Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük gələcəyə hədəflənmiş Türk birliyi

Böyük gələcəyə hədəflənmiş Türk birliyi

09.04.2024 [10:00]

Son vaxtlarda beynəlxalq miqyasda ziddiyyətli proseslər müşahidə edilməkdədir. Dünyanın parçalanması, regionlar və dövlətlər arasında qütbləşmənin dərinləşməsi fonunda hər kəsin öz ittifaqını yaratmaq cəhdlərinin şahidi oluruq. Ortada Finlandiya-İsveç nümunəsi var. Bir vaxtlar bəhs olunan ölkələri Şimali Atlantika Alyansının (NATO) sıralarında təsəvvür etmək belə mümkün deyildi.

İndi isə bu, artıq reallıqdır. Belə bir şəraitdə Xəzər-Qara dəniz hövzələri və daha geniş coğrafiyada tarixən bir-birlərinə qonşu olmuş Türkdilli xalqların birləşməsi, Türk Dövlətləri Təşkilatının (TDT) yaranması da mühüm geosiyasi amil kimi diqqət çəkir.

Tarixi bağlara və yeni çağırışlara əsaslanan birlik

Dünyada yarandığı vaxtdan az sonra tarixin arxivinə qovuşan təşkilatların sayı çox olub. Bu da ilk növbədə onunla bağlı olub ki, həmin təşkilatlar saxta ideyalar əsasında yaradılıb, onların təməlində təbii amillər dayanmayıb. Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı isə kifayət qədər çoxdur. Tarixi bağlara və yeni çağırışlara əsaslanan cəmiyyətlər və dövlətlər yaxınlaşmaq niyyətlərini nümayiş etdiriblər. Artıq birlik baş tutub, hazırda da yeni istiqamətlər üzrə möhkəmlənməkdə davam edir. Türk Dövlətləri Təşkilatının əsasında hansısa saxta amillər dayanmır. Bu da qurumun gələcəkdə funksionallığını artıracağına, beynəlxalq miqyasda Türk dünyasının qüdrətini layiqincə nümayiş etdirəcəyinə, bütövlükdə, regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə böyük əminlik yaradır.

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Beləliklə, bütün Türkdilli və Türkdilli olmayan ayrı-ayrı ölkələr - vahid platformada birləşməyə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və digər ünvanlarda olmaqla Zirvə görüşləri uğurla baş tutub. TDT-nin növbəti Zirvə görüşünün cari ilin yayında Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi nəzərdə tutulub.

Türk dünyasının vahid ailəsi

Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nin müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məlumdur ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi qlobal pandemiya dövrünə təsadüf etdi. Ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etməyə nail oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan Zirvə Görüşü pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk tədbir idi.

44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar, həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq respublikamızı Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur Dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Zəngəzur Dəhlizinin açılması ilə tarixi ədalətsizliyə son qoyulacaq və Türk coğrafiyası bərpa olunacaq.

Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının funksionallığının artmasına öz töhfələrini vermək əzmindədir. Ölkəmizdə keçirilən 7 fevral seçkilərinin qalibi olan Prezident İlham Əliyev fevralın 14-də baş tutan andiçmə mərasimində söylədiyi nitqində Türk dövlətlərinin birliyini vahid ailə kimi səciyyələndirərək deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Qısa müddətdə qazanılan uğurlar

İqtisadi potensial Türkdilli ölkələrin birliyini etibarlı edən ən mühüm amillərdən biridir. Hazırda dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Eyni zamanda, Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.5 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.

Zaman ötdükcə meydana çıxan qlobal çağırışlara uyğun olaraq TDT-də iqtisadi sahədə inteqrasiyanın yeni istiqamətləri formalaşır. 2023-cü ilin mart ayında baş tutan Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

Eyni zamanda, TDT-də birləşən ölkələr sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərirlər. Yeni geosiyasi reallıqlar fonunda TDT-d? birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılması qarşılıqlı ticarət dövriyyəsinin, eləcə də daşımaların artması üçün mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, Milli Məclis 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini müzakirə edərək onun qəbuluna səs verib.

TDT-də birləşən ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını ilk növbədə son vaxtlarda Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlarla şərtləndirir.  Türk dövlətləri arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard ABŞ dollarından 2023-cü ildə 42 milyard dollara yüksəlib. Bu, il ərzində 27,3 faiz artım deməkdir. TDT 2021-ci ildə 47, 2022-ci ildə 62 tədbir keçirib. Ötən il isə TDT üzrə müxtəlif istiqamətləri əhatə edən 110-dan çox tədbir baş tutub. Bu tədbirlərdə iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirlməsi ilə bağlı aktual müzakirələr aparılıb, potensial imkanlara diqqət çəkilib.

Bütün Türk dünyası üçün örnək

Yüksək səviyyəli Azərbaycan-Türkiyə əməkdaşlığı bütün Türk dünyası üçün yaxşı nümunədir. İki ölkə və onların liderləri arasındakı qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq əməkdaşlıq əlaqələri də adekvat şəkildə genişlənir. İki ölkə arasındakı sərmayə qoyluşlarında kəskin artımlar müşahidə edilməkdədir. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard ABŞ dollarına çatıb, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 19,5 milyard ABŞ dollarını ötüb. Hazırda Türkiyədə

2 000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Ən çətin məqamlarda iki qardaş ölkənin bir-birinin yanında olması ənənəyə çevrilib. Ötən ilin fevralında Türkiyə dəhşətli zəlzələ ilə sikələndi. Azərbaycan Kahramanmaraşda zəlzələ fəlakəti ilə üzləşən Türkiyəyə ilk kömək əli uzadan və hərtərəfli qardaşlıq dəstəyi göstərən ölkə oldu. Eyni zamanda, Azərbaycan dövləti və xalqı İkinci Qarabağ müharibəsində Türkiyənin ölkəmizə verdiyi mənəvi-siyasi dəstəyi həmişə minnətdarlıq hissi ilə xatırlayır. Bu dəstək Azərbaycanın özünəinam hissini artırdı və biz qalib gəldik. Onu da vurğulayaq ki, 100 ildir ki, davam edən Ermənistanın Türkiyəyə qarşı soyqırımı təbliğatı məhz Qarabağ zəfərindən sonra əhəmiyyətli dərəcədə zəifləyib. Bu gün Ermənistanda “soyqırım”la bağlı iddialar artıq əvvəlki kimi aktual deyil. Eyni zamanda, Azərbaycanın təkidi ilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi gündəmə gəlib. Bu, çox doğru olaraq həm də Ermənistanın Türkiyəyə ərazi iddiasından əl çəkməsi anlamında qəbul olunur. Sirr deyil ki, Qərb dairələri davamlı olaraq Azərbaycan-Türkiyə münasibətlərinə hansı yollarlasa xələl gətirməyə çalışır.  2008-ci ilə Türkiyə-Ermənistan sərhədinin açılmasına yönələn cəhdlər indi yenidən  təkrarlanır. Belə ki, Qərb dairələri Ankaranı sərhədləri açmağa məcbur etmək istəyir. Ancaq Azərbaycan cəmiyyətində Türkiyənin bu dəfə də doğru seçim edəcəyinə heç bir şübhə yoxdur. Azərbaycan və Türkiyə postmüharibə dövründə başlayan tənzimləmə prosesində koordinasiyalı fəaliyyətlər həyata keçirirlər.

Siyasi, iqtisadi müttəfiqlikdən hərbi müttəfiqliyə doğru

Hazırda dünya üzrə beynəlxalq prinsiplər öz yerini getdikcə daha sürətlə ikili standartlara verir. Bu və ya digər ölkələrdə yaşanan problemlərə münasibətdə beynəlxalq təşkilatlar, güc mərkəzləri  fərqli yanaşmalar ortaya qoyurlar. Azərbaycan bu mənfur təcrübəni onilliklər ərzində öz həyatında yaşayan bir ölkədir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamız Ermənistanın təcavüzünə məruz qalmışdı- ərazilərinin 20 faizini itirmişdi. Ancaq bu təcavüz aktı ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə pislənilmirdi və və işğalçı dövlətə qarşı adekvat tədbirlər görülmürdü. Halbuki “təcavüzkar ölkə” damğası ilə cəzalandırılan və sanksiyalara məruz qalan ölkələrin sayı da az deyil. Özünü cəzasızlıq mühitində hiss edən Ermənistan isə BMT-nin qətnamələrinin icrasını təmin etməkdən vaz keçir, hətta yeni torpaqlar ələ keçirmək üçün yeni müharibə anonsu edirdi.

Bax bu kimi situasiyalarda güc və müttəfiqliyin aktualığı bütün cəhətləri ilə aydın görünür. Bu gün Türk dünyasının müxtəlif parametrlər baxımından ən öndə gedən dövləti Türkiyədir. Qardaş ölkə,   həmçinin özünün innovativ əsaslı müdafiə sənayesini intensiv şəkildə inkişaf etdirir. Təkcə ötən il və cari ilin əvvəlindən Türkiyə dünyada analoqu olmayan bir neçə yeni hərbi texnikasını  təqdim etdi. Hazırda Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik Pilotsuz Uçuş Aparatları (PUA), qırıcılar, helikopterlər və avtomobillər istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “Hürjet” isə Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”-ları da əvəz edəcək.

Bir müddət öncə isə Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN” ilk uçuşunu həyata keçirdi. “KAAN”ın Ankara səmasında reallaşan uçuşu uğurla başa çatdı.  Türkiyə bu təyyarəni ABŞ-ın “F-35” qırıcılarına alternativ olaraq istehsal edir. Bütün bunlar Türkiyənin hərbi sənayesinin parlaq nailiyyətləridir. Qardaş ölkənin  müdafiə potensialından bütün Türk dünyasının təhlükəsizliyinin təmin edilməsində istifadə oluna bilər.

Azərbaycan və Türkiyə bu istiqamətdə ilk addımı atıblar. Xatırladaq ki, 2021-ci il 15 iyun tarixində iki ölkə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bununla da Azərbaycan və Türkiyə müttəfiqlik münasibətlərini ən yüksək səviyyədə rəsmiləşdiriblər. Şuşa Bəyannaməsi ölkələrimizin təhlükəsizliyinə və sülhə möhkəm hüquqi əsaslar yaradır. Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturunun formalaşdırılması, o cümlədən də komando birliklərinin yaradılması prosesi uğurla davam etdirilir. Birgə təlimlərin keçirilməsi artıq ənənə halını alıb. Təkcə ötən il qardaş ölkələrin hərbiçiləri müxtəlif təyinatlı 14 birgə təlimə qatılıblar. Azərbaycan Ordusunun silahlanmasında Türkiyədə istehsal olunan PUA-lar xüsusi yer tutur. Bu istiqamətdə əməkdaşlıq cari ildə də davam etdirlir.  Azərbaycanla Türkiyə arasında hərbi sahədə əldə olunan təcrübə genişləndirilməli və böyük Türk coğrafiyası siyasi, iqtisadi inteqrasiyadan hərbi müttəfiqliyə doğru irəliləməlidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31