Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev: Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir

Prezident İlham Əliyev: Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir

08.05.2019 [09:43]

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonuna səfər edib
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gəliblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar, bu tibb ocağının kollektivi ilə görüşüblər.
Xəstəxananın kollektivini təbrik edən Prezident İlham Əliyev deyib: “Belə gözəl xəstəxananın açılışı çox əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm. Şadam ki, Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir.
Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox iş yeri yaradılıb. Yəni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir.
Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır.
Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır.
Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram”.
Tibb işçiləri: Təşəkkür edirik. Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müxtəlif əsrlərdə toxunan Salyan, Ağsu, İsmayıllı, Hacıqabul, Ağdaş, Göyçay, Şamaxı, Oğuz, Qəbələ, Qobustan xalçalarına baxıblar.
Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşüblər.
Xalçaçılar: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz.
Xalçaçıları salamlayan Prezident İlham Əliyev deyib: “İlk növbədə, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. Çox şadam ki, bu peşə bayramı günlərində gözəl fabrikin açılışını qeyd edirik. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti üç il bundan əvvəl mənim Sərəncamımla yaradılmışdır. Qarşıya vəzifə qoyulmuşdur ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri yaradılsın və bu istiqamətdə çox böyük işlər görülüb. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək və beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq.
Qobustan fabrikində 150 iş yeri yaradılıb. İşçilərin də mütləq əksəriyyəti qadınlardır. Bu, qadınlar üçün dövlət tərəfindən atılan çox böyük addımdır. Çünki qadınların iş yerləri ilə təmin olunması prosesi xüsusi əhəmiyyət daşıyır. Burada ən müasir avadanlıqlar quraşdırılıb, bütün vasitələr var. Əminəm ki, bu fabrik çox uğurla fəaliyyət göstərəcək. Burada işləyənlər də razı qalacaqlar.
Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə təqdim edəcək. Bildiyiniz kimi, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində nümayiş etdirilir. Xalçaçılıq bizim qədim sənətimizdir və əsrlər boyu biz bu sənəti yaşadırıq. Çox yaxşı haldır ki, bu sənət nəsildən-nəslə ötürülür. Burada təcrübəli xalçaçılar, gənclər işləyirlər. Əminəm, gənclər də bu işə böyük maraqla, həvəslə qoşulacaqlar ki, biz bu sənəti bundan sonra da əsrlər boyu yaşadaq və Azərbaycan öz xalçaçılıq sənətini dünyaya təqdim etsin. Bu, iş yerləri, qeyri-neft sektorunun inkişafı və ixracyönümlü məhsulun istehsalı deməkdir. Çünki bu gün ölkəmizin ümumi iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafı ilə sıx bağlıdır. İxracyönümlü məhsulların istehsalı bu gün prioritet məsələlərdən biridir.
Bilirsiniz ki, bir neçə il bundan əvvəl Bakıda yeni gözəl Xalça Muzeyi yaradılıb. Muzey xalça formasında çox gözəl memarlıq üslubunda yaradılıb. Bütün bölgələrdə 30-dan çox xalça fabrikinin yaradılması bu sahəyə böyük təkan verdi, canlanma gətirdi. Əminəm ki, sizin burada işləriniz uğurla gedəcək. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir.
Bu gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd etdik. Bu da çox əlamətdar hadisədir. Ən müasir standartlara cavab verən xəstəxanada vətəndaşlara gözəl xidmət göstəriləcək. Rayonda digər sosial layihələr icra edilir. Bu il Qobustan rayonunda 200-ə yaxın ödənişli ictimai iş yeri yaradılacaq ki, bu gün hələ iş tapa bilməyən insanlar o işlərə cəlb olunsunlar. İnfrastruktur layihələri ilə bağlı işlər gedir. Bu gün yeni yol layihəsi istifadəyə verilir. Bütövlükdə son illərdə rayonda üç yol layihəsi icra edilmişdir. Qazlaşdırma 90 faizə yaxındır. Bu da son illərin uğurlu nəticələridir. Elektrik enerjisi ilə bağlı problem yoxdur. Şəhərin içməli su problemini isə biz 2017-ci ildə həll etmişik. Yadımdadır, il yarım bundan əvvəl burada olarkən gözəl tədbir də keçirdik.
Bu səfər mənim Qobustan rayonuna sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, rayonun inkişafına böyük diqqət yetirilir. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram”.
Xalçaçı Sevinc Həşimova: Hörmətli Prezidentimiz, bu Ramazan ayında bizim Qobustan rayonuna xoş gəlmisiniz. Çox sağ olun ki, bizim gözəl qadınlarımız üçün bu şəraiti yaratmısınız. Şəraitimiz çox gözəldir. Bizim qadınlar Sizdən çox razıdırlar. Onların adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, Azərbaycanımızı belə inkişaf etdirirsiniz. Həm Sizə, həm də Mehriban xanıma çox minnətdarıq.
Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Burada iş şəraitiniz necədir, razısınız?
Xalçaçılar: Çox sağ olun, hamımız razıyıq, çox razıyıq.
Prezident İlham Əliyev: Əməkhaqqı necə?
Xalçaçılar: Əməkhaqqımız artırılıb, çox yaxşıdır. Toxucularımız sevinə-sevinə işləyirlər.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu fabrik açılana qədər siz haradasa işləyirdiniz?
Xalçaçı Sevinc Həşimova: Xeyr, evdar xanım olublar.
Prezident İlham Əliyev: İndi sizin üçün gözəl şərait yaradılıb, ailə büdcənizə də böyük töhfə olacaq.
Xalçaçı Sevinc Həşimova: Əvvəllər evdə xalça toxuyurduq. Bəzən işığımız yanmırdı, lampa işığında toxuyurduq. Şükür Allaha, indi gur işıqlı, gözəl emalatxanamızda xalçalarımızı toxuyuruq. Buna görə Sizə minnətdarıq.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən çox şadam ki, biz bu fabrikləri yaradırıq. Bütün fabriklər işə düşəndən sonra təqribən 4500-ə yaxın qadın üçün iş yeri olacaq. Əminəm ki, gələcəkdə bu proqram daha da geniş vüsət alacaq. Dövlət öz üzərinə düşən vəzifəni icra edir, bu fabriklər dövlət xətti ilə yaradılır. Amma ümid edirəm gələcəkdə sahibkarlar da bu sahəyə sərmayə qoyacaqlar ki, bu işlər daha geniş vüsət alsın və Azərbaycanın hər bir yerində xalçaçılıq sənəti yaşasın. Çünki bizim bütün bölgələrin özünəməxsus xalçaçılıq məktəbi var. Bu məktəblər bir-birindən fərqlənir. Əlbəttə, bu fərqi mütəxəssislər çox yaxşı seçə bilirlər. Bu isə onu göstərir ki, Azərbaycan çox zəngin mədəniyyətə, çox zəngin tarixə, zəngin ənənələrə malik olan ölkədir. Qədim sənətimizi biz bu gün yaşadırıq, dirçəldirik.
Xalçaçı Əsarə Abdulrəhimova: Sizin sayənizdə, cənab Prezident. Allah Sizi qorusun. Xoş gəlmisiniz. Həmkarım emalatxanamız haqqında danışdı. Mən isə Sizə rayonumuzun inkişafına görə “Çox sağ olun!” deyirəm. Qobustanlıların əsas problemi olan içməli suyu çəkdirmisiniz. Bu, Sizin Qobustana beşinci səfərinizdir. Buna görə bütün qobustanlılar adından Sizə təşəkkür edirik, Sizi həmişə dəstəkləyirik. Şəhərimizin kanalizasiya, yol problemləri həll edilib. Buna görə Sizə minnətdarıq. Bütün qobustanlılar Sizi dəstəkləyir, həmişə Sizin arxanızdayıq, Sizi çox sevirik.
Prezident İlham Əliyev: Sağ olun. Biz Qobustan rayonunun timsalında ölkəmizin ümumi inkişaf dinamikasını görürük. Çünki vətəndaşları narahat edən əsas problemlər həll olundu. İçməli su ilyarım bundan əvvəl təmin olundu. Qeyd etdiyim kimi, qazlaşdırma 90 faizə çatıb, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, yollar çəkilir və növbəti mərhələdə yeni yol layihələri icra ediləcəkdir. Müasir xəstəxana tikilib. Bir neçə məktəb tikilib və təmir edilib, bu proses davam etdiriləcək. İş yerlərinin yaradılması ilə bağlı böyük işlər görülür. Yeni iş yerlərinin yaradılması prioritet məsələdir. Sahibkarlıq, kənd təsərrüfatı inkişaf edir. Bakıdan Qobustana çox gözəl yeni yol çəkildi. Əvvəllər ikicərgəli idi, indi dördcərgəlidir. Yəni, bütün lazımi işlər görülüb. Bütün bu işlər rayonun gələcək inkişafına təkan verəcək.
Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edildi, sayca dördüncü proqramdır. Üç proqramın icrası nəticəsində bir çox işlər görüldü. Dördüncü proqram bu günə qədər görə bilmədiyimiz işləri də təmin edəcək. Beş il ərzində Azərbaycanın bütün bölgələrində bütün infrastruktur məsələləri öz həllini tapacaq və bu, ölkəmizin gələcək inkişafına böyük dəstək olacaqdır.
Xalçaçı Azadə Fənarə: Hörmətli Prezidentimiz, xoş gəlmisiniz. Rayonumuzun bütün əhalisi adından, xalçaçılar adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Nənələrimizdən miras qalan xalçaçılıq sənətini bizə yenidən bəxş etdiyinizə görə Sizə uğurlar diləyirəm, Sizi Rəbbim qorusun.
İcazənizlə, bu balaca xalçanı Mehriban xanıma təqdim etmək istəyirəm. Mehriban xanım, bu, Qobustanın rəmzidir, qapının üstünə asırlar, sağlıqla işlədin. Bütün qobustanlılar adından Sizə təşəkkür edirəm.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Mənim dərin hörmətimi qobustanlılara çatdırın.
Sonra Prezident İlham Əliyev müəssisədə toxunan ilk xalçanı kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən, həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışında da iştirak ediblər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət edib.
Prezident İlham Əliyev: İşiniz necədir, razısınız?
İşçilər: Çox sağ olun. Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Nə qədər əməkhaqqı verilir, qane edir?
İşçi: Şükür lap yaxşıdır. Sizdən də, müdiriyyətimizdən də razıyıq. Çox sağ olun. Həmişə Siz gələsiniz.
Prezident İlham Əliyev: Xalçaçılıq elə sənətdir ki, Azərbaycan xalqının istedadını dünyaya göstərir. Eyni zamanda, xalçaçılıq sənəti böyük işlərin təkanverici amilidir. Məsələn, indi ölkəmizdə yun tədarükü mərkəzləri yaradılır. Beş mərkəz yaradılıb, biri də burada. Sumqayıtda yunəyirici-boyaq fabriki yaradılır. Yəni, gələcəkdə biz özümüzü bütün xammalla - iplər, boyaq və yun ilə təmin edəcəyik. Beləliklə, minlərlə iş yeri yaradılır və yaradılacaq. Sahibkarlar da bu işlərdə fəal iştirak edirlər. Sizin də işiniz ümumi inkişafımıza böyük dəstək olacaqdır.
Sahibkar: Cənab Prezident, biz uzun müddət idi ki, tədarük etdiyimiz yunu heç yerə verə bilmirdik. Sizin sayənizdə bura açılıb, biz çölə tulladığımız, sata bilmədiyimiz yunu bu gün buraya veririk, çoxlu pul qazanırıq. Bu pula mal-qara alırıq, fermamızı genişləndiririk. Bizə bu şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun. Sahibkarlara gözəl şərait yaradılıb. Mən sahibkarları dəstəkləyirəm, onlara dövlət tərəfindən maddi dəstək göstərilir. Bilirsiniz ki, güzəştli şərtlərlə kreditlər verilir. Bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kreditlər veriləcək ki, onlar öz işlərini daha da yaxşı qura bilsinlər. Eyni zamanda, yun tədarükü ilə bağlı göstəriş verilmişdir ki, məntəqələr yaradılmalıdır. Çünki bu, böyük problem idi, yun tədarükü kortəbii şəkildə təşkil olunurdu. İndi bu iş mərkəzləşmiş qaydada görülür. Beş məntəqə yaradılıb və hər zonanın fermerləri artıq bilirlər ki, yunu hara gətirsinlər, kimə təhvil versinlər və pullarını alsınlar. Fəhlələr də, toxucular da işləyirlər və budur, bir zəncir yaradılır. Əminəm ki, Azərbaycanda yun tədarükü böyük dərəcədə artacaq.
İşçilər: Çox sağ olun. Allah Sizdən razı olsun. Kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, cansağlığı arzulayırıq, bizə bu şəraiti yaratdığınıza görə Sizə minnətdarıq.
Birinci xanım Mehriban Əliyeva. Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 787 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31