Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı - Moskva münasibətlərində yeni mərhələ

Bakı - Moskva münasibətlərində yeni mərhələ

30.08.2024 [10:00]

Azərbaycanın regional inkişaf və təhlükəsizlik məsələlərində tutduğu mövqe əsas götürülür

Ölkəmiz iqtisadi-ticari münasibətlərin yeni sxemini hazırlayır - Ermənistan burada yer almaq istəyirsə...  

Cənubi Qafqaz regionun siyasi-iqtisadi tənzimləyicisi sayılan Azərbaycanın xarici siyasət kursu yaxın əməkdaşlıq, milli maraqlara söykənən tərəfdaşlıq kontekstinə əsaslanır. Ölkəmizin digər ölkələrlə, xüsusilə region dövlətləri ilə münasibətdə əlverişli və özündə hər iki tərəf üçün mühüm dividentləri əks etdirən ştrixlərə üstünlük verməsi münbit zəmin formalaşdırıb - bu xüsusda, qonşu dövlətlərlə münasibət ayrıca xətt kimi qeyd edilməlidir. Azərbaycan bölgə dövlətləri ilə yaxın qonşuluq əlaqələrinin gücləndirilməsində, strateji əməkdaşlığın ən üst səviyyəyə qaldırılmasında və geniş əməkdaşlıq platformalarının qurulmasında maraqlı olduğunu hər zaman önə çəkib. 

Rusiya ilə münasibətlər də analoji komponentləri özündə əks etdirir. İki dövlət arasında geniş diapazonlu, çoxşaxəli və fərqli sahələr üzrə mühüm əlaqələr mövcuddur. Bu münasibətlər həm geosiyasi, həm də geoiqtisadi cəhətdən hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir - Azərbaycanın coğrafi mövqeyi, onu Rusiya üçün Cənubi Qafqazda strateji tərəfdaş edir. 

Strateji müttəfiqliyin güclənməsinə xidmət edəcək tərəfdaşlıq 

Təsadüfi deyil ki, iki dövlətin rəhbər şəxsləri arasındakı münasibətlər də yaxın dostluğa söykənir. Rusiya Prezidentinin avqustun 18-də Bakıya etdiyi dövlət səfəri çərçivəsində dövlət başçılarının Birgə Bəyanatı qəbul edilmiş, çoxsaylı Anlaşma memarandumları imzalanmışdı. Prezident Putin bildirmişdi ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

Avqustun 28-də isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər. Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Vurğulandığı kimi, Rusiya ilə Azərbaycan arasında çoxşaxəli - enerji, yükdaşıma, iqtisadi, ticari tərəfdaşlıq, humanitar və regional təhlükəsizliklə bağlı mühüm əməkdaşlıq mövcuddur. Bu nöqteyi - nəzərdən regionun iki əsas dövlətinin mütəmadi olaraq bölgəsəl inkişaf və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparması təbiidir. Nəzərə alınmalıdır ki, son 4 ildə mühüm bir coğrafiyada əsaslı və yeni reallıqlar formalaşdırmış Azərbaycan həm də qarşıdakı dövr üçün müasir ticari münasibətlərin qurulmasında əsaslı rolu üzərinə götürüb. Proseslərin özəyində yer alan rəsmi Bakı regional enerji təhlükəsizliyinin təminatında olduğu kimi, iqtisadi-ticari əməkdaşlıq platformalarının qurulmasında da ön planda yer tutur. Bu baxımdan, həmsərhəd dövlətlər ilə yaxın qonşuluq münasibətləri saxlayan Azərbaycanla aparılan məsləhətləşmələr gələcək perspektivin daha aydın müəyyənləşdirilməsi nöqteyi-nəzərdən də vacib amilə çevrilib. 

Sülh üçün səfərbərlik...

Bölgənin potensial inkişafı, müasir çağırışlara və tələblərə cavab verən şərtləri özündə əks etdirməsi olduqca mühüm məqamlardır. Rusiyanın da bu və ya digər şəkildə təmsil olunduğu vacib regional layihələr var ki, onların reallaşması yeni ticari situasiya formalaşdıracaq. Məsələn, Şimal-Cənub Dəhlizi və onun Şərq-Qərb aortası ilə qovuşması məsələsi mühüm iqtisadi amil kimi gələcək perspektivdə əsaslı yer tutur. Qeyd edək ki, bu məsələlər Prezident Putinin Bakıya səfəri zamanı da geniş müzakirə olunmuşdu. Təbii ki, iqtisadi planların, layihələrin qüsursuz və yüksək səviyyədə təmin olunması üçün regionda ilk növbədə sülhün olması vacib şərtdir - bu məsələ, Putinin Bakı səfəri zamanı da qeyd olunmuşdu. Rusiya dövlət başçısı bildirmişdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin, Putin hələ Sovet İttifaqı vaxtından Rusiyada qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazır olduqlarını dilə gətirmişdi. 

Telefon zəngi zamanı da sülh məsələsi aktuallığını qoruyub - söhbət əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.

Bəli, regionun gələcək inkişafı üçün sülh əsas şərtdir və hazırda Ermənistan bu sülhün ərsəyə gəlməsinə mane olur. Fərqli kontekstlərdə siyasi manevrlərə baş vuran, başqa-başqa dövlətlərin “çətiri altına” girərək bu zamana qədər sülh və sabitlik üçün görülən işlərə də kölgə salan Ermənistan destruktiv davranış sərgiləməkdədir. Təhdidlərini davam etdirməkdən çəkinməyən, ayrı-ayrı dövlətlərin silah yardımı, hərbi təlimlərinə “arxayın” olaraq bölgədə revanşizm meylləri sərgiləyən Ermənistan bununla ən böyük pisliyi özünə etmiş olur. Halbuki 2020-ci ildə imza atdığı kapitulyasiyaya əməl etsə, Azərbaycanın və ən yaxın müttəfiqi sayılan Rusiyanın çağırışlarına cavab versə, İrəvan özünü həm müstəqil dövlət kimi təsdiq etmək, həm də iqtisadi - sosial inkişaf əldə etmək iqtidarındadır. Təəssüfləndirici haldır ki, ayrı-ayrı qrupların maraq savaşında “kiçik detal” roluna “qane olan” İrəvan əlinə düşmüş bu fürsəti dəyərləndirmir...

Nəqliyyat dəhlizinin açılması İrəvan üçün son fürsətdir

Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dünyada, xüsusilə bizə yaxın coğrafiyalarda baş verən hərbi-siyasi kataklizmlər Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan yeni dəhliz məsələsinin aktuallığını hər zaman qoruyur. Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilməsi planlaşdırılan razılaşmalar günün həm siyasi, həm də iqtisadi mənzərəsinin xilası kimi dəyərləndirilə bilər - burada Ermənistanın qazancı daha böyükdür. Yaranan fürsət uzun illərdir ki, Şərq-Qərb ticari yolunun ən mühüm və strateji həlqəsi, seqmenti kimi çıxış etmə imkanına malik bu dəhliz ilə bağlı danışıqların intensivləşməsinə yolaçma ehtimalını ortaya qoyur. 

Mümkün perspektivdə açılması gözlənilən nəqliyyat dəhlizi boyunca yaradılacaq dəmir və avtomobil yollarının Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya edilməsinə yol açacaq ki, bu həm Avropa, həm Asiya, həm Türk Dövlətləri Təşkilatı, həm də Çin və digər region dövlətləri üçün çox böyük əhəmiyyət daşıyır. Bu fakt ilk növbədə Avrasiyanın yeni iqtisadi mərhələyə qədəm qoymasını şərtləndirəcək.

Beləliklə, yeni dövr üçün Ermənistan həm özünün, həm də yerləşdiyi bölgənin siyasi-iqtisadi inkişaf trayektoriyasında yer almaq üçün son fürsətini də dəyərləndirməlidir. Əks halda, İrəvan yenə də qlobal iqtisadi münasibətlər sistemindən kənarda qalmaqdan və “dalan ölkə” rolunu oynamaqdan xilas ola bilməyəcək

Pərviz SADAYOĞLU 

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31