Sumqayıt şəhəri çox uğurla inkişaf edir
20.11.2009 [11:08]
AzərTAc-ın məlumatına görə, dünən Sumqayıt Elektrik Stansiyasının açılışı olub. Mərasimdə iştirak etmək üçün Sumqayıta gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sumqayıt Elektrik Stansiyasında dövlətimizin başçısını inşaatçılar, energetiklər və şəhər ictimaiyyətinin nümayəndələri hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev üzərində “Sumqayıt Buxar-Qaz Qurğusunun təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. 12 avqust 2005-ci il” sözləri yazılmış təməl daşına baxıb. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, 2005-ci il avqustun 12-də təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazırdır. Yeni stansiya şəhərin sosial-iqtisadi inkişafının perspektivi nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilib. Stansiyanın ərazisi 22 hektardır. Sahəsi 360 kvadratmetr olan yeni inzibati binada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev inzibati binadakı muzeylə tanış olub. Buradakı fotoguşələrdə Azərbaycan elektroenergetikasının sürətli inkişafında müstəsna əməyi olan Ulu öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında xidmətlərindən, energetiklərlə görüşlərindən və müxtəlif tədbirlərdə iştirakından bəhs edən eksponatlar var. Bundan başqa, Prezident İlham Əliyevin respublikamızın energetika potensialının möhkəmləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırdığı ardıcıl və fundamental tədbirlər də buradakı fotoşəkillərdə dolğun əksini tapıb.
Sonra dövlətimizin başçısı avtobusla elektrik stansiyasının ərazisini gəzərək görülmüş işlərlə tanış olub. Məlumat verilib ki, 10 min kvadratmetr sahəyə asfalt örtük döşənib. Ərazidə 10 mindən çox dekorativ ağac və gül kolu əkilib, abadlıq işləri aparılıb. Qeyd olunub ki, Sumqayıt Elektrik Stansiyası müasirliyinə və ən son elmi-texniki yeniliklərin tətbiqinə görə inkişaf etmiş ölkələrdəki oxşar energetika qurğuları ilə eyni səviyyədədir. Stansiyanın güc və elektrik avadanlığı Almaniyanın “Siemens”, istilik avadanlığı isə Belçikanın “CMİ” şirkətlərinə məxsusdur. Tikinti-quraşdırma işlərini, əsasən, yerli mütəxəssislər həyata keçiriblər.
Prezident İlham Əliyevə məlumat verilib ki, turbinlərdə işlənən buxarı soyutmaq üçün Xəzər dənizindən 1200 metrlik su xətti çəkilib, suqəbuledici kəmər, açıq suaxıdıcı kanal və nasos stansiyası tikilib. Su xəttinin çəkilişində istifadə olunan yüksək fiziki və kimyəvi xarakteristikaya malik borular xüsusi şüşə lifli plastik materialdan hazırlanıb. Qeyd olunub ki, belə borulardan respublikamızda ilk dəfə bu stansiyada istifadə edilib. Stansiyanın təbii qazla təchizatı üçün 29 kilometr uzunluğunda kəmər çəkilib, qazpaylayıcı stansiya tikilib. Dövlətimizin başçısına məlumat verilib ki, tikinti-quraşdırma işlərini Böyük Britaniyanın “Tayko”, Avstriyanın “Terpo”, Türkiyənin “Erpo” və Azərbaycanın “Azenko” şirkətləri yerinə yetiriblər. Tikintinin texniki məsləhətçisi isə Finlandiyanın “AF Enprima” şirkətidir. Stansiyada 525 meqavat güc iki qaz və bir buxar turbini vasitəsilə alınır. Buxar turbinini buxarla təmin etmək üçün hər birinin məhsuldarlığı saatda 300 ton olan iki buxar qazanı inşa olunub. Bu energetika qurğusunda ən müasir avadanlıq quraşdırıldığından 1 kilovat-saat elektrik enerjisinin istehsalı üçün 0,2 kubmetr təbii qaz və ya 235 qram şərti yanacaqdan istifadə edilir. Stansiyanın faydalı iş əmsalı 52,8 faizdir. Bu, müasir elektroenergetikada ən yüksək göstəricidir və nəticədə əvvəlki nəsil stansiyalarla müqayisədə xeyli təbii qaza qənaət olunur. Stansiyanın işləməsi üçün qazın 26 bar təzyiqdə verilməsi kifayətdir. Həmin qurğuda ildə 4 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal etmək mümkündür. Bildirilib ki, Sumqayıt Elektrik Stansiyası şəhərin 60 illik yubileyinə mühüm töhfə olmaqla bərabər, Sumqayıt və Abşeron yarımadasının enerji təhlükəsizliyində önəmli rol oynayacaq. Prezident İlham Əliyevə məlumat verilib ki, tikintidə çalışmış min nəfərdən çox işçinin əksəriyyətini yerli əhali təşkil edib. Təxminən 250 nəfər isə stansiyada daimi işlə təmin olunacaq. Dövlətimizin başçısı stansiyanın 220 və 110 kilovoltluq yarımstansiyaları, həmçinin, idarəetmə sistemi ilə tanış olub. Qeyd edilib ki, stansiyada istehsal olunacaq elektrik enerjisini şəbəkəyə ötürmək üçün hər birinin uzunluğu 6,5 kilometrə çatan və 300 meqavat yük daşıya bilən 220 kilovoltluq “Sənaye qovşağı” və “Yaşma” hava xətləri ilə yanaşı, 110 kilovoltluq 7 elektrik xətti də çəkilib. Bu qurğu tam avtomatlaşdırılmış T-3000 sistemi vasitəsilə idarə olunacaq. Bu stansiyanın mükəmməlliyini “Azərenerji”nin Dispetçer Mərkəzindən birbaşa idarə edilməsinin mümkünlüyü də təsdiq edir.
Qeyd olunub ki, istismar və xidmət heyəti yerli kadrlardan ibarətdir və Almaniyada müvafiq təcrübə keçiblər.
Prezident İlham Əliyev stansiyanın idarəetmə mərkəzindən bu energetika qurğusunu işə salıb.
Stansiyanın iş rejimi və avadanlığı ilə tanış olan Prezident İlham Əliyev mərasimdə iştirak edən inşaatçılar, energetiklər və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb, onları təbrik edərək deyib ki, Sumqayıt şəhəri çox uğurla inkişaf edir: “Sumqayıtda gedən quruculuq, abadlıq işləri məni çox sevindirir. Bildiyiniz kimi, mən tez-tez Sumqayıta gəlirəm, vəziyyətlə tanış oluram. Şəhərin gələcək inkişafı üçün bütün lazımi tədbirlər görülür və addımlar atılır. Sumqayıt gözəlləşir, cavanlaşır, yeni yollar, parklar salınır, yeni binalar tikilir, köhnə binalar bərpa olunur. Eyni zamanda, Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün bizim böyük planlarımız vardır. Əslində siz bunu yaxşı bilirsiniz ki, Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Ancaq bu gün biz daha da qabağa baxmalıyıq. Biz Sumqayıtda ən müasir sənaye texnologiyalarını tətbiq etməliyik. Şəhərdə yaradılan yeni müəssisələr, zavodlar, fabriklər, texnoparklar Sumqayıtı ən müasir və ən qabaqcıl sənaye mərkəzinə çevirəcəkdir. Bunu etmək üçün əlbəttə ki, elektrik gücünün yaradılması, Azərbaycanın elektrik enerjisi potensialının gücləndirilməsi çox vacib məsələdir”.
Dövlət başçısı vurğulayıb ki, son illər ərzində Azərbaycanın enerji potensialının gücləndirilməsi işində çox böyük addımlar atılıb: “2006-2009-cu illərdə, son dörd ildə Azərbaycanda on yeni elektrik stansiyası tikilmişdir. Azərbaycanda ümumi stansiyaların sayı isə on doqquzdur. Onlardan onu son dörd il ərzində tikilibdir. Tikilmiş on stansiyanın enerji potensialı 2100 meqavatdır. Azərbaycanın ümumi enerji potensialı isə 6400 meqavatdır. Yəni biz son dörd il ərzində Azərbaycanın enerji potensialını 30-40 faiz artıra bilmişik və bu proses davam edir. Gələcəkdə yeni stansiyaların tikintisi nəzərdə tutulub. Beləliklə, biz Azərbaycanı bundan sonra uzun illər ərzində dayanıqlı enerji mənbələri ilə təmin edəcəyik. Buna böyük ehtiyac vardır. Bizim iqtisadiyyatımız artır, ölkəmizin sənaye potensialı artır”.
Ulu öndər Heydər Əliyevin ölkənin energetika sisteminin inkişafındakı müstəsna xidmətlərini xüsusi vurğulayan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev Sumqayıt Elektrik Stansiyasının üstünlüklərini ətraflı xarakterizə edib. O, son 6 ildə Azərbaycan elektroenergetikasının köklü inkişaf yolu keçdiyini bildirib.
“Siemens” şirkətinin enerji məsələləri üzrə icraçı direktoru Rayner Haunşild yeni stansiyanın ən müasir tələblərə cavab verdiyini bildirib. O, Azərbaycan-Almaniya əlaqələrinin inkişafında Ulu öndər Heydər Əliyevin mühüm rol oynadığını və Prezident İlham Əliyevin iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verdiyini vurğulayıb.
Sumqayıtın ölkəmizin ən inkişaf etmiş şəhərlərindən birinə çevrilməsi üçün Ulu öndər Heydər Əliyevin xidmətlərini məmnunluqla xatırladan “Neftqazavtomat” Elm-İstehsalat Müəssisəsinin direktoru Əli Əmirov şəhərin daha da inkişafına göstərdiyi hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə sumqayıtlılar adından dərin təşəkkürünü bildirib.
Sonda dövlətimizin başçısı mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

