Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / "Əsrin müqaviləsi"nin Azərbaycana bəxş etdiyi siyasi-iqtisadi üstünlüklər olduqca böyükdür

"Əsrin müqaviləsi"nin Azərbaycana bəxş etdiyi siyasi-iqtisadi üstünlüklər olduqca böyükdür

19.09.2009 [14:06]

15 il əvvəl Ulu öndər Heydər Əliyev tərəfindən ölkənin iqtisadi-siyasi inkişafını qaranta alan neft strategiyası hazırlandı
ötən əsrin son onilliyinin başlanğıcında öz müstəqilliyini ikinci dəfə əldə edən Azərbaycan sovet imperializmindən xilas olduqdan sonra həm siyasi, həm də iqtisadi gələcəyini təmin etmək, müəyyənləşdirmək məsuliyyəti ilə qarşı-qarşıya qaldı. Bu, elə bir məqam idi ki, kiçik bir səhv müstəqilliyini yenicə bərpa etmiş dövlətin, ümumiyyətlə, xəritədən silinməsi ilə nəticələnə bilərdi. çünki böyük güclərin bütün nəzəri strateji enerji mənbəyinə - neftə malik olan Azərbaycana yönəlmişdi.
...Bakı nefti dünyada hər zaman məşhur olub. Hələ XIX əsrdə Qərbi Avropadan Bakıya üz tutan iş adamları “Odlar yurdu”nun nefti hesabına milyardlarla dollar qazanıb. SSRİ yeni yaranan dövrdə isə Bakı nefti bu imperiyanın dirçəlməsinə, inkişafına xidmət göstərib. İkinci Dünya müharibəsi illərində Bakı SSRİ-nin havaya qalxan hər 3 təyyarəsindən 1-ni yanacaqla təchiz edirdi. Başqa sözlə Sovet Ordusuna lazım olan təyyarə benzininin yarıdan çoxu məhz Bakı neftinin hesabına istehsal olunurdu. “Soyuq müharibə” illərində də Bakı nefti hər zaman SSRİ-nin inkişaf trayektoriyasında mühüm yerə malik olub. Yeri gəlmişkən, dünyada ilk neft hasilatına başlanan dövrdə illik istehsal həcminə görə, birinci yerdə ABŞ dayanırdısa, Azərbaycan bir neçə il ərzində bu ölkəni də qabaqlayıb. Belə ki, 1859-cu ildə Amerika dünyanın ən böyük neft hasil edən ölkəsi sayılırdısa, 1898-1901-ci illərdə Bakıda neft istehsalı genişlənəndən sonra o zamanlar çar Rusiyasının tərkibində olan Azərbaycan həmin dövr üçün dünya neft hasilatında aparıcı mövqeyə çıxdı və ABŞ-ı da qabaqlamağa nail oldu. Onu da qeyd edək ki, Bakıda ilk neft quyusu 1871-ci ildə (ABŞ-dan 12 il sonra) qazılmışdı. Hətta Azərbaycanda 1901-ci ildə neft hasılatı  12 milyon puda çatdı ki, bu da o zamankı dünya neftinin yarısını təşkil edirdi. İkinci  Dünya müharibəsi zamanı SSRİ-nin neft hasilatının 75 faizinin Bakıda cəmlənməsi də təkzibolunmaz faktdır. Neft hasilatı ilə bağlı diqqət çəkən başlıca amillərdən biri isə Azərbaycanın dünyada ilk hasilatçı dövlətlərdən biri olmasıdır. Yəni, indi dünyada neft hasilatına görə ilk beşlikdə dayanan OPEK ölkələrində “qara qızıl”ın çıxarılmasının tarixi Azərbaycanla müqayisədə xeyli sonrakı dövrlərə təsadüf edir. Məsələn, İranda neft hasilatına respublikamızdan təxminən 40 il sonra başlanılıb. İraqda isə ilk dəfə neft çıxarılması 1923-cü ilə təsadüf edir. Bəhreyn adaları 1932-ci ildə, Səudiyyə Ərəbistanı 1935-ci ildə, Küveyt 1937-ci ildə, Qətər Əmirliyi isə 1938-ci ildə neft çıxarmağa başlayıb.
Azərbaycan xalqının düzgün qərarı...
... Azərbaycan müstəqillik əldə etdiyi zaman Cənubi Qafqaz regionunda olduqca gərgin bir mənzərə vardı. SSRİ-nin dağılması ilə nəzarətdən çıxmış respublikaları yenidən bir çətir altında toplamaq üçün əldən-ayaqdan gedən, özünü keçmiş ittifaqın “xələfi” sayan Rusiya Federasiyası hətta bəzi məqamlarda həmin ölkələrə aşkar və ya gizli təzyiqlər etməkdən də çəkinmirdi. Rəsmi Moskva bununla keçmiş postsovet respublikalarını de-fakto yenidən öz nəzarətinə qaytarmağa çalışırdı. Rusiya, ən azından, bu respublikaları xammal mənbəyi və bazar şəklində əlində saxlamaq istəyirdi. Onu da deyək ki, bu prosesin gedişində həmin arzulara uyğun təsir altına düşənlər də oldu, məhz böyük siyasət hesabına itkisiz çıxanlar da...
Müstəqilliyin ilk illərində Azərbaycana başçılıq edən naşı siyasətbazların oyunu isə yalnız siyasi hakimiyyətin əldə saxlanılmasını hədəfləmişdi. Bir sıra qüvvələr nəyin bahasına olursa olsun zəbt etdikləri hakimiyyəti əldə saxlamaq üçün ölkəni iqtisadi-siyasi tənəzzüllə üz-üzə qoymaqdan belə çəkinmirdi. Həmin vaxt Dağlıq Qarabağda Ermənistanın Azərbaycanla müharibəyə təhrik edilməsinin, sözügedən ərazidə separatçı meyillərin gücləndirilməsinin arxasında böyük iqtisadi oyunlar dayanırdı. Təəssüf ki, həmin illərdə Azərbaycana rəhbərlik edənlər bu siyasəti qavraya bilmirdilər və baş verənləri sıradan bir müharibə kimi qəbul edirdilər. Bunun nəticəsi idi ki, Cənubi Qafqaz bölgəsi artıq böyük güclərin savaş meydanına çevrilməyə başlayırdı. Qərblə Rusiya bölgədə nəzarəti ələ keçirmək uğrunda mübarizəyə girişmişdi. Vəziyyət elə bir hala çatmışdı ki, ortaq nöqtədə dayanmaq qeyri-mümkün sayılırdı. Mütləq şəkildə tərəf olmaq gərəkirdi. Tərəf olmaq isə sonradan qarşı duran iki ölkədən birinin for-postuna çevrilməklə nəticələnəcəkdi...
Bu cür siyasi gərginliyin yaşandığı bir zamanda Azərbaycan xalqı müdrik bir qərar qəbul etdi. Hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü xalqın qəzəbi ilə qarşı-qarşıya qaldı. çünki xalq bu insanların müharibədəki çətinliklərin, məğlubiyyətlərin, iqtisadi geriləmənin qarşısını ala bilməyəcəyini dərk edirdi. 1993-cü ildə uçurumun bir addımında olan Azərbaycanı xilas etmək üçün ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi.
“Əsrin müqaviləsi” Azərbaycanı Şərqlə Qərbin qovşağına çevirdi...
Ulu öndər Heydər Əliyev ölkə başçısı kimi fəaliyyətə başladığı dövrdə ilk olaraq atəşkəs əldə olundu. Cəbhədə atəşkəsin elan olunması isə daxili situasiyanın daha çox nəzarətə götürülməsinə şərait yaratdı. Məhz bunun ardından Azərbaycan öz böyük sərvəti olan neftinin gələcəyi ilə bağlı qərar verdi. Həmin dövrdəki ictimai-siyasi vəziyyəti nəzərdən keçirdikdə dünyanın ən nəhəng neft kompaniyalarını Azərbaycana cəlb etməyin nə dərəcədə çətin olmasını izah etməyə ehtiyac qalmır. çünki bundan əvvəl dövləti idarə edən AXC-Müsavat hakimiyyəti ölkəmizə qarşı elə bir inamsızlıq sindromu yaratmışdı ki, əcnəbi iş adamları Azərbaycanı qeyri-sabit, təhlükəli və investisiya fəaliyyəti üçün əlverişsiz respublika kimi təsəvvür edirdilər. Bu dövrdə heç bir xarici şirkət risk edərək ölkəmizdə layihə həyata keçirmək istəmirdi. Xüsusilə də neft və yanacaq sektoru kimi ən cəlbedici sahəyə əcnəbi sərmayədarlar kapital yatırmağa risk etmirdilər. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə təminat verilməyəcəyindən qorxurdular. Xarici neft şirkətlərində yaranmış bu cür psixoloji baryeri dağıtmaq, Azərbaycanda əlverişli investisiya mühitinin yaradılmasını sübut etmək, yatırılan bütün sərmayələrin qorunmasına təminat vermək heç də asan iş deyildi. Amma Heydər Əliyev kimi dahi şəxsiyyət, unikal idarəetmə qabiliyyətinə malik dövlət xadimi bunu bacardı. Ulu öndər Heydər Əliyev dünyanın ən nəhəng neft və qaz şirkətlərini inandırdı ki, Azərbaycana sərmayə qoymaqla ən yaxın zamanda bütün investorlar böyük fayda əldə edə biləcəklər. ümummilli liderin gərgin zəhməti öz bəhrəsini verdi və yeni neft strategiyasının əsası qoyuldu.
Ulu öndər Heydər Əliyev tərəfindən ölkənin gələcəyini qaranta alan, uzun illərə, bəlkə də əsrlərə dayanacaq neft strategiyası hazırlandı. 1994-cü ildə Azərbaycan məcazi mənada da olsa dünyanın mərkəzinə çevrildi. İmzalanan “Əsrin müqaviləsi” Azərbaycanı sözün əsl mənasında Şərqlə Qərbin qovşağına çevirdi. Məhz bu müqavilə nəticəsində Avropanın, dünyanın bütün aparıcı şirkətlərinin, sərmayədarlarının diqqəti Azərbaycana yönəldi.
“Əsrin müqaviləsi” ilə bağlı danışıqların son mərhələsi 1994-cü ilin yazında və yayında İstanbul və Hyustondakı toplantılarda keçirildi. Olduqca ağır keçən bu mərhələnin sonunda Azərbaycan öz maraqlarını tam qorumağa nail oldu. Hətta bunun xatirinə tranzit ölkələrə böyük güzəşt edən Azərbaycan həm Qərbə, həm də Rusiyaya bu layihədə yer almaq üçün, belə demək mümkündürsə, şərait yaratdı.
“Azəri-çıraq-Günəşli” yatağından 143 milyon ton neft hasil olunub...
Sentyabrın 20-də “Azəri-çıraq-Günəşli” yataqlarının dərinsulu qatlarındakı neftin birgə işlənməsi haqqında “hasilatın pay bölgüsü” tipli müqavilə imzalandı. Ulu öndər Heydər Əliyev həmin çətin günləri belə xatırlayırdı: “Bu müqavilə qeyri-adi, nadir bir müqavilədir. Təsadüfi deyildir ki, onu “Əsrin müqaviləsi” adlandırırlar. Bu müqavilənin qeyri-adiliyi, nadirliyi ondan ibarətdir ki, o, on bir böyük neft şirkətinin birləşdiyi konsorsium əsasında reallaşıb. Həmin şirkətlər dünyanın neft sənayesi sahəsində böyük nailiyyətlər əldə etmiş altı ölkəsini təmsil edir. Bildiyiniz kimi, bu müqavilənin əldə olunması çox uzun, ağır və çətin yollardan keçib. Bu müqavilənin imzalanmasına, əldə edilməsinə mane olan qüvvələr də az deyildi. Ancaq müstəqil Azərbaycan Respublikası öz taleyinin, ərazisinin sahibi olduğu bir vaxtda, onun iradəsi nəticəsində, eyni zamanda, konsorsiuma daxil olan şirkətlərin ölkəmizin neft sənayesində iştirakının gözəl perspektivlərini dərk etməsi, həmin şirkətlərin mənsub olduğu ölkələrin Azərbaycanla əməkdaşlığa göstərdikləri böyük maraq nəticəsində maneələrin hamısı aradan götürüldü və bu müqavilə imzalandı”.
1994-cü ilin dekabrında ölkə parlamenti tərəfindən təsdiq olunaraq hüquqi qüvvəyə minən “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin edərək ökəmizin inkişafında əhəmiyyətli rol oynadı. Həmin vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə start verildi. Məhz bu müqavilənin bağlanması ilə öz “qara qızıl”ını dünya bazarına çıxaran Azərbaycan əldə etdiyi neft gəlirlərini ölkəsinin inkişafına yönəltdi. Digər tərəfdən, müharibə vəziyyətində olan, işğala məruz qalan Azərbaycan xarici investorları ölkəyə dəvət etməklə, sərmayədarların mənsub olduğu ölkələri də Dağlıq Qarabağ münaqişəsinə diqqətlə yanaşmağa məcbur etdi.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda yeni siyasi, iqtisadi mərhələ başlandı. Məhz həmin saziş çərçivəsində aparılan işlər nəticəsində 1997-ci ildə yataqda ilk neft hasil olundu və 1999-cu ildən etibarən mənfəət nefti ixrac olunmağa başladı. 1999-cu ilin dekabrında Azərbaycan ilk mənfəət nefti ilə doldurulan tankeri dünya bazarlarına çıxardı. Xatırladaq ki, “Azəri-çıraq-Günəşli” (AçG) yataqlarından çıxarılan mənfəət nefti sonrakı illərdə Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu üçün baza rolunu oynamış oldu. Məhz bu müqavilənin imzalanmasından sonra iqtisadiyyata xarici sərmayə qoyuluşu ən yüksək səviyyəyə çatdı. 1995-ci ildə ölkəyə kapital qoyuluşu 228 miylon manat (yeni manatla), 2000-ci ildə 967,8 milyon manat, 2001-ci ildə 1,2 milyard manat, 2002-ci ildə 2,2 milyard manat, 2003-cü ildə 3,8 milyard manat, 2004-cü ildə 4,9 milyard manat, 2005- ci ildə isə 5,8 milyard manat təşkil etdi. Beləliklə, 1995-ci ildən 2005-ci ilə kimi neft sənayesinə qoyulan investisiyaların həcmi 22,2 dəfə çoxaldı. ümumilikdə, “Azəri-çıraq-Günəşli” yatağının istismarı ilə bağlı xarici investorların yatırdığı sərmayələrin ümumi həcmi 22 milyard dollar təşkil edir. İlk mənfəət nefti çıxarılan dövrdən, yəni 1997-ci ildən indiyədək “AçG” yatağından 143 milyon ton və yaxud 1 milyard 60 milyon barel neft hasil edilib. Eyni zamanda, bu yataqdan 30 milyard kubmetrə yaxın qaz hasil olunub. 2010-cu ildə neft hasilatının 58 milyon tona, qaz hasilatının isə 15 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.
“Bakı-Tbilisi-Ceyhan” regionda sabitlik və təhlükəsizlik dəhlizinə çevrilib...
Azərbaycan hazırda neftin ixracı üçün çoxşəbəkəli marşrutlar sisteminə malik olsa da əvvəllər ixrac marşrutu ilə bağlı problemlər var idi. Belə ki, Şimal istiqamətində uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəməri və Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm olan Bakı-Supsa boru kəməri “AçG”-dən hasil olunan neftin dünya bazarlarına çıxarılması üçün rentabelli və tam gücü ilə işləyən marşrutlar hesab oluna bilməzdi. Digər tərəfdən, bir sıra ictimai-siyasi amillər bu marşrutların, xüsusilə də Bakı-Novorossiyskin əsas ixrac kəməri kimi perspektivini azaltmış olurdu. Məhz bütün bu amilləri nəzərə alan Ulu öndər Heydər Əliyev Azərbaycanın enerji siyasətinin əsas hədəflərindən biri kimi yanacağın Şərq-Qərb marşrutları ilə nəqlini nəzərdə tuturdu. Buna görə də, Heydər Əliyev Qərb istiqamətində etibarlı və təhlükəsizlik dəhlizinin yaradılması üçün ciddi səylər göstərirdi. ümummilli lider Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki sektorundan çıxarılacaq neftin Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini nəzərdə tutan layihənin - “Bakı-Tbilisi-Ceyhan” (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsini vacib hesab edirdi. Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalandığı dövrdə respublikamıza xarici təsirlər olduğu kimi BTC-nin də çəkilməsi ilə bağlı işlərə başlanılanda bu cür müdaxilələr mövcud idi. Ulu öndərin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə həmin dövrdə mane olmaq istəyənlər bu ixrac marşrutunun reallaşmasını istəmirdilər. Lakin Ulu öndər Heydər Əliyevin dərin inamı və qətiyyəti layihənin reallaşmasına olan inamı artırırdı. ümummilli lider Heydər Əliyev başladığı işin möhtəşəm sonluqla başa çatacağına əmin olduğundan xarici təsirlərə, müxtəlif qurumların tərəddüdlərinə əhəmiyyət vermirdi və hər dəfə uğurlu nəticələrə səbəb olan addımlar atırdı.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilən ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəmərinin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. Beləliklə, təməli “Əsrin müqaviləsi” ilə qoyulan Azərbaycanın, o cümlədən, Cənubi Qafqaz bölgəsinin inkişaf trayektoriyasının növbəti dayanacağı bu gün Ulu öndər Heydər Əliyevin adını daşıyan BTC oldu. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəmərinin təməl daşı qoyuldu.
BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.
Neft gəlirləri ilk növbədə qeyri-neft sektorunun inkişafına yönəldilir...
Bu gün Azərbaycan öz inkişaf xəttinə görə nəinki regionda, dünyada seçilən dövlətlərdən sayılır. O baxımdan ki, az bir zamanda dövlət büdcəsinin 10 dəfəyə qədər artması, qeyri-neft sektorunun yüksəksürətli inkişafı bir daha sübut etdi ki, “Əsrin müqaviləsi”nin ölkəmizin inkişafında böyük rol oynadığını bir daha sübut etdi. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin əhəmiyyətinə toxunaraq deyib: “Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi”.
Neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Ulu öndərin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilən Fondun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması və səmərəli idarə edilməsi vasitəsi ilə ölkə qarşısındakı mühüm vəzifələrin həllinə yönəlib. DNF-nin valyuta gəlirləri ilk növbədə ölkədə makroiqtisadi sabitliyin qorunmasına və qeyri-neft sektorunun inkişafının təmin edilməsinə sərf edilməkdədir. Eyni zamanda, neft gəlirləri ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm layihələrin maliyyələşdirilməsinə və gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanmasına yönəlib.
Neft və qaz ehtiyatları daha yeni enerji marşrutlarının yaradılmasını zəruri edir
Qeyd edək ki, yeni neft strategiyasının başlanğıc tarixi olan “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmiz digər strateji neft sazişləri imzalamaqla enerji siyasətinin daha da genişlənməsinə əlverişli zəmin yaradıb. 1994-cü ildən indiyə kimi Azərbaycanla xarici neft şirkətləri arasında karbohidrogen ehtiyyatlarının kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş imzalanıb.
Bu gün BTC kəməri ilə ildə 50 milyon ton, yəni, gün ərzində 1 milyon barel Azərbaycan nefti nəql edilir. Qazaxıstanın öz neftini BTC ilə dünya bazarlarına çıxarması isə BTC kəmərinin genişləndirilməsini zəruri edib. Artıq kəmərin səhmdarları bu istiqamətdə işlərə başlayıb. Kəmər genişləndirildikdən sonra BTC ilə gün ərzində 1,3 milyon barel neft nəql etmək mümkünləşəcək. bp şirkətinin proqnozlarına görə, “AçG” yatağında təsdiq olunmuş neft ehtiyatları 5,4 milyard barelə bərabərdir. Bu yataqdakı neftin artıq 1 milyard 60 milyon bareli çıxarılıb. Ekspertlərin fikrincə, “ACG” yatağından hasilatı 5 dəfədən də çox artırmaq mümkündür və bu rəqəmi 6,5 milyon barelə çatdırmaq olar. Bu isə Azərbaycanın daha yeni enerji marşrutları yaratması zərurətini ortaya çıxarır.
Pərviz SADAYOÄžLU
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1181 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31