/ / Prezident İlham Əliyev: Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir
Prezident İlham Əliyev: Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir
28.02.2019 [16:41]
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfər edib
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
* * *
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.
Prezidentlər görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.
Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.
Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində, elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik.
Bir daha xoş gəlmisiniz”.
Gürcüstan Prezidenti Salome Zurabişvili deyib: “Təşəkkür edirəm cənab Prezident.
Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.
Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik.
Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm”.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezidentlər görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli xanım Prezident, hörmətli qonaqlar, sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən xanım Prezidenti prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdim. Çox şadam ki, qısa müddətdən sonra xanım Prezident Azərbaycana səfər edir. Bu, çox gözəl göstəricidir.
Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Əminəm ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacaqdır. Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.
Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbəttə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək.
Bir daha xoş gəlmisiniz”.
Gürcüstan Prezidenti Salome Zurabişvili deyib: “Cənab Prezident, təşəkkür edirəm. Şadam ki, Azərbaycana gəlmişəm. Bu, mənim regionda birinci səfərimdir. Bizim qonşu və dost ölkə Azərbaycanda olmaqdan məmnunluq duyuram. Bizim əməkdaşlığımız bizim üçün çox əhəmiyyətlidir. İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir. Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq. Bunlar bizim dövlət quruculuğumuza təsir etdi. Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır.
Şadam ki, buradayam. Çünki bizim həm keçmiş, həm də gələcək haqqında çox söhbətlərimiz var. Bizim regionumuz çox böyük perspektivlərə malikdir”.
Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib: “Hörmətli xanım Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, xanım Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Sizi bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik edirəm. Çox şadam ki, seçkilərdən qısa müddətdən sonra Siz Azərbaycana səfər edirsiniz. Bu, onu göstərir ki, Siz ölkələrimizin əlaqələrinə çox böyük önəm verirsiniz. Biz də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Çox şadıq ki, bu əlaqələr uğurla, sürətlə inkişaf edir. Bugünkü səfər və apardığımız müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, bizim əlaqələrimizin çox gözəl gələcəyi vardır.
Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.
Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.
Əlbəttə ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Keçən il bu layihənin icrası ilə bağlı çox önəmli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir.
Biz bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk və bu da danışıqların mövzusu olub. Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İlyarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayıq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışıqlar aparmışdır, razılığa gəlinmişdir. Əminəm ki, bu razılıq əsasında indi yükdaşımalar böyük dərəcədə artacaqdır. Bu, bizim ümumi layihəmizdir. Bu yeni dəhliz imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiyə - ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynamışdır, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır.
Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı.
Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir.
Şadam ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna çox sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq əminəm ki, Sizdə xoş təəssürat yaradacaqdır.
Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır.
Bir daha, hörmətli xanım Prezident, Sizi səmimiyyətlə salamlayıram. Sağ olun”.
Sonra Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış edib: “Təşəkkür edirəm, cənab Prezident.
Sizin bütün fikirlərinizlə razıyam. Sizin fikirləriniz mənə çox yaxındır. Biz həqiqətən hər bir sahə üzrə fikir mübadiləsi apardıq. Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm.
Biz ötən əsrin sonu və bu əsrin əvvəlində birlikdə energetika sahəsində həqiqətən çox irimiqyaslı layihələr həyata keçirdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar. İndi qarşımızda duran əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir.
Nəqliyyat dəhlizi çox vacibdir və həqiqətən bizim əməkdaşlığımızın təməl daşıdır. Nəqliyyat bugünkü dünyada çox potensiallı sahədir. Nəqliyyat sahəsi dünya üçün çox əhəmiyyətlidir. Asiyanın, Çinin və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır. Siz Azərbaycan tərəfindən hansı işlərin görüldüyü barədə məlumat verdiniz. Siz Xəzər dənizi ilə bağlı əldə olunmuş razılaşmaları qeyd etdiniz. Bu dənizdə nəqliyyat tam inkişaf etdirilməlidir. Avropa İttifaqının dəstəyi ilə biz Qara dənizdəki imkanlar üzərində işləyirik. Rumıniya, Bolqarıstan və Gürcüstan limanları arasında əlaqələri və logistikanı Avropa İttifaqının dəstəyi ilə inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə də ümumi investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik. Bizim Çinlə, eyni zamanda, Avropa İttifaqı ilə azad ticarət sazişimiz var.
Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir.
Lakin əlaqələrimiz bununla məhdudlaşmır. Biz insan əlaqələrinə, mədəniyyətə, təhsilə böyük əhəmiyyət veririk və bu sahələr inkişaf etdirilməlidir. Bu sahələrdə əlaqələr hələ tam lazımi səviyyədə deyildir. Hər iki tərəf bu məsələlərdə öz səylərini daha da fəallaşdırmalıdır. Biz istərdik ki, insani münasibətlər hər iki tərəfdən daha da fəallaşsın. Bu, bizim qərarlardan asılı olacaq. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan mədəniyyət günləri keçirilsin və Batumidə artıq planlaşdırılıb. Biz buna mütəmadi forma verməliyik və müxtəlif sahələrdəki əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır.
Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək istərdik. Lakin bu, Qafqazda bizim ümumi dəyərimizdir. Biz buna Qafqaz xarakteri verə bilərik və bu, regionumuzdan dünyaya çox mühüm mesaj olacaq. Dünyanın bu dəyərlərə ehtiyacı var.
Bu gün turizmin inkişafı haqqında da fikir mübadiləsi apardıq. Turizm sahəsi də inkişaf etdirilməlidir. Bu məkan turistlər üçün tam açıq olmalıdır. Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaqdır.
Bütün bu sahələrdə əməkdaşlığa və bu səmimi qəbula görə cənab Prezidentə təşəkkür edirəm. İnanıram ki, bu, başlanğıcdır, yeni, daha sıx əlaqələrimizin başlanğıcıdır. Mən bu arzu və bu ümidlə çıxışımı bitirmək istərdim. Sağ olun”.
* * *
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.
Gürcüstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Hörmətli xanım Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, xanım Prezident, Sizi və rəhbərlik etdiyiniz Gürcüstan nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.
Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır. Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir. Gürcüstanın Prezidenti vəzifəsinə seçildikdən sonra xanım Salome Zurabişvilinin xarici ölkələrə ilk səfərləri sırasında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir”.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də yaxşı nailiyyətlərimizin olduğunu vurğulayaraq deyib: “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji resurslarımızın nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması baxımından çox əhəmiyyətli hadisələrdir. Bu gün icra etdiyimiz irimiqyaslı transmilli Cənub Qaz Dəhlizi layihəsi ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. Hazırda uğurla icra edilən bu layihənin dörd elementindən üçü - “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihələri başa çatdırılmışdır. Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əlaqələrimizdə də çox mühüm rol oynayır.
Mən xüsusilə nəqliyyat sahəsindəki əməkdaşlığımızı qeyd etmək istərdim. 2017-ci ildə açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir. Bu gün artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilən yüklərin həcmində artım hiss olunmaqdadır”.
Ölkələrimizin beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini də dəstəklədiklərini vurğulayaraq deyib: “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunmuşdur. Keçən il Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənmişdir”.
Prezident İlham Əliyev ölkələrimiz arasında sıx əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyini bildirərək deyib: “Bu gün ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün digər sahələrdə də - turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, mədəniyyət sahələrində də yaxşı imkanlar və perspektivlər mövcuddur.
Hörmətli xanım Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram, Sizə cansağlığı, işlərinizdə uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.
Gürcüstan Prezidenti xanım Salome Zurabişvili çıxış edərək deyib: “Cənab Prezident.
Hörmətli qonaqlar.
İcazə verin, səmimi qəbulunuz və qonaqpərvərliyiniz üçün Sizə minnətdarlığımı bildirim. Sizin bu cür qəbulunuz bizim millətlərə xas olan qonaqpərvərliyin sübutudur. Bu, Qafqaz mədəniyyətinin əlaməti və dəyişməz ənənəsidir.
Bugünkü səfər bir daha Gürcüstan ilə Azərbaycan arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərini nümayiş etdirir.
Azərbaycanın böyük tarixi şəxsiyyətini - Əli bəy Hüseynzadəni xatırlamaq istərdim. O, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifidir.
Biz gürcülər üçün isə belə qəhrəman İlya Çavçavadzedir. O, “Vətən, dil, din” kəlamını bizim milli şüarımıza çevirərək avropalaşma ideyasını təbliğ edirdi.
Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir”.
Gürcüstan Prezidenti Salome Zurabişvili hazırda müstəqil ölkələrimizin qarşıda duran vəzifələrin həlli üçün ardıcıl iş gördüklərini vurğulayaraq deyib: “Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Bu faciələrə baxmayaraq, biz müasir dövlətlər qurmağa, iqtisadiyyatı inkişaf etdirməyə və böyük layihələri icra etməyə nail olduq”.
Gürcüstan Prezidenti hazırda Azərbaycan, Gürcüstan və Türkiyənin böyük regional layihələrin uğurla reallaşdırılması üçün birgə səylərini davam etdirdiklərini bildirərək deyib: “Bizim ölkələrimiz Asiya və Avropanı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi bir-birinə birləşdirən yollar üzərində yerləşirlər. Bu nəqliyyat dəhlizlərinə maraq gündən-günə artmaqdadır. Bu yolların maksimal dərəcədə yüklənməsi və lazımi dərəcədə əhəmiyyət kəsb etməsi üçün bizim regionda sabitliyin və sülhün qorunub saxlanılması olduqca vacib məsələdir. Hamımıza daha çox investisiya, tərəfdaş, turist, bazarlar lazımdır, bütün bunların hamısı isə bizim sabitliyimizdən asılıdır”.
Prezident Salome Zurabişvili Azərbaycan ilə Gürcüstanın mədəniyyət sahəsində də uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. Ölkələrimizin sənaye sahəsində də sıx əməkdaşlıq etdiklərini bildirən Gürcüstan Prezidenti deyib: “Unutmayaq ki, neft sənayesinin tarixi bizim regionun əmin-amanlıq tarixidir. Onu yeni üslubda oxumaq və dünya üçün təqdim etmək millətlərimizə ancaq xeyir gətirəcək və yalnız münaqişələr prizmasında görünən regionumuz haqqında səhv təsəvvürləri dəyişəcəkdir.
Mədəniyyət və iqtisadiyyat sahələrində çoxlu layihələr mövcuddur, onlar ölkələrimizi, xalqlarımızı, gənclərimizi daha yaxın edə bilər”.
Prezident Salome Zurabişvili ölkələrimizin paytaxtları arasında da fəal mübadilələr aparıldığını qeyd edərək bildirib: “Sizin ölkənizin ənənəvi əl işləri sənətkarlarını, rəssamları, bəstəkarları, yazıçıları tanıtmaq, aktual məsələlər haqqında forumlar keçirmək lazımdır. Məsələn, ətraf mühitin qorunması. Çünki Qafqazın bioloji cəhətdən şaxələnmiş flora və faunasını qorumaq məhz bizim öhdəmizə düşür. Bunun üçün həm beynəlxalq təşkilatlarda, həm dünya konfranslarında fəal olmalıyıq. Gənclərin bu istiqamətdə məsuliyyətini artırmaq, yeni yanaşmaları tətbiq etmək çox səmərəli birləşdirici amilə çevrilə bilər”.
Gürcüstan Prezidenti bildirib ki, ölkələrimizdə yaşayan etnik gürcülər və azərbaycanlılar bizi daha da yaxın edirlər. Prezident Salome Zurabişvili ölkələrimizin bundan sonra da qarşıda duran vəzifələrin həlli üçün səylərinin birləşdirməsinin vacibliyini vurğulayaraq deyib: “Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Mədəniyyətlərin və sivilizasiyaların ən maraqlı yol kəsişməsində yerləşən regionumuzda sülhün və sabitliyin möhkəmlənməsi əsas şərtdir. Dünya qarşısında onun nadirliyini qorumaq bizim borcumuzdur”.
Xəbər lenti
Hamısına baxİdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32

