Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib

02.03.2010 [08:05]

Əli Həsənov: AzərTAc-ın dünyanın ən nüfuzlu agentliklərindən birinə çevrilməsi Ulu öndərin ən böyük arzularından biri idi
Dünən Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubileyi Gənc Tamaşaçılar Teatrında təntənəli şəkildə qeyd edilib. Yubiley mərasimində Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, KİV rəhbərləri ilə yanaşı, Bakıya gələn 13 ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin yüksək səviyyəli nümayəndə heyətləri, media nümayəndələri iştirak ediblər. Onlar arasında Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko, agentliyin baş direktorunun birinci müavini Mixail Qusman, Türkiyənin Anadolu agentliyi idarə heyətinin sədri və baş direktoru Hilmi Bengi, Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, Ukrinform agentliyinin baş direktoru Viktor çamara, Xorvatiyanın HİNA agentliyinin baş direktoru xanım Smilyana Hrınkeviç, İtaliyanın ANSA agentliyinin direktor müavini Ciulio Pekora, Yaponiyanın Kyodo agentliyi direktorunun müavini Masaru Savanişi, çinin Sinxua agentliyinin Asiya-Avropa departamentinin rəhbəri Zhanq Cinha, Qazaxıstanın “Kazinform” agentliyinin prezidenti Dauren Diyarova, Belarusun BELTA agentliyinin baş direktoru Dmitri Juk, baş direktorun birinci müavini İqor Lutski, Moldovanın “Moldpress” agentliyinin baş direktoru Vladimir Darie, Qırğızıstanın “Kabar” agentliyinin baş direktoru Narın Ayıp, Tacikistanın “Xovar” agentliyinin baş direktoru Sadriddin Şamsuddinov, habelə yubiley tədbirləri çərçivəsində AzərTAc-ın ev sahibliyi ilə MDB ölkələri Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 11-ci iclasında iştirak etmək üçün Azərbaycana gələn MDB İcraiyyə Komitəsi analitik informasiya departamentinin direktoru Aleksandr Zavarzinin başçılıq etdiyi nümayəndə heyəti, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, “Moskovski Komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev, MDB məsələləri üzrə Federal Agentliyin direktor müavini Yevgeniy Kojoki, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktorunun müavini Tatyana Bubnova var. Yubiley mərasiminin iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb. Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə güllər düzüblər. Yubiley mərasimi Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
AzərTAc-ın kollektivini dövlətimizin başçısı İlham Əliyevin adından təbrik edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, Xalq Cümhuriyyəti hökumətinin yadigarı olan AzərTAc ötən 90 ildə zəngin və şərəfli yol keçib. Şöbə müdiri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə agentliyin bir qrup əməkdaşı fəxri adlara və təltiflərə layiq görülüb. AzərTAc-ın baş direktoru, Azərbaycanın tanınmış jurnalisti Aslan Aslanov isə milli mətbuatın inkişafındakı xüsusi xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Fəxri adlara və mükafatlara layiq görülmüş əməkdaşları da təbrik edən Ə.Həsənov əmin olduğunu bildirib ki, AzərTAc-ın çox zəhmətkeş, yaradıcı kollektivi etimadı layiqincə doğruldacaq. Ə.Həsənov deyib ki, ümummilli liderimiz Heydər Əliyev AzərTAc-ın fəaliyyətinə həmişə yüksək qiymət verib: “AzərTAc-ın dünyanın ən nüfuzlu agentliklərindən birinə çevrilməsi Ulu öndərin ən böyük arzularından biri idi. ümummilli liderin bu arzusu artıq reallığa çevrilib. Bilirsiniz ki, qlobal dünyada informasiya sərhədləri şəffafdır. İndi dünyanın istənilən nöqtəsində baş verən hadisə barədə xəbərlər qısa müddətdə transmilli internet şəbəkəsi ilə bütün ölkələrə yayılır. Biz dünya hadisələrinə həmişə əhatəmizdəki böyük dövlətlərin informasiya vasitələrinin gözü ilə baxmışıq. Vaxtilə dünyada baş verən hadisələrdən rusdilli mətbuat vasitəsilə xəbər tutmuşuq. Müstəqilliyimizi bərpa edəndən sonra informasiya sərhədlərinin şəffaflaşması və Türkiyə ilə yaranan kifayət qədər yüksək münasibətlər ölkəmizdə türkdilli informasiya vasitələrinin imkanlarından istifadə etmək şansı yaradıb. Belə geniş imkanların olduğu bir vaxtda nəyə görə ümummilli liderimiz məhz AzərTAc-ın dünya informasiya məkanına inteqrasiyasını, ölkəmiz haqqında xəbərlərin bu agentlik vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılmasını istəyirdi?! Ona görə ki, AzərTAc Azərbaycan dövlətinə sədaqətli və azərbaycançılıq ideallarını təbliğ edən insanların çalışdığı bir qurumdur”.
Azərbaycan tarixinin 90 illik bir mərhələsinin ən böyük şahidinin AzərTAc olduğunu vurğulayan Prezident Administrasiyasının şöbə müdiri deyib ki, agentliyin bülletenlərində ölkəmizdə, respublikamızın ətrafında baş verən hadisələrin təkcə xronikası deyil, eyni zamanda, xalqımızın milli yaddaşına, dövlətçilik ənənələrinə dair məlumatlar da yer alıb: “Biz AzərTAc-ın xaricdə fəaliyyət göstərən müxbirlərini təkcə peşəkar jurnalistlər, dünyada baş verən hadisələrlə Azərbaycan ictimaiyyətini tanış edən xəbər daşıyıcıları deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizi təmsil edən diplomatlar hesab edirik. Dünyanın aparıcı ölkələrini təmsil edən milli agentliklərlə sıx əməkdaşlıq quran AzərTAc müstəqil Azərbaycan dövlətinin inkişaf dinamikasının, xalqımızın tarixinin sənədli xronikasını yaradır. Bu gün AzərTAc-ın informasiya bazası ölkəmizin hər bir vətəndaşının yararlana biləcəyi ən mükəmməl mənbədir. AzərTAc-la bərabər bu gün Azərbaycan Televiziyasının xidmətləri əvəzolunmazdır və bu mənada heç bir informasiya agentliyi, özəl televiziya bu fəaliyyəti əvəz edə bilməz. AzərTAc-ın əməkdaşları qədər işdən gec gedib, işə tez gələn ikinci bir jurnalist qurumu tanımıram. Rəsmi qurumların fəaliyyəti yekunlaşanda AzərTAc-ın fəaliyyəti başlayır. Bilirsiniz ki, jurnalist əməyi çətin və şərəflidir, amma AzərTAc-da işləmək daha çətindir”.
Prezident Administrasiyasının şöbə müdiri əlamətdar yubiley münasibətilə agentliyin kollektivini bir daha təbrik edərək deyib: “Arzu edirəm ki, AzərTAc-ın 100 illik yubileyi daha geniş miqyasda keçirilsin. Agentliyin bütün əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıram”.
Mərasim iştirakçılarını salamlayan baş direktor Aslan Aslanov AzərTAc-ın keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, 1920-ci il martın 1-də fəaliyyətə başlamış adentlik ötən 90 ildə mürəkkəb, eyni zamanda şərəfli bir yol keçib. Agentliyin təkcə adının yeddi dəfə dəyişdirilməsinin özü keçilmiş tarixi yolun mürəkkəbliyini təsdiq edən faktlardan biridir. Bütün çətinliklərə baxmayaraq, AzərTAc həmişə Azərbaycan xalqına xidmət edib. Yetmiş il keçmiş SSRİ-nin tərkibində SİTA-nın filialı kimi fəaliyyət göstərmiş agentliyin kollektivləşmə, sənayeləşmə, İkinci Dünya müharibəsi illərində və müharibədən sonrakı quruculuq dövründə fəaliyyətindən ətraflı söhbət açan A.Aslanov deyib ki, AzərTAc-ın bugünkü səviyyəyə gəlib çatması, dünya informasiya məkanına çıxması bilavasitə görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır: “ümummilli lider Heydər Əliyev AzərTAc-a həmişə yüksək diqqət və qayğı göstərib. Cəsarətlə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində digər sahələrdə olduğu kimi, insan hüquqları və azadlıqlarının, onun tərkib hissəsi olan mətbuat və söz azadlığının təmin edilməsi sahəsində də bir çox ölkələrdən xeyli öndədir və dünyanın ən qabaqcıl dövlətləri sırasına çıxmaq əzmindədir”.
Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının bütün sahələrinin agentliyin xəbərlərində müntəzəm olaraq öz əksini tapdığını deyən baş direktor diqqətə çatdırıb ki, AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir: “2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olmuşdur. 2007-ci il dekabrın 12-də isə OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin idarə heyətinin üzvü seçilib. Hazırda AzərTAc TKA Baş Məclisinin sədridir, 23 ölkənin milli xəbər agentlikləri ilə imzalanmış müqavilələr əsasında informasiya mübadiləsi aparır. 2008-ci ildən AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun (AsiaPulse) üzvüdür. AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilməsi agentliyimizin həyatında ən mühüm hadisələrdən biridir. Beləliklə, agentliyimiz postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul edilmiş üçüncü informasiya agentliyi və həmin təşkilatın sayca 31-ci üzvü olmuşdur”.
A.Aslanov xüsusi qeyd edib ki, Prezident İlham Əliyevin AzərTAc-ın 19 nəfər əməkdaşını agentliyi 90 illiyi münasibətilə Azərbaycan Respublikasının fəxri adları və mükafatları ilə təltif etməsi hər birimizin qəlbində böyük qürur və iftixar hissi doğurur: “Biz bu yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk. Əmin edirik ki, xalqımızın xoşbəxt gələcəyi, müasir müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gərgin və səmərəli fəaliyyətində Prezidentimizin ən fəal köməkçiləri olacağıq”.
İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko mərasimdə çıxış edərək vurğulayıb ki, AzərTAc Azərbaycan dövlətçiliyinin təşəkkülündə çox böyük rol oynayıb: “AzərTAc-ın bioqrafiyası ölkənin bioqrafiyası ilə ayrılmaz şəkildə bağlıdır və AzərTAc kanalları ilə buraxılımış materialları bir yerə toplasaq, onlar Azərbaycanın salnaməsi ola bilər”.
Azərbaycan dövlətinin taleyi ilə AzərTAc-ın, türk dövlətinin taleyi ilə Anadolu Agentliyinin talelərinin bir olduğunu vurğulayan Anadolu agentliyinin baş direktoru Hilmi Bengi söyləyib ki, hər iki informasiya qurumu xalqlarımızın müstəqillik mübarizəsinin məhsuludur. Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev vurğulayıb ki, müasir dövrdə AzərTAc kimi təcrübəli informasiya agentliklərini barmaqla saymaq olar. O, qeyd edib ki, bu agentliyin uzun illər boyu informasiya sahəsində lider olmasında AzərTAc-ın hər bir işçisinin xidməti var.
AzərTAc ilə Bakı Dövlət Universitetinin (BDU) Xalq Cümhuriyyətinin yadigarı olduğunu diqqətə çatdıran BDU rektoru, akademik Abel Məhərrəmov hər iki dövlət qurumu arasında sıx əməkdaşlığın mövcud olmasından danışıb. Akademik A.Məhərrəmov deyib ki, AzərTAc-ın genişmiqyaslı, səmərəli fəaliyyəti ilə öyünməyə tam haqqı var. Sevindirici haldır ki, bu gün dünyanın tanınmış xəbər agentlikləri AzərTAc ilə əməkdaşlığa maraq göstərir və nəticə etibarı ilə Azərbaycanın bu qocaman informasiya təşkilatı mötəbər beynəlxalq tədbirlərin iştirakçısı və ev sahibi olur.
Xorvatiyanin HİNA agentliyinin 20 illik fəaliyyətinin AzərTAc-ın 90 illik fəaliyyəti ilə müqayisədə olduqca az bir dövrü əhatə etdiyini söyləyən baş direktor xanım Smiliana Hrinçeviç bildirib ki, ölkəsində Azərbaycanı tanımayan yoxdur. Təmsil etdiyi agentliyin yaranma tarixi haqqında məlumat verən S.Hrinçeviç bildirib ki, qarşılıqlı əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşmasına gözəl töhfə olacaq.
ANSA ilə AzərTAc arasında yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq münasibətlərindən danışan İtaliyanın ANSA agentliyinin baş direktorunun müavini Culio Pekora bildirib ki, 2005-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə səfəri zamanı agentliklərimiz arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında müqavilə imzalanıb: “Biz bu əməkdaşlığı yüksək səviyyədə davam etdiririk. Mən bu fürsətdən istifadə edərək AzərTAc-ın baş direktoru, dostum Aslan Aslanovu, agentliyin bütün kollektivini təbrik edirəm”.
Yaponiyanın Kyodo agentliyinin xarici əlaqələr departamentinin direktoru Masaru Savanişi təbrik nitqində deyib: “Bu gün bizim hamımız AzərTAc-ın yarandığı 90 il bundan qabaqkı dünyadan fərqli bir dünyada yaşayırıq. 90 il bundan qabaq internet, mobil telefon xidməti və televiziya yayımı yox idi. 90 il sonra, bu gün dünya xalqları sərhəd tanımayan qloballaşma dövrünə daxil olublar. Medianın rolu və öhdəlikəri kommunikasiya texnologiyalarının sürətli və mükəmməl inkişafı fonunda get-gedə artmaqdadır. ümid edirəm ki, Azərbaycan Dövlət Teleqraf Agentliyi yeni imkanlardan bəhrələnərək daha böyük uğurlar qazanacaqdır”.
AzərTAc ilə çinin Sinxua agentliyi arasında əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini söyləyən agentliyin Asiya-Avropa departamentinin rəhbəri Zanq Cinha bildirib ki, AzərTAc 90 il ərzində öz peşəkar əməkdaşları ilə birgə şərəfli bir yol keçib. ümummilli lider Heydər Əliyevin “AzərTAc fəaliyyətə başladığı gündən Azərbaycan xalqının azadlıq arzusunun carçısına çevrilmişdir” sözlərini xatırladan qonaq, agentliyin yubiley tədbirinə qatıldığından qürur duyduğunu söyləyib. Sinxua agentliyinin AzərTAc ilə eyni taleyi yaşadığını deyən natiq, iki qurum arasında informasiya sahəsində mövcud əməkdaşlıqdan danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnsititunun direktoru Yaqub Mahmudov çıxış edərək bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin gündəlik qayğısı sayəsində mətbuatımız, bütövlükdə informasiya sistemimiz, o cümlədən AzərTAc yeni - daha yüksək inkişaf dövrünü yaşayır, qloballaşan dünyaya uğurla inteqrasiya edir. AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsini arzu edən alim bildirib ki, digər KİV-lərdən fərqli olaraq, xəbər agentliklərinin fəaliyyətinin başlıca istiqaməti dünya informasiya məkanına çıxmaqdır. Qloballaşan dünyamızda, insan fəaliyyətinin bütün sahələrində inteqrasiyanın getdikcə dərinləşməkdə olduğu indiki dövrdə bu, xüsusilə aktualdır. Fərəhləndirici haldır ki, biz bu gün AzərTAc-ın fəaliyyətində bunun şahidi oluruq. AzərTAc qloballaşan dünyanın informasiya məkanında Azərbaycanı layiqincə təmsil edir.
Mərasimdə yubiley münasibətilə AzərTAc-ın ünvanına bir sıra ölkələrin nüfuzlu informasiya agentliklərinin, beynəlxalq qurumların rəhbərləri tərəfindən təbrik məktubları oxunub. Dünyada ən böyük regional informasiya qurumlarından biri olan Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Macarıstan Milli İnformasiya Agentliyinin prezidenti Matyas Vins, Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, İndoneziyanın Antara agentliyinin baş icraçı direktoru Əhməd Muxlis, Frans Press agentliyinin direktoru Pyer Loet, qədim Şərqin ən nüfuzlu agentliklərindən biri olan Misirin MENA agentliyinin prezidenti və baş direktoru Abdulla Hassan, Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park Cunq-çan, Rusiyanın RİA-Novosti agentliyinin baş direktoru Nikolay Biryukov və başqaları azərbaycanlı həmkarlarını səmimi qəlbdən təbrik edərək, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonra mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevə AzərTAc-ın kollektivinin müraciəti oxunub.
Yubiley mərasimi geniş konsert proqramı ilə davam edib.

Paylaş:
Baxılıb: 1099 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31