Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Nümunəvi platforma

Nümunəvi platforma

04.06.2024 [10:02]

Əsrin Müqaviləsi” - 30...

Bakı Enerji Həftəsi uğurlu təqvim ilinə təsadüf edir

Bu gündən paytaxtımızda  Bakı Enerji Həftəsi start götürür. Həftə tədbirləri çərçivəsində “29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi”, “12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi” və “29-cu Bakı Enerji Forumu” təşkil olunacaq. Bu tədbirlərdə 37 ölkədən 300-dək şirkət  iştirak edəcək. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Enerji Həftəsi Prezident İlham Əliyevin açılış mərasiminə qatılması və çıxışı ilə başlayır, bu xoş və əlamətdar ənənəvi çıxış bütövlükdə qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılanır, tədbirin xüsusi yüksək statusunu da artırır.

Builki Enerji Həftəsində müvafiq dövlət qurumlarının və müxtəlif ölkələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də tanınmış biznes icmasının üzvlərinin iştirakı nəzərdə tutulub. Tədbirə ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemianın, OPEC-in baş katibi Haysam Əl-Qaysın, Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borreronun, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kameranın, eləcə də bir çox dövlətlərin enerji nazirlərinin qatılması Bakı Həftəsinin xüsusi maraq doğuran enerji körpüsü olmasını şərtləndirir. 

Bakı Enerji Həftəsi bir neçə ildir ki, Azərbaycanın paytaxtında uğurlu və nümunəvi bir modelə çevrilmiş enerji məsələlərinin müzakirəsi və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsini əlaqələndirən platformaya çevrilib. Bu Həftə çərçivəsində enerji sektorundakı aktual məsələlər müzakirə edilir və enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələri əhəmiyyətli təkliflərlə çıxış edərək dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırlar. 

Sözsüz ki, bu enerji cığırının və strateji yol xəritəsinin müəllifi Azərbaycandır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin bu ilki özəlliyi və yeni ənənə, məzmun gətirən ən başlıca istiqaməti isə bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılacaq şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberin və bərpa olunan enerji üzrə bir çox tanınmış şəxsin iştirakı “yaşıl enerji”nin aktual və gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir. 

Əsrin müqaviləsi”nə yubiley töhfəsi...

Enerji Həftəsinin keçirildiyi 2024-cü il də Azərbaycan üçün uğurlu təqvim kimi tarixi əhəmiyyət daşıyır. İlk növbədə, bu il respublikanın iqtisadi həyatında və neft sənayesi tarixində yeni dövrün başlanğıcı hesab edilən “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Yeni neft strategiyasının Azərbaycanın müstəqillik tarixində mühüm rolu hədsiz dərəcədə böyükdür, ölkəmizin iqtisadi inkişaf təməllərinin və formalaşan güclü maliyyənin əsasını məhz neft gəlirləri təşkil edib. Neft gəlirləri respublikamızın sosial-iqtisadi tərəqqisinə dərin zəmin yaratmaqla bərabər, güclü ordu quruculuğunun təmin olunmasında da bir vasitə olmuş və Azərbaycanın öz dövlət suverenliyini, ərazi bütövlüyünü təmin etməsində də fundamental baza rolunu oynamışdır. Bu baxımdan “Əsrin müqaviləsi”nin imzalanması tarixi-iqtisadi rəmzi məna daşıyır. Bu əlamətdar hadisənin Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapması təsadüfi deyil. 

Bu il, həm də Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Təkcə Azərbaycanın deyil, neft-qaz sənayesində fəaliyyət göstərən iri şirkətlərin, enerji konsorsiumunun bir araya gəldiyi bu ixtisaslaşdırılmış sərgi 30 ildir ki, hər il keçirilməklə qlobal enerji ailəsinin fikir və təkliflərinin, məqsəd və planlarının açıq tribunası rolunu oynayır. Məhz bu sərgidə irəli sürülən təşəbbüslərin gerçəyə çevrilməsi sayəsində yeni enerji layihələri ərsəyə gəlir, qlobal neft-qaz arteriyalarına qoşulan ölkələrin sırası genişlənir, tranzitlərin perspektivləri ilə bağlı yeni ssenarilər hazırlanır. 

Cənub Qaz Dəhlizi ailəsinin yeni üzvləri...

Azərbaycan neft bumundan sonra, Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra edən,TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz dəhlizinin enerji koridorunu yaradıb. 2020-ci ilə kimi Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız son 4 ildə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz təminatında da kolasiyanın aparıcı üzvlərindən birinə çevrilib. 

Çoxşaxəli enerji siyasətinin mərkəzində həm də digər bölgə ölkələrinin də enerji resurslarının Şərq-Qərb enerji koridorlarına cəlb edilməsi dayanır. Belə ki, məhz Azərbaycanın liderliyi və təşəbbüskarlığı sayəsində bölgənin digər ölkələri - Türkmənistan, Özbəkistan və Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulması nəzərdə tutulur ki, nəticədə TransXəzər mənbəyindən Avropaya illik 40-50 milyard kubmetrə yaxın qaz nəqli gözlənilir. Avropa İttifaqının enerji üzrə ekspertləri də etiraf edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarınnı Qərbə nəqlində daşıyıcı missiyaya malikdir. Son illərin ixrac statistikası və coğrafiyası təsdiqləyir ki, Azərbaycanın Avropaya ötürdüyü enerji resurslarının həm həcmi, həm də alıcı ölkələrin sayı genişlənir. Beləliklə, Azərbaycan enerji siyasətininin şaxələnməsində flaqman ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində genişşəbəkəli enerji koalisiyası yaatmış olur.

COP29-un açılış manifesti...

Üçüncü bir əlamətdar hadisə Enerji Həftəsinin 2024-cü il Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a təsadüf etməsidir. Xüsusilə də bu il təşkil olunan Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri təqdim etmək istəyi, o cümlədən Günəş və külək enerjisi, geotermal enerji mənbələrinin istehsalı və nəqli ilə bağlı niyyətlərini ortaya qoymaları bütün tərəflərin “yaşıl enerji” imkanlarını nümayiş etdirəcək. Azərbaycan 2023-cü ildə regionda ən böyük və ən müasir “yaşıl enerji” istehsalı müəssisələrindən olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verərək yeni enerji təməlləri qoyub. “Masdar” ilə ümumi gücü 1000 MVt olan 2 günəş və 1 külək elektrik stansiyasının inşası davam etdirilir və 100 MVt gücündə Günəş stansiyası üzrə ilk bərpaolunan enerji hərracının keçirilməsi baş tutmaqdadır, eləcə də “ACWA Power” şirkəti ilə 200 MVt Batareya Enerji Saxlama Sistemi üzrə İcra Sazişi və 200 MVt gücündə külək elektrik stansiyası üçün Çərçivə Sazişinin imzalanması “yaşıl ixrac”a doğru qətiyyətli addımları əks etdirməkdədir. 1870 MVt gücündə bərpaolunan enerji güclərinin (İstismara verilmiş və təməli qoyulmuş stansiyalar daxil olmaqla 2 külək və 6 Günəş stansiyası) ölkənin ümumi elektroenergetika şəbəkəsinə inteqrasiyası üzrə proqramın icrası isə Azərbaycanın liderliyi ilə Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizinin gerçəkləşməsini təsdiq edir. 

Beləliklə, ölkəmizin belə bir mötəbər tədbirə hazırlaşdığı dövrdə qlobal alyansın 5 ay əvvəldən bir araya gələrək “təmiz enerji” və “yaşıl hidrogen” təşəbbüslərini geniş bir masada müzakirə etməsini COP29-un açılış manifesti də adlandırıla bilər. Bu baxımdan, Bakı Enerji Həftəsini həm də Azərbaycanın neft və qaz sahəsindəki uğur hekayəsini və qlobal təşəbbüskarlığını yeni paltformaya - “yaşıl enerji” alyansına daşıyan və bu sahədəki iradəsini nümayiş etdirən iqtisadi hadisə kimi dəyərləndirmək mümkündür.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31