Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olub

Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olub

23.05.2009 [10:56]

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Dünən Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
İnstitutun kollektivi dövlətimizin başçısını və xanımını hərarətli alqışlarla qarşılayıblar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub. Prezident İlham Əliyev əvvəlcə binanın baş planı ilə tanış olub.
Baş nazirin müavini Abid Şərifov məlumat verib ki, binanın inşasına 1985-ci ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə başlanıb. On ilə yaxın müddətdə davam edən inşaat işləri müəyyən səbəblərə görə dayandırılıb. 2004-cü ildə Prezident İlham Əliyevin göstərişi ilə tikinti prosesi bərpa olunub. İnşaat işlərini Türkiyənin “Yenak” şirkəti həyata keçirib.
Bir neçə korpusdan ibarət mərkəzləşdirilmiş institutun yeni binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilib. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Regionda və MDB məkanında analoqu olmayan Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının istifadəyə verilməsi ölkəmizdə oftalmologiya sahəsində mühüm hadisədir. Bu, həm də Azərbaycan oftalmologiyasını bütün dünyada tanıdan akademik Zərifə xanım Əliyevanın xatirəsinin ədəbiləşdirilməsi istiqamətində atılan mühüm addımdır.
Xəstəxananın binası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında tikilib.
Ən müasir standartlara uyğun inşa edilmiş bu kompleksdə əsas bina, poliklinika, iki stasionar korpus, o cümlədən əməliyyat, reanimasiya, 85 çarpayılıq sağ və 72 çarpayılıq sol yataq blokları, cərrahiyyə bloku və bu korpusları birləşdirən üçmərtəbəli keçid bloku, aptek, yeməkxana, oftalmologiya kafedrası, müxtəlif yardımçı təsərrüfat korpusları, o cümlədən iki transformator yarımstansiyası, generator, qazanxana, nasosxana, dörd yeraltı su anbarı və avtomobil dayanacağı var.
İnstitutun ümumu torpaq sahəsi 5,6478 hektardır. Binaların ümumi sahəsi 13.346 kvadratmetr, servis yolunun sahəsi 17.824 kvadratmetr, piyada yolunun sahəsi 868 kvadratmetr, yaşıllığın sahəsi 20.656 kvadratmetr, avtomobil dayanacağının sahəsi isə 6.165 kvadratmetrdir.
Binada gün ərzində ambulator şəraitdə ümumilikdə 750-dək xəstəyə diaqnostik müayinə və müalicə xidmətləri göstərmək mümkündür. Binada quraşdırılmış ən müasir avadanlıq imkan verir ki, xəstələr ambulator şəraitdə əməliyyat olunsunlar və həmin gün də evə yazılsınlar. Otaqlarda və palatalarda temperatur xüsusi termostat vasitəsilə tənzimlənir. Xəstələrin tibbi heyətlə əlaqəsi üçün çağırış siqnalı və telefon danışıq sistemi quraşdırılıb. Kompleksdə ABŞ, Yaponiya və Almaniyadan gətirilən ən müasir avadanlıq quraşdırılıb.
Yeni binada həm xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərmək, həm də tibbi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bundan başqa, Cənubi Qafqaz regionunda yeganə olan elmi tədqiqat oftalmoloji müəssisədə bu sahədə tədqiqatlar aparmaq üçün də lazımi şərait yaradılıb.
İnstitutun 500 nəfərə yaxın işçi heyəti, o cümlədən 280 həkimi var. Binanın kommunal xidmətləri, su təchizatı, müasir tipli avtomatik idarə olunan havalandırma, eləcə də videomüşahidə sistemləri kompyuter vasitəsilə həyata keçirilir.
Sonra Prezident İlham Əliyev institutun yeni binasının açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Dövlətimizin başçısı akademik Zərifə Əliyevanın binanın foyesindəki büstünə baxıb, görkəmli oftalmoloq alimin xatirəsinə yaradılmış muzey ilə tanış olub. Muzeydə akademik Zərifə Əliyevanın vaxtilə istifadə etdiyi tibbi cihazlar, o cümlədən yarıq lampa, eynək seçmək üçün dəst, görkəmli alimin fotoşəkilləri, sənədlərinin surətləri, müəllifi olduğu və ona həsr edilmiş kitablar nümayiş olunur.
Prezident İlham Əliyev institutun şöbələrini gəzib, cərrahiyyə blokundakı reanimasiya bölməsinə, otaqlara baxıb.
Qeyd olunub ki, 190 yerlik iki yataq bloku ilə yanaşı, ikimərtəbəli əməliyyat blokunda da yüksək şərait yaradılıb, palatalarda ən müasir cihazlar quraşdırılıb.
Altıncı mərtəbədə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə burada quraşdırılan cihazlar barədə məlumat verilib. Bildirilib ki, bu avadanlıq ən ağır cərrahiyyə əməliyyatlarının aparılmasına imkan yaradır. Bu cihazların əsas üstünlüyü ondan ibarətdir ki, onlar gözdəki sərt mirvari sularının cərrahiyyəsinə imkan verir və xəstələr əməliyyatdan bir neçə saat sonra evə buraxıla bilərlər. Bu, Azərbaycan oftalmologiyasında yeni istiqamət olmaqla, həm də ölkəmizdə göz xəstəlikləri arasında ən çox müşahidə olunan katarakta xəstəliyinin yeni üsullarla müayinə və müalicəsinə imkan verir.
Dövlətimizin başçısı ikinci mərtəbədə yaradılan şəraitlə də tanış olub. Məlumat verilib ki, burada quraşdırılmış cihazların köməyi ilə gözün buynuz qişasının bütün deformasiyalarını aradan qaldırmaq mümkündür.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tibb ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra dövlətimizin başçısı institutun akt zalında kollektiv qarşısında çıxış edib: “Mən bu gün hamınızı ürəkdən salamlayıram və gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Bu gün doğrudan da, çox əlamətdar bir gündür. Biz bu gün son illər ərzində Azərbaycanda səhiyyə sahəsində əldə olunmuş ən böyük uğurlardan birini qeyd edirik. Akademik Zərifə Əliyevanın adını daşıyan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun açılışına toplaşmışıq və bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm. Bu gözəl, müasir səhiyyə müəssisəsi Azərbaycan xalqına xidmət edəcək və əminəm ki, burada bütün işlər ən yüksək səviyyədə qurulacaqdır. Bu institutun tikintisinin, tarixi çox maraqlıdır. Hələ 1985-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Bakıda yeni, böyük göz xəstəlikləri institutunun binasının tikintisi haqqında göstəriş verilmişdir. Ondan sonra, haradasa bir neçə ildən sonra tikinti başlamışdır. Ancaq 1990-cı illərin əvvəllərində demək olar ki, tikinti dayanmışdı. Bütövlükdə, o illər Azərbaycanda böyük tənəzzüllər müşahidə olunmuşdur. Azərbaycanın həm iqtisadi imkanları çox məhdud idi, eyni zamanda, maliyyə vəziyyətimiz də çox ağır idi. Bütövlükdə, 1990-cı illərin əvvəlləri Azərbaycan xalqı üçün böyük bir sınaq idi və hər bir sahədə olduğu kimi, bütün tikintilər, o cümlədən bu institutun tikintisi də dayanmışdı. Ancaq ulu öndərin Azərbaycana qayıdışından sonra burada yenidən canlanma başladı, yeni təkliflər irəli sürüldü, ilkin layihə daha da təkmilləşdirildi və müəyyən müddətdən sonra institutun tikintisinin davam etdirilməsi üçün lazımi tədbirlər də görülməyə başlamışdır. Düzdür, bildiyiniz kimi, ilk mərhələdə, o illərdə bizim maddi imkanlarımız yox idi. İlk mərhələdə xarici kreditlər haqqında təkliflər irəli sürülmüşdür. Ancaq əfsuslar olsun ki, o illərdə Azərbaycana kredit vermək istəyən təşkilatlar tapılmırdı. Beləliklə, ölkəmiz üçün, insanların sağlamlığı üçün bu vacib tibb ocağının tikintisi yalnız 2004-cü ildə yenidən başlamışdır. Azərbaycan dövləti bu məqsədlər üçün, bu böyük tikinti üçün vəsait ayırmışdır, şirkət müəyyən edilmişdir və deyə bilərəm ki, Azərbaycanda qısa müddət ərzində yeni, gözəl, ən yüksək dünya standartlarına cavab verən tibb ocağı yaradılmışdır. Məndə olan məlumata görə, bu bölgədə və keçmiş sovet məkanında buna bənzər göz xəstəlikləri institutu tikilməmişdir. Binanın 40 min kvadratmetrdən çox sahəsi var və burada ən müasir avadanlıq quraşdırılmışdır. Bu gün mən institutla tanış olarkən bunu öz gözümlə gördüm. İstənilən əməliyyatı burada aparmaq mümkündür. Əvvəllər bəzi xəstələr müalicə almaq üçün, əməliyyat olunmaq üçün xaricə üz tutmalı olmuşlar. Amma bu gün bu gözəl mərkəzdə, deyə bilərəm ki, oftalmoloji mərkəzində istənilən əməliyyatı aparmaq mümkündür. Bu bizim böyük nailiyyətimizdir. Böyük uğurumuzdur. Bu mərkəz akademik Zərifə Əliyevanın adını daşıyır. Zərifə Əliyeva həm çox istedadlı, bilikli alim idi, eyni zamanda, çox peşəkar və qayğıkeş həkim idi. Onun tərəfindən çoxsaylı monoqrafiyalar, elmi işlər yazılmışdır. Onun elmi fəaliyyəti o vaxt sovet məkanında yüksək səviyyədə qiymətləndirilmişdir. Oftalmologiya sahəsində ən yüksək mükafat - M.İ.Averbax adına mükafat akademik Zərifə Əliyevaya verilmişdir. Onun həkim-tədqiqatçı kimi də çoxşaxəli fəaliyyəti var idi. 1970-80-ci illərdə onun təşəbbüsü ilə bir neçə sənaye müəssisəsində elmi tədqiqat laboratoriyaları qurulmuşdu. O laboratoriyaların əsas məqsədi zərərli istehsalın insanların görmə qabiliyyətinə mənfi təsirinin öyrənilməsindən ibarət idi və adi insanlar, fəhlələr o kiçik mərkəzlərdə tibbi yardım alırdılar. Minlərlə insan Zərifə Əliyevanın fəaliyyəti nəticəsində görmə qabiliyyətini bərpa edə bilmişdi və eyni zamanda o, bizim qəlbimizdə, yaddaşımızda undulmaz insan kimi, gözəl insan və çox xeyirxah həkim kimi qalmışdır. Bu gün onun adını daşıyan bu gözəl mərkəzdə, bir daha demək istəyirəm ki, ən çətin əməliyyatların aparılması üçün bütün şərait var. Həm elmi fəaliyyətlə məşğul olmaq üçün imkan var, burada, eyni zamanda, kafedra da, uşaq bölməsi də yerləşir. Yəni, bu institut, sözün əsl mənasında, region üçün əvəzolunmaz tibb müəssisəsidir. Mən istisna etmirəm ki, xarici ölkələrdən də buraya müalicə almaq üçün insanlar gələcəkdir. ümumiyyətlə, son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşməsi işində çox böyük addımlar atılmışdır, böyük işlər görülmüşdür, müvafiq qərarlar verilmişdir. Azərbaycanda son illər ərzində artıq istifadəyə verilmiş və inşa edilən səhiyyə müəssisələri bizim tələbatımızı demək olar ki, tam ödəyəcəkdir. Bizdə indi Tibb Universitetinin terapevtik və cərrahiyyə korpusları tikilir. Hər ikisi özlüyündə böyük xəstəxanadır. Orada ən müasir səviyyədə tikinti işləri gedir. Eyni zamanda, Milli Onkoloji Mərkəzin tikintisi uğurla davam edir və həmçinin, onun nəzdində Uşaq Onkologiya Mərkəzi tikilir. Azərbaycanda belə bir mərkəz heç vaxt olmamışdır. Əminəm ki, orada da tikinti ən yüksək səviyyədə aparılacaqdır. Böyrəkköçürmə Mərkəzinin tikintisi uğurla gedir. O mərkəz də nəinki Azərbaycan üçün, bütün bölgə üçün ən qabaqcıl mərkəz olacaqdır. Bu yaxınlarda Talassemiya Mərkəzinin açılışını qeyd etdik və insanlarımız üçün xas olan bu xəstəlikdən əziyyət çəkənlərin vəziyyəti də yaxşılaşdırılacaqdır. Eyni zamanda, o mərkəzin əsasında gələcəkdə böyük qan mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Bunu etmək üçün bütün imkanlar var. Bu yaxınlarda hərbi hospitalın, Daxili İşlər Nazirliyinin hospitalının, Gömrük Komitəsinin hospitalının istifadəyə verilməsi - bütün bu addımlar da ümumi işimizə bir töhfədir. Yəni, Azərbaycanda çox böyük, müasir, ən yüksək standartlara cavab verən mərkəzlər tikilir və Azərbaycan vətəndaşları bu imkanlardan istifadə edirlər.
Bölgələrdə bu istiqamətdə vacib addımlar atılır. Artıq hər bir bölgədə müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyət göstərir, onların sayı artmaqdadır. Eyni zamanda, bölgələrdə əvvəllər tikilmiş xəstəxanalar bərpa edilir və artıq elə etməliyik ki, Azərbaycanın hər bir yerində ən yüksək tibbi xidmət almaq üçün imkan olsun. Biz bunun praktiki nəticələrini də görürük. Artıq bölgələrdə ən ağır əməliyyatlar aparılır. Açıq ürək üzərində əməliyyatlar artıq Azərbaycanda bir ənənəyə çevrilmişdir, halbuki bir müddət bundan əvvəl heç Bakıda da belə əməliyyatların aparılması qeyri-mümkün idi. Səhiyyə sisteminin səmərəli fəaliyyəti üçün keçən il təcili tibb yardımı üçün ən müasir avtomobillər alınıbdır. Onlar demək olar ki, şəhərimizin bütün rayonlarını əhatə edir və növbəti mərhələdə başqa şəhərlərə də bu maşınlardan göndəriləcəkdir. Bu maşınlar ən müasir avadanlıqla təchiz edilib, onların bir neçəsi reanimobil funksiyasını daşıyır. Onlarda ən müasir rabitə sistemi quraşdırılıbdır. Qeyd etməliyik ki, bu yaxınlarda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı cinayətin qurbanları olan yaralı insanları məhz atılan bu addımların nəticəsində xilas etmək mümkün olmuşdur. Bu, böyük bir nailiyyətdir. Mən bütün tibb işçilərini bu böyük nailiyyət münasibətilə təbrik edirəm, onlara öz minnətdarlığımı bildirmək istəyirəm. çünki o qanlı hadisə nəticəsində yaralananların vəziyyəti çox ağır idi. Onların tam əksəriyyəti çox ağır yaralı idilər və onların sağalma perspektivi də çox qeyri-müəyyən idi. Amma onların hamısı xilas edildi. Bu, bir də onu göstərir ki, Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar öz bəhrəsini verir. Əgər o yeni təcili tibbi yardım maşınları olmasaydı və həkimlər dərhal hadisə yerinə gəlməsəydilər, əminəm ki, yaralı insanları xilas etmək bəlkə də mümkün olmazdı. Eyni zamanda, o hadisə ilə əlaqədar mən Daxili İşlər Nazirliyinin fəaliyyətini qeyd etməliyəm. Dərhal hadisə yerinə gəlmiş xüsusi təyinatlı qüvvələrin müdaxiləsi cinayətin daha böyük miqyas almasının qarşısını alıbdır. Əgər onlar vaxtında gəlməsəydilər, qurbanların sayı daha çox ola bilərdi. Yəni, bu hadisələr onu göstərir ki, Azərbaycanda bütün sahələrdə işlər ən müasir səviyyədə qurulub, dünya standartlarına cavab verir və bizim istəyimiz məhz bundan ibarətdir. Bu, nəinki istəkdir, biz bunu gündəlik həyatda görürük. Abadlaşan şəhərlər, gözəlləşən binalar, infrastruktur layihələri, insanların rahatlığı üçün, onların təhlükəsizliyi üçün atılmış addımlar, görülmüş tədbirlər Azərbaycanı müasir dövlətə çevirir. Bizim çox güclü sosial siyasətimiz var. Baxmayaraq ki, 2009-cu il dünya miqyasında böhranlı il kimi tarixdə qalacaq, biz bütün sosial proqramları icra edirik. Heç bir sosial proqramda heç bir məhdudiyyət yoxdur. Qəbul edilmiş bütün qərarlar icra edilir. Azərbaycanda məktəb tikintisi, səhiyyə ocaqlarının tikintisi davam etdirilir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün böyük infrastruktur layihələri icra edilir. Sosial siyasət bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. çünki biz insanlar üçün yaşayırıq və insanlara xidmət edirik. Ancaq o da həqiqətdir ki, sosial proqramların icrası üçün güclü iqtisadiyyat lazımdır. Biz bu güclü iqtisadiyyatı yaratmışıq və Azərbaycanın iqtisadi nailiyyətləri bu ilin birinci rübündə də özünü göstərir. Bütün dünyada iqtisadi artım ya sıfır dərəcəsində, ya da ki, aşağı düşübdür. Azərbaycanda isə iqtisadi artım müşahidə olunur və bizim iqtisadiyyat yüksək templərlə artır.
Azərbaycan xalqı çox yaxşı görür və bilir ki, dünyanı bürümüş maliyyə və iqtisadi böhran Azərbaycana minimum təsir göstərmişdir. Bunun əsas səbəbi vaxtında aparılan iqtisadi islahatlar, sosial islahatlar, sosial məsələlərin həlli və ölkə iqtisadiyyatının hərtərəfli inkişafıdır. Biz indi belə gözəl elmi və tibbi mərkəzlərin tikintisi ilə məşğuluq. Biz dövlət tərəfindən investisiya layihələrini nəinki məhdudlaşdırmırıq, əksinə onların sayını da artırırıq və ayrılan vəsaiti də artırırıq. çünki bu bizim ölkəmiz üçün lazımdır, bizim xalqımız üçün lazımdır. Mən bu gün bütün tibb işçilərinə, səhiyyə sistemində fəaliyyət göstərən bütün insanlara öz hörmətimi bildirmək istəyirəm. Siz böyük və nəcib işlə məşğulsunuz, insanların sağlamlığının bərpası, sağlamlığının qaytarılması ilə məşğulsunuz. Siz minlərlə, on minlərlə insana yeni həyat vermisiniz, yeni imkanlar açmısınız. Biz - Azərbaycan dövləti və Azərbaycan hökuməti elə etməliyik ki, həkimlərin sosial məsələləri də həll olunsun. Həkimlərin həm maaşları daha da çox qaldırılsın, - bu istiqamətdə lazımi tədbirlər görülür, - həm də iş şəraiti yaxşılaşsın. Bu gözəl tibb mərkəzləri təkcə xəstələrə xidmət etmir, eyni zamanda, burada həkimlərin iş şəraiti də çox yüksək səviyyədədir. Bu da Azərbaycan dövlətinin siyasətidir. Hər bir yerdə iş şəraiti yaxşı olmalıdır, bizim insanlarımız ən müasir şəraitdə işləməlidir və yaşamalıdır”.
Sonda dövlətimizin başçısı institutun səyyar klinikasında yaradılan şəraitlə də tanış olub. Qeyd olunub ki, səyyar klinika istənilən yerdə müayinə və müalicənin aparılmasına, hətta cərrahiyyə əməliyyatlarının həyata keçirilməsinə imkan verir. Artıq Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun kollektivi səyyar klinika vasitəsilə bölgələrdə ənənəvi uğurlu əməliyyatlar aparırlar.
Bütün bunlar sübut edir ki, Azərbaycanda səhiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər davamlı xarakter alıb.




Paylaş:
Baxılıb: 1916 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31