Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qarşılıqlı etimada əsaslanan münasibətlər

Qarşılıqlı etimada əsaslanan münasibətlər

18.05.2024 [10:30]

Aparılan ardıcıl və məqsədyönlü multiregional xarici siyasət kursunun nəticəsi olaraq  beynəlxalq miqyasda ölkəmizin dostlarının sayı getdikcə artır. Ayrı-ayrı dövlətlər respublikamızla həyatın müxtəlif sahələrində sıx, bərabərhüquqlu partnyorluq münasibətləri qurmağa böyük önəm verirlər.

Qısa müstəqillik tarixində Azərbaycanla siyasi, iqtisadi, humanitar və digər sahələrdə paritet əsaslarla münasibətlərini dərinləşdirən belə dövlətlərdən biri də Belarus Respublikasıdır. 

Xəbər verildiyi kimi, bu günlərdə dost ölkənin Prezidenti Aleksandr Lukaşenko ölkəmizə dövlət səfərinə gəlib. Səfərin gündəliyi kifayət qədər zəngin olub. Belə ki, səfər çərçivəsində Azərbaycan və Belarus prezidentləri təkbətək və geniş tərkibdə görüşlər keçiriblər və bir sıra vacib sənədlər imzalanıb. İki ölkənin liderləri keçirdikləri görüşlərdə və mətbuata verdikləri  bəyanatlarında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluqlarını bildirməklə yanaşı, əməkdaşlığın dərinləşdirilməsi üçün potensial imkanların daha böyük olduğunu vurğulayıblar. “Bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür”, - deyə Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə bildirib.

Liderlərin şəxsi münasibətlərindən qaynaqlanan yüksək səviyyəli siyasi dialoq

Azərbaycanla Belarus arasında getdikcə genişlənən münasibətlərdən bəhs edərkən ilk növbədə siyasi dialoqun, qarşılıqlı etimadın yüksək səviyyəyə çatdığını qeyd edə bilərik. Yüksək səviyyəli siyasi dialoq digər istiqamətlərdə əməkdaşlığa da güclü impuls verir. İki ölkə arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılıb.  2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olub. 

İkitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr kifayət qədər geniş əhatə dairəsinə malikdir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi sahələri vurğulaya bilərik. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib. İki ölkə hərbi sahədə sıx əməkdaşlıq edir. 

İkitərəfli siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq Azərbaycan ilə Belarus beynəlxalq platformalarda, o cümlədən də BMT, ATƏT, MDB kimi təşkilatlar çərçivəsində ənənəvi olaraq bir- birinin mövqeyinə hörmətlə yanaşırlar. Qeyd etmək yerinə düşər ki, dost Belarus üzv olduğu beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən də Müstəqil Dövlətlər Birliyinin (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə Azərbaycanın maraqlarına uyğun gəlməyən hər hansı bir addım atmayıb. Əksinə, dost ölkə və onun lideri Aleksandr Lukaşenko keçmiş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə həmişə həssas yanaşma sərgiləyib və ədalətli sülhyaratma prosesinə çağırışlar edib. Azərbaycan da öz növbəsində ən kritik məqamlarda Belarusa dost əli uzadıb, ona müxtəlif məsələlərdə vazkeçilməz siyasi və maddi dəstəyini göstərib.

İki ölkə arasında əlaqələrin intensivləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun çox vacib rol oynadıqlarını xüsusi qeyd etmək lazımdır. Onları yaxın dostluq münasibətləri birləşdirir ki, bu da dövlətlərarası siyasi dialoqun genişlənməsinə öz müsbət təsirini göstərir. Artıq liderlərin qarşılıqlı səfərləri də intensiv hal alıb. Prezident Aleksandr Lukaşenko Bakıda, Prezident İlham Əliyev isə Minskdə özlərini əsl dostların əhatəsində, evlərindəki kimi hiss edirlər. Bildirildiyi kimi, hər iki tərəf bir-birinə səmimi və acıq münasibət bəsləyir. Ortada hansısa bir sirr və yaxud gizli məsələ yoxdur. Liderlər arasında formalaşan səmimi münasibətlər digər dövlət məmurlarına da sirayət edir. Mətbuata verdiyi bəyanatında bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Əlbəttə ki, diskussiyalar üçün mövzu olduqca çoxdur. Biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Zənnimcə, bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir, - deyə vurğulayıb.

Azərbaycan Lideri Qafqaz regionuna görə məsuliyyət daşıyır

Səfər çərçivəsində baş tutan tədbirlərdə ikitərəfli münasibətlərlə yanaşı, qlobal və regional təhlükəsizlik məsələlələri ətrafında da geniş fikir mübadiləsi aparılıb. Təəssüf ki, mənzərə heç də ürəkaçan deyil. Bildirildiyi kimi, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Geosiyasi və geoiqtisadi vəziyyət hədsiz dərəcədə mürəkkəbləşib. Bizə yaxın coğrafiyalarda da təhlükəli proseslər izlənilir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmayaraq illərlə uzanır, başqa sərhədlərə sirayət edir. Burada Azərbaycanın və onun Lideri İlham Əliyevin müstəsna xidmətləri isə müsbət bir nümunə kimi diqqət çəkir. 

Dünyada uzun illər ərzində mövcud olmuş problemlər sırasında Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna təşkil edir. Söhbət Azərbaycanın 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uğun olaraq özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən gedir. Respublikamız Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bundan sonra regionu stabil şəkildə irəliyə aparmaq mümkündür. Çünki Azərbaycanın yaratdığı reallıqlar sülhə, əməkdaşlığa və təhlükəsizliyə münbit zəmin formalaşdırıb. Bu, çox böyük önəm daşıyan misilsiz fürsətdir və ondan maksimum səmərəli istifadə olunmalıdır. Geridönüşə yol verilməməlidir. Postmüharibə dövründə Azərbaycanın və Onun Lideri İlham Əliyevin səyləri də məhz buna yönəlib. Azərbaycanın bu müsbət nümunəsi dünyada böyük maraqla izlənilir və təqdir olunur. Bu gün Cənubi Qafqazda beynəlxalq hüququn, suverenlik prinsipinin bərqərar olunması presedentini yaradan Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət bəslənilir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata verdiyi bəyanatında bir daha diqqətə çatdıraraq deyib: “Bəli, biz regionlarımızda təhlükəsizlik məsələlərini müzakirə etmişik. İlham Heydər oğlu burada baş verənlərlə bağlı mənə ətraflı məlumat verdi, qeyri-sabit regiondur, Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”. 

Mübariz ABDDULLAYEV

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixdən gələcəyə

23 Oktyabr 11:20  

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31