Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şəhər günün mübarək, Füzuli!

Şəhər günün mübarək, Füzuli!

17.10.2024 [09:19]

Bu gün təqvimdə Füzuli şəhəri günüdür. İşğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri müstəqil Azərbaycanın həyatına şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra daxil olub. Xalqımızın otuz il həsrətini çəkdiyi həmin ərazilərə böyük mənəvi bağlılığı var. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir.

İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük Qələbəmizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndir?lməsi anlamına gəlir. Bu Qələbəni heç kəs bizə hədiyyə etməyib. Onu igid hərbçilərimiz canları, qanları hesabına qazanıblar. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu Vətən müharibəsində bunu layiqincə etdi. Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixində imzaladığı sərəncamla 26 avqust -  Laçın, 4 oktyabr - Cəbrayıl, 17 oktyabr - Füzuli, 20 oktyabr - Zəngilan, 25 oktyabr - Qubadlı, 8 noyabr - Şuşa, 20 noyabr - Ağdam, 25 noyabr - Kəlbəcər şəhəri günü kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı digər ?ərəncama əsasən isə 20 sentyabrda  Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilir.

Füzulinin ağır işğal illəri

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin 51 kəndi və rayon mərkəzi 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlillik qazanıb.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

Azadlığına qovuşan şəhər

İşğal illərində böyük dağıntılara məruz qalan Füzuli şəhəri  2020-ci il oktyabrın 17-də öz azadlığına qovuşub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb. Dövlətimizin başçısı müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu bildirib.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Quruculuq-abadlıq ünvanı

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Füzuli də genişmiqyaslı quruculuq-abadlıq ünvanına çevrilib. İşğaldan azad edilmiş digər yaşayış məntqələri kimi, Füzuli şəhərinin bərpası da tarixi ənənələr və müasir tələblər nəzərə alınmaqla hazırlanan plan əsasında həyata keçirilir. Xartırladaq ki, Nazirlər Kabineti “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləyib. Baş planın icrası yüksək səviyyədə təmin edilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr təşkil edəcək.

Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar ərazidə Memorial Kompleksi salınacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin axırınadək 22 min insan Füzuli rayonunda yaşayacaq. Füzuli şəhərinə ilk köç 2023-cü ilin avqustunda reallaşdırılıb. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərə yola salınıb.

Postmüharibə dövründə işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də müxtəlif istiqamətlərdə bərpa işləri intensiv şəkildə davam etdirilir. Xatırladaq ki, dövlət başçısı müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəliblər. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə start verilib. Zəfər yolunun açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il 7 noyabr tarixində baş tutub.

Postmüharibə dövründə Füzulidə istifadəyə verilən ən böyük infrastruktur obyektlərindən biri də beynəlxalq hava limanıdır. Hava limanı 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Qalibiyyət sevinci

05 Noyabr 17:22

YAP xəbərləri

Mədəniyyət

Uğura gedən yol

05 Noyabr 14:10  

İqtisadiyyat

Siyasət

10-cu görüş...

05 Noyabr 09:23

Sosial

İqtisadiyyat

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30