Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Beş ölkənin bir dənizi...

Beş ölkənin bir dənizi...

11.07.2024 [09:51]

Xəzəri birlikdə xilas edək!

Getdikcə daha da intensivləşən iqlim dəyişmələrinin ən ağır fəsadlarından biri də özünü dünya üzrə təbii su balansının pozulmasında büruzə verir. Qlobal istiləşmənin nəticəsi olaraq okeanlarda suyun səviyyəsi sürətlə artır ki, bu səbəbdən də bir sıra kiçik ada dövlətləri üçün mövcudluq, həyatda qalma məsələsi bütün dünyanın diqqət mərkəzinə gəlib. Digər regionlarda, o cümlədən də Azərbaycanda isə su azlığı müzakirə mövzusudur. Xüsusilə də son illərdə Xəzər sahillərinin geri çəkilməsi ciddi narahatlıq doğurur...

TDT-nin Şuşa Zirvə görüşündə çalınan həyəcan təbili

Xəzərdə suyun azalması və onun yaratdığı problemlər müxtəlif auditoriyalarda tez-tez müzakirə olunur. Bununla nağlı növbəti həyəcan təbili bugünlərdə Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirlən qeyri-rəsmi Zirvə görüşündə çalındı.

“Xəzər dənizi yox olmaq ərəfəsindədir. Onunla bağlı ekoloji problemlər diqqətdən kənarda qala bilməz”.  Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuşa Zirvə görüşündəki çıxışında deyib. Dost ölkənin dövlət başçısı fikirlərinə davam edərək vurğulayıb: “Biz Xəzər dənizinin logistik potensialının artırılmasının vacibliyini qeyd etdik. Eyni zamanda onun ekoloji problemlərinə məhəl qoymamaq da qəbuledilməzdir. Dəniz yox olmaq ərəfəsindədir. Ən mühüm vəzifə onun ətraf mühitini, flora və faunasını qorumaqdır. Xəzərin xilasına yönəlmiş konkret həll yolları hazırlamaq lazımdır. Türk ölkələrinin alimləri arasında qarşılıqlı əlaqəni aktivləşdirməyin vaxtı çatıb”. 

Qazaxıstan Prezidentinin sözlərinə görə, bütövlükdə planetdə iqlimlə bağlı vəziyyət daha da mürəkkəbləşib. “Dünyanın müxtəlif yerlərində baş verən anormal istilər, meşə yanğınları, quraqlıq və daşqınlar bu tendensiyanın aydın şəkildə təsdiqidir. Biz Türk dünyası ilə iqlim məsələlərində əməkdaşlığı gücləndirməyə hazırıq. Bu il biz Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında fəal iştirak etməyi planlaşdırırıq”, - deyə Tokayev əlavə edib.

Sərhədyanı ölkə olan Qazaxıstan Prezidentinin Şuşa Zirvə görüşündə Xəzərin problemini gündəmə gətirməsi təsadüfi deyil.  Şübhə yoxdur ki, burada dost ölkənin dövlət başçısı Azərbaycanda noyabr ayında iqlim konfransının - COP29-un keçirilməsi amilini nəzərə alıb. Bu, miqyasına görə BMT-nin ən böyük tədbiridir, qlobal platformadır. Eyni zamanda, tədbirə ev sahibliyi edəcək Azərbaycan iqlim dəyişmələrinə çox həssas yanaşma sərgiləyir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında çıxışlarında ölkəmizin qətiyyətli mövqeyini dəfələrlə ifadə edib. Artıq zaman gözləmir, müzakirələrdən praktiki müstəvidə zəruri tədbirlərin görülməsinə keçmək lazımdır. İqlim dəyişmələri bütün ölkələr üçün təhdidlər yaradan qlobal problemdir. Azərbaycan bu məsələdə də güclü beynəlxalq həmrəylik formalaşdırmaq, xüsusilə də maliyyə dəstəyinin artırılmasına nail olmaq istəyir. Dost Qazaxıstanın Prezidenti qlobal iqlim sammiti ərəfəsində Xəzərin probleminin beynəlxalq gündəliyə çıxarılmasına təşəbbüs göstərib. 

Qazaxıstan Prezidentinin Xəzərin yoxolma təhlükəsindən bəhs etməsini şərtləndirən digər mühüm amil dost ölkənin Xəzərlə həmsərhəd ərazilərində həqiqətən acınacaqlı vəziyyət yaranması ilə bağlıdır. Son vaxtlarda Qazaxıstan mediasında yayılan məlumatları həyacansız izləmək mümkün deyil. Ekoloq Azamat Sarsenbaev Aktau şəhər sakinlərinin 2016-cı ildən etibarən Xəzər dənizinin kəskin dayazlaşmasını hiss etdiklərini bildirib: “Hazırda bəzi yerlərdə su birdən-birə bir neçə metr çəkilib. Suyun azalması səbəbindən bütün adalar açılıb. Dəniz şəhərdən on metrlərlə, şimal tərəfdən isə kilometrlərlə uzaqlaşıb. Dəniz səviyyəsinin bir metrdən çox aşağı düşməsi Xəzər dənizinin sahil zolağının, xüsusən də Qazaxıstan sektorunun mövqeyinin dəyişməsinə səbəb olub”. 

Azərbaycan sahillərində də vəziyyət ürəkaçan deyil

Azərbaycan da qlobal iqlim dəyişmələrindən əziyyət çəkən ölkələr sırasında yer alır. Bir qədər bundan əvvəl  “Azərkosmos” “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş konfransda qlobal iqlim dəyişmələrinin Azərbaycana təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. “Azərkosmos”un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının çoxunda azalmalar baş verib. Məsələn, 2017-ci ildə ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarının güzgü səthinin sahəsi 48 min 259 hektar idisə, ötən il bu rəqəm 46 min 438 hektara enib. Deməli, 2 min hektara yaxın azalıb. “Azərkosmos”un hesablama apardığı  Araz su anbarında bu azalma 1 min 800 hektar, Yenikənd su anbarında 74 hektar, Taxtakörpü su anbarında isə 286 hektar olub. Göstəriciləri açıqlanan beş su anbarından yalnız Şəmkir su anbarının güzgü səthinin sahəsi 2017-ci ildən bəri artıb və 5 min 650 hektardan 8 min 993 hektara yüksəlib. “Azərkosmos” peyk görüntüləri ilə ölkənin ən böyük çayı olan Kür çayını da monitorinq edib. Həmin görüntülərin təhlili göstərir ki, 2020-ci ildə Kürün Salyan şəhəri yaxınlığından keçən hissəsində çayın orta eni 101 metr idisə, 2023-cü ilin eyni dövründə bu göstərici 93 metrə enib. Bununla, üç il ərzində Kürün orta eni 8 metr azalıb. Müşahidə aparılan dövrdə Kürün eninin ən az olduğu dövr 2021-ci ilə təsadüf edib. Həmin vaxt Kür çayının Salyan şəhəri yaxınlığından keçən hissəsində orta en göstəricisi 68 metrə qədər geriləyib. 

Mütəxəssislər Xəzərdə suyun artıb-azalmasının vaxtaşırı baş verən proses olduğunu bildirirlər. Alimlərin verdikləri məlumata əsasən, bir vaxtlar Böyük Qafqaz dağları dənizin altında idi. Hətta cənubda, respublikamızın ərazisində  Balaxanı gölü əmələ gəlib. Daha bir fakt isə Xəzərin Şimal Buzlu okeanına birləşməsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Su balansının mədaxilinin 80 faizini çay axınları təşkil edir ki, onun da təqribən 85 faizə qədəri Volqa çayının gətirdiyi suların hesabındadır . Tarixi dövr ərzində (son 3500 il) dənizin səviyyəsinin dəyişməsi 15 metr, son 200 ildə 3,5 metr təşkil edib. Xəzər dənizinin səviyyəsində həmçinin fəsli dəyişmələr (30-40 sm) müşahidə olunur.  Nazirliyin məlumatında göstərilir ki, Xəzər dənizinin səviyyəsi 1977- ci ildə Baltik Sistemi ilə mənfi 29,00 metr olub ki, bu da son 500 ildə onun ən aşağı səviyyə kimi qeydə alınır. Xəzərin suyunun artması isə 1995-ci ildə ən yüksək səviyyəyə ( -26,50 m BS ) çatıb. Bu zaman dənizin səviyyəsi 1977-ci illə müqayisədə 2,50 metr yüksək olub. 2005-ci ildən Xəzər dənizinin səviyyəsində yenidən enmələr başlayıb. Bu proses mütəmadi olaraq dəyişir.

Xəzəri təhlükə gözləyirmi?

Əlbəttə, sahəsi Avropanın ərazisinin təxminən 40 faizinə bərabər olan Xəzərin birdən-birə quruma ehtimalı azdır. Hazırda söhbət dənizdə suyun azalmasına təsir göstərən bəzi amillərin aradan qaldırılmasından, həmçinin yaranan problemlərin həllinə kömək göstərilməsindən, fəsadların daha da dərinləşməsinə yol verilməməsindən gedir. Xəzər beş ölkənin dənizidir. Söhbət sahilyanı ölkələrdən gedir. 

Sahilyanı ölkələr səylərini birləşdirməklə Xəzərə birlikdə qayğı göstərməlidirlər və belə qayğı, diqqət göstərilir də. İndiyədək sahilyanı ölkələr arasında əməkdaşlıq üzrə bir sıra sənədlər imzalanıb. O cümlədən Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 4 noyabr 2003-cü ildə Tehranda imzalanıb və  respublikamızda 2006-cı il 4 aprel tarixli Qanun ilə təsdiqlənib. 12 avqust 2018-ci il tarixində  Aktau  şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya və bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər imzalanıb. Bununla da Xəzərin hüquqi status müəyyənləşib. İmzalanan sənədlərlə Xəzəryanı ölkələr dənizdə əməkdaşlıq və onun qorunması ilə bağlı öhdəliklər götürüblər.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31