Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Biz sözçü deyil, SÖZ Sahibiyik!

Biz sözçü deyil, SÖZ Sahibiyik!

23.07.2024 [09:50]

İndiki dövrdə özünün informasiya təhlükəsizliyini qorumaq qayğısına qalmaq hər bir ölkə üçün son dərəcə aktual olan çağırışlardan biridir. Bu da ilk növbədə onunla bağlıdır ki, transmilli media bir sıra hallarda ədalət tərəzisinin gözünü əyir, ötürülən informasiyalarda obyektivlik unudulur, qərəzçilik və subyektiv yanaşmalar önə çəkilir. Beləliklə də, ayrı-ayrı ölkələrin, onların liderlərinin nüfuzuna ciddi xələl gəlir. Prezident İlham Əliyev iyulun 20-də baş tutan  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində sualları cavablandırarkən dünyanın informasiya mühitindəki  kədərli mənzərəyə diqqət çəkərək fikirlərini ifadə edib. “Təəssüflər olsun ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilibdir. Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan da transmilli medianın qərəzinə tuş gələn ölkədir

Transmilli mediada ayrı-ayrı ölkələr  barədə həqiqətdən uzaq informasiyaların yayılması təsadüfi deyil. Bu, əslində qlobal miqyasda ədalət prinsipinə, beynəlxalq hüquq normalarına əməl edilməməsi ilə paralel şəkildə gedən bir prosesdir. Biz müşahidə edirik ki, bəzi hallarda hansısa bir dövlətə qarşı beynəlxalq hüquq həmən işə düşür və ona qarşı sərt tədbirlər görülür. Cəza mexanizmləri tətbiq olunmazdan əvvəl isə ölkələr barəsində transmilli mediada “qara piar” işə salınır. Bununla da seçilmiş ölkələrin cəzalandırılması üçün  “obyektiv əsaslar” və ictimai rəy formalaşdırılır. Digər hallarda isə beynəlxalq hüququ pozan, işğalçılıq siyasəti aparan ölkələrin cəzalandırlması heç yada da düşmür. 

Azərbaycan da beynəlxalq qurumların, supergüc dövlətlərin selektiv yanaşmalarından onilliklər boyunca əziyyət çəkib.  Təxminən 30 il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etsə də, işğalçı dövlətə qarşı hər hansı bir cəza mexanizmi tətbiq olunmayıb. Münaqişənin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun “fəaliyyəti” isə işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoymaq cəhdlərindən uzağa getməyib. Eyni zamanda BMT Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılmasına dair çıxardığı 4 qətnamənin onilliklər boyunca  Ermənistan tərəfindən yerinə yetirilməməsinə seyirçi münasibət bəsləyib. Beləliklə də, cəzasız qalan işğalçı Ermənistan özünün təcavüzkar siyasətindən əl çəkməyib və regionda sülhə, əmin-amanlığa ciddi risklər yaradıb. Buna görə də Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etmək məcburiyyətində qaldı.

Beynəlxalq təşkilatların Ermənistanın təcavüzkar siyasətinə göz yummaları və seyirçi münasibət bəsləmələri məsələnin yalnız bir tərəfi idi. Digər tərəfdən də, işğalla üz-üzə qalan Azərbaycan ayrı-ayrı beynəlxalq təşkilatların, Fransa, ABŞ kimi ölkələrin cəza mexanizmlərinin hədəfinə çevrilir və transmilli mediada ölkəmiz barədə reallıqdan uzaq informasiyalar tirajlanırdı. “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”, - deyə Prezident İlham Əliyev bildirib.

Manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır

Transmilli mediada ölkəmizə qarşı qərəzli yanaşmalar postmüharibə mərhələsində də davam edir. Xaricdəki Azərbaycanafob dairələr, o cümlədən də Fransa kimi ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsini sinirə bilmirlər. Ölkəmizin güclənməsi, hədəflərinə doğru imnamlı addımlar atması həmin dairələri qıcıqlandırır və onlar müxtəlif vasitələrlə Azərbaycanın haqq içinə hansı yollarlasa pəl vurmağa çalışırlar. Postmüharibə dövründə transmilli mediada ölkəmiz barəsində yenidən “qara piar” aparılması da bu ssenarilərin tərkib hissəsidir. Prezident İlham Əliyev qərəzli kampaniyaların haradan qaynaqlandığına da diqqət çəkib. Bununla bağlı fikirlərini auditoriyaya çatdıran dövlətimizin başçısı deyib: “Təəssüf ki, bu, Qərbdən qaynaqlanır və dediyim kimi, bu, bizim gündəlik həyatımızın bir hissəsinə çevrilib. Əvvəllər biz təəccüblənirdik, sonra məyus olurduq, indi isə buna çox biganə yanaşırıq. Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir”.

Qərbdə ölkəmizə münasibətdə arzuolunmaz manipulyativ davranışlara baxmayaraq, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə müxtəlif sahələrdə əməkdaşlığı uğurla davam etdirir. Bu gün respublikamız “qoca qitə” üçün etibarlı enerji mənbəyi qismində çıxış edir. Respublikamız hazırda Aİ məkanına daxil olan ayrı-ayrı ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ümid etmək olar ki, Qərb dairələri Azərbaycana mövqelərini dəyişəcək və ədalətli yanaşma ortaya qoyacaqlar. Buna əminliyini bildirən Prezident İlham Əliyev “Əlbəttə, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə edilirsə, bu, Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir, bu, niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”, - deyə vurğulayıb.

Azərbaycanla Ermənistanın fərqi

Qalib Azərbaycanla məğlub Ermənistanın siyasəti bir-birindən tamam fərqli qütblərdə dayanır. Tarixi Azərbaycan ərazilərində yaradılan Ermənistan bütün mövcudluğu dövründə forpost dövlət missiyası yerinə yetirib. Bütövlükdə bu ölkə fürsətcil mahiyyətə malikdir.  Bir zamanlar Ermənistan dövləti və cəmiyyəti qonşu Rusiyanın çətiri altına sığınmaqdan çox məmnun idi. Ermənilər bütün sosial-iqtisadi problemlərini Şimal qonşumuzun güclü dəstəyi ilə həll edirdilər. Daim başqa dövlətlərin sözlərini söyləyib, bir növ onlara “sözçülük” edən bu ölkə regionda geosiyasi durum dəyişincə siyasi kursunu Qərbə inteqrasiya etməyə yönəldib. 

Azərbaycana gəldikdə isə ölkəmiz öz siyasətində müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Respublikamız  həmişə öz sözünü deyib və söz sahibi olduğunu nəinki regiona, bütün dünyaya nümayiş etdirib. Milli maraqların təmin olunması ölkəmizin çoxvektorlu xarici siyasət kursunda qırmızı xətt kimi müəyyənləşdirilib. Liderimiz sözünün imzası qədər dəyərli olduğunu sübut edib.  “Bilirsiniz ki, Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, bizim xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Biz de-fakto və de-yure müstəqilliyi seçdik. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarımızla, - o ölkələrlə ki, onlar bizimlə əməkdaşlığa can atırdı, - səmərəli əməkdaşlıq. Əlbəttə ki, daxili potensialımıza söykənirdik. Eyni zamanda, biz region ölkələri ilə də sıx əlaqələr qurduq. Bu, bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək və biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik və dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında kiminsə hansısa bəyanatına məhəl qoymadıq, fikir vermədik. Biz onlara tamamilə biganə yanaşırıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 382 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31