Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 15 may razılaşması...

15 may razılaşması...

17.05.2024 [10:00]

Sülhə gedən yolu daha da qısaldır

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün mühüm detallardan sayılan delimitasiya və demarkasiya prosesi artıq reallığa çevrilir. Belə ki, mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti  - doqquzuncu görüşü keçirilib. Görüşün yekunları ilə bağlı mətbuat açıqlamasında bildirilir ki, komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanis Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Bundan başqa, növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb. 

İradə və qətiyyət öz bəhrəsini verir

Qeyd edək ki, mayın 15-də baş tutan görüş tərəflərin bu ilin aprelin 19-da baş tutmuş 8-ci görüşündə əldə olunan razılığa əsasən reallaşıb. Heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul edilən bu qərarlar isə sülhə aparan yolun ən mühüm ştrixləridir. Sərhədlərin delimitasiyası, müəyyənləşməsi ayrı-ayrılıqda dövlətlərin maraqlarının təmini məsələsidir - bu real mənzərə Ermənistan üçün daha mühüm əsaslar daşıyır. O baxımdan ki, Cənubi Qafqazın əsas oyunçusu olan Azərbaycan həm müharibədə qalib ölkədir, həm də bütün şərtləri hüquqi kodekslərə əsaslanır. Yəni Azərabycanın istər hüquqi müstəvidə, istərsə də hərbi poliqonda çəkinəcəyi hər hansı bir hal yoxdur. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır və buna hörmətlə yanaşılır - hətta illərlə davam etmiş işğal dövründə belə Azərbaycan icazəsiz halda işğal altındakı torpaqlara edilən səfərlərin hüquqi məsuliyyətini müəyyən etmişdi. Ermənipərəst maraqların əsirinə çevrilən bir sıra şəxslər dövlətimizin razılığı olmadan sərhədlərini pozduğu üçün arzuolunmaz şəxslər siyahısına salınmışdı. Yeni dövrdə isə artıq Azərbaycan həm də praktik şəkildə özünün Qərb sərhəddini müəyyənləşədirir - ortaya qoyulan iradə və qətiyyət bəhrəsini verir. 

Paşinyandan etiraf - ilk dəfədir ki, rəsmi delimitasiya edilmiş sərhədimiz var

Ermənistan üçün isə vəziyyət daha vacib xarakter daşımaqdadır. Sərhədlərini müəyyənləşdirməklə həm də hüquqi dövlət statusu əldə etmək kimi tarixi şans qazanan Ermənistan bəlkə də tarixinin ən vacib günlərini yaşayır - nəinki bölgədə, qlobal miqyasda qeyri-ciddi imicə malik rəsmi İrəvan Azərbaycan ilə münasibətləri normallaşdırmaqla bu streotipləri dəyişə bilər. Bu günün ən real məsələsi məhz sərhəd dirəklərinin basdırılması fonunda Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkərək sülh müqaviləsini imzalamasıdır - bu addım İrəvan üçün olduqca böyük əhəmiyyətə malik olacaq. Ermənistan bununla həm də özünü təsdiq edəcək. Başqa sözlə, Ermənistan dövlət olaraq özünü müstəqil subyekt kimi xarakterizə etmək istəyirsə, mütləq şəkildə Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməlidir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında delimitasiya ilə bağlı məsələyə toxunaraq bildirib ki, bunu uğur hesab etməyin birinci səbəbi odur ki, suverenliyimiz və müstəqilliyimiz, daha da inkişaf və möhkəmlənməyimiz üçün çox mühüm təməl daşı qoyulub. İkincisi, müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, respublikamızın rəsmi delimitasiya edilmiş sərhədi var ki, bu da təkcə bu kəndlərdə deyil, bütün Ermənistan - Azərbaycan sərhədi boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”.

Azərbaycanın sülhpərvər mövqeyi... 

Beləliklə, Ermənistan özü də etiraf edir ki, artıq qeyri-konstruktiv mövqedən əl çəkilməsinin vaxtıdır - sülh üçün çalışmaq lazımdır. Rəsmi İrəvan anlayır ki, 2020-ci il Vətən müharibəsindən ötən 4 il ərzində Cənubi Qafqaz regionunun həyatında mühüm yeniliklər və dəyişikliklər baş verib və bu dəyişikliklər Azərbaycanın rəhbərliyi ilə baş tutub - bölgədə yaradılan yeni siyasi-iqtisadi mənzərə böyük bir coğrafyaya canlanma bəxş edib. Avrasiyanın mərkəzində sabitlik adası formalaşdırmış Azərbaycan apardığı diplomatik səy, iqtisadi planlaşdırma qısa zamanda dünyanın diqqətini Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya ticari xəttinin potensialına fokuslaya bilib. Azərbaycan bütün iqtisadi-siyasi hədəflərini Cənubi Qafqazın ümumi inkişaf potensialına yönəldib - bu isə Cənubi Qafqazın yeni - sabit və böyük miqyasda separatizmdən xilas olmuş mənzərəsinin ən real nümayişidir. 

Bəli, ötən ilin dekabrında əsası qoyulan, bu ilin aprelində razılaşdırılan, mayın 15-də isə ilk dəfə olaraq təsdiqlənən amillər gələcək sülhün anonsu da sayıla bilər. Hansı ki, məhz Azərbaycanın sülh təklifləri və irəli sürdüyü baza şərtləri, üçüncü tərəfin iştirakı olmadan birbaşa təmasla bağlı ortaya qoyduğu mövqe sülhü formalaşdıran əsas amillər kimi çıxış etməkdədir. Bu gün Ermənistanın siyasi rəhbərliyinin mövqelərin yaxınlaşması, sülhün vacibliyi, xarici təsirlər və müdaxilələr olmadan danışıqların daha uğurlu şəkildə rinkişafı ilə bağlı açıqlamaları Azərbaycanın yürütdüyü siyasətin nəticələridir. Hansı ki, biz artıq illərdir bu detallar üzərində israr edirdik və bu kimi prioritetləri danışıqlar prosesinin əsas özəyi kimi ortaya qoyurduq. Beləliklə, 15 may razılaşması yeni dövr üçün münasibətlərin normallaşmasına aparan yolu daha da qısaltdı...

P.SADAYOĞLU 

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ərzurumun xilaskarı

22 May 11:05  

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31