Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 50-ci medal!

50-ci medal!

31.07.2024 [09:50]

Parisdə Azərbaycan himni...

Hamını sevindirən möhtəşəm qələbə!

Mehriban Əliyeva: Əhsən! Əhsən! Əhsən, Hidayət!

Paris - 24 Olimpiya Oyunlarında Yelisey Sarayının, onun ruporu olan “France 2”-nin və digər KİV-in Azərbaycana qarşı məqsədyönlü təxribat cəhdlərinə rəğmən, idmançılarımız yarışlarda əsl xarakter nümayiş etdirməklə ölkəmizin adına uğurlar qazandırırlar. Olimpiadada Azərbaycanı 48 idmançı təmsil edir. Onlar 15 idman növü üzrə mübarizə aparırlar. Parisdə komandamızın ilk qızıl medalını isə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qazanıb. Hidayət Heydərovun Paris - 24-də nail olduğu möhtəşəm qələbə həm də onunla əlamətdardır ki, Azərbaycanın olimpiadalarda qazandığı medalların sayı artıq 50-yə çatıb. 

Prezidentimiz də, birinci xanım da, sıravi vətəndaşlar da qələbə sevinclərini bölüşürlər

Bəli, Olimpiadanın açılış mərasimində bir biabırçılıq yaşandı. Ölkəmizə qarşı təxribata əl atıldı. Hətta Hidayət Heydərovun özünə də rinqdə bayrağımızla dövrə vurmasına imkan verilmədi. Halbuki ABŞ-ın, Yaponiyanın idmançılarına öz ölkələrinin bayraqlarını nümayiş etdirmələrinə imkan yaradılmışdı. 

Bütün bunlara baxmayaraq, biz qalibik! İyulun 29-da “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb. Onun şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Parisdən gələn qələbə müjdəsi Azərbaycanda hamını sevindirib, desək, yanılmarıq. Hidayət Heydərovun möhtəşəm qələbəsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradıb. Prezidentimiz də, birinci xanım da, sıravi vətəndaşlar da sevinclərini bölüşürlər. İyulun 29-da  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar. 

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!”.

Gözəl mənzərədir. Azərbaycan idmançısı basqılar qarşısında sınmır, geri çəkilmir. Vətəndə təkcə ailəsinin deyil, milyonlarla insanın mavi ekran qarşısında onun yarışmasını ayaqüstə izlədiyini, həyəcan keçirdiyini göz önünə alan Hidayət Heydərov əzmkar mübarizə göstərərək qalib gəlir və bununla da ölkəsinin, xalqının gücünü bütün dünyaya, makronlara nümayiş etdirir. Vətəndə isə başda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva olmaqla hamının qəlbindən “Əhsən!” nidası gəlir. Budur Ulu Öndər Heydər Əliyevin əkdiyi və bizim hamımızı vahid amal uğrunda birləşdirən azərbaycançılıq ideologiyasının bəhrəsi! Budur, Azərbaycanın dövlət-xalq həmrəyliyi! Biz Vətənin dar günündə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasında da bir yerdə idik, dünyanın ən mötəbər idman yarışmasında qazanılan qələbənin sevincini yaşayanda da  bərabərik! Həmişə də belə olacaq! Beləcə, makronlar daim pərt qalacaqlar, hirslərindən, hikkələrindən yanıb yaxılacaqlar, biz isə özümüzün seçdiyimiz yolumuzla gedəcəyik və böyük hədəflərimizə çatacağıq! Birinci xanım Mehriban Əliyevanın ifadə etdiyi kimi, “Əhsən! Əhsən! Əhsən, Hidayət!

İdmanın inkişafına göstərilən hərtərəfli dövlət qayğısı

Azərbaycanın 48 nəfərlik heyətlə 33-cü Yay Olimpiya Oyunlarına qatılması və artıq ilk qızıl medalın qazanılması bütövlükdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitin bəhrəsidir. Bunun arxasında illər boyunca ölkə miqyasında idmanın inkişafına göstərilən diqqət və dövlət qayğısı dayanır. Son illərdə respublikamızda idmanın inkişafından və kütləviləşməsindən söhbət açarkən yeni yaradılan müasir infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni tikilən və yaxud yenidən qurulan arenalar sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə çevrilib. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 20 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. 

Qeyd edək ki, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işə 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlanıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastrukturun qurulmasına start verildi. 

Ölkəmizin uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş söz söyləmək mümkündür. Ölkəmizin hər yerində yeniyetmələr, gənclər yaradılan idman obyektlərində məşqlər edir və böyük idmana doğru irəliləyirlər. 

Respublikamızda yeniyetmələr və gənclər arasında idmana marağın artmasında, onun kütləviliyinin təmin olunmasında Prezident İlham Əliyevin hər il beynəlxalq yarışlarda yüksək nəticələr qazanan idmançılarla şəxsən görüşməsi, onları mükafatlandırması və yüksək dövlət təltiflərinə layiq görməsi mühüm rol oynayır. Bu, gənclərimizə güclü stimul verərək onları yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır. Əlamətdar haldır ki, dövlətimizin başçısı sonuncu belə görüşü 21 dekabr 2023-cü ilin tarixi şəhərimiz olan Xankəndidə keçirdi. Xankəndi 30 il ərzində separatçıların yuvasına çevrilmişdi. Qəhrəman Azərbaycan Ordusu ötən il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq burada separatizmin kökünü birdəfəlik kəsdi. Bu gün şəhərdə Azərbaycan Bayrağı əzəmətlə ucalır və hər bir azərbaycanlıya sonsuz qürur hissi bəxş edir. Bu hiss idmançılarımıza da yaxşı bəllidir. Onlar beynəlxalq yarışlarda hər dəfə fəxri kürsünün yüksək pilləsinə qalxıb bayrağımızı ucaldanda, himnimizi səsləndirəndə məhz bu hissləri yaşayırlar. Ölkəmizin tarixində saysız-hesabsız idman yarışları keçirilib, çoxlu sayda görüşlər təşkil olunub. Ancaq ötən ilin dekabrında Xankəndidə baş tutan futbol maçtı və oyunun fasiləsində dövlətimizin başçısının idman ictimaiyyətinin nümayəndələri ilə görüşməsi tariximizdə əbədi qalacaq.

Ölkəmizin adına qazanılan rekord sayda medal

Azərbaycanın qısa müstəqillik tarixində bütün dünyada həm də güclü idman ölkəsi kimi tanınması son dərəcə qürurvericidir. İdmançılarımız mötəbər beynəlxalq yarışlarda Azərbaycan adına qazandıqları medalların sayını ilbəil artırırlar. Bu cəhətdən 2023-cü il də istisna olmayıb. Ötən il idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 1472 medal qazanıblar. Bu, idman tariximizdə rekord göstəricidir. Bunun 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.

Ötən il gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yaddaqalan oldu. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı dünya çempionatında üçüncü pillədə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu. Böyük Britaniyanın Birmingem şəhərində baş tutan dünya çempionatında isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət millimiz tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görüldü. Yığmanın üzvü M.Malkin tamblinq üzrə qızıl medal qazanmış ilk idmançı kimi adını tarix yazdı. Amma ilklər, sadəcə, bunlarla yekunlaşmadı. Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlüyümüz (Ağasif Rəhimov və Raziyə Seyidli) və kişi cütlüyümüz (Daniel Abbasov və Murad Rəfiyev) böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail oldular. Ümumiyyətlə, ötən il fərqli yaş kateqoriyasında çıxış edən kişi və qadın gimnastlarımız müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında ümumilikdə 10 qızıl medal qazanıblar ki, bu da Azərbaycan gimnastikası tarixində ilkdir. 

Ötən il cüdo sahəsində də bir çox ilklərin şahidi olduq. Qadın cüdoçumuz Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu kimi tarixə düşdü. O, buna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında dünya çempionatında nail oldu. Portuqaliyanın Odivelas şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız ilk qızıl medallarını qazanmaqda idman sahəsində öz izlərini qoydular. Azərbaycanın cüdo üzrə üçqat Avropa çempionu Hidayət Heydərov isə Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində tarixi uğura imza atdı. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu oldu. 

Cari ildə də idmançılarımız möhtəşəm qələbələri ilə bizi sevindirirlər.  Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb. Xatırladaq ki, 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. Bundan başqa, cüdoçularımız  Hidayət Heydərov və Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıblar. Əlamətdar haldır ki, Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında yüksək uğura imza atan hər üç idmançımızı təbrik edib. Belə səmimi münasibət idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır.

Dünya idman ailəsində respublikamıza artan inam

 Güclü iqtisadi inkişaf, möhkəm daxili sabitlik, cəmiyyətdəki tolerant əhval-ruhiyyə və əlbəttə ki, müasir infrastrukur, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışları dünya idman ailəsində ölkəmizə böyük inam formalaşdırıb. Tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına ev sahibliyi hüququ məhz Azərbaycana verildi və respublikamız bu etimadı yüksək səviyyədə doğrultdu. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıblar. Birinci Avropa Oyunlarına uğurlu ev sahibliyi edən Azərbaycan özünün yüksək standartlarını müəyyənləşdirdi.

Birinci Avropa Oyunlarından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə etdi. Bu Oyunların da miqyası çox böyük idi.  İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzv dövlətləri Oyunlara qatıldılar. Oyunlarda 21 idman növü üzrə 54 dövlətin 3000-dən çox idmançısı mübarizə apardı. Atletlər 269 dəst medal uğrunda yarışdılar. Respublikamız Birinci Avropa Oyunlarından sonra müsəlman dünyasını bir araya gətirən İslamiadaya yüksək səviyyədə ev sahibliyi etməklə dünyaya o mesajı verdi ki, idman ölkəsi olan Azərbaycan həm də mədəniyyətlər, dövlətlər və xalqlar arasında həmrəyliyin güclənməsinə, əməkdaşlığın dərinləşməsinə töhfə verməyə həmişə hazırdır. 

Bundan sonra respublikamızda çoxlu sayda beynəlxalq səviyyəli çempionatlar keçirilib. Ənənə 2024-cü ildə də davam edir. Cari ildə dünyanın ən güclü snayperlərinin iştirakı ilə keçirilən atıcılıq üzrə Dünya kuboku artıq 8-ci dəfə respublikamızda baş tutub. Eyni zamanda, Bakıda bir qədər bundan əvvəl bədii gimnastika üzrə ilk dəfə Avropa kuboku təşkil edildi. Bu nüfuzlu yarışların iştirakçıları jurnalistlərə müsahibələrində idman mübarizələrini qeyd etməklə yanaşı, onlar üçün yaradılmış şəraitdən, Bakının gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən böyük məmnuniyyətlə bəhs ediblər. Hazırda isə paytaxt Bakıda növbəti dəfə Formula - 1 yarışlarının keçirilməsinə intensiv hazırlıqlar aparılır.

Azərbaycanın dünyada idman ölkəsi kimi güclü nüfuz və inam qazanmasını təsdiqləyən daha bir fakt: Cari ilin may ayında Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. Gələn ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. 

Hidayət Heydərovun Paris - 24-ə çətin, lakin inamlı yolu

Artıq Olimpiya çemionu titulunu daşıyan Hidayət Heydərov 27 iyul 1997-ci ildə Qazaxıstan Respublikasının Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayət 3 yaşında olarkən ailəsi Bakıya köçüb. Atası Hidayət 6 yaşında olarkən, dostlarının da məsləhətilə onu “Neftçilər” metrostansiyasının yaxınlığına yerləşən cüdo məktəbinə yazdırır. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.

Güclü xarakterə malik Hidayət Heydərovun idman karyerasında qazandığı uğurların hamısını sadalasaq, uzun bir siyahı alınar. Qısaca olaraq qeyd edək ki, o, 23 aprel 2017-ci ildə Avropanın “Ən yaxşı gənc cüdoçu”su mükafatına layiq görülüb. 13 may 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda azərbaycanlı Rüstəm Orucovu üstələyərək qızıl medala yiyələnən cüdoçu olub. 2022-ci ilin fevralında Təl-Əviv Böyük Dəbilqəsinin qalibi adına layiq görülüb. Həmin ilin aprelində beş illik aradan sonra Bolqarıstanın paytaxtı Sofiyada ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanıb.

Hidayət Heydərov Paris - 24 Olimpiadasında mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub. Cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gəlib.

Paris - 24 Hidayət Heydərovun karyerasında ilk dəfə iştirak etdiyi Olimpiada olub. O, Olimpiya çempionu olmaqla cüdo üzrə Azərbaycan millisinə 16 ildən sonra Olimpiadada yenidən qızıl medal qazandırıb. Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medala sahiblənmişdi. 

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31