Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qürur və güvənc yerimiz - Müzəffər Silahlı Qüvvələrimiz!

Qürur və güvənc yerimiz - Müzəffər Silahlı Qüvvələrimiz!

26.06.2024 [09:30]

Ali Baş Komandan: Azərbaycan Ordusu öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır!

44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində Qarabağda suverenliyini tam təmin etmiş müstəqil Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Hazırda dünyanın mənzərəsi fərqlidir. Reallıq ondan ibarətdir ki, bir sıra hallarda beynəlxalq prinsiplər və hüquq normaları arxa plana keçirilir, dövlətlərarası münasibətlərdə oxşar məzmunlu məsələlərin həllinə ikili standartlar prizmasından yanaşmalar tətbiq olunur. Bəhs olunan reallıqlar fonunda hər bir dövlətin özünün suverenliyini və milli maraqlarını qoruması üçün güclü orduya malik olması vazkeçilməz şərt qismində çıxış edir. Respublikamızın keçdiyi yol bunu əyani şəkildə təsdiqləyir. Müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycan  ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə məhz özünün Müzəffər Silahlı Qüvvələrinin gücü, rəşadəti sayəsində nail olub.

Azərbaycanın imza atdığı bir ilk

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 23 ay yaşamasına baxmayaraq, dövlət quruculuğu sahəsində bir sıra ilklərə imza atıb. Bunlardan biri də ordu quruculuğu istiqamətində görülən işlərdir. Ordu quruculuğu kifayət qədər çətin bir prosesdir, bunun üçün bir sıra zəruri şərtlər təmin olunmalıdır. ADR üçün isə çətinlik həm də onunla bağlı idi ki, bu sahədə respublikamızda hansısa bir ənənə formalaşmamışdı, çar Rusiyası azərbaycanlıları bir qayda olaraq məqsədyönlü şəkildə hərbi işlərdən, ordudan kənarda saxlamışdı. Ordunun yaradılması isə ADR üçün bir zərurət idi. Bunsuz daşnak-bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacaqdı.

Beləliklə, 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrininin yaradılması qeyd edilib. Qurulan ilk hökumətdə müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. ADR-in yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verirdi.  Əlahiddə Azərbaycan korpusunun şəxsi heyəti beş min nəfərdən ibarət idi. İyulun 11-də hökumətin müvafiq fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.

Az vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda müəyyən nəticələr əldə olunub. Azərbaycan Ordusu milli höhkumətə qarşı daşnak-bolşevik təhdidlərinin getdikcə artması şəraitində formalaşır və təşkilatlanırdı. Təəssüf ki, 1920-ci ilin aprelində ADR-in süqutundan sonra milli ordu da ləğv edilib və Azərbaycan Ordusunun 21 generallarından 15-i güllələnib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Ali Sovet milli ordunun yaradılması haqqında qərar qəbul edib. Azərbaycan Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Silahlı Qüvvələrin formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri

Bütövlükdə, müstəqilliyimizin fundamental əsaslarını  qoyan böyük siyasətçi Heydər Əliyev ordu quruculuğuna, peşəkar milli hərbçi kadrların hazırlanmasına həmişə strateji yanaşma sərgiləyib.  “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir” - deyə Heydər Əliyev vurğulayırdı.

Məlumdur ki, Heydər Əliyev Azərbaycana iki fərqli dönəmdə - həm keçmiş sovet hakimiyyəti illərində, həm də müstəqilliyimizin ilk vaxtlarında rəhbərlik edib. Heydər Əliyevin  1969-cu ildə respublikamızın rəhbərliyinə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində respublikamızda hərbi kadrların hazırlanması prosesi start götürüb. Heydər Əliyev 1971-ci ildə böyük səylər hesabına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olub. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına geniş imkanlar açdı. Eyni zamanda, Heydər Əliyevin səyləri sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərində güzəştli şərtlərlə təhsil almaları mümkün oldu.

Böyük siyasətçi Heydər Əliyevin ordu quruculuğu sahəsində genişmiqyaslı fəaliyyətinin ikinci mərhələsi Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edir. 1993-cü ilin yayında Azərbaycan XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdı və ölkə miqyasında xilaskarlıq missiyası yerinə yetirdi. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal altına aldığı bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilməmişdilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı. 1994-cü il mayın 12-də atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına imkan yarandı. Heydər Əliyevin siyasi iradəsi əsasında Ordunun  maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirilirdi.  Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Prezident Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Eyni zamanda, Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılmasına başlanıldı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. 

İstənilən vəzifəni yerinə yetirməyə qadir olan ordu quruculuğu

Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçiləndə ölkənin ərazi bütövlüyünün və suverenliyinin mütləq təmin olunacağına söz vermişdi. Bunun üçün isə ən vacib şərtlərdən biri  istənilən vəzifəni yerinə yetirməyə qadir olan ordu quruculuğuna nail olmaq idi. Prezident İlham Əliyev son 20 ildə ölkənin iqtisadi-maliyyə imkanlarının getdikcə artması fonunda ordunun müasirləşdirilməsini, maddi-texniki təchizatının möhkəmləndirilməsini, kadr hazırlığını, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını həmişə dövlət siyasətinin vacib istiqaməti kimi öndə saxlayıb. Dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq büdcənin xərc istiqamətlərində ordu quruculuğunun prioritetliyi həmişə nəzərə alınır. Əgər Azərbaycanın hərbi-müdafiə xərcləri 2003-cü ildə 150 milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Yəni son 20 ildə hərbi xərclər 40 dəfə artırılıb. Respublikamızda 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 5622,5 milyon manat məbləğində vəsait yönəldilib. Qeyd olunan rəqəm dövlət büdcəsi xərclərinin 17,5 faizini təşkil edib.  Bu vəsait 2021-ci illə müqayisədə 737 milyon manat və ya 15,1 faiz çox olub. 2023-cü ilin təsdiqlənən büdcə layihəsində müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə 5 320 093 593,0 manat məbləğində vəsait yönəldilməsi nəzərdə tutulmuşdu. Ötən ilin yayında dürüstləşmə zamanı büdcəyə bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Əlavə vəsaitin də 1,1 milyard manatı məhz bəhs olunuan prioritet üzrə istiqamətləndirildi. 2024-cü il dövlət büdcəsi layihəsinə dəyişikliklərdən sonra müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manat artırılaraq 6 milyard 421 milyon manatdan 7 milyard 126,3 milyon manata çatdırılıb.

Məlumdur ki, hazırda silahların alınması ayrı-ayrı ölkələr üçün ciddi problem olaraq qalır. Prezident İlham Əliyev beynəlxalq miqyasda qazandığı nüfuzu və şəxsi dostluq əlaqələri sayəsində Azərbaycanın bu problemdən yan keçməsinə nail olub. Hazırda respublikamızın ayrı-ayrı ölkələrlə və qabaqcıl istehsalçılarla müasir silahların tədarükü üzrə əməkdaşlıq əlaqələri mövcuddur.

Ordu strukturunun yenilənməsi, komando birliklərinin yaradılması

Paralel şəkildə Ordunun strukturu da yenilənir. O cümlədən peşəkar hərbi heyətlər -  komando birlikləri yaradılır. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adını qazanmaq üçün hərbi qulluqçuların komando təməl və komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Komando ixtisas kursu çox çətin kursdur. Bu kursda təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilir. İxtisas kursu dərin qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, suüstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun strukturunun yenilənməsinin önəmindən bəhs edərək vurğulayıb: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”

Komando birliklərinin yaradılması Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması prosesi çərçivəsində həyata keçirilir. İki qardaş ölkə Şuşa Bəyannaməsi ilə strateji müttəfiq olduqlarını rəsmi qaydada təsdiqləyiblər. O cümlədən dünyada ən qabaqcıllardan olan Türkiyə Ordusunun yeniliklərinin respublikamızda da tətbiq olunmasına “yaşıl işıq” yandırılır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. 

Zəfər salnaməsi yazan Müzəffər Silahlı Qüvvələrimiz

Bu gün heç bir mübaliğəyə yol vermədən Müzəffər Silahlı Qüvvələrimizi Zəfər salnaməsi yazan ordu kimi səciyyələndirə bilərik. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü düşmənə göstərdi. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. 

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 

Silahlı Qüvvələrimiz 2020-ci il 27 sentyabr tarixində əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində  5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Vətən müharibəsinin nəticələrinə uyğun olaraq Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.

Nəhayət, ordumuzun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərini yada salaq. Silahlı Qüvvələrimizin cəmi 23 saat ərzində yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri separatçıların ağ bayraq qaldırmaları ilə nəticələndi. Bununla da ölkənin bütün ərazisində Azərbaycanın suverenliyi təmin edildi. Silahlı Qüvvələrimizin yazdığı Zəfər salnaməsi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşadır. Qazanılan qələbələrin əsas memarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz o tələsmədən və gecikmədən aldığı müdrik qərarlar, verdiyi mühüm tapşırıqlar sayəsində Ordumuzu qələbədən-qələbəyə aparıb.

Azərbaycan Ordusu dünyaya nümunədir

Azərbaycan Ordusunun gücü beynəlxalq səviyyədə də etiraf olunur. Təsadüfi deyil ki, nüfuzlu “GlobalFirePower” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldıb.

Vətən müharibəsindən sonra aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-nin Milli Müharibə Kollecinin (NationalWarCollege) və SetonHall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Silahlı Qüvvələrimizin qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri dəfələrlə Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31