Xocalı soyqırımı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi idi
24.02.2010 [09:33]
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından biri baş verib. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri yerlə-yeksan edib, etnik azərbaycanlılara qarşı soyqırımı törədib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub...
Bu soyqırım Azərbaycanda və qardaş Türkiyədə “Xocalı soyqırımı”, “Xocalı faciəsi” kimi anılır. İşğalçı Ermənistanda isə bu qanlı əməliyyat “Xocalı döyüşü”, “Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. öz növbəsində, Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (en. “Khojaly Massacre”, fr. “Massacre de Khodjaly”) terminindən istifadə etməyə üstünlük verir...
Xocalı haqqında zəruri xatırlatma
7 min əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda olub. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr işğala qədər orada qalmaqda idi. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşib. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin, burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və məqbərə (XIV əsr) olub. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. aşkar edilib. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılıb. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub. İşğala qədər şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Eyni zamanda, Fərqanədən (özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin, Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlı ailələri də şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf edib ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı plasdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi olub...
Diplomatik missiya, yoxsa...
Qeyd edək ki, Xocalı soyqırımının törədilməsi İran İslam Respublikasının o vaxtkı xarici işlər naziri Əli Əkbər Vilayətinin regiona vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edib. O, 1992-ci il fevralın 25-də o zamankı Azərbaycan rəhbərləri ilə görüşüb. İranlı diplomat fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər etməyi planlaşdırırdı. Bununla əlaqədar olaraq, tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilib. Lakin ermənilər buna məhəl qoymayıblar və vədlərinə xilaf çıxıblar. Maraqlıdır ki, oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədi ilə Qarabağa gəldiyi zaman da baş verib. Missiya sonra İrəvana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilib və yandırılıb. Təkcə Malıbəylidə 50 nəfər öldürülüb, yaralanıb və əsir götürülüb.
Xatırladaq ki, Xocalı 1991-ci ilin oktyabrından blokadada olub. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanıb, yeganə nəqliyyat vasitəsi vertolyot qalıb. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də enib. Şuşa səmasında mülki vertolyot vurulub, içindəki 40-dan artıq azərbaycanlı həlak olandan sonra şəhərlə hava əlaqəsi də kəsilib. Şahidlərin dediklərinə görə, yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq, Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı...
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlayıb. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplarından 2 saatlıq atəşdən sonra başlanıb. Xocalıya üç istiqamətdən hücum edildiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə aydın olub ki, bu məkrli hiylə imiş. Belə ki, Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar şiddətli atəşə tutulublar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilməyib, hətta meyitlərin götürülməsi belə mümkün olmayıb. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparıb, aşkar edilənləri əsir götürüb, işgəncələrə məruz qoyublar...
...Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata biliblər. Gördükləri mənzərə hamını dəhşətə gətirib - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün olub. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunub. Meyitlərin başının dərisinin soyulması, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxarılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilib...
“Memorial”ın hesabatında nələr qeyd edilib?
Əlbəttə, Xocalı soyqırımı barədə müşahidələr əsasında hazırlanmış hesabatlar da maraq doğurur. Belə ki, “Memorial” hüquq-müdafiə mərkəzinin hesabatında bildirilir ki, Xocalı əsasən 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi: “1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. 1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı. Hücumda zirehli texnikanın, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi. Bundan başqa, bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayın hərbçiləri də iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər. Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlamışdı. İlk növbədə, yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-sı saat 1-4 arası girmişdi. Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdi. Şəhərin gülləbaranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdı”.
Ağdam və Bakıda “Memorial”ın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfəri sorğu-sual ediblər. Soruşulanlardan ancaq biri söyləyib ki, dəhliz barədə məlumatı olub. Həmin dəhlizlə qaçan əhali Ağdam rayonuna qovuşan ərazidə atəşə tutulub və nəticədə çoxlu sayda insan həlak olub: “Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən, 86 məshəti türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-də Azərbaycan tərəfinə Xocalı şəhərində və Ağdam yolunda əsir götürülmüş 700-ə qədər Xocalı sakini təhvil verilib. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi. Müvəqqəti saxlanılma izolyatorunun rəisi mayor Xaçaturyan əsirlərlə, hətta bir neçə dəqiqəlik təklikdə danışmağa belə icazə verməyib. Şəhərdən qaçan Xocalı sakinləri, hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər”.
“Memorial”ın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olublar: “Şəhərdə qalan əmlak Xankəndi və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdı. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib. Azad dəhliz barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmamışdı. Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz”.
Bir neçə kəlmə də 366-cı motoatıcı alayı haqqında...
Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. Alaydan qaçmış hərbçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi vəziyyəti və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndindən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir. Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdı ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə, alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən, ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçisi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən, zirehli texnika ermənilərə təhvil verildi.
“Memorial” hüquq-müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin, ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Məclisi 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, ... dinindən, ... milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Silahlı dəstələrin hərəkətləri fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Məclisi 14.12.1948-ci ildə qəbul etmişdir) tam ziddir.
Beləliklə də, Xocalı sakinlərinə qarşı soyqırımı aktını Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi kimi qiymətləndirmək olar. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti gərginləşdirərək Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olub. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı soyqırımından sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırıb və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlayıb.
Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi
Xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib. Ulu öndər 1995-ci il fevralın 25-də Təzəpir məscidindəki çıxışında deyib: “Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir. Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaq. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Altı ildən artıq gedən müharibədə biz çox şəhidlər vermişik. Bir də qeyd edirəm ki, Xocalı şəhidləri də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda şəhid olmuş vətəndaşlarımızdır”.
ümummilli lider Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalanıb və həmin Fərmana əsasən hər il fevralın 26-da saat 17.00-da soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırımı hadisəsinin bütün dünyada tanınması istiqamətində geniş ideoloji-intellektual işlər görülür.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri, Xocalı soyqırımı haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir.
Beynəlxalq aləm Xocalı soyqırımı haqqında məlumatlandırılır
2008-ci il mayın 8-dən İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən, fəaliyyətinə 2009-cu ilin fevralında start verilən və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu soyqırımın qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Xatırladaq ki, bu il yanvarın 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İKGF ilə İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilib. İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilib. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını “İnsanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. Nəzərə alsaq ki, İKT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin demək olar ki, dörddə birini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, həmin qətnamədə Xocalı qətliamının beynəlxalq hüququn normalarına əsasən insanlığa qarşı cinayət adlandırılması Xocalı soyqırımının dünya səviyyəsində tanınmasına, eyni zamanda, bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün keyfiyyətcə yeni bir mərhələ açacaq. Qətnamə Ermənistana da çatdırılacaq. çünki Kampalada keçirilən sessiyada beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, Ermənistanın da üzv olduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri də iştirak ediblər. Qətnamənin digər bir bəndində Leyla xanım Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət” kampaniyasına tam dəstək verilib. Uqandada keçirilən tədbirdə iştirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə yekdilliklə səs veriblər. Bu, Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq bir ildir ki, fəaliyyət göstərən “Xocalıya ədalət” kampaniyasının üçüncü ciddi uğurudur. Birinci uğuru kampaniya başlanandan az sonra İKT xarici işlər nazirləri tərəfindən Xocalı soyqırımını kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunması ilə bağlıdır. Keçən ilin iyul ayında isə İKT Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində bu soyqırım haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunub.
Bundan əlavə, ötən ilin dekabrında BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi dünya tərəfindən tanınmış soyqırımları ilə yanaşı, İnsan Haqları Günündə yada salınıb və bununla əlaqədar BMT-də konfrans keçirilib.
Xalqımız 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün, bəşəriyyətə qarşı yönəldilib. Bu gün Ermənistanda mühüm dövlət postları tutanların bir çoxu baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

