Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - Vatikan: Əməkdaşlığın yeni səhifəsi

Azərbaycan - Vatikan: Əməkdaşlığın yeni səhifəsi

18.10.2025 [11:20]

Birinci vitse-prezident Mehriban Əliyeva: Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir

14 ildə 6-cı səfər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın oktyabrın 16-da  Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfərinin gündəliyi  kifayət qədər geniş olub. Birinci vitse-prezident Vatikan rəsmiləri ilə mühüm görüşlərə qatılıb və Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacda həyata keçirdiyi ayrı-ayrı layihələrin icrası ilə tanış olub.

Vatikanda Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışı

Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun Vatikanda reallaşdırdığı layihələrdən biri Müqəddəs Kommodilla katakombalarının bərpasını əhatə edir. Oktyabrın 16-da səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Paskuale Yakobone Kommodilla katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu vurğulayan Komissiyanın prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb.

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti, kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Azərbaycana üç dəfə səfər etdiyini diqqətə çatdırıb, səfərlər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görüldüyünü qeyd edib. Canfranko Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb. “Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”, - deyə Birinci vitse-prezident qeyd edib.

Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir”.

Birinci vitse-prezident həm Vatikanda, həm də Azərbaycanda bu layihələrdə əməyi olan şəxslərə dərin minnətdarlığını ifadə edərək bildirib: “Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq. Sonda katolik dünyası üçün böyük mənəvi dəyərlər daşıyan “Yubiley İli” münasibətilə hər birinizi təbrik edirəm. Fürsətdən istifadə edərək, sizi Azərbaycana səfərə dəvət edirəm”.

Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında çalışan insanlara burada görülmüş işlərə görə təşəkkürünü bildirib. Bu layihə üzərində bir neçə il çalışdığını deyən bələdiyyə prezidenti Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Kommodilla katakombalarının açılışı olub.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Fondun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan hissəsini uçmaq təhlükəsindən qoruyub.

Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri

Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi, kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.

Keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.

Möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edən dövlətlərarası əlaqələr

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb. Mehriban Əliyeva ötən illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.

Müqəddəs Kommodilla katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm”.

Baş keşiş, kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Taxt-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanası ilə əməkdaşlıq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva səfər çərçivəsində Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub. Birinci vitse-prezident burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.

“Bambino Gesu” pediatrik xəstəxanasının prezidenti Titsiano Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verib.

Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan “Bambino Gesu” pediatrik xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulmuş ilk strukturlar arasındadır. 2006-cı ildə xəstəxana “Joint Commission International” tərəfindən akademik xəstəxana kimi akkreditə olunub və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat mərkəzidir.

Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Bambino Gesu” xəstəxanası ilə qurulan əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Oktyabr 08:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31