Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Nilayların ümid yeri...

Nilayların ümid yeri...

30.09.2025 [07:42]

Dövlət ən çətin məqamlarda vətəndaşlarının yanındadır

Tariximizin canlı yaddaş salnaməsi

Sentyabrın 27-də - Anım Günündə Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Əvvəlcə dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoyub. Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Dövlət başçısının Nilayla səmimi görüşü

İndiyədək Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. Dövlətimizin başçısı ilə görüşə gələnlər arasında yaşlı insanlar da olub, cavanlar da, yeniyetmələr də, uşaqlar da. Bu dəfə isə ölkə rəhbəri Gəncə Memorial Kompleksində Nilay Əliyeva adlı kiçik yaşlı qız uşağı və onun babası Zahid Babazadə ilə görüşüb.

Prezidentin budəfəki görüşü tamam fərqlidir və həm də çox təsirlidir. Kimdir Nilay Əliyeva və dövlət başçısı nə üçün Gəncə səfərində, Anım günündə, Memorial Kompleksin açılışında bu kiçik qızla görüşməyi zəruri hesab edib?

Sualın cavabının tarixçəsi 5 il bundan əvvələ - 44 günlük müharibə günlərinə gedib çıxır. Vətən müharibəsi günləri yaddaşlarda yalnız Azərbaycan Ordusunun şücaətləri, qələbələri, şəhər və kəndlərimizin bir-birinin ardınca işğaldan azad edilməsi ilə qalmayıb. Həmin dönəm yaddaşımızda həm də Ermənistan silahlı qüvvələrinin bitib tükənməyən müharibə cinayətləri ilə qalıb. Bəli, müharibə günlərində düşmən döyüş meydanındakı uğursuzluqlarının qisasını keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi, dinc insanları, mülki infrastrukturu qadağan olunmuş silahlardan atəşə tutmaqla almağa çalışırdı. O cümlədən 2020-ci il oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb. Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə - yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir.

İndi aydın olur Nilay Əliyeva kimdir. O dövrdə Nilay da ata-anasının hər cür qayğısı ilə əhatə olunan xoşbəxt bir uşaq kimi böyüyürdü. Çoxlu oyuncaqları var idi, onları həmyaşıdları ilə bölüşərək evcik-evcik oynayır,  sevimli kuklalarını bəzəyirdi...Qəfildən Gəncəyə raket atıldı, evlər dağıldı, insanlar göz qırpımındaca həyatla vidalaşdılar. Təsadüf nəticəsində sağ qalan Nilayın hər iki valideyini də həyatını itirənlər arasında idilər. Beləcə, qəfil raket atəşi çoxları kimi, Nilayın da xoşbəxtliyini yarımçıq kəsdi. Bu raket Gəncəyə niyə atılmışdı? Ermənilər onun ata-anasını niyə öldürdülər? Balaca Nilay üçün cavab tapa bilmədiyi suallar çoxdur...

Ata-anasını itirmək Nilayın həyatda aldığı ən böyük zərbədir. Aydındır ki, balaca uşağın bu kədərini heç nə ilə əvəz etmək mümkün deyil. O, xəyalında şən, qayğısız, valideynli günlərini canlandırır, bir uşaq nadincliyi ilə babasından, digər yaxınlarından onların qayıtmalarını istəyir, tez-tez yanaqları göz yaşlarına bələnir...

 Nilayın bu istəyini yerinə yetirmək, əlbəttə ki, mümkünsüzdür. Beş il əvvəl baş verən dəhşətli hadisələrdən sonra o, babasının himayəsində böyüyür.  Ancaq ölkə rəhbərinin Nilayla Memorial Kompleksdə baş tutan görüşü ölkəmizin mühüm bir gerçəkliyini ortaya qoydu. Bu, dövlətin, şəxsən Prezident İlham Əliyevin ən çətin  məqamlarda vətəndaşların yanında olmaq gerçəkliyidir. Nilay bir nümunədir. Dövlətimiz, Prezidentimiz bütün nilayları heç vaxt taleyin ümidinə buraxmır, onlara sahib çıxır və arxa durur.

Nilay hələ kiçik bir uşaqdır, həyatı qabaqdadır. Onun dövlət başçısı ilə görüşünü əks etdirən fotodan aydın şəkildə görünür ki, Nilay Prezident İlham Əliyevin yanında olmaqdan çox məmnundur. Bu xoşbəxtlik bütün nilayların xoşbəxtliyidir. Onlar məhz dövlətimizin, prezidentimizin himayəsi sayəsində taleyin onlara yaşatdığı acıları unudacaqlar və həyatda öz yerlərni taparaq Azərbaycana layiqli övladlar olacaqlar.

Sonsuz qürurumuz və acı kədərimiz

İkinci Qarabağ müharibəsi xalqımızın sonsuz qürurunu və acı kədərini özündə birləşdirir. Qürurluyuq! Ona görə ki, qisas qiyamətə qalmadı. Ordumuz cəmi 44 gün ərzində düşməni tam kapitulyasiyaya məruz qoydu, otuz il ərzində düşmən tapdağında qalmış torpaqlarımız geri qaytarıldı, ərazi bütövlüyümüz hərbi-siyasi yolla təmin olundu. Bu Zəfər son 200 illik tariximizin ən möhtəşəm qələbəsidir və hər zaman sonsuz qürur mənbəyimiz olaraq qalacaq.

Acı kədərimiz, qəlbimizi göynədən ağrı isə igid əsgər və zabitlərimizin, dinc insanlarımızın müharibə günlərində həyatlarını itirimələri ilə bağlıdır. Döyüşlərdə hərbiçilərin  həlak olmaları müharibələrin yazılmamış qanunudur. Vətənə sonsuz məhəbbətlə bağlı olan Azərbaycan hərbiçiləri öz şücaətləri, misilsiz qəhrəmanlıqları ilə tarix yazdılar, Şuşa, Ağdam, Zəngilan, Hadrut, Füzuli fatehlərinə çevrildilər. Hər bir əsgər və zabitimiz müharibə günlərində heç nədən çəkinmədən “Təki Vətən yaşasın!” deyərək odun-alovun içinə atılır, ölümün gözünə dik baxırdılar.

Eyni zamanda, düşmən İkinci Qarabağ müharibəsində də mənfur simasını bir daha ortaya qoydu - döyüş meydanında əsgərləri, zabitləri kütləvi şəkildə fərarilik edən, silahlarını, postlarını qoyub qaçan Ermənistan ordusu keçmiş təmas xəttindən uzaqlarda yerləşən şəhər və kəndlərimizi, dinc sakinləri, mülki infrastrukturu qadağan olunmuş silahlardan atəşə tutmaqla dəhşətli müharibə cinayətləri törətdi. Həyatlarını itirən hərbiçilərimizin, mülki insanların xatirələri həmişə bizimlə olacaq, onların ölməz ruhları əbədi olaraq Vətən göylərində dolaşacaq. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə müharibənin başladığı 27 sentyabrın ölkəmizdə Anım günü kimi müəyyənləşdirilməsi, eləcə də Gəncədə memorial kompleksin yaradılması ölməz şəhidlərimizin xatirələrinə  dövlət və cəmiyyət səviyyəsində göstərilən ehtiramın ifadəsidir.

Günahsız insanların əziz xatirəsini əbədiləşdirən möhtəşəm abidə

Gəncədə Prezident İlham Əliyevin açılışına qatıldığı memorial kompleks yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları Cenevrə konvensiyaları ilə yanaşı, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb.

Gəncə Memorial Kompleksi şanlı Zəfərimizə gedən yolu əks etdirir. Kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Bütövlükdə kompleks  gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır.

Kompleksin təməli  2022-ci ilin yanvarında Prezident İlham Əliyev tərəfindən  qoyulub.  Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.

Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz - krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.

Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Sosial

MEDİA

Paytaxtda mühüm tədbir...

30 Sentyabr 08:25  

Gündəm

Nilayların ümid yeri...

30 Sentyabr 07:42  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31