi olduğuna inandığını, ağcaqovağın yanında əsla darıxmadığını şairanə bir tərzdə etiraf eləyir. Onun dostuyla uzun-uzadı söhbətindən bir məqama göz yetirək:

“Düşünürəm ki, budur burada, bu tayanın dibində uzanmışam. Mənim tutduğum bu daracıq yer mənim mövcud olmadığım, mənə heç bir dəxli olmayan qalan məkana nisbətən nə qədər cüzi, nə qədər cılızdır. Mənim yaşaya biləcəyim ömrün müddəti mənim əvvəllər mövcud olmadığım, gələcəkdə də mövcud olmayacağım əbədiyyətə nisbətdə nə qədər miskindir... Fəqət bu atomda, bu riyazi nöqtədə qan dövran eləyir, beyin işləyir, nəsə istəyir... Bax, mənim ata-anamın başı necə qarışıbsa, ömrün heçliyi-puçluğu sarıdan qəti narahat deyillər, belə fikirlər onların ürəyini bulandırmır. Mənsə daim darıxıram, müdam qəzəblənirəm”.

Elə bil bu sözləri həyatın faniliyi müqabilində bədbinliyə, qəm-kədərə qapılan, təbiətin vahiməli qüdrəti qarşısında tərksilah olan zen-buddist şair deyir. Bazarov özünü güclü adam kimi qələmə verməyə nə qədər çalışsa da, Arkadinin atası Nikolay Petroviçin Puşkini oxumasını, violonçel çalmasını lağa qoysa da, səmimiyyət anında şairanə duyğularını gizlədə bilmir. Arabir “ölüb gedəcəyik, üstümüzdə pıtraq bitəcək” deyir, bununla da elə bil klassik Şərq şairi, epikürçü Ömər Xəyyamın diliylə danışır. Varlı dul qadın Anna Sergeyevna Odintsovaya aşiq olanda duyğusunu əzabla, xəcalət çəkə-çəkə dilə gətirir. Oblomov üçün sevmək yaşamaq iradəsinin coşması, fizioloji diriliş, apatiya vəziyyətindən çıxmaq idisə, Bazarovdan ötrü sevgi iradə zəifliyi, bioloji deqradasiya, apatik duruma düşməkdir. Dostu Arkadi Odintsovanın bacısıyla evlənmək niyyətini açıqlayanda Yevgeni onun “yuva qurmaq” məramını istehzayla qarşılayır. Özü isə bütün aqressiyasını işə salıb sevgi tilsimini qırır, gözəl, zabitəli, ağıllı qadını özündən soyudur, azadlığına yenidən qovuşur.

Hərçənd öz azadlığından doyunca barına bilmir, ölüm ayağında sifariş göndərib Odintsovanı yanına çağırdır, soyuq, intizamlı qadına bəyənmədiyi poetik, bəzəkli dildə “öləziyən çırağı üfürün sönsün” deyir. Bununla da Bazarov biganə, zalım təbiətin qüdrəti qarşısında təslim bayrağı qaldırır, onun yer üzünə səfəri bu məqamda başa çatır: “Daha yetər, - deyib başını yastığa atdı, - indi... zülmət...”

Bazarovu şairanə tip kimi qələmə verməyim çoxlarına inandırıcı görünməyə bilər. Buna şübhəylə yanaşanlara Turgenevin nəsildaşı, “Parnas” ədəbi məktəbinin ən məşhur üzvü olmuş böyük fransız şairi Şarl Bodleri nişan vermək istərdim. Bu qəzəbli şair də inkarçıydı, poeziyanın, ədəbiyyatın nihilisti kimi bütün klassik kanonları, oturuşmuş estetik prinsipləri, ədəbi ehkamları rədd eləyirdi. Ona qədər Platondan qalma belə bir fəlsəfi prinsip vardı ki, həqiqət, xeyir, gözəllik - üçü bir arada olmalıdır, yəni, şər gözəl ola bilməz, həqiqət xeyirdən ayrı yaşaya bilməz. Bodlersə öz poetik toplusunun adını “Şər çiçəkləri” qoymuşdu, çürüyən at cəsədini, leşi vəsf eləyirdi, Şeytana mədhiyyə oxuyur, İblisdən kömək diləyirdi. Onun yaradıcı inkarı yeni ədəbi-estetik prinsiplərin ortaya çıxmasıyla, poeziyada inqilabla nəticələndi. Bazarovun poetik istedadı olsaydı, əminəm, Bodlerin şeirlərinə bənzər şeirlər yazardı; yox, fəlsəfədə əli olsaydı, Ştirnerin traktatına oxşar esselər qələmə alardı. Onun güman olunan şöhrəti də elə bu kimi fəaliyyətlərin hesabına gələ bilərdi.

Ştirner öz traktatının girişində yazırdı: “Heçnə - bax mən öz işimi bunun üstündə qurdum”. Nihilizmin kökü olan “nihil” sözünün də latınca mənası elə “heçnə”, “heçlik” deməkdir.

Maks Ştirner 1856-cı ildə - əlli yaşında zəhərli tropik milçəyin sancması üzündən qanına keçmiş infeksiya nəticəsində dünyadan köçüb. Taleyin ironiyasına bax ki, cahan mülkünə sahib çıxmaq iddiasında olan bir zəka zalım təbiətin bəsləyib yetişdirdiyi xırdaca həşəratın güdazına gedib. Bəli, ana təbiət “həddini aşmış” insana yerini belə göstərir, onu iynələyir, onu ələ salır, onunla əylənir.

Buna bənzər aqibət Bazarovun da başına gəlir. O, tif (yatalaq) epidemiyasından ölmüş xəstənin meyidini yaranda cərrah bıçağıyla barmağını yüngülcə yaralayır. Nəticədə qanına infeksiya keçir, min bir əzabla canını tapşırır. İnsan ağrılarına biganə təbiət burada da qüdrətini gözə soxur, qəddar fələk bəşər övladını yenə əlində oynadır, onu dəyirmanında üyüdüb bir ovuc toza çevirir. Təbiət Bazarovun da qiyamını yatırır, onun iddiasından, qəzəbindən, zəkasından geriyə heç nə qalmır.

Əgər Oblomovun yuxusuna girən kənd onun panteistik cənnətiydisə, Bazarovun yatdığı torpaq panteistik cəhənnəmdir - hərçənd bu cəhənnəmlə o cənnətin elə bir fərqi yoxdur. Romanın Bazarovun qəbri üstünə gələn qoca ata-anasının təsvir olunduğu sonuncu abzasının son cümləsinə diqqət yetirək: “Məzarda gizlənən qəlb nə qədər coşqun, günahkar, üsyankar olursa olsun, onun üstündə bitən çiçəklər öz məsum gözləriylə bizə sakit-sakit baxır: onlar bizə yalnız əbədi sükunətdən, laqeyd təbiətin o böyük sükutundan danışmır; onlar əbədi ülfətdən, sonsuz həyatdan da danışır”.

Maks Ştirner kimi Yevgeni Bazarova da yalın əlləriylə qurduğu yer səltənətində bir vəzifə verilmədi. Onlar gələcək zamanda yaşadıqlarına görə indiki zamandan çıxdaş olundular. İndiki zaman onları tanımadı, qəbul eləmədi. Bununla belə hər ikisi gödək, ağrılı ömründə vaxt tapıb öz missiyasını yerinə yetirə bildi - gələcək həyatın bünövrəsinə bir daş atıb getdilər. İnsan oğlu köhnə dünyanın dibini qazıb yerində yenisini tikməyə başlayanda o daşlar onun karına çox gələcək.

F.Uğurlu

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31