Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 9 iyun, saat 15:00-da...

9 iyun, saat 15:00-da...

09.06.2026 [12:20]

Heydər Əliyevin Naxçıvandan Bakıya böyük qayıdışı

Tarixin bu günü - 9 iyun 1993-cü il.  O dövrdə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan böyük siyasətçi Heydər Əliyev xalqının təkidli tələbi ilə Azərbaycana rəhbərlik etmək üçün Bakıya uçur. Onu gətirən təyyarə iyunun 9-da saat 15:00-da  Binə Hava Limanına eniş edir. Bu, İK-65703 nömrəli TU-13413-3 markalı təyyarə idi. Hava limanında Heydər Əliyevi qarşılamaq məqsədilə böyük izdiham toplaşmışdı. İnsanlar Onu coşqu ilə qarşıladılar...

Qeyri-adi uçuş — təyyarə kapitanının xatirələrindən

Təqvimdə hər bir ölkənin tarixi, hər bir xalqın taleyi üçün müstəsna önəm daşıyan günlər var. Müstəqil Azərbaycan üçün belə günlərdən biri 1993-cü il iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışıdır. Heydər Əliyevin Naxçıvandan Bakıya dönüşünün səbəbləri, məqsədi barədə bəhs etməzdən öncə vurğulayaq ki, bu qayıdış zəruri olduğu qədər də qeyri-adi bir şəraitdə baş tutub. Heydər Əliyevi Bakıya gətirən TU-13413-3 təyyarəsinin kapitanı İlham Əmirovun  xatirələrindən: “Həmin dövrdə vəziyyət çox gərgin idi. Bir tərəfdən, Ermənistanın Azərbaycana ərazi iddiaları və Qarabağda davam edən müharibə, digər tərəfdən isə daxildəki gərginlik xaos vəziyyəti yaratmışdı. Həm ermənilər, həm də AXC bilirdilər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin sabitləşməsinə səbəb olacaq, bu da onların məqsədlərinə nail olmalarına əngəl yaradacaq. Ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev kimi nəhəng siyasi xadim dövlətin bütün düşmənlərini, xalqın mənafeyinə zidd siyasət aparan siyasi qüvvələri kənarlaşdıracaq. Bu baxımdan sərnişini Heydər Əliyev olan təyyarəni nə Ermənistan, nə də Gəncə şəhəri üzərindən Bakıya gətirmək olmazdı. Alternativ marşrutdan istifadə etmək lazım idi. Buna görə də əvvəlcədən hazırlanan plan üzrə təyyarəni İran üzərindən idarə edib Bakıya gəlməyi qərara aldım. Beynəlxalq uçuş qanunlarına əsasən, digər dövlətin hava məkanına daxil olmaq üçün mütləq icazə almaq lazımdır. Buna görə də qabaqcadan hazırlanmış plana görə İran tərəfdən icazə almışdıq və bu icazəyə əsasən, təyyarə qonşu dövlətin hava məkanına daxil olaraq Bakıya istiqamət götürdü.

Təyyarənin istiqamətinin dəyişilməsi dispetçer tərəfindən narazılıqla qarşılandı və mənə əsəbi tərzdə geri qayıtmaq əmri verildi. Lakin mən bu əmrə məhəl qoymadım və Ulu Öndəri Bakıya çatdırdım”.

Bütün ölkəni bürüyən xaos, Gəncə qiyamı

Böyük siyasətçi Heydər Əliyevin  Naxçıvandan Bakıya qayıdışı adi bir qayıdış deyildi. Bu qayıdışın müstəsna ictimai-siyasi önəmi var idi. Söhbət cəmi iki il əvvəl bəyan edilmiş müstəqilliyimiz üçün yaranan təhdidlərdən və bu təhlükəni sovuşdurmaq üçün xalqın Heydər Əliyev dühasına olan böyük inamından gedirdi. Burada bir müqayisə aparmaq yerinə düşər. Məlumdur ki, Azərbaycan xalqının XX yüzilliyin əvvəllərində qurduğu Şərqdə ilk parlament əsaslı demokratik cümhuriyyətin ömrü qısa olub - cəmi iki il yaşadıqdan sonra xarici müdaxilənin nəticəsi olaraq süqut edib. Tale xalqımıza XX yüzilliyin sonlarında ikinci dəfə müstəqil dövlət qurmaq xoşbəxtliyi nəsib etdi. Ancaq bu dəfə də iki ildən sonra azadlığımız, müstəqilliyimiz təhlükə altına düşmüşdü və onun itirilməsi tam real idi.

Müstəqilliyimizin ilk illərinin mənzərəsini göz önündə canlandıranda Heydər Əliyev dühasının hüdudsuzluğu, Onun Bakıya qayıdışının və paytaxtda ölkəyə rəhbərliyə başlamasının nə qədər böyük məna kəsb etdiyi barədə konkret təsəvvür yaranır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində bütövlükdə Azərbaycanda çox ağır vəziyyət hökm sürürdü. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artırdı. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, cəmiyyətdə sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi  səciyyələndirən əsas cəhətlər idi. Vəziyyət o dərəcədə ağır idi ki, hətta həssas qruplardan olan insanların müavinətlərini, pensiyaları ödəməyə belə vəsait tapılmırdı. Ermənistan isə ölkədəki anarxiya vəziyyətindən sui-istifadə edərək havadarlarının dəstəyi ilə işğalı genişləndirirdi.

Belə vəziyyətdə silahlı qüvvvələrimiz səfərbər olmaq, toparlanmaq əvəzinə, “liderlərin” əlində alətə çevrilmişdi. Orduda vahid komandanlıq yox idi. Hücuma keçən qüvvələrə qəfildən əlverişli mövqedən geri çəkilmək əmri gəlirdi. Gəncədə yerləşən və korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı briqada, necə deyərlər, ordu içində ordu sayılırdı. Müdafiə Nazirliyinin həmin hərbi hissənin ləğv edilməsi ilə bağlı qərar verməsi isə sanki odun üstünə yağ tökdü. İntriqalar, çəkişmələr daha da qızışdı. Müdafiə Nazirliyinin qərarı ilə razılaşmayan Surət Hüseynov qiyama başladığını bəyan etdi. Milli Qvardiyanı 709 saylı briqadanı zərərsizləşdirmək üçün Gəncəyə göndərən AXC-“Müsavat” hakimiyyəti faktiki olaraq ölkədə vətəndaş müharibəsinə rəvac verdi. Hətta həmin vaxt AXC-“Müsavat” qruplaşması öz hakimiyyətini qorumaq üçün Gəncənin bombalanması ilə bağlı qərar belə vermişdi. Hakimiyyətin bu kimi addımlarının ardından isə tabeçilik nümayiş etdirməyən hərbi hissəsinin zirehli maşınları və silahlı birləşmələri Bakıya doğru yol aldı. Qısa müddətdə bir neçə rayonda qanuni hakimiyyət devrildi.  Baş verən hadisələr zamanı ilk qardaş qanı axıdıldı...

Kritik dönəmdə Heydər Əliyev bir ümid işığı kimi görünürdü

1993-cü il iyunun 4-də başlayan Gəncə qiyamı Azərbaycanı “ölüm, ya qalım” dilemması ilə üz-üzə qoymuşdu. Müstəqilliyimiz sürətlə süquta doğru gedirdi. Aydın görünürdü ki,  AXC-“Müsavat” iqtidarı ölkədəki vəziyyəti düzəltmək, iqtisadi tənəzzülün qarşısını almaq, Surət Hüseynovun qiyamçı dəstəsini dayandırmaq iqtidarında deyil. Belə kritik dönəmdə görkəmli siyasətçi Heydər Əliyev xalq və elə AXC - “Müsavat” iqtidarı üçün bir ümid işığı kimi görünürdü. Paytaxtda və regionlarda xalq mitinqlərə toplaşaraq böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyevin Azərbaycanın siyasi  rəhbərliyinə qayıtmasını tələb edirdi. Ölkənin hər yerindən Naxçıvana göndərilən minlərlə məktubun müəlliflərinin mövqeyi eyni idi: “Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa, Azərbaycan xilas ola bilməyəcək”. Sadə vətəndaşlar “Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır” - deyə gözlənilən faciənin miqyasını dilə gətirirdilər. Ölkə ziyalıları dövlət sükanı arxasında görmək istədikləri yeganə insanın məhz görkəmli dövlət xadimi

Heydər Əliyev olduğunu bu şəkildə yazırdılar: “Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz” (“91-lər”in Heydər Əliyevə məşhur müraciətindən).

Eyni zamanda, Gəncə qiyamı baş verəndən sonra AXC-“Müsavat” iqtidarının təmsilçiləri də Heydər Əliyevin yeganə ümid yeri olduğunu etiraf etməyə başladılar və Ondan bir neçə dəfə Bakıya gəlib ölkəyə rəhbərliyi həyata keçirməyi xahiş etdilər. Əslində, Gəncədə baş verən hadisələrdən sonra o dövrdəki iqtidar mənsublarının Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etmələri xalqın təkidli tələbləri ilə hesablaşmaqdan daha çox özlərinin xilasını düşünmələri ilə bağlı idi. Yada salaq ki, məhz AXC-“Müsavat” hakimiyyəti 1992-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən yekdilliklə Ali Məclisin Sədri seçilən Ulu Öndərimizi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və dağıdıcı ünsürlərə tutarlı cavab verdi.

Görkəmli dövlət xadimi Heydər Əliyev o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Heydər Əliyev xalqının səsinə səs verdi

Ulu Öndər Heydər Əliyevin həyatı cəsarət nümunələri - ən kritik məqamlarda belə gözləmə mövqeyi tutmadan xalq, Vətən üçün zəruri olan addımları atması, taleyüklü qərarlar qəbul etməsi kimi məqamlarla zəngindir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı faciəni xatırlayaq. 20 Yanvar qətliamı imperiya qüvvələri tərəfindən törədilmişdi. Hadisələrin birbaşa günahkarları olan keçmiş ittifaqın rəhbərliyi Bakıda törədilən qırğın barədə xəbərlərin imperiyanın özündə və sərhədlərindən kənara yayılmasını qətiyyən istəmirdi və bu məqsədlə repressiv tədbirlərə əl atılırdı. Belə vəziyyətdə Heydər Əliyev heç nədən çəkinməyərək, Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi. Ulu Öndər bu cəsarətli addımı ilə bir tərəfdən imperiya qüvvələrinə meydan oxudu, digər tərəfdən isə Azərbaycan ətrafında informasiya blokadasını yardı, xalqına böyük təsəlli vermiş oldu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyalarında da böyük cəsarət nümayiş etdirərək Dağlıq Qarabağla, respublikamızın müstəqilliyi ilə bağlı fikirlərini açıq şəkildə dilə gətirdi. Ulu Öndər təzyiqlərə baxmayaraq sonrakı illərdə də müstəqillik ideyalarının müdafiəsində dayandı. 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referendumu yada salaq. Respublikanın o vaxtkı rəhbərlərinin loyallığının, qətiyyətsizliyinin, müstəqillik ideyalarından uzaq olmalarının nəticəsi idi ki, Azərbaycan da həmin referenduma qoşuldu. Lakin burada da Heydər Əliyev nə qədər qətiyyətli olduğunu nümayiş etdirdi. Ulu Öndər Naxçıvanın referendumda iştirak etməməsi ilə bağlı çağırış etdi və keçmiş ittifaqın, Azərbaycanın sabiq rəhbərliyinin təkidlərinə, hədə-qorxularına rəğmən bu çağırışını geri götürmədi. Beləliklə də, Naxçıvan saxta referenduma qoşulmadı.

Heydər Əliyev yox, başqa kim imperiyanın mövcudluğu şəraitində belə cəsarətli addımlar ata bilərdi? Sualın cavabı bəllidir: Heç kim!  Bunu ancaq cəsarət və milli təəssübkeşliyin zirvə nöqtəsində qərar tutan Heydər Əliyev edə bilərdi və etdi də!

Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər 1993-cü ilin yayında ölkədə yuxarıda təsvir etdiyimiz son dərəcə kritik vəziyyət yarananda da  Ona bəslənilən ümidləri qırılmağa qoymadı və xalqının yanında olmağa qərar verdi. Bu, xalq, Vətən naminə bir fədakarlıq nümunəsi idi. Başqa bir siyasətçi olsa idi, karyerasını düşünüb suların durulmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdisə, O həmin çətin günlərdə kənarda qala bilməzdi və qalmadı da! Sonralar “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi:

“...Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişdilər. Məni təkidlə dilə tutmuşdular. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişdilər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdi. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim”.

Xalqının səsinə səs verərək Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə ölkə parlamentinin  qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ümummilli Lider Heydər Əliyevin müdik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrə ekskur edən Prezident İlham Əliyev vurğulayıb: “Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır”.

Davamlı inkişaf yolunda

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət sonradan Azərbaycanın inkişafının mayakına çevrildi. Hər bir ölkənin davamlı inkişafının əsas şərti siyasi kursun varisliyinin təmin edilməsindədir. Liderlər əvəzlənən zaman əvvəlki siyasi kursdan imtina edilməsi ilə baş verən geridönmələr mütləq qaydada ölkələrin inkişafına mənfi təsir göstərir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə belə geridönmələr müşahidə edilmir. 1993-cü ilin 9 iyunundan başlayan qurtuluş yolu ilə inamla irəliləyən Azərbaycan böyük uğurlara imza atıb. Bu uğurların təməlində dayanan əsas amil isə Ulu Öndərin əsasını qoyduğu siyasətin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsidir. Prezident İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. O, verdiyi vədə sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti həm yüksək səviyyədə davam etdirib, həm də müasir çağırışları nəzərə alaraq yeni çalarlarla daha da zənginləşdirib.

Bu da özünün müsbət nəticələrini verir. Zamanında Ulu Öndər Heydər Əliyevin xilas etdiyi müstəqil Azərbaycan bu gün  davamlı inkişaf yolundadır. Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə iqtisadi və siyasi müstəqilliyini tam təmin edən, ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olan respublikamız yeni strateji mərhələ üçün müəyyənləşdirilən ümummilli hədəflərinə doğru inamla irəliləyir. Dövlətimizin başçısınınn vurğuladığı kimi, biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30