Düşmənə ezam olunan qeyrət
14.07.2023 [11:15]
Gi de Mopassanın “Gonbul” novellası haqqında
Təqribən on il ərzində Mopassan altı roman, üç yüzdən çox novella qələmə almışdı. Bir il içində 1500 çap vərəqi (!) nəsr yazmaqla Balzakın, Dümanın, Zolyanın rekordlarını geridə qoymuşdu. Bu cür dəlicəsinə məhsuldarlıq səhhətinə ziyansız ötüşməsə də, qısa zamanda onu bütün Fransaya, ardınca bütün Avropaya, dünyaya tanıtmışdı, ona məmur işindən əl çəkib sərbəst yaşamaq imkanı yaratmışdı. Dörd villası, iki yaxtası vardı, hamısına da məşhur romanının adını qoymuşdu - “Əziz dost”.
Onu novella janrının ən böyük ustası sayırlar. Yaradıcılığa erkən həvəs göstərsə də, haradan, necə başlamalı olduğunu bilmirdi. Sonra anası onu Floberlə tanış elədi, Mopassan ilk qələm təcrübələrini ustad yazıçıya göstərib onun dəyərli məsləhətlərindən yararlandı. Flober onu çox sıxışdırır, çap olunmağına rüsxət vermirdi. Nəhayət, Fransa-Prussiya müharibəsinin on illiyi münasibətilə 1880-ci ildə işıq üzü görən bir almanaxda Mopassanın “Gonbul” novellası da dərc olundu. Əlbəttə, Floberin xeyir-duasıyla - böyük yazıçı bu novellanı şedevr adlandırmışdı. Elə ilk həmlədəncə otuz yaşlı yazıçı ədiblərin ön sırasına keçdi, onun novellası topludakı əsərlərin ən yaxşısı sayıldı.
Həmin il Flober ədəbiyyat tanrısı qarşısında son missiyasını başa vurubmuş kimi dünyadan köçdü. Ancaq ölməmişdən həyata skeptik münasibətini, insanlara nifrətini ədəbi oğluna köçürə bildi. Söz gəzir ki, Flober Mopassanın təkcə mənəvi-ruhani yox, həm də cismani atasıdır. İndiyəcən doğrulmayan bu ehtimal indən sonra da təsdiqini tapmasa belə ustad sənətkar özündən az qala otuz yaş kiçik xələfinə yalnız sənətin sirlərini öyrətməmişdi, onu öz xasiyyətinə də yoluxdurmuşdu. Mopassan da ədəbi atası kimi sevgiyə, sədaqətə, etibara inanmırdı, həyata bayağı, gülünc faciələr silsiləsi kimi baxırdı. Flober ona “Biz hamımız bəşəriyyət adlı çirkab dənizində yaşayırıq... Həqiqət axtarma, belə bir şey olmayıb, olmayacaq da... Bu gördüyün insancıqlar da mərhəmətə yox, olsa-olsa nifrətə layiqdirlər...” kimi antitezislər təlqin eləməklə onun həyatsevərliyini zəhərləyir, onu həyata ayıq-sayıq baxmağa çağırırdı. Ustadı kimi o da ölənəcən subay yaşadı, qırx üç illik cismani ömrünü barsız-bəhərsiz başa vurdu, hərçənd öz şəhvətinə heç vaxt korluq verməmişdi.
***
XIX əsr yazıçılarını ucdantutma realist adlandırırlar. Metod baxımından bu yanaşmada bəlkə də bir həqiqət var, həmin dövrün yazıçıları həm özlərindən əvvəlki, həm də sonrakı yüzilliyin roman, novella ustalarına nisbətdə həyat gerçəkliyinə daha yaxındırlar, onların qurduğu süjetlər, yaratdığı obrazlar real hadisələrə, canlı insanlara çox uyğundur.
Bunu da xatırladaq ki, ümumilikdə, realizm (eləcə də naturalizm) adlanan metod məxməri keçidlə romantizmdən realizmə adlayan yazıçılarla (Stendal, Balzak, Hüqo, Dikkens...) yanaşı, qismən də dövrün ən populyar fəlsəfi cərəyanı olan, hər bir məsələyə, fenomenə analitik elmi yanaşma tələb eləyən pozitivizmin təsiri altında formalaşmışdı. Fəqət küll halında realist adlanan yazıçıların reallığı interpretasiyası, gerçəkliyi yozması, həyata qoyduğu diaqnoz bir-birindən kəskin seçilirdi. Məsələn, Tolstoyun realizmi Turgenevin realizmindən, Dostoyevskinin realizmi Çernışevskinin realizmindən, Qonçarovun realizmi Qoqolun realizmindən çox fərqlənir, bu yazıçıları nə ideya-məzmun, nə də forma-üslub sarıdan bir dam altına yığmaq olmaz. Qoqolun “Ölü canlar”, Saltıkov-Şedrinin “Bir şəhərin tarixi”, Çernışevskinin “Nə etməli?” əsərləri dövrün ictimai-siyasi gerçəkliyinə güzgü tutan sosial, yaxud inqilabi xarakterli əsərlərdir, ancaq məsələn, onlarla eyni dövrdə yaşamış Qonçarovun, Turgenevin, Dostoyevskinin, Tolstoyun əsərlərini yalnız bu arşınla dəyərləndirmək bizi doğru nəticəyə aparıb çıxarmaz, hərçənd yuxarıda adı çəkilən əsərlərin bədii məziyyətlərini də qətiyyən dana bilmərik. Sadəcə, Tolstoyu Turgenevdən, Turgenevi Qoqoldan ayıran dünyagörüşlər onları həm ideoloji, həm də metodoloji baxımdan bir cərgəyə düzməmək üçün bizə çox ciddi əsaslar verir.
Mopassanı da realist yazıçı sayırlar. Üzdən baxanda burada qəribə heç nə yoxdur, onun əsərləri real həyat hadisələri üzərində qurulub. Fəqət o, bu hadisələrin sadəcə üzünü köçürməyib, onlara bir ayrı yozum, fərqli quruluş verib, başqa sözlə, həyata öz pəncərəsindən baxıb. O pəncərədən baxanda həyat mənasız, insanlar etibarsız, kütlə qəddar, fərd çarəsiz, tənha görünür.
Bu təsəvvürün formalaşmasında yazıçını ömrü boyu qarabaqara izləyən dəli olmaq qorxusu (tək qardaşı da anadan psixi qüsurla doğulmuşdu), dərin depressiya, candidən mənəvi əzablar başlıca rol oynamışdı. Mopassan nə ailə xoşbəxtliyinə, nə sevginin sabitliyinə, nə də dəyərlərin mütləqliyinə inanırdı. Şopenhauerin təliminə dərin hörmət bəsləsə də, başının yaradıcılığa qarışdığı günlər-saatlar istisna olunmaqla sükunət nöqtəsində qərar tutmurdu. Kəpənək kimi güldən-gülə qonur, ancaq heç bir qadının qarşısında məsuliyyət daşımır, öhdəlik götürmürdü. Onun təqdimatında həyat bu qədər zalım, bunca amansız idi. Mopassanın realizmi mahiyyətcə cəmiyyətin oturuşmuş dəyərlərinə, kök atmış kanonlara, daşlaşmış təsəvvürlərə meydan oxuyan güzəştsiz, barışmaz anarxizmdir.
***
Elə işıq üzü görən ilk novellasındaca Mopassan həyatın behişt quşlarının, cənnət bulaqlarının rəsmi nəqş olunmuş bər-bəzəkli örtüyü altındakı cəhənnəm quyularını, ehtiras burulğanlarını, nəfs bataqlıqlarını, bir sözlə, həyatın şüur işləməyən zirzəmisini aşkara çıxarıb əlahəzrət oxucunun mühakiməsinə verdi. “Gonbul”dakı süjetin də arxasında Fransa-Prussiya müharibəsi zamanı baş vermis real hadisə durur. Bu hadisəni müəllifə bir qohumu - əsərdəki Kornüde obrazının prototipi danışmışdı. Yeri gəlmişkən, yüngül əxlaqlı baş qəhrəmanın da ruanlı prototipi vardı, ancaq novella qəhrəmanından fərqli olaraq o, Prussiya zabitinə təslim olmamışdı, buna görə də onu “şərləyən” Mopassandan möhkəm incimişdi. Yazıçı isə bəlli səbəbdən qohumundan eşitdiyi hadisənin surətini çıxarmamış, onu yaradıcı niyyətinin tələb elədiyi səmtə yönəltmişdi.
Soyuq, qarlı qış günündə on nəfər böyük bir karetayla yola çıxır. Onlar Prussiya ordusunun zəbt elədiyi Ruan şəhərindən baş götürüb qaçırlar. Bunlardan üç cütü kübar zümrəyə mənsub ər-arvad, bir cütü rahibə, biri demokrat Kornüde, biri də qədim peşə sahibi - Gonbul ləqəbli Elizabet Russedir. Müəllif burada o zamankı fransız cəmiyyətinin mikromodelini yaradıb.
Luazo soyadlı cütlük fırıldaqla varlanmış aşağı keyfiyyətli şərab alverçisidir. Cənab Karre-Lamadonun üç kağız fabriki var. Onun özündən xeyli gənc arvadı yaraşıqlı zabitlərin pərəstiş obyektidir. Yol yoldaşlarına, ekipajdakı şəraitə üstdən-aşağı baxan bu xanım öz məğrur gözəlliyindən xudbin zövq alır. Qraf Yuber de Brevil əsilli-nəsilli aristokratdır. Arvadı aşağı təbəqədən olsa da, ağıllı, götürümlü qadındır, zadəgan həyatına tez uyğunlaşıb. İndi onların mahalda böyük sərvəti, elə bir o qədər də böyük nüfuzu var. Biri yaşlı, o biri cavan rahibələr tez-tez dodaqlarının altında dua eləyib xaç çevirirlər. Onlar yaralı fransız əsgərlərinin yardımına tələsirlər. Respublikanın müdafiəsinə qalxmış demokrat Kornüde orada-burada səngərlər qazdırıb dava-dava oynayandan sonra çarəni qaçmaqda bulub. O da yığdığı sərvətin qayğısına qalmaq məcburiyyətindədir. Nəhayət, Gonbul ləqəbli Elizabet Russe. Açıq könüllü bu madmazel həyatın dadını bilən epikürçü tipdir. Qalan sərnişinlərdən fərqli olaraq Gonbul öz sərvətini daim özüylə gəzdirir.
Ardı növbəti sayımızda
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59

