Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xalqımız üçün ləyaqət məsələsi...

Xalqımız üçün ləyaqət məsələsi...

23.07.2024 [10:10]

İlham Əliyev: Biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq!

Hazırda bütün dünyada, o cümlədən də Azərbaycanın yerləşdiyi regionda hadisələr çox sürətlə cərəyan edir, tez-tez dəyişikliklərin şahidi oluruq. İndiki dövrün səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, dəyişikliklər prosesi yalnız elmi-texniki tərəqqi ilə bağlı deyil, həmçinin ölkələrarası münasibətlərdə, siyasi proseslərdə də daim yeniliklərin şahidi oluruq. Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində sualları cavablandırarkən dünyada və Cənubi Qafqazda hadisələrin sürətli axarı barədə fikirlərini diqqətə çatdıraraq vurğulayıb: “Biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib”.

Ərazi bütövlüyünün və suverenliyin tam bərpası

Bütün dövrlərdə dövlətlər, xalqlar öz ölkələri üçün prioritetlər müəyyənləşdirir və onlara çatmaq üçün çalışırlar. Hədəflərə çatmaq yolları isə bəzən asan və qısa, bəzən isə uzun və çətin olur. Azərbaycan o ölkələrdəndir ki, özünün ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına çətin proseslərdən, bir sıra hallarda beynəlxalq birliyin ədalətsiz yanaşmalarından keçərək onilliklərdən sonra nail olub.

Ermənistan ötən əsrin əvvəllərində torpaqlarımızı işğal altına alanda Azərbaycanın 8 milyon əhalisi var idi ki, onun da 1 milyonu erməni təcavüzü nəticəsində doğma ev-eşiklərini tərk etmək, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalmışdı. İnsanların illər boyunca qurub yaratdıqları evlərini tərk etmək və çadırlarda, vaqonlarda, yarımçıq tikililərdə yaşamaq məcburiyyətində qalmaları əsl faciə idi.

Ərazilərimizin 20 faizini işğal altına alan, bir milyondan çox soydaşımızı yurd yerlərindən vəhşicəsinə qovan Ermənistan üç onillik ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində işğal nəticəsində yaranan keçmiş statuskvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq, Ermənistanın mövqeyində hansısa bir dəyişiklik baş vermirdi. İş o yerə çatmışdı ki, təcavüzkar dövlət “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdi.

Belə bir məkrli düşmənlə üz-üzə qalan Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin bərpası məsələsini hər zaman öz gündəliyinin mərkəzində saxladı. Aparılan sülh danışıqlarında fəal iştirak edən Prezident İlham Əliyev paralel şəkildə güclü iqtisadiyyat qurdu, ölkənin maliyyə imkanlarını genişləndirdi. Bu möhkəm iqtisadi baza əsasında ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdu. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılırdı. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycanın Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi.

Aparılan məqsədyönlü siyasət, o cümlədən müasir ordu quruculuğu Azərbaycana öz hədəfinə çatmağa imkan verdi. Müzəffər Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməklə düşməni tam kapitulyasiyaya məruz qoydu. Ordumuz öz peşəkarlığını və yüksək döyüş qabiliyyətini növbəti dəfə 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərində nümayiş etdirdi. Cəmi 23 saat ərzində Qarabağda separatçıların bütün məntəqələri mülki infrastruktura və insanlara ziyan vurulmadan darmadağın edildi və onlar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Beləliklə, Azərbaycan öz məqsədinə çatdı, ərazi bütövlüyünün və suverenliyinin bərpasına hərbi-siyasi yolla nail oldu. Bunu xüsusi olaraq vurğulayan Prezident İlham Əliyev “Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu”, - deyə bildirib.

Biz dincəlməməliyik, daim irəli getməliyik

Azərbaycanın yaratdığı reallıqlar Cənubi Qafqaz coğrafiyası üçün yeni fürsətlər açıb. Münaqişələr, qarşıdurmalar keçmişdə qalıb. İndi bütün region daha proqnozlaşdırılan bir bölgədir. Region xalqları özlərini daha  təhlükəsiz hiss edirlər. Bu fürsətlər quruculuğa, əməkdaşlığa və inkişafa istiqamətləndirilməlidir. 

Eyni zamanda, qalib Azərbaycanın da qarşısında mühüm vəzifələr dayanır. Bəli, 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində qazanılan qələbələrin miqyası çox böyükdür. Bunlar son 200 illik tariximizin ən böyük zəfərləridir və onlar daim qürur mənbəyimiz olaraq qalacaqlar. Postmüharibə mərhələsində isə bizim qarşımızda yeni hədəflər dayanır. Prezident İlham Əliyev cari ilin fevralında inauqurasiya mərasimindəki nitqində bu barədə geniş danışıb. Cəmiyyətimiz yeni ümummilli ideyalar ətrafında səfərbər olunmalıdır. Şuşada bir daha bu barədə danışan dövlətimizin başçısı vurğulayıb: “Lakin biz dincəlməməliyik, biz bu mövzunu uzun-uzadı müzakirə etməməliyik. Çünki bu mövzunu çox uzun müddət istismar etmək olar, lakin bu, bizə bir nəticə verməyəcək. Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik”

Postmüharibə dövründə Azərbaycanın qarşısında dayanan əsas prioritetlərdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Hazırda dövlətimiz və cəmiyyətimiz məhz bu məsələyə fokuslanıb. Prezident İlham Əliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir. 

Azərbaycanın çətin, lakin strateji qərarlar vermək nümunəsi

Ərazi bütövlüyünə və suverenliyinə öz gücünə nail olan Azərbaycan dünyaya uzunillik münaqişənin həllinin çox unikal bir modelini təqdim edib. Hazırda beynəlxalq səviyyədə ölkəmizin nümunəsi təqdir edilir və bununla bağlı geniş müzakirələr aparılır. Elə Şuşada baş tutan tədbirdə də Prezident İlham Əliyevə ünvanlanan suallardan biri münaqişələrin həllində Azərbaycan təcrübəsi ilə bağlı oldu. Narahatlıq başadüşüləndir. Həllini tapmayan münaqişələr, davam edən müharibələr ölkələr və xalqlar üçün ağır fəsadlarla nəticələnir, insanların həyatı qırılır, maddi sərvətlər, iqtisadi güc qarşıdurmalara yönəldilir. Prezident İlham Əliyev sualı  çox səmimiyyətlə cavablandırdı və ölkəmizin təcrübəsini bir daha yada saldı. Artıq keçmişdə qalan Qarabağ münaqişəsinin bütün mərhələlərində Azərbaycan sülh istəyinə sadiq qalıb və bir sıra hallarda çox prinsipial qərarlar verib. Çoxları 1994-cü ildə böyük siyasətçi Heydər Əliyevin təkidli səyləri sayəsində işğalçı Ermənistanla atəşkəs razılaşmasının imzalamasının məntiqini anlamır və bunu tənqid edirdi. Ancaq bu, strateji bir qərar idi. Atəşkəsə nail olunması Azərbaycana toparlanmağa, gücünü artırmağa imkan yaratdı.

Sonrakı mərhələdə eyni strateji xətti Prezident İlham Əliyev davam etdirdi. Prezident İlham Əliyev işğalçı Ermənistanın rəhbərləri ilə arzulamadığı görüşlərini xatırlayıb. Həmin görüşlərə getmək, Xocalı faciəsini törədən müharibə canilərinin əllərini sıxmaq Onun üçün çox çətin idi. Ancaq İlham Əliyev  bunu sülh naminə və ərazilərimizin azad olunması naminə edirdi. Özünün bildirdiyi kimi, O, Prezident olaraq bütün hisslərini, bütün emosiyalarını kənara qoymalı idi və belə də edirdi. “Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur. Bu hadisə bəlkə də bundan 50 il sonra baş verəcəkdi. Yəni burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil, fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31