Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zəngilandan və Bakıdan dünyaya çağırış

Zəngilandan və Bakıdan dünyaya çağırış

01.06.2024 [10:20]

Beynəlxalq ictimaiyyət minatəmizləmə yükünün bölüşdürülməsinə kömək etməlidir

Azərbaycan mina təhlükəsindən əziyyət çəkən bir ölkə kimi dünyada mina probleminə qarşı səmərəli mübarizə aparılmasına, bu istiqamətdə qüvvələrin səfərbər edilməsinə, qlobal həmrəyliyə nail olunmasına həssas yanaşma sərgiləyir. Xəbər verildiyi kimi, mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı işə başlayıb. Mayın 31-də isə konfrans işini Bakıda davam etdirib.

Tədbirə beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilib. Konfransa, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə qatılıb. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri iştirak ediblər.

Zəngilanda başlayan konfransın böyük rəmzi mənası var

Çox doğru olaraq mina təhlükəsi qlobal təhdid kimi dəyərləndirilir. Dünyada ayrı-ayrı ölkələr müxtəlif zaman kəsiklərində mina problem ilə üzləşiblər və insanlar bu gizli təhlükənin qurbanına çevriliblər. Mühüm əhəmiyyət daşıyan beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan qlobal səviyyədə minalanmaya qarşı mərkəz statusunu qazanıb. Respublikamızın təşəbbüsü ilə bu konfrans 3-cü dəfədir keçirilir. Zəngilanın və Bakının ev sahibliyi etdiyi konfrans ölkəmizin üzləşdiyi mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır. Konfrans, mina partlayışı nəticəsində zərər çəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev tədbirdə çıxış edərək bildirib ki, beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdıqları ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Azərbaycanın minalarla çirklənmiş əraziləri

Tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin 10 min 285 kvadratkilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr siyahısında yer alır. Mina terrorunu Ermənistan hərbi birləşmələrinin çoxsaylı müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirmək mümkündür. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir.

Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür. Vüqar Süleymanov kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqların, eyni zamanda, saysız-hesabsız heyvan və bitki növlərinin, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi, habelə minaların mənfi təsirinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. 

Minatəmizləmə fəaliyyətinin ətraf mühit məsələləri ilə inteqrasiyası

Bu gün Azərbaycanın gündəliyində ətraf mühit məsələləri mühüm yer tutur. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan olunub. Noyabr ayında isə Azərbaycan qlobal iqlim çağırışlarının müxtəlif səviyyələrdə müzakirələrinin aparılacağı COP29 konfransına ev sahibliyi edəcək. 

Ətraf mühit məsələləri Zəngilanda başlayan və Bakıda davam etdirilən konfransda da diqqət mərkəzində olub.  BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç nitqində minatəmizləmə fəaliyyətinin ətraf mühitin bərpası və milli inkişaf proqramları ilə inteqrasiyasının vacibliyini vurğulayıb. Bildirib ki, minaların ətraf mühitə təsirini azaltmaq missiyası yalnız partlayıcı sursat problemini aradan qaldırmaq deyil, eləcə də gələcək nəsillər üçün təhlükəsiz həyat, kənd təsərrüfatı və biomüxtəlifliyin təmin edilməsidir. Başlıca məqsəd zərərçəkmiş torpaqları inkişaf edən ekosistemlərə və davamlı icmalara çevirməkdir. 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev konfransda videomüraciətlə çıxış edərək bildirib ki, COP29-un məqsədlərinə uyğun olaraq, biz iqlim davamlılığı məsələlərini minatəmizləmə və yenidənqurma səylərimizə inteqrasiya etməyə çalışırıq. Hədəfimiz işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və dayanıqlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl zonaya çevirməyi hədəfləyirik.

Konfrans mina probleminin dayanıqlı həll yollarının müəyyənləşdirilməsi və hamı üçün daha təhlükəsiz gələcəyi təmin etmək üçün ətraf mühitin mühafizəsinin təbliği ətrafında aparılan müzakirələr və söhbətlərlə davam edib.

“Minaların ətraf mühitə ziyanı böyükdür və onlar ətraf mühit üçün yeni çirklənmiş ərazilər yaradır”.  Bu fikirlər isə BMT-nin Sülh Əməliyyatları Departamentində Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyevin  konfransın iştirakçılarına videomüraciətində yer alıb.

O, Azərbaycan hökumətinə ətraf mühiti mühafizə sahəsində həyata keçirdiyi tədbirlərə, xüsusilə mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlərin 18-ci dayanıqlı inkişaf məqsədi (DİM) kimi təqdim etdiyinə görə təşəkkür edib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi onu göstərir ki, ölkə ətraf mühitin mühafizəsini ali məqsəd kimi görür. Azərbaycanın minatəmizləmə fəaliyyətini - xüsusilə ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirirəm. Bu yaxınlarda beynəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi dərc olunacaq. Ümumilikdə mina problemi ilə ətraf mühit arasında əlaqəni qabartmaq vacibdir”.

Qlobal səciyyə daşıyan təhdid birlikdə dəf edilməlidir

 “Biz Ermənistanla sülh anlaşmasına yaxınıq. Ən əsas odur ki, Azərbaycanın suverenliyi tam bərpa olunub. Ermənistanla delimitasiya işlərində irəliləyişlər var. Lakin məcburi köçkünlərin öz yurdlarına qaytarılması, yenidənqurma işləri mina səbəbindən ləngiyir. Azərbaycan minalarla çirklənməyə görə dünyada ilk beşlikdədir. 2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbaycanın 361 vətəndaşı mina qurbanı olub. Təəssüf ki, bu rəqəm hər həftə artır. Düzgün xəritələrin verilməməsi problemi daha da dərinləşdirir”. Bu sözləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov konfransda çıxışı zamanı deyib. 

Fikirlərinin davamı olaraq E.Əmirbəyov beynəlxalq birliyə çağırış edib: “Mina fəaliyyəti insanlar üçün təhlükəsiz şəraitin yaradılmasına hədəflənib. Həmin fəaliyyət yenidənqurma işlərinin, sosial siyasətin əsasını təşkil edir. Bu proses illər alacaq. Lakin Azərbaycanın bu istiqamətdə işləyən qurumu - ANAMA məhsuldar fəaliyyət göstərir. Xanımlardan ibarət minatəmizləyənlər də var. Lakin bu istiqamətdə ölkəmizə beynəlxalq dəstək azdir. İnanırıq ki, beynəlxalq ictimaiyyət bu yükün bölüşdürülməsinə kömək edəcək”, - deyə E.Əmirbəyov deyib.

İmzalanan niyyət bəyannaməsi

Beynəlxalq konfransın açılış günündə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramı arasında niyyət bəyannaməsi imzalanıb.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo imzalayıblar. 

Niyyət bəyannaməsi Azərbaycan Respublikası ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir. Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək. Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsi ilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir. Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa, regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir.

Zəngilan məscidi və Ağalı kəndi ilə tanışlıq

Konfrans iştirakçıları Zəngilan məscidində olublar. Məlumat verilib ki, Zəngilanda inşa olunan məscidin təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub. Məscidin binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə naqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb. İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.

Konfrans iştirakçıları daha sonra Zəngilan rayonunun Ağalı kənd meydanına gəliblər. Sonra Ağalı kənd tam orta məktəbin şagirdlərinin rəqsinə baxan iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olublar. 

Qonaqlar, həmçinin minatəmizləmə prosesini izləyiblər.

Qeyd edək ki, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü Bakıda keçirilib. Konfransın yekunlarına dair bəyannamə qəbul edilib.

Bəyanatda humanitar minatəmizləmənin ekoloji aspektlərinin minatəmizləmə ilə bağlı səylərə inteqrasiya olunmasına, dövlətləri və müvafiq təşkilatları bu səylər üçün resurslar ayırmağa və təcrübələrini bölüşməyə,  eləcə də BMT-nin üzv dövlətlərini minatəmizləmə ilə bağlı, o cümlədən minaların basdırıldığı yerlər haqqında məlumat mübadiləsinə dair müvafiq beynəlxalq öhdəliklərinə əməl etməyə,  minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhali üçün ciddi təhlükə yaratdığı, iqtisadi inkişafa əngəl törətdiyi ölkələrdə milli minatəmizləmə potensialının yaradılmasına və inkişafına dəstək vermək məqsədilə dövlətləri və müvafiq təşkilatları səylərini davam etdirməyə çağırış yer alıb.

Mübariz ABDULLAYEV 

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30